Məhkəmə qərarları › İş №e-2-2(113)-447/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-447/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-447/2021 12.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 37/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilə üzrə göstərilmiş xidmətlərə görə 1.357 manat məbləğində borcun, hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5 % həcmində hesablanmış cərimə kimi 2739,12 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4126,12 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 37/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqaviləyə əsasən, sifarişçi Cavabdeh MMC-yə məxsus avtonəqliyyat vasitələrinə İddiaçı MMC tərəfindən sifarişə uyğun olaraq texniki xidmət göstərilir. Müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı öz üzərinə, sifariş əsasında sifarişçinin avtonəqliyyatına servis və texniki xidmət göstərməyə dair öhdəlik götürür, sifarişçi isə görülmüş işi qəbul edir və hazırki Müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən, sifarişçi ödənişləri icraçının təqdim etdiyi hesab-fakturalar əsasında ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, sifarişçi göstərilən xidmətlərə görə ödənişi icraçı tərəfindən hesab-faktura təqdim edildikdən 10 iş günündən gec olmayaraq aparmalıdır. Müqavilənin 7.1-ci maddəsinə əsasən, xidmətlərdə zəmanət müddəti ərzində qüsurlar aşkar edildikdə sifarişçi qüsur aşkar edilmiş xidmətlər barədə ən gec 7 gün ərzində icraçıya yazılı şəkildə etiraz göndərməlidir. Cavabdeh MMC-yə məxsus **-AN-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Polo” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində göstərilmiş xidmətlərin dəyəri, ƏDV daxil ümumilikdə 1357 manat təşkil etmiş, cavabdehə həmin borcla bağlı hesab-faktura və e-qaimə göndərilməsinə baxmayaraq, cavabdeh borclu olduğu məbləği hal-hazıradək ödəməkdən yayınmışdır. Qeyd olunan mübahisənin həlli məqsədi ilə xx.xx.2020-ci il tarixdə məktubla cavabdehə xəbərdarlıq (pretenziya) ünvanlanmış və cavabdehə ödəniş olunmadığı təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən hal-hazıradək heç bir ödəniş olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında əsasnamənin 4.1-ci bəndinə əsasən, istehlakçı icraçının göstərdiyi texniki xidmətin haqqını müqavilədə göstərilən qaydada və müddətlərdə ödəməyə borcludur. İcraçı tərəfindən görülmüş iş tam təhvil verildikdən sonra istehlakçı onun haqqını ödəməyə borcludur. İstehlakçının razılığı ilə işin haqqı müqavilə bağlanarkən tam və ya avans verilməsi yolu ilə ödənilə bilər. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 37/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilənin 5.4-cü maddəsinə əsasən, sifarişçi təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2-ci maddəsində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə ödəyir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə məxsus bank hesablarında olan pul məbləğinin 4126,12 manat hissəsinin üzərinə həbs qoyulmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə rədd edilmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış xx xxxxxx 2015-ci il tarixli 37/C nömrəli “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqaviləyə əsasən İddiaçı MMC cavabdeh "Cavabdeh” MMC-nin avtonəqliyyat vasitələrinə qabaqcadan razılaşdırılmış qiymətlərlə texniki xidmət göstərirdi. Lakin iddiaçı sonuncu dəfə texniki xidmət göstərərək müqavilə üzrə öhdəliklərini lazıminca icra etməmişdir. Belə ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 37/C nömrəli “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqaviləyə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh’ MMC-yə məxsus “Volkswagen” markalı “Polo” modelli **-AN-*** dövlət qeydiyyat nişanlı minik maşının surətlər qutusunda yaranmış nasazlıqların aradan qaldırılması məqsədilə İddiaçı MMC-yə müraciət olunmuşdur. Eyni zamanda surətlər qutusunun yağının dəyişdirilməsi üçün 8 litr transmissiya yağı servis ustasına yerində təhvil verilmişdir. xx.xx.2019-cu il tarixdə təmir işləri bitdikdən sonra avtomobil Cavabdeh MMC-nin nümayəndəsinə yerində təqdim edilmişdir. Avtomobil yerində sürmə ilə test (yoxlama) edilərək mövcud olan nasazlığın aradan qaldırılmadığı müəyyən edilmişdir. Bu barədə dərhal iddiaçının servisinə məlumat verilir və servisin baş ustası tərəfindən avtomobilin yenidən diaqnostika olunması üçün təkrar baxışa gətirilməsinin zəruri olduğu bildirilir. Həmin gün avtomobil yenidən servisə təqdim olunur. xx.xx.2019-cu il tarixdə iddiaçının texniki servis mərkəzindən Cavabdeh MMC-yə avtomobilin surətlər qutusunun “beyni”nin yandığı, onun dəyişdirilməsi zərurəti yarandığı və bunun üçün təxminən 4.000 manat məbləğində vəsaitin ödənilməsi bildirilir. Buna etiraz olaraq avtomobil servisdən geri götürülür və Cavabdeh MMC-yə gətirilir. Cavabdeh MMC-nin avtobusların Təmir Mərkəzində avtomobilin surətlər qutusunda dəyişdirilmiş adı altında servis tərəfindən təhvil verilən ehtiyat hissələrinə baxış keçirilir, həmin ehtiyat hissələrinin bu avtomobilin surətlər qutusuna aid olmadığı (qət olunmuş məsafə və sürətlər qutusunun istismar müddəti baxımından), həmçinin surətlər qutusunun yağı dəyişilmədiyi aşkar olunur, baxmayaraq ki bunun üçün servisə kifayət qədər transmissiya yağı təhvil verilmişdir. Bundan sonra avtomobil digər özəl servisə aparılır və gün ərzində surətlər qutusunda olan nasazlıq aradan qaldırılır. Hazırda avtomobil tam saz vəziyyətdədir və istismar edilir. Müqavilənin 2.1.5-ci maddəsinə əsasən icraçı təmir həyata keçirildikdən sonra avtonəqliyyatı sifarişçiyə tam texniki saz vəziyyətdə, qabaqcadan müəyyənləşdirilmiş müddətə verməyini öz öhdəsinə götürür. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən icraçı göstərilən xidmətlərə 6 təqvim ayı müddətində zəmanət verir. Zəmanət müddətinin axımı avtonəqliyyat vasitəsi sifarişçiyə təhvil verildiyi vaxtdan sonrakı gün başlanır. Beləliklə, İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərə düzgün əməl edilmədiyinə və avtomobildəki nasazlıq aradan qaldırılmadığına görə təmir işləri təhvil alınmamışdır və buna dair tərəflər arasında heç bir təhvil-təslim aktı imzalanmamışdır. Halbuki sözügedən müqavilənin 4.2-ci maddəsinə əsasən tərəflər arasında icra edilən işlərə görə hesablaşma digər maliyə sənədləri ilə birlikdə təhvil-təslim aktı da vacib yer tutur. Müqavilənin 2.1.5-ci maddəsi ilə müəyyən edilmiş “avtonəqliyyatı tam texniki saz vəziyyətdə, qabaqcadan müəyyənlədirilmiş müddətdə təhvil vermək” öhdəliyinə və 6.2.- ci maddəsi ilə müəyyən edilmiş “icraçı göstərilən xidmətlər üzrə 6 ay müddətində zəmanət verir” şərtinə də əməl edilmədiyi üçün iddia tələbi tam əsassız və qəbuledilməzdir. İddiaçı tərəfin nəqliyyat vasitəsinin surətlər qutusunda olan nasazlığı aradan qaldırmayaraq buna görə külli miqdarda ödəniş tələb etməsi və nəqliyyat vasitəsini həmin vəziyyətdə təmir olunmuş adı ilə sifarişçiyə qaytarması, bundna əlavə dəyişdirilməsi üçün təqdim edilən 8 litr transmissiya yağını mənimsəməsi qəbul edilməzdir və müqavilə üzrə hər hansı bir öhdəliyin yerinə yetirilməsi deyil, əksinə cavabdehin istehlak hüququnun kobud pozulması və icra edilməyən işə görə əsassız və qanunsuz varlanmadır. Cavabdeh MMC və İddiaçı MMC arasında imzalanmış xx xxxxxx 2015-ci il tarixli 37/C nömrəli “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilənin 9.1.2-ci maddəsinə əsaslanaraq qarşılıqlı yazışma əsasında tərəflərindən Müqaviləyə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: - xx xxxxxx 2015-ci il tarixli, 37/C saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilədən görünür ki, həmin müqavilə icraçı İddiaçı MMC və sifarişçi Cavabdeh MMC tətəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icraçı öz üzərinə sifariş əsasında sifarişçinin avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texniki xidmət göstərmək üzrə öhdəlik götürür, sifarişçi isə görülmüş işi qəbul edir və hazırki müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə görə müqaviləyə əlavə olunan qiymət razılaşma protokolu müqavilənin ayrılmaz hissəsidir. Fors-major hallar istisna olmaqla qiymət razılaşma protokolunda qeyd olunan qiymətlər dəyişdirilə bilməz. 2.1.1-ci bəndinə əsasən sifarişçidən sifariş daxil olduqca, avtonəqliyyat vasitələrinin növündən asılı olmayaraq, reqlamentə uyğun olaraq onların təmirini həyata keçirməyi, təmir başa çatdıqda, texniki xidmət göstərilməsini və ehtiyat hissələrinin dəyişdirilməsini təsdiq edən təmir kartını sifarişçiyə təqdim etməyi icraçı öhdəsinə götürür. 2.2.1-ci bəndinə görə hazırkı müqavilənin 4-cü maddəsinə uyğun olaraq icraçı tərəfindən yerinə yetirilmiş təmir işlərini vaxtında qəbul etməyi və ödəniş aparmağı sifarişçi öhdəsinə götürür. 4.2-ci bəndinə görə sifarişçi göstərilən xidmətlərə görə ödənişi icraçı tərəfindən vergi hesab-faktura, qaimə faktura və təhvil-təslim aktı təqdim edildikdən 10 iş günündən gec olmayaraq aparmalıdır. -37C saylı müqaviləyə 1 saylı əlavədən (görülən işlərin razılaşdırma protokolu) görünür ki, X6 1.6 L 77kW nəqliyyat vasitəsinə dair göstəriləcək xidmətlər və onların ƏDVsiz qiymətləri əks olunmuş cədvəl tərtib edilmişdir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - “xxxx” MMC tərəfindən tərtib edilmiş 0012666-2 saylı təmir kartından görünür ki, Cavabdeh MMC-nin sifarişi əsasında “xxxx” MMC tərəfindən Volkswagen Polo markalı, **- AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində surətlər qutusunun açılıb bağlanması (150,00 manat), surətlər qutusunun təmiri (950,00 manat), korobkanın proqramlaşdırılması (50,00 manat) işləri görülmüş, işlərin ümumi dəyəri ƏDV daxil 1.357,00 manat məbləğində müəyyənləşdirilmişdir. Təmir kartı yalnız icraçı tərəfindən imzalanmışdır. - xx.xx.2019-cu il tarixli, 2151 saylı hesabla müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə görülmüş işlərin dəyərinin ödənilməsi ilə bağlı hesab təqdim edilmişdir. - EBAA seriyalı, 519286 saylı, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, İddiaçı” MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 1.357,00 manat dəyərində xidmət göstərilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - İG seriyalı, 258890 saylı xx.xx.2019-cu il tarixli elektron vergi hesab-fakturasından görünür ki, EBAA seriyalı, 519286 saylı, xx.xx.2019-cu il tarixli elektron qaimə əsasında elektron sistem tərəfindən elektron vergi hesab-fakturası tərtib edilmişdir. - xx.xx.2019-cu il tarixli təmir kartından görünür ki, Cavabdeh MMC-nin sifarişinə əsasən fərdi sahibkar X3 tərəfindən Volkswagen Polo markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində surətlər qutusunun hidroblokunun dəyişdirilməsi, surət qutusunun yağının, benzin filtrinin dəyişdirilməsi işləri görülmüş, işlərin dəyəri 1595 manat məbləğində müəyyən edilmişdir. Təmir karti icraçı və sifarişçi tərəfindən imzalanmışdır. -Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2019-cü il tarixli, Ç- RƏ/195 saylı “Nəqliyyat vasitəsinin surətlər qutusunda yaranan nasazlıq təmir olunmadığına görə pulun ödənilməsinə dair” etirazından müəyyən edilir ki, “Volkswagen” markalı avtomobildəki nasazlıq aradan qaldırılmadığından Cavabdeh MMC təmir işlərini təhvil almamış, eləcə də İddiaçı MMC tərəfindən müqavilənin şərtlərinə əməl edilmədiyini nəzərə alaraq ödəniş sənədlərini qəbul etməmişdir. --İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh MMC-yə məxsus avtomobilə xidmət göstərilmiş, lakin ödənişdən imtina edilmişdir. Bu səbəbdən 37/C nömrəli, xx.xx.2015-ci il tarixli müqaviləyə xitam verilməsi tələb edilmişdir. -Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh MMC-yə məxsus olan “Volkswagen” markalı “Polo” modelli minik maşınında şirkət tərəfindən aparılan təmir nəticəsində nasazlıq aradan qaldırılmadığına və görülmüş işlər barəsində heç bir sübut təqdim edilmədiyinə görə Cavabdeh MMC və “İddiaçı" MMC arasında imzalanmış xx xxxxxx 2015-ci il tarixli, 37/C nömrəli “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilənin 7.1-ci maddəsinə əsaslanaraq tərəflərindən xx.xx.2019-cu il tarixli Ç- RƏ/195 nömrəli etiraz məktubu göndərilmişdir. Bundan əlavə həmin müqavilənin 2.1.5-ci maddəsi ilə müəyyən edilmiş “avtonəqliyyatı tam texniki saz vəziyyətdə, qabaqcadan müəyyənlədirilmiş müddətdə təhvil vermək” öhdəliyinə və 6.2-ci maddə ilə müəyyən edilmiş “İcraçı göstərilən xidmətlər üzrə 6 (altı) ay müddətində zəmanət verir” şərtlərinə də İddiaçı MMC tərəfindən əməl edilmədiyinə görə xx xxxxxx 2015-ci il tarixli 37/C nömrəli müqaviləyə xitam verilməsi tələb edilmişdir. İddiaçı MMC tərəfindən təmiri yerinə yetirilməmiş “Volkswagen Polo” markalı minik maşınına görə ödənişin aparılmasını Cavabdeh MMC öz öhdəsinə götürmür. -İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, ES 095 saylı pretenziya məktubu ilə müəyyən edilir ki, Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixədək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: İşin halları ondan ibarətdir ki, İddiaçı MMC xidmət müqaviləsinə əsasən Cavabdeh MMC-yə məxsus avtomobilə xidmət göstərdiyini, lakin göstərilmiş xidmətlərə görə 1.357 manat məbləğində xidmət haqqının cavabdeh tərəfindən ödənilmədiyini əsas göstərərək cavabdehdən xidmət müqaviləsindən irəli gələn borcun ödənilməsini tələb edir. Cavabdeh MMC isə iddiaçı tərəfindən təmir kartında qeyd olunmuş xidmətlərin göstərilmədiyini, avtomobilin təmir olunmadan nasaz vəziyyətdə qaytarıldığını və belə olan halda iddiaçıya borclarının olmadığını iddia edir. Məhkəmə qeyd edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 385, 442 və 448.1-cı maddələri təşkil edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə məxsus avtomobilə 1.357 manat dəyərində xidmətin göstərilib-göstərilməməsi işin mübahisəli halını təşkil edir. İddiaçı mübahisəli xidmətin göstərilməsini sübuta yetirmək üçün sifarişçi tərəfindən imzalanmamış təmir kartlarına, eləcə də 1.357,00 manat dəyərində xidmətlə bağlı cavabdehə göndərilmiş və sistem tərəfindən təsdiq edilmiş EBAA seriyalı, 519286 saylı, xx.xx.2019-cu il tarixli elektron qaiməyə istinad etmişdir. Halbuki tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinin məzmunundan göründüyü kimi həmin müqaviləyə əsasən sifarişçi ödənişin həyata keçirilməsi üçün icraçı tərəfindən qaimə-faktura və elektron vergi hesab-faktura ilə yanaşı təhvil-təslim aktı da təqdim edilməlidir. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydaları”nın 1.2-ci bəndinə görə elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin qaydaların 1.3-cü bəndinə görə isə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Sözügedən qaydaların 2.2.4-ci bəndinə əsasən isə elektron qaimə-fakturada həmin qaimə-fakturanın verilməsi əsası (qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s.) göstərilməlidir. 2.6-ci bəndinə əsasən elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır. Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi elektron qaiməfakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. Hazırkı halda mübahisəli elektron qaimə-fakturanın əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi təhvil-təslim aktı durmadığından həmin qaimə-faktura müvafiq xidmətlərin təqdim edilməsini rəsmiləşdirən sənəd kimi qəbul edilə bilməz. İddiaçının məhkəməyə təqdim etdiyi təmir kartına münasibətdə isə məhkəmə qeyd edir ki, həmin kart iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş, cavabdehin nümayəndəsi tərəfindən təsdiq edilməmişdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər cavabdehə iddiaçı tərəfindən müvafiq xidmətlər göstərilməsinin sübuta yetirilmiş hesab edilməsi üçün kifayət etmir. Cavabdehin elektron qaimə-faktura təqdim olunduqdan 5 gün müddətində həmin qaimənin üzərində dəqiqləşdirilmiş əməliyyat aparmaq imkanına malik olduğu halda həmin əməliyyatı aparmaması, bununla da göstərilmiş xidməti qəbul etməsi barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli avtomobil xx.xx.2019-cu il tarixdə iddiaçıya məxsus servisə təmirə verildikdən sonra cavabdeh tərəfindən edilmiş hərəkətlər (o cümlədən iddiaçı tərəfindən təqdim edilmiş təmir kartının imzalanmaması, 15 gün sonra eyni avtomobilin digər servis mərkəzinə təmir üçün təqdim edilməsi, elektron qaiməfaktura təqdim edildikdən sonra iddiaçıya göndərilmiş yazılı etiraz, eləcə də iddiaçının həmin etiraza cavabı) cavabdehin ona məxsus avtomobilə iddiaçı tərəfindən göstərilməsi iddia olunan xidmətləri qəbul etməməsinə açıq-aşkar dəlalət edir. Belə olan halda məhkəmə İddiaçı MMC-nin Cavabdeh MMC-yə məxsus avtomobilə 1.357 manat dəyərində mübahisəli xidmətin göstərilməsini sübuta yetirə bilmədiyini nəzərə alaraq hesab edir ki, xidmət haqqının, eləcə də həmin haqqın ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin ödənilməsi tələbinə dair hazırkı iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar