Məhkəmə qərarları › İş №e-2-2(113)-4471/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4471/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4471/2025 07.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, dəbbə pulu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 18 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 5159,72 manat əsas borc, 1031,94 manat dəbbə pulunun və ödənilmiş 82 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, tərəflər arasında malların alqısatqısına dair xx.xx.2023-cü il tarixli 4545/23M nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən, iddiaçı satıcı, cavabdeh alıcı qismində çıxış etmişdir. Mallar qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mallar alındıqdan sonra cavabdeh müqavilə ilə şərtləşdirilmiş şəkildə malların dəyərini ödəməli idi. Elektron qaimələr və malların təhvilqəbul aktlarından aydın olur ki, xx.xx.2025-ci il tarixində satıcı tərəfindən 5159,72 manat (ƏDV daxil) məbləğində mallar cavabdehə satılmışdır. Lakin sözügedən malların müqabilində ödənilməli olan məbləğ cavabdeh tərəfindən bu günədək ödənilməmişdir. Cavabdehin iddiaçıya olan əsas borcundan əlavə, tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli 4545/23M nömrəli müqavilənin 8.4-cü bəndinə əsasən, malın məbləğinin vaxtında ödənilməməsi halında cavabdeh iddiaçıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında (lakin malın dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, ödənilməmiş malların dəyəri 5159,72 manat, həmin məbləğin 20%-i 1031,94 manat təşkil edir və bu məbləğ dəbbə pulu kimi əsas borca hesablansa, ümumilikdə 5159,72 + 1031,94 = 6191,66 manat tələb məbləği yaranmışdır. Cavabdehə xx.xx.2025-ci il tarixində 002036 saylı məktubla müqavilə üzrə borc məbləğinin ödənilməsinə dair pretenziya məktubu ünvanlanmış və həmin məktubla bildirilmişdir ki, borcun 10 iş gün müddətində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəkdir. Məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuş, nə də ki məktuba cavab alınmışdır. xx.xx.2023-cü il tarixli 4545/23M nömrəli müqavilənin 3.1.1-ci bəndi satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququnu qeyd edir, 3.4.1-ci bəndi isə alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək öhdəliyini nəzərdə tutur. Lakin bu günədək cavabdeh tərəfindən alınmış malın dəyəri ödənilməmiş və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 442, 567-ci və s. maddələri göstərilmişdir.

4. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş və etirazının əsası olaraq göstərmişdir ki, tərəflər arasında xx.xx.2023-ci il tarixdə 4545/23M nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh 5159,72 manat dəyərində iddiaçıdan yanğın boru xətləri almışdır. Cavabdehin hesablarında vergi orqanları tərəfindən qanunsuz qoyulmuş sərəncamlara görə sonuncu iddiaçıya ödənilməli olan müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyi qismən yerinə yetirə bilməmişlər. Bu səbəbdən iddiaçı ilə aralarında şifahi danışıqlar olmuş, öhdəliyin yerinə yetrilməsi üçün müddətin uzadılmasını xahiş etmiş, bu barədə tərəflər arasında şifahi razılaşma əldə edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5-ci maddəsinin 1-ci hissəsində alıcı tərəfindən malın dəyərinin ödənilməsi hesab-faktura təqdim olunduqdan sonra 100% öncədən Azərbaycan valyutası ilə nəzərdə tutulmuş, son ödəmə müddətinin hansı tarixdə sona çatması dəqiq tarixlə nəzərdə tutulmamışdır. Bundan əlavə, iddiaçı cavabdehə heç bir yazılı və şifahi etirazını bildirməmiş və borcun ödənilməsi ilə bağlı son tarix göstərməmişdir.

5. Etirazın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 448.4, 450.3-cü və s. maddələri göstərilmişdir. II. Tərəflərin mövqeləri:

6. İddiaçının nümayəndəsi X2 məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi, cavabdehin etirazının əsassız olduğunu bildirdi.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə lazımi qaydada məlumat verilmiş, cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 4545/23M nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə qiymət razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə malları satmağı, cavabdeh isə həmin malları qəbul edərək razılaşdırılmış məbləğdə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli təhvilqəbul aktlarına əsasən mallar cavabdehə təhvil verilmiş, həmin malların təhvil-təslimi ilə bağlı 155,7836 manat və 5003,9434 manat dəyərində xx.xx.2025-ci il tarixli MT2501 11264506 seriya və nömrəli və xx.xx.2025-ci il tarixli MT2501 11264509 seriya və nömrəli elektron qaimələr tərtib edilərək cavabdehə göndərilmişdir.

12. İddiaçı xx.xx.2023-cü il tarixli 4545/23M nömrəli alqı-satqı müqaviləsi üzrə 5159,72 manat məbləğində pulun tutulmasını tələb edir.

13. Cavabdeh iddiaya etiraz edir və etirazının əsası olaraq göstərir ki, 5159,72 manat dəyərində mal alınmış, hesablarında sərəncam olduğundan öhdəliklərini qismən icra edə bilməmiş, iddiaçı ilə razılaşmaya əsasən öhdəliyin icrası müddəti uzadılmış, iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı heç bir yazılı və şifahi etiraz bildirilməmiş, müqavilədə son ödəmə müddətinin hansı tarixdə sona çatması nəzərdə tutulmamışdır.

14. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

15. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

17. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

18. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

19. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

20. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

22. Cavabdehin etirazının əsası kimi istinad etdiyi hallara münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək borcun ödənilməsini tələb etmiş, həmin məktub cavabdehin AVİS-də olan elektron kabinetinə yerləşdirilmişdir. Öhdəliyin icrasına möhlət verildiyinə dair isə hər hansı sübut təqdim etməmiş, iddiaçı etirazı əsassız hesab etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndində malın dəyərinin əvvəlcədən ödənilməsi razılaşdırılsa da, 5.4cü bənddə tərəflərin aralarındakı mal dövriyyəsi və borc qalıqları ilə bağlı aylıq, rüblük və illik üzləşmə aktı tərtib edəcəklərinin razılaşdırıldığı görünür. Həmçinin təqdim olunan malın dəyərinin ödənilməməsi də tərəflərin arasında formalaşmış işgüzar münasibətin ödənişin qabaqcadan ödənilməsi şəklində yox, nisyə formada ödənilməsi şəklində olduğunu göstərir. Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. İddiaçı pretenziya məktubunda cavabdehdən ödənişin 10 iş günü müddətində edilməsini tələb etmiş, cavabdeh isə öhdəliyini icra etməmişdir.

23. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh aldığı malların dəyərini ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

25. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

28. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

29. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, xx.xx.2023-cü il tarixli 4545/23M nömrəli alqısatqı müqaviləsi üzrə 5159,72 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

30. İddia ərizəsində iddiaçı həmçinin 1031,94 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.

31. xx.xx.2023-cü il tarixli 4545/23M malların alqı-satqısı müqaviləsinin 8.4-cü bəndinə əsasən, malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1% miqdarında (lakin malın dəyərinin 20%-dən artıq olmamaq şərtiləl) cərimə ödəməlidir.

32. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

33. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

34. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

35. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.

36. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 250 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

37. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 250 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

38. İddiaçı eyni zamanda ödənilmiş 82 manat dövlət rüsumunun da tutulmasını tələb edir.

39. İş materiallarından görünür ki, ********** nömrəli mədaxil qəbzi ilə 8244 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Beləliklə, yuxarıda göstərilənləri və iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 5159,72 manat əsas borc, 250 manat cərimə məbləği olmaqla ümumilikdə 5409,72 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar