Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4451/2023 21.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2018-ci il tarixli 403-LD/18 nömrəli müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) ( lizinq müqavilə, maliyyə arayışı ) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2018-ci il tarixli 403-LD/18 nömrəli müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci il tarixli 403-LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 9991 manat gecikdirilmiş əsas borc, 500 manat cərimə borcu, hüquqi yardımla bağlı 500 manat və 200 manat mediasiya xərci, cəmi 11,191 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh Väqif oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli 403-LD/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2018-ci il tarixli 403-LD/18 nömrəli müqavilə üzrə 9991 manat gecikdirilmiş borcu və hesablanmış 6861,83 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilmiş ilkin mediasiya sessiyasında tərəflərdən yalnız Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iştirak etmiş, iş üzrə cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/13/2023-00945 nömrəli arayış tərtib edilmişdir (arayış ərizəyə əlavə edilir).Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc də iddiaçı tərəfindən ödənilib.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməmiş və məhkəməyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim etmişdir. 5 Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 403-LD/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) damazlıq heyvanları lizinqə götürsə də, sonradan cavabdehin yüksək təsərrüfatçı qayğısına dair göstərdiyi bütün fəaliyyətə baxmayaraq, sahibkara məlum olmayan mənbədən hansısa yoluxucu xəstəlik baş vermişdir və nəticədə damazlıq heyvanların qəfil ölümü hadisəsi baş vermişdir. Buna ərazi üzrə digər qonşu təsərrüfatçılar və deməsinə görə yerli baytar həkimləri də şahidi olmuşlardır və faktı təsdiqləyə bilərlər. Sahibkarın bildirməsinə görə və həmçinin mövcud kredit tarixçəsindən də göründüyü kimi, o, öz üzərinə düşən lizinq ödənişlərinin vaxtlı-vaxtında həyata keçirilməsi üçün öhdəliklərininin icrasına canla-başla yanaşmış və vicdanlı borclu kimi bu vəzifələrini icra etmişdir. Lakin iddiaçının da öz iddia ərizəsinin qeyd hissəsində göstərdiyi kimi “ Qeyd: 1. "xxxx" ASC fəaliyyətinin tənzimləmnəsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanınmdan irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmiş, ötürülmüşdür.” Məhz sahibkar iddiaçının hüquqi statusunun , habelə ad, ünvan, ehtimal olunan struktur dəyişiklikləri baş verməmişdən xeyli müddət əvvəl, yəni ki neçə il əvvəl dəfələrlə iddiaçının əməkdaşları və işçiləri ilə idarənin fəaliyyətində hərəkətsizlik olduğunu intuititv olaraq fərqində olduğundan əlaqə saxlayaraq tələf olmuş heyvanların qeydiyyatının və bu faktın mümkün monitorinqinin ehtimal olunan hüquqi nəticələrinin tərəfə bildirilməsinin obyektiv zərurəti ilə maraqlansa da, qarşı tərəf bu haqda hələlik heç bir məlumatlarının olmadığını bildirmişdir. Lakin bu soraqlaşma hardasa 2018-in sonlarına qədər baş vermişdir. Belə ki, "xxxx" ASC-nin adı dəyişdirilməsindən xeyli vaxt əvvəl idarənin fəaliyyətində hərəkətsizlik olmuşdur və cavabdeh çarəsiz vəziyyətdə qalmışdır. Hesab edir ki, iddiaçının tələbləri vaxtaşırı icra edilməli olan öhdəliklərin icrası ilə bağlıdır və məhz bu əsasla iddiaya tətbiq edilməli olan müddət ötürülmüş olduğundan iddianın baxılmasına xitam verilməlidir. Mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.Göstərilən müddəalara əsasən və işin faktiki hallarına istinadən qətiyyətlə bildirə bilərik ki, Cavabdeh borcu etiraf etməmişdir və iddiaçı sözügedən iddia müddətini ötürmüşdür
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
II. Məhkəmə baxışının hədləri:
7. .Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Bir tərəfdən bundan sonra “lizinq verən” adlandırılacaq "xxxx" ASC ilə, digər tərəfdən bundan sonra “lizinq alan” adlandırılacaq Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 403—LD/18 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 43200 manat təşkil edən 18 baş simmental cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə verir. 1.2 Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 21600 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 21600 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 21600 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Damazlıq heyvanlar lizinq alan tərəfindən qəbul edildikdən sonra ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. 1.4. Tam ödəniş aparılana qədər damazlıq heyvanlara mülkiyyət hüququ lizinq verənə məxsusdur. 4.1. Lizinq alan bu müqavilənin Əlavə № 2-də göstərilən ödəniş qrafikinə uyğun olaraq ödənişləri həyata keçirir. 4.2. Lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir.
9. xx.xx.2018-ci il tarixli, 403-LD/18 nömrəli müqavilənin spesifikasiyasına əsasən (Əlavə № 1) Cavabdeh tərəfindən ödənilməli olan ilkin ödəniş məbləği 21600 manat, ümumi məbləğin miqdarı isə 43200 manat təşkil edir. 10.xx.xx.2018-ci il tarixli, 403-LD/18 nömrəli müqaviləsinin 4.1 bəndinin ödəniş qrafikinə əsasən (Əlavə № 2) Cavabdeh 2018-ci ilin İV rübündən 2021-ci ilin İV rübünədək hər dəfə 1964 manat olmaqla, ümumilikdə 43200 manat məbləğində ödəniş edilməli idi.
11. xx.xx.2018-ci il tarixli orderə əsasən Cavabdeh tərəfindən 29160 manat məbləğində ilkin ödəniş aparılmışdır.
12. xx.xx.2020-ci il tarixli ödəniş sənədinə əsasən Cavabdeh tərəfindən "xxxx" ASC-nin hesabına 5000 manat məbləğində ödəniş edilmiş, ödənişin təyinatı olaraq 403-LD/18 nömrəli müqavilə göstərilmişdir.
13. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2018-ci il tarixli, 403-LD/18 nömrəli müqavilə üzrə ödənilməli məbləğ ümumilikdə 43200 manat təşkil etmiş, Cavabdeh tərəfindən 33209 manat məbləğində ödəniş edilmişdir. Gecikdirilmiş borc 9991 manat, hesablanmış cərimə 6861.83 manat olmaqla, ümumilikdə ödənilməli olan borc məbləği 16852.83 manat təşkil edir
14. xx.xx.2018-ci il tarixli, 403-LD/18 nömrəli müqavilə üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən Cavabdeh gecikdirilmiş əsas borc məbləği 9991 manat, cərimə məbləği 6861 manat təşkil edir.
15. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-22/2/2-Q-16-399/2023 nömrəli pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, xx.xx.2018-ci il tarixli, 403-LD/18 nömrəli müqavilə üzrə yaranmış 9991 manat gecikdirilmiş borc və hesablanmış 6861.83 manat məbləğində cərimə məbləğinin qısa zaman ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 403-LD/2018 nömrəli lizinq müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 19.Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. .20. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
23. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-10.1 maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
24. MM-in 748-11 maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri.
25. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 17 dekabr 2018-ci il tarixdə bağlanmış 403-LD/2018 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən, yəni iddiaçı ümumi dəyəri 43200 manat təşkil edən 18 baş simmental cinsli damazlıq heyvanları güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın, yəni cavabdehin mülkiyyətinə verilməsi şərti ilə 3 il müddətinə cavabdehə lizinqə vermişdir. Lakin cavabdeh tərəfindən 21600 manat təşkil edən ilkin ödəniş məbləği ilkin ödəniş məbləği olmaqla, borcun bir qismininin ödənişi həyata keçirilmiş, ümumilikdə 9991 manat təşkil edən borc məbləği isə ödənilməmiş qalmışdır. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından da məlum olur ki, Cavabdeh tərəfindən müqavilə üzrə 33209 manat məbləğində ödəniş edilmiş, 9991 manat əsas borc məbləği ödənilməmiş qalmışdır.
26. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili ödənilməmiş borc məbləğinin olması faktını təkzib etməmiş, lakin məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia tələblərinin baxışına xitam verilməsini xahiş etmişdir. 27.İlkin olaraq qeyd edilməlidir ki, cavabdehin iddia tələbinin baxışına xitam verilməsi ilə bağlı hüquqi mövqeyi qanunvericiliyin tələblərinə baxımından mümkün deyildir. Belə ki, AR Mülki Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 28.375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 29.Yuxarıda qeyd edilən normanın məzmunundan da göründüyü kimi məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılmaqla müddətin tətbiqi ilə bağlı ərizəyə sonda qiymət verilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, AR Mülki Prosessual Məcəllədə sadalanmış iş üzrə icraata xitam verilməsi əsası qismində iddia müddətinin ötürülməsi göstərilməmişdir. 30.Digər tərəfən cavabdeh ərizəsində qeyd edir ki, mülki qanunvericilikdə müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir və müqavilə xx.xx.2018-ci il tarixdə bağlandığından,eyni zamanda cavabdeh tərəfindən borcun etiraf edilməsi ilə bağlı hər hansı hərəkətlər edilmədiyindən iddia müddəti ötürülmüş hesab edilməlidir. 31.Məhkəmə cavabdehin irəli sürdüyü əsaslarla razılaşmır və bildirir ki, AR Mülki Məcəlləsinin 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 32.372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
33. xx.xx.2018-ci il tarixli, 403-LD/18 nömrəli müqavilənin 9-cu bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir.
34. İş materiallarına əlavə edilmiş ödəniş sənədindən məlum olur ki, cavabdeh tərəfindən 04 sentyabr 2020-ci il tarixdə iddiaçının hesabına 5000 manat məbləğində ödəniş edilərək borcun etiraf edilməsini göstərən hərəkətlər həyata keçirilmişdir.İddiaçı tərəf isə son ödəniş edilməsi tarixindən 3 illik müddət ötürülmədən 11 avqust 2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin nəzərə almaq lazımdır ki, hər bir halda cavabdeh tərəfindən ödəniş həyata keçirilməsə idi belə iddia müddəti ötürülməmiş olacaqdır.
35. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 9991 manat məbləğində əsas borc məbləği tutularaq İddiaçıya ödənilməlidir.
36. Məhkəmə iddiaçı tərəfindən tələb edilən 6861.83 manat məbləğində cərimə borcu ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
37. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. 38.Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 500 manat məbləğində dəbbə pulu tutulmalıdır.
39. İddiaçı iddia tələbində ödənilmiş 200 manat təşkil edən mediasiya xərcinin və 500 manat təşkil edən vəkil xidmətinin də cavabdehdən tutulması tələbi ilə çıxış edir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. 43.AR MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır
44. İş materiallarına əlavə edilmiş sənədlər iddiaçı tərəfindən məhkəmə xərclərinin bütünlüklə ödənildiyini təsdiqləyir.
45. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat məbləğində mediasiya xərci və vəkil xidmətinə görə 500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 403-LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 9991 manat gecikdirilmiş əsas borc, 500 manat cərimə borcu, hüquqi yardımla bağlı 500 manat və 200 manat mediasiya xərci, cəmi 11,191 (on bir min yüz doxsan bir) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov