Məhkəmə qərarları › İş №e-2-2(113)-4479/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4479/2022

07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4479/2022 07.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11855,66 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 09 fevral 2021-ci il tarixli CSP/21-032 saylı müqavilə bağlanmışdır. Müqavilənin 4-cü maddəsində ödəmə qaydası razılaşdırılmışdır. Müqavilənin 4.2-ci bəndinə əsasən Sifarişçi tərəfindən ödəniş, sənədlər (hesab faktura və ya elektron qaimə) təqdim edildikdən sonra 30 (otuz) iş günü ərzində köçürmə yolu ilə İcraçının bank hesabına ödənilməlidir. Aralarında bağlanmış müqavilənin şərtlərinə tərəflərindən sifariş olunan mallar təqdim edilsə də, Sifarişçi müqavilə şərtlərini pozaraq ödənişləri həyata keçirməmişdir. Cavabdeh 09 fevral 2021-ci il tarixli CSP/21-032 saylı müqavilə üzrə iddiaçıdan 11855.66 manat (ƏDV 18% daxil olmaqla) dəyərində mal almış və bu dövr ərzində borcundan ödəniş etməmişdir və hal hazırda cəmi 11855.66 manat olmaqla 10047.17 manat əsas məbləğ üzrə və 1808.49 manat ƏDV üzrə borcu vardır. Dəfələrlə borcun ödənilməsi ilə bağlı bu günə kimi edilən müraciətlər (+994 50 *** ** ** nömrəli telefona zəng, dəfələrlə şəxsən görüş) nəticəsiz qalmışdır. Bu günə kimi borc ödənilməmişdir və heç bir əsas gətirmədən borcun ödənilməsindən imtina edilir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmiş, iki tərəfin imzaları olan aktlar tərtib edilmişdir. Həmin aktlarda olan qiymətlər ABŞ dolları ilə müəyyən edilmişdir. Əlavə olaraq cavabdehə vergi qanunvericiliyinin tələbinə əsasən elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən həmin qaimələrə etiraz verilməmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Z.Abdullayev izahatında bildirdi ki, iddiaçı tərəfindən təqdim edilmiş tərəflərin nümayəndələrinin imzaları olan aktları qəbul edir, lakin elektron qaimləri qəbul etmir, belə ki, həmin elektron qaimələr cavabdeh tərəfindən deyil, vergi sistemində avtomatik olaraq təsdiqlənmişdir. Cavabdehə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçi (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 09 fevral 2021-ci il tarixli CSP 21-032 nömrəli müqaviləyə əsasən icraçı malları və xidmətləri təchiz edir, sifarişçi isə həmin malları xidmətləri alır. Hər hansı bir təchiz ediləcək malın və xidmətin miqdarı və qiyməti müqaviləyə X2 Protokolunda göstəriləcəkdir. Əlavələr vahid nömrəyə malik olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcək. Əlavələr tərəflərin razılığına əsasən tərtib olunacaq. Müqavilənin 4-cü bəndinə əsasən tərəflər arasında başqa qayda razılaşdırılmayıbsa, sifarişçi tərəfindən ödəniş icraçı tərəfindən hesab və qaimə-faktura təqdim edildikdən sonra 30 gün ərzində köçürmə yolu ilə icraçının bank hesabına ödənilir. Sözügedən müqaviləyə 09 fevral 2021-ci il tarixli 01 nömrəli Əlavə razılaşma protokoluna əsasən satıcı və alıcı sifariş olunmuş malların qiymətinin ümumilikdə 2100,40 manat olmasını razılaşdırmışlar. Sözügedən müqaviləyə 10 fevral 2021-ci il tarixli 02 nömrəli Əlavə razılaşma protokoluna əsasən satıcı və alıcı sifariş olunmuş malların qiymətinin ümumilikdə 3510,39 manat olmasını razılaşdırmışlar. Sözügedən müqaviləyə 12 fevral 2021-ci il tarixli 03 nömrəli Əlavə razılaşma protokoluna əsasən satıcı və alıcı sifariş olunmuş malların qiymətinin ümumilikdə 2764,27 manat olmasını razılaşdırmışlar. Sözügedən müqaviləyə 18 fevral 2021-ci il tarixli 04 nömrəli Əlavə razılaşma protokoluna əsasən satıcı və alıcı sifariş olunmuş malların qiymətinin ümumilikdə 3480,60 manat olmasını razılaşdırmışlar. Cavabdeh tərəfindən iddiaçıya tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli təhvil aktına əsasən 2064,94 ABŞ dolları, xx.xx.2021-ci il tarixli təhvil aktına əsasən 1235,53 ABŞ dolları, xx.xx.2021-ci il tarixli təhvil aktına əsasən 378,99 ABŞ dolları, xx.xx.2021-ci il tarixli təhvil aktına əsasən 108,56 ABŞ dolları, xx.xx.2021-ci il tarixli təhvil aktına əsasən 2100,40 ABŞ dolları, xx.xx.2021-ci il tarixli təhvil aktına əsasən 1625,92 ABŞ dolları pul ödənilməlidir. İddiaçı tərəfindən cavabdehə EBAX 220911 nömrəli xx.xx.2021-ci il tarixli (2100,40 manat), EBAX 662497 nömrəli xx.xx.2021-ci il tarixli (3480,60 manat), EBAX 662498 nömrəli xx.xx.2021-ci il tarixli (2764,27 manat), EBAX 662499 nömrəli xx.xx.2021-ci il tarixli (3510,39 manat) elektron qaimələr göndərilmişdir. Hüquqi dəyərləndirmə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin 09 fevral 2021-ci il tarixli CSP 21-032 nömrəli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 11855,66 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 11855,66 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 11855,66 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallarda olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 16 iyun 2022-ci il tarixli MŞB/6-3207 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 11855,66 (on bir min səkkiz yüz əlli beş manat altmış altı qəpik) manat pul və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar