Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4454/2023 24.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 504-L/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 8.022 (səkkiz min iyirmi iki) manat gecikdirilmiş borcun və hesablanmış 7855,48 (yeddi min səkkiz yüz əlli beş manat 48 qəpik) manat cərimə borcunun, xx.xx.2018-ci il tarixli 679-L/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 8721 (səkkiz min yeddi yüz iyirmi bir) manat gecikdirilmiş borcun və hesablanmış 8715,95 (səkkiz min yeddi yüz on beş manat 95 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 (beş yüz) manat, 200 (iki yüz) manat mediasiyaya dair xərcin, cəmi: 34014,43 (otuz dörd min on dörd manat 43 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 504-L/18 nömrəli, xx.xx.2018-ci il tarixli 679-L/18 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin borcu yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə izahatında iddianı hər iki müqavilənin əsas borcuna münasibətdə qəbul etdiyini, cərimə borcunu qəbul etmədiyini bildirərək, iddianın cərimə borcunun tutulması hissəsində təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12. və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
8. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx.xx.2018-ci il tarixli 504-L/18 nömrəli lizinq müqaviləsi, xx.xx.2018-ci il tarixli 679-L/18 nömrəli lizinq müqaviləsi bağlanmış və müqavilə üzrə nəzərdə tutulmuş texnikalar cavabdehə təhvil verilmişdir.
9. İş materiallarına əlavə olunmuş, hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən AG-CV-01 markalı, 1804376, 904364, ******* nömrəli, ümumi dəyəri 24.300 manat (hər biri 8100 manat olmaqla) olan üç ədəd bağçılıqda istifadə olunan arabacıq "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli əmri əsasında saz, nizamlanmış və komplekt halda bazadan lizinq alana (Cavabdeh) təhvil verilmişdir.
10. İş materiallarına əlavə olunmuş, hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən AG-CV-01 markalı, 1804375, 904360, 402306 nömrəli, ümumi dəyəri 24.300 manat (hər biri 8100 manat olmaqla) olan üç ədəd bağçılıqda istifadə olunan arabacıq "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli əmri əsasında saz, nizamlanmış və komplekt halda bazadan lizinq alana (Cavabdeh) təhvil verilmişdir.
11. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.
12. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun borcunu ödəmək vəzifəsi yaranmışdır.
13. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışlarına əsasən, lizinq alanın xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 8022 manat, cərimə borcu üzrə 7855,48 manat olmaqla, cəmi 15.877,48 manat, xx.xx.2018-ci il tarixli 679-L/18 nömrəli lizinq müqaviləsinə əsasən əsas borc üzrə 8721 manat, cərimə borcu üzrə 8715.95 manat olmaqla, cəmi 17.436,95 manat borcu qeyd olunmuşdur.
14. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun ödənilməsi tələbi barədə iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-2129/2021 saylı qətnaməsinə əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli 679- L/18 nömrəli lizinq müqavilələri üzrə ümumilikdə 22,137 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir.
15. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-2129/2021 saylı qətnaməsi ilə tutulmuş olan 22.137 manat məbləğ hazırda tələb edilən məbləğlərə aid edilməmiş və müvafiq olaraq iki müqavilə üzrə 11.418 manat və 10.719 manat silinmələr edilmişdir.
16. Məhkəmə həmçinin qeyd edir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(036)-2129/2021 saylı qətnaməsi ilə tutulması qət edilən 22.137 manat məbləğində pul xx.xx.2020-ci ilədək olan borcu əhatə etdiyi halda, hazırkı iddia tələbi üzrə borc xx.xx.2020-ci ildən sonra qalan borcu əhatə edir.
17. Belə ki, 48600 manatdan (06 texnikanın dəyəri hər biri 8.100 olmaqla 6x8.100=48600) 22.137 manat (İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulması qət edilən) çıxıldıqda 26.463 edir. 26.463 manatdan 9720 manat (hər iki müqavilənin 1.2-ci bəndinə əsasən əvvəlcədən ödənilən məbləğ 4860+4860) çıxıldıqda 16.743 edir. Hər iki müqavilə üzrə tələb olunan əsas borc üzrə məbləğlərin cəmi 8022+8721=16.743 manat təşkil edir.
18. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 8022 manat, xx.xx.2018-ci il tarixli 679-L/18 nömrəli lizinq müqaviləsinə əsasən əsas borc üzrə 8721 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.
19. Məhkəmə hər ki lizinq müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
20. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 %-i miqdarında cərimə hesablamaq hüququna malikdir.
21. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
22. Məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli 504-L/18 nömrəli müqaviləyə əsasən 8.022 manat əsas borca münasibətdə 400 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli 679-L/18 nömrəli müqaviləyə əsasən 8.721 manat əsas borca münasibətdə 430 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
23. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənmişdir.
24. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
25. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, hüquqi yardımın göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq iddiaçı tərəfindən 500 manat məbləğində pul Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına ödənmişdir.
26. Ona görə də, hüquqi yardımın göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.
27. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli lizinq müqaviləsinə əsasən əsas borc üzrə 8.022 (səkkiz min iyirmi iki) manat, cərimə borcu üzrə 400 (dörd yüz) manat olmaqla, cəmi 8.422 (səkkiz min dörd yüz iyirmi iki) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. xx.xx.2018-ci il tarixli lizinq müqaviləsinə əsasən əsas borc üzrə 8.721 (səkkiz min yeddi yüz iyirmi bir) manat, cərimə borcu üzrə 430 (dörd yüz otuz) manat olmaqla, cəmi 9.151 (doqquz min yüz əlli bir) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 500 (büş yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov