Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4452/2024 05.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 24.071,10 manat məbləğində əsas və 14.081,59 manat məbləğində cərimə olmaqla, cəmi 38.152,69 (otuz səkkiz min, bir yüz əlli iki manat, altmış doqquz qəpik) manat pul məbləğinin və 149 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 mart 2022-ci il tarixli, № 20220301/ATL/002 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra, müxtəlif tarixlərdə cavabdeh tərəfindən sifarişlər olunmuş və iddiaçı tərəfindən mallar satış məqsədi ilə cavabdehə e-qaimə əsasında təhvil verilmişdir. Müqavilənin 3.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər Əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, ödəniləcək cəmi məbləğin 100%-i əvvəlcədən ödəniş (avans) şəklində, müqavilə və/və ya onun Əlavələri imzalandıqdan sonra 15 gün ərzində köçürmə yolu ilə “Satıcı”nın hesabına ödənilməlidir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda Əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir. Mallar təhvil verildiyi andan etibarən cavabdehin iddiaçı qarşısında borcu yaranmışdır. Bundan başqa, Müqavilənin 3.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində “Satıcı”ya əvvəlcədən ödənişin (avans) gecikdirilməsi halında, həmin müddət bitdikdən sonra cəmi məbləğin 100%-i ödənilənədək “Alıcı” “Satıcı”ya hər gecikdirilən gün üçün cəmi məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 01 mart 2022-ci il tarixli, № 20220301/ATL/002 saylı alqı-satqı müqaviləsi və qiymət razılaşma protokolu imzalanmışdır.
11. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavədə qeyd olunan əşyaların satıcı tərəfindən alıcıya satılmasından, alıcı tərəfindən isə bu müqavilə və əlavə ilə nəzərdə tutulmuş qaydada və məbləğdə malların dəyərinin satıcıya ödənilməsindən ibarətdir.
12. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən əgər əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, ödəniləcək cəmi məbləğin 100%-i əvvəlcədən ödəniş şəklində, müqavilə və ya onun əlavələri imzalandıqdan sonra 15 gün ərzində köçürmə yolu ilə satıcının hesabına ödənilməlidir.
13. Qiymət razılaşma protokolu ilə ümumi dəyəri 24.072 manat, 1 ədədinin qiyməti 510 manat olan 40 ədəd sürgülü siyirtmə DN200 PN16 adlı məhsulun iddiaçı tərəfindən cavabdehə verilməsi, məhsulların ödənişinin xx.xx.2024-cü il tarixinədək ödənilməsi razılaşdırılmışdır.
14. Müqavilə və qiymət razılaşma protokolu hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
16. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
17. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCB seriyalı, 934888 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 2.619,60 manat, EBCO seriyalı, 822723 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 2.619,60 manat, EBDH seriyalı, 980519 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1.309,80 manat, EBDO seriyalı, 884230 nömrəli, xx.xx.2023cü il tarixli, dəyəri 1.528,10 manat və EBDY seriyalı, 715781 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 24.0771,10 manat olan elektron qaimələr göndərilmişdir.
18. Sadə riyazi hesablama ilə hesabladıqda elektron qaimələrdəki məbləğlərin cəmi 32.148,20 manat edir.
19. İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş arayışdan və arayışa əlavə olunmuş ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən əsas borc üzrə xx.xx.2022-ci il tarixdə 2.220 manat, xx.xx.2023-cü il tarixdə 2.220 manat, xx.xx.2023-cü il tarixdə 1.110 manat, xx.xx.2023-cü il tarixdə 1.295 manat olmaqla cəmi 6.845 manat, ƏDV borcu üzrə xx.xx.2022-ci il tarixdə 183,60, 216 manat, xx.xx.2023-cü il tarixdə 399,60 manat, xx.xx.2023-cü il tarixdə 199,83 manat, xx.xx.2023-cü il tarixdə 233,10 manat olmaqla, cəmi 1.232,10 manat, ümumilikdə isə 8.077,1 manat məbləğində pul iddiaçının hesabına köçürülmüşdür.
20. Sadə riyazi hesablama ilə hesabladıqda görünür ki, 32.148,20 manat (elektron qaimələrdəki məbləğlərin cəmi) 8.077,1 manat (ödənişlərin cəmi) çıxıldıqda 24.071,10 manat edir.
21. İddiaçı da, hazırda 01 mart 2022-ci il tarixli, № 20220301/ATL/002 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehin ödənilməmiş 24.071,10 manat məbləğində borcunu tələb edir.
22. Göründüyü kimi, cavabdeh tərəf iddiaçı tərəfindən ona göndərilmiş olan elektron qaimələr üzrə müvafiq ödənişlər etmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, tərəflər arasında olan işgüzar münasibətlər (indiki halda mal mübadiləsi) məhz elektron qaimələr üzərindən həyata keçirilmişdir.
23. Ona görə də, Məhkəmə hesab edir ki, elektron qaimədə göstərilmiş olan 32.148,20 manat dəyərində mallar cavabdehə verilmiş, cavabdeh isə ümumilikdə 8.077,1 manat məbləğində ödəniş etmiş və 24.071,10 manat məbləğində borcu qalmışdır.
24. Ona görə də, məhkəmə hesab edir ki, 01 mart 2022-ci il tarixli, № 20220301/ATL/002 saylı alqı-satqı müqaviləsi üzrə 24.071,10 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Məhkəmə 14,081.59 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
26. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
27. Hazırki işin hallarından görünür ki, cavabdehin 24.071,10 manat əsas borcuna münasibətdə 1.200 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
28. Məhkəmə 149 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
29. Belə ki, işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 205 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
30. Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq tutulmalı rüsum məbləği 165,81 manat etsə də, iddiaçının tələbinə əsasən 149 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə ödənməlidir.
31. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 24.071 (iyirmi dörd min yetmiş bir) manat, 10 (on) qəpik, cərimə borcu üzrə 1.200 (bir min iki yüz) manat olmaqla, cəmi 25.271 (iyirmi beş min iki yüz yetmiş bir) manat, 10 (on) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 149 (bir yüz qırx doqquz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov