Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4469/2025 12.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçınin Cavabdeh qarşı “pul tələbi” barədə kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «DossoDossi Tekstil Sanayi Turizm ve Organizasyon Anonim Şirkəti»nin Cavabdeh qarşı “pul tələbi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Tərəflər arasında xx.xx.2020-ci il tarixli, 25 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Alıcı" bu müqaviləyə uyğun olaraq Bursa şəhərində sərgidə nümayiş olunan mallardan öz istəyi və zövqü ilə seçərək əvvəlcədən sifariş edir, ”Satıcı” isə həmin malların göndərilməsini təmin edir və bu müqavilə ilə razılaşdırılmış qaydada “malların” dəyərini “Satıcı”ya tam olaraq ödəməyi öhdəsinə götürür. Müqaviləyə əsasən cavabdeh tərəfindən edilən sifariş məbləği 10998 ABŞ dolları, avans məbləği 2000 ABŞ dolları, spesifikasiya nömrəsi ******* müəyyən edilmişdir.
2. Həmin müqavilənin: 2.1. 1.2-ci bəndinə görə Malların siyahısı, nomenklatura nömrəsi, malın kodu, onların miqdarı (sayı) və qiyməti spesifikasiyada qeyd olunur. Spesifikasiyada malların adları türk dilində, dəyəri isə ABŞ dolları valyutasında göstərilir; 2.2. 1.2-ci bəndinə görə “Alıcı” sifariş etdiyi malların dəyərini aşağıdakı qaydada ödənilməsini həyata keçirir: ilkin ödəniş - avans olaraq spesifikasiyada göstərilən malların ümumi məbləğinin 30%-dək həcmində müqavilə bağlandığı an “Alıcı” tərəfindən “Satıcı”ya” ödənilir.Yerdə qalan ödənişlər xx.xx.2020-ci il tarixdən hər həftə hissə hissə olmaqla xx.xx.2020ci il tarixədək tam ödənilməlidir. Ümumilikdə malların göndərildiyi tarixdən 60 gün ərzində malların dəyərini “Alıcı” tam ödəməlidir. Göstərilən qaydada ödənişlər “Alıcı” tərəfindən gecikdirilərsə növbəti partiya malların göndərilməsi dayandırılır. 2.3. 2.2-ci bəndinə görə müqavilə ilə əlaqədar bütün bank xərclərinə və rüsumlara görə “Alıcı”nın mənsub olduğu ölkənin ərazisində “Alıcı" məsuliyyət daşıyır. ’’Alıcı” malların dəyərini “Satıcı”nın bu müqavilədə qeyd edilmiş bank hesabına ödəyir; 2.4. 3.1-ci bəndinə görə ”Satıcı” göndəriləcək mallar haqqında məlumatları telefon vasitəsilə "Alıcı”ya bildirir. Malın miqdarı müqaviləyə əsasən sifariş olunan mallardan az və ya çox ola bilər. “Alıcı” faktiki olaraq aldığı malın dəyərini tam ödəməlidir; 2.5. “Satıcı” tərəfindən malların "Alıcı”ya göndərilməsi 10 mart 2020-ci ildən gec olmayaraq həyata keçirilir. Mallar göndərildiyi andan mallar verilmiş və “Alıcı” tərəfindən qəbul edilmiş hesab edilir. “Alıcı” ona göndərilmiş malları qəbul etdikdən sonra 24 saat ərzində bu barədə “Satıcı’ya məlumat verməlidir.
3. Bundan basşqa, tərəflər arasında xx.xx.2020-ci il tarixdə tərtib edilmiş D/Az/16/12 saylı Üzləşdirmə aktında xx.xx.2020-ci il tarixli, 25 saylı müqaviləyə əsasən 2000 ABŞ dolları avans ödənişinə və ******* saylı spesifikasiyada göstərilən 10998 ABŞ dolları məbləğində lazımı qaydada qablaşdırılmış, sənədləşdirilmiş və istehsal defekti olmayan (qüsursuz) keyfiyyət göstəriciləri standartalara uyğun şəkildə alıcıya təhvil verilərək onun tərəfindən qəbul edilməsi, cavabdehin qalıq borcunun 7484 ABŞ dolları təşkil etdiyi qeyd edilmiş, akt cavabdeh və iddiaçının nümayəndəsi tərəfindən imzalanmışdır.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə 6134 ABŞ dolları əsas borc, 150 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 6284 ABŞ dolları məbləğində pulun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 123 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə və üzləşdirmə aktına əsasən 10998 ABŞ dolları məbləğində mallar lazımi qaydada qablaşdırılmış, sənədləşdirilmiş və istehsal defekti olmayan (qüsursuz) keyfiyyət göstəriciləri standartlara uyğun şəkildə cavabdehə vaxtında təhvil verilərək onun tərəfindən qəbul edilmişdir. Pretenziya məktubu xx.xx.2025-ci il tarixdə və iddia ərizəsi xx.xx.2025-ci il tarixdə vergi elektron portalı vasitəsilə cavabdehə göndərilmişdir. Cavabdehə 3 gün ərzində borcunu ödəmək xahiş olunmuşdur. Tərəflər arasında yaranmış borcla bağlı xx.xx.2020-cü il tarixli, 16/12 saylı üzləşdirmə akt imzalanmışdır. Həmin vaxtdək 7484 dollar borcu olmuşdur. Hazırki vaxtadək cavabdeh borcundan ödənişlər etmiş və şirkətə cəmi 6134 dollar borcu qalmışdır. Son dəfə xx.xx.2025-ci il tarixdə 100 dollar və xx.xx.2025-ci il tarixdə 100 dollar ödəmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh xx.xx.2020–ci il tarixdən xx.xx.2020-ci il tarixədək borcunu ödəməliydi. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. O, 6134 ABŞ dolları borcunu bü günədək ödəməmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
13. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
14. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Maddə 601. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.
20. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilədə ayrı qayda nəzərdə tutulmadığı halda, bağlandığı andan yaranır. Bir qayda olaraq alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
21. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və avans ödənişi edildikdən sonra qalan məbləğin hissə-hissə, 5 ay müddətində ödənilməsi müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır.
22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı öhdəliyini yerinə yetirərək cavadehin sifariş etdiyi malları (geyim əşyalarını) ona təhvil vermişdir. İşin bu halı cavabdehin adına təyin edilmiş ******* saylı spesifikasiya nömrəsi üzrə göndərilmiş 10998 ABŞ dolları məbləğində geyim əşyalarının siyahısı əks olunmuş sənədin cavabdeh tərəfindən imzalanması ilə öz təsdiqini tapır. Bundan başqa, tərəflər arasında xx.xx.2020-ci il tarixdə tərtib edilmiş D/Az/16/12 saylı Üzləşdirmə aktından da görünür ki, cavabdeh 2000 ABŞ dolları avans ödəyərək ******* saylı spesifikasiyada göstərilən 10998 ABŞ dolları məbləğində lazımı qaydada qablaşdırılmış, sənədləşdirilmiş və istehsal defekti olmayan (qüsursuz), keyfiyyət göstəriciləri standartalara uyğun şəkildə malların ona təhvil verilməsini Üzləşdirmə aktını imzalamaqla bir daha təsdiq etmişdir.
23. Lakin mallar təhvil verilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini tam icra etməmiş, aldığı mallarla bağlı ödəniş etsə də, qalan məbləği ödəməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən tikinti materiallarını almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik də götürmüşdür. Cavabdeh isə bağladığı müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.
24. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir.
25. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).
26. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 4.2-cü bəndinə görə müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindəki gecikmələrə görə alıcı hər gecikdirilən gün üçün aylıq ödənişin 0,1 %-i həcmində əlavə cərimə ödəməlidir. Məhkəmə hesab edir ki, tələb edilən cərimə qanunauyğun olmaqla bərabər, həm də ağlabatandır.
27. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan dövlət rüsumu iddianın təmin olunması nisbətində cavabdehdən tutulmalıdır.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 09 yanvar 2020-ci il tarixli müqavilə üzrə 6134 ABŞ dolları əsas, 150 ABŞ dolları cərimə məbləği olmaqla ümumilikdə 6284 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 123 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı