Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4476/2023 10.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yükdaşıma müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5100 manat əsas borcun, 996 manat dəbbənin, 101 manat məhkəmə xərclərinin, 1250 manat hüquqi yardıma görə xərclərin, cəmi 7447 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01-22/GA No-li yükdaşıma müqaviləsinə əsasən sonuncuya göstərilmiş yükdaşıma xidmətləri üzrə hazırda cavabdehin iddiaçıya 5100 manat borcu vardır. Belə ki, icra edilmiş yükdaşıma xidmətlərinə dair cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 01-ga No-li hesab faktura və EBCJ seriyalı 308292 No-li E-qaimə üzrə xidmət haqqı 1275 manat, xx.xx.2023-cü il tarixli 02-ga No-li hesab faktura və EBCM seriyalı 380670 No-li E-qaimə üzrə xidmət haqqı 3825 manat təşkil edir. Müqavilənin 6.5-ci bəndinə uyğun olaraq, ödəniş müddətlərinə əməl edilmədiyinə görə cavabdehə pretenziyanın göndərildiyi xx.xx.2023-cü il tarixə hər gecikmə günü (hesab fakturalara müvafiq olaraq 173 və 116 gün) üçün gecikdirilmiş ödəniş məbləğinin 0,15% miqdarında hesablanmış dəbbə 996 manat təşkil edir. Yuxarıda qeyd olunan əsas borc və dəbbədən əlavə, aşağıdakı xərclər də cavabdehdən iddiaçının xeyirinə tutulmalıdır: Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə uyğun olaraq, mediasiya sessiyası və məhkəməyə iddia verilməsinə görə ödənilmiş dövlət rüsumu, cəmi 101 manat; Azərbaycan Respublikası MPM-in 121-ci maddəsinə uyğun olaraq, vəkilin və nümayəndənin göstərdiyi hüquqi yardıma görə xərc – 1250 manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı müqavilə üzrə cavabdehə iki dəfə xidmət göstərilmiş, hər ikisinin dəyəri ödənilməmişdir. Belə ki, tərəflərindən cavabdehin sifarişləri əsasında Türkiyədən Azərbaycana yük daşınmış, gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş, cavabdehin ünvanı üzrə təhvil verilmişdir. Cavabdeh daşımaların dəyərinin ödənilməsindən yayındığı üçün tərəflərindən məhkəməyə müraciət edilmişdir.
4. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinin üzrlü olmasına dair Məhkəməyə hər hansı sübut təqdim etməmiş, sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 noyabr 2022-ci il tarixli 01-22/GA nömrəli yükdaşıma müqaviləsinə əsasən icraçı yükün avtomobil nəqliyyatı ilə beynəlxalq daşınmasını təşkil etməyi və onun Türkiyədən və Avropa ölkələrindən sifarişçinin təyin etdiyi Azərbaycan Respublikası şəhərlərinə çatdırılmasını təmin etməyi və səlahiyyətli şəxsə (alıcıya) təhvil verməyi, sifarişçi isə yükün daşınmasına görə hər daşıma üçün tərəflər arasında müəyyən olunmuş haqqı ödəməyi öhdəsinə götürür.
7. Müqavilənin 1.3-cü bəndinə əsasən sifarişçi icraçıya bu müqavilə üzrə göstərilən xidmətlərə görə təqdim olunmuş hesab-fakturalar əsasında haqq ödəyəcəkdir.
8. Müqavilənin 5.1-ci bəndinə əsasən sifarişçi icraçıya bu müqavilə üzrə göstərilən xidmətlərə görə tərəflərin hər daşınmadan qabaq elektron poçt vasitəsi ilə yazılı şəkildə razılaşdırılmış həcmdə haqq ödəyəcəkdir. Bu müqavilə üzrə xidmət haqqı ABŞ dolları və ya Avro ilə təyin olunacaq.
9. Müqavilənin 6.5-ci bəndinə əsasən ödəniş müddətlərinə əməl etmədikdə sifarişçi hər gecikmə günü üçün gecikdirilmiş ödəniş məbləğinin 0,15 % miqdarında icraçıya dəbbə pulu ödəyir.
10. İddiaçı (sifarişçi) ilə X2 Taşımacılık (icraçı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 016/22 nömrəli beynəlxalq daşınma haqqında müqaviləyə əsasən sifarişçi nəqliyyat xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada nəqliyyat xidmətləri göstərməyi öhdəsinə götürür.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən Xidmət aktı (və ya aktları) ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesabfakturada qeyd edilir.
12. İddiaçı ilə 2K X1 ve Pazarlama Limited Şirketi (daşıyıcı) ilə iddiaçı (müştəri) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 0048 nömrəli daşıma xidmətlərinə dair müqaviləyə əsasən bu müqavilənin şərtlərinə əsasən daşıyıcı bu müqavilənin ayrılmaz hissəsini təşkil edən müvafiq əlavədə qeyd olunmuş malın daşınmasını və şərtləşdirilmiş müddətdə və yerə çatdırılmasını öhdəsinə götürür, müştəri isə göstərilmiş daşıma xidmətini qəbul etməyi və dəyərini daşıyıcıya ödənilməsini öhdəsinə götürür.
13. Müqavilənin 1.2-ci bəndinə əsasən malın təsviri, miqdarı, qiyməti, çatdırılma şərtləri, çatdırılma müddəti və malların daşınmasına dair digər təfsilatlar tərəflərin qarşılıqlı şəkildə təsdiqlədikləri müvafiq Əlavədə əksini tapır.
14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli 01-ga nömrəli 1275 manat, xx.xx.2022-ci il tarixli 02-ga nömrəli 3825 manat məbləğində hesab-fakturalar göndərilmişdir.
15. İddiaçı tərəfindən cavabdehə EBCJ 308292 nömrəli xx.xx.2022-ci il tarixli 1275 manat, EBCM 380670 nömrəli xx.xx.2023-cü il tarixli, 3825 manat məbləğli elektron qaimələr təqdim edilmişdir.
16. xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus mallar Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşınmışdır.
17. 11.01.2023-cü il tarixli gömrük bəyənnaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus mallar Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşınmışdır.
18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında 01 noyabr 2022-ci il tarixli 01-22/GA nömrəli yükdaşıma müqaviləsi imzalanmış, iddiaçı öz öhdəliklərini lazımınca yerinə yetirsə də, cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya 01 noyabr 2022-ci il tarixli 01-22/GA nömrəli müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
22. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
23. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
25. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
26. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.
27. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin 01 noyabr 2022-ci il tarixli 01-22/GA saylı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 5100 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 5100 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
28. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 01 noyabr 2022-ci il tarixli 01-22/GA saylı müqavilənin 6.5-ci bəndinə əsasən hesablanmış 996 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
30. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
31. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
32. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 250 manat məbləğində müəyyən edilməlidir.
33. Bundan başqa iddia ərizəsində 1250 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir.
34. Belə ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Ədalət Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 1250 manat pul ödənilmişdir.
35. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
36. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 5100 manat manat məbləğində əsas borc, 250 manat dəbbə pulu, 1250 manat hüquqi yardıma görə ödənilmiş vəsait tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
39. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/3/2023-00709 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir.
40. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat mediasiya xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 5100 (beş min bir yüz) manat məbləğində əsas borc, 250 (iki yüz əlli) manat dəbbə pulu, 1250 (bir min iki yüz əlli) manat hüquqi yardıma görə ödənilmiş vəsait və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 6700 (altı min yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova