Məhkəmə qərarları › İş №e-2-2(113)-447/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-447/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-447/2024 15.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 137.446,23 manat (ƏDV daxil) əsas borc, gecikdirilən hər gün üçün 1% olmaqla 209.664,054 (manat) həcmində olan dəbbə pulu, 620 manat dövlət rüsumu olmaqla, cəmi 347.110,28 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 20 dekabr 2022-ci il tarixli, 05/76 nömrəli xidmətin göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasan İddiaçı MMC (bundan sonra “Xidmət göstərən”) bu müqavilənin tərkib hissəsi olan Razılaşma Protokolunda əks olunmuş Texnika (ları) və (və ya) Avadanlıq(ları) Cavabdeh MMC-yə (bundan sonra “Sifarişçi”) xidmətə verməyi, “Sifarişçi” isə Texnikaları təyinatı üzrə istifadə edib, “Xidmət göstərən”ə xidmət haqqını öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndinə əsasən, müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 5 (beş) iş günü ərzində bank köçürmə yolu ilə həyata keçir. Müqavilənin 3.4-cü bəndinə əsasən, ”Sifarişçi” ödənişi ”Xidmət göstərən”ə nəzərdə tutulmuş (yeni növbəti ayın ilk 10 (on) gün müddətində) ödəmədikdə hər gecikmiş gün üçün ümumi məbləğin 1(bir/) % miqdarında cərimə ödəyir. Müqavilənin 3.5-ci bəndinə əsasən, ”Sifarişçi” ödənişi ”Xidmət göstərən”ə nəzərdə tutulmuş (yeni növbəti ayın ilk 15 (on beş) günündə) müddətdə ödəmədikdə texnika işi dayandırır və “Xidmət göstərən” buna görə hər hansı bir məsuliyyət daşımır. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, görülmüş işlər barədə tərəflər arasında bu müqavilədə nəzərdə tutulmuş qaydada təhvil-təslim aktı tərtib edilir. Hesablama cədvəlində xidmət göstərən hər bir texnikanın dövlət nömrə nişanı, markası, modeli göstərilməklə, iş günlərinin (saatların) sayı, aylıq xidmət məbləği göstərilməlidir. Həmin müqavilənin 8.3-cü bəndinə əsasən, ”Xidmət göstərən” və “sifarişçi” bu müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə öz öhdəliklərini yerinə yetirməlidir. Sifarişçi öz öhdəliklərinin icrasını gecikdirdiyi təqdirdə hər gecikdirilən gün üçün aylıq xidmət haqqının 0.1 faizi həcmində məsuliyyət daşıyır. Cavabdeh tərəfindən həmin müqavilə üzrə düşən öhdəliklər tam yerinə yetirilməyərək tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktları və razılaşma protokolları ilə təsdiq edilmiş göstərilmiş xidmətlərin haqqı ödənilməmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq nəticəsiz qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdehin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, məhkəmə bildirişi “bu ünvanda yoxdur” qeydi ilə geri qayıtmışdır.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. - Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. - Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 05/76 saylı xidmət müqaviləsi və 20, 21, 22, 23, 24, 25, 26 saylı razılaşma protokolları imzalanmışdır. Müqavilə və razılaşma protokolları hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

10. Müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı MMC (“Xidmət göstərən”) bu muqavilənin tərkib hissəsi olan Razılaşma Protokolunda əks olunmuş Texnika (ları)və (və ya) Avadanlıq(ları) Cavabdeh MMC-yə (“sifarişçi”) xidmətə verməyi, “sifarişçi”isə Texnikaları təyinatı üzrə istifadə edib, “Xidmət göstərən”ə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən, xidmət göstərən texnika üçün ayrıca gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 günü ərzində göstərilmiş iş üçün tərtib etdikləri cədvəllər əsasında tərəflər arasında “görülmüş işlərin təhvil-təslim aktı” tərtib olunur, imzalanır, möhürlənir.

12. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən görülmüş işlər barədə tərəflər arasında bu müqavilədə nəzərdə tutulmuş qaydada təhvil-təslim aktı tərtib edilir. Hesablama cədvəlində xidmət göstərən hər bir texnikanın - dövlət nömrə nişanı, markası, modeli göstərilməklə, iş günlərinin (saatlarının) sayı, aylıq xidmət haqqı məbləği və yekun xidmət məbləği göstərilməlidir.

13. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə iddiaçı tərəfindən ona məxsus olan texnikalar vasitəsilə ilə cavabdehə müvafiq xidmətlərin göstərilməsindən ibarət olmuşdur. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

14. Ona görə də məhkəmə hesab edir ki, Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

15. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

16. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilib-göstərilməməsidir.

17. İş materiallarına əlavə olunmuş, dekabr ayı üçün olan xx.xx.2023-cü il tarixli, 20 nömrəli təhvil-təslim aktına əsasən Ekskovator Hyundaı 320 ilə 14.203,66 manat dəyərində, yanvar ayı üçün olan xx.xx.2023-cü il tarixli, 20.1 nömrəli təhvil-təslim aktına əsasən Ekskovator Hyundaı 320 ilə 13.635,51 manat dəyərində, dekabr ayı üçün olan xx.xx.2023-cü il tarixli, 21 nömrəli təhvil-təslim aktına əsasən Katok ilə 7648,17 manat dəyərində, yanvar ayı üçün olan xx.xx.2023-cü il tarixli, 21.1 nömrəli təhvil-təslim aktına əsasən Katok ilə 7.342,24 manat dəyərində, fevral ayı üçün olan xx.xx.2023-cü il tarixli, 21.2 nömrəli təhvil-təslim aktına əsasən Katok ilə 7036,32 manat dəyərində, mart ayı üçün olan xx.xx.2023-cü il tarixli, 21.3 nömrəli təhvil-təslim aktına əsasən Katok ilə 3059,27 manat dəyərində, dekabr ayı üçün olan xx.xx.2023-cü il tarixli, 22 nömrəli təhvil-təslim aktına əsasən Ekskovator Volvo ilə 17.481,70 manat dəyərində, yanvar ayı üçün olan xx.xx.2023-cü il tarixli, 22.1 nömrəli təhvil-təslim aktına əsasən Ekskovator Volvo ilə 17.481,70 manat dəyərində, yanvar ayı üçün olan xx.xx.2023-cü il tarixli, 23 nömrəli təhviltəslim aktına əsasən yanacaq maşını ilə 3.937,70 manat dəyərində, fevral ayı üçün olan xx.xx.2023-cü il tarixli, 23.1 nömrəli təhvil-təslim aktına əsasən yanacaq maşını ilə 5.559,22 manat dəyərində, mart ayı üçün olan xx.xx.2023-cü il tarixli, 23.2 nömrəli təhviltəslim aktına əsasən yanacaq maşını ilə 2.895,42 manat dəyərində, fevral ayı üçün olan xx.xx.2023-cü il tarixli, 24 nömrəli təhvil-təslim aktına əsasən Ekskovator-Doosan ilə 15.794,46 manat dəyərində, fevral ayı üçün olan xx.xx.2023-cü il tarixli, 25 nömrəli təhviltəslim aktına əsasən Howo yük maşını (özüboşaldan) ilə 4.326,58 manat dəyərində, fevral ayı üçün olan xx.xx.2023-cü il tarixli, 26 nömrəli təhvil-təslim aktına əsasən Buldozer Shantlu ilə 11.931,08 manat dəyərində, mart ayı üçün olan xx.xx.2023-cü il tarixli, 26.1 nömrəli təhvil-təslim aktına əsasən Buldozer Shantlu ilə 5.113,32 manat dəyərində xidmətlər iddiaçı tərəfindən cavabdehə göstərilmişdir.

18. İddiaçı tərəfindən xidmətin göstərildiyini cavabdeh tərəf təhvil-təslim aktlarını imza etməklə və möhürü ilə təsdiq etməklə qəbul etmişdir.

19. Məhkəmə qeyd edir ki, sadə riyazi hesablama ilə, təhvil-təslim aktlarındakı məbləğlərin cəmi, ƏDV daxil 137,446,35 manat təşkil edir.

20. Bundan başqa, qeyd edilmiş xidmətlərin göstərilməsi barədə iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmişdir.

21. Hazırda, iddiaçı tərəf cavabdehin müqavilə üzrə ƏDV daxil 137.446,23 manat məbləğində ödənilməmiş borcunu tələb edir.

22. Cavabdeh tərəf məhkəmə iclasına gəlməməklə yanaşı, iddiaya da, etirazını bildirməmiş və qeyd edilmiş borcdan hər hansı bir məbləğin ödənilməsinə dair sənədi məhkəməyə təqdim etməmişdir.

23. Belə olan halda, məhkəmə hesab edir ki, iddia 137.446,23 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

24. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.

25. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 8.3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən ”Xidmət göstərən” və “sifarişçi” bu müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə öz öhdəliklərini yerinə yetirməlidir. Sifarişçi öz öhdəliklərinin icrasını gecikdirdiyi təqdirdə hər gecikdirilən gün üçün aylıq xidmət haqqının 0.1 faizi həcmində məsuliyyət daşıyır.

26. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

27. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 6.800 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.

28. Məhkəmə 620 manat məbləğində dövlət rüsumunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

29. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, MŞB/6-0374 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 400 manat məbləğində pul Bakı 6 saylı Mediasiya Təşkilatına ödənmişdir.

30. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

31. Bundan başqa, iş materiallarında olan ********** nömrəli qəbzə əsasən 220 manat, ********** nömrəli qəbzə əsasən 18 manat məbləğində pul dövlət rüsumunun əvəzi olaraq dövlət büdcəsinə ödənmişdir.

32. Ancaq qeyd edilməlidir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 434,25 manat təşkil etsə də, onun 400 manatı mediasiyaya çəkilmiş xərclə əhatə olunduğundan, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34,25 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, 05/76 saylı müqaviləyə əsasən əsas borc üzrə ƏDV daxil 137.446 (bir yüz otuz yeddi min dörd yüz qırx altı) manat, 23 (iyirmi üç) qəpik, cərimə borcu üzrə 6.800 (altı min səkkiz yüz) manat olmaqla, cəmi 144.246 (bir yüz qırx dörd min iki yüz qırx altı) manat, 23 (iyirmi üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 34 (otuz dörd) manat, 25 (iyirmi beş) qəpik məbləğində pul "SK Construction” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar