Məhkəmə qərarları › İş №e-2-2(113)-4483/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4483/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4483/2022 05.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X5 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 18 % ƏDV daxil 1370,21 malların pulunun, həmçinin bu günə qədər gecikdirilmiş məbləğin illik 5 % faizi olmaqla 69 manat faiz borcun, hər gecikdirilmiş günə görə yaranan 600 manat dəbbə pulun, ödənilmiş 60 manat mediasiya xərci və 500 manat vəkil ilə bağlanan xidmət haqqının cəmi 2599,21 manat tutularaq iddiaçı ”Jupiter Distribution” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Jupiter Distribution” MMC ilə cavabdeh X6 arasında bağlanan xx.xx.2021-ci il tarixli, 65/M saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cəmiyyət tərəfindən cavabdehə 18% ƏDV daxil 1370,21 manat dəyərində mal verilmişdir. Həmin mallar e-qaimə faktura əsasında cavabdeh şəxsə təhvil verilmişdir. Aldığı malların dəyərini ƏDV 18% nəzərə alınmaqla cavabdeh ümumilikdə 1370,21 manat pulun ödənilməsini qanunvericiliyin tələbinə əsasən malları təhvil aldıqdan sonra ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəf müxtəlif bəhanələrlə pulun ödənilməsindən boyun qaçırmışdır. Hətta İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfin elektron və hüquqi ünvanına borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilməsinə baxmayaraq qarşı tərəf borc öhdəliyini icra etməmişdir. Cavabdeh tərəf artıq 1(bir) ildən artıqdır ki, öhdəliyi icra etmir və onun hərəkətsizliyi ilə bağlı iddiaçı cəmiyyətə ziyan dəymiş, bunun nəticəsi olaraq xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 5.1-ci maddəsinə əsasən hər gün üçün ödənilməyən məbləğin 0.2 % həcmində yəni 600 manat dəbbə pulun cavabdeh tərəfin ödəmək öhdəliyi yaranmışdır. Bundan başqa AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 % həcmində cavabdeh tərəfin 69 manat faiz borcu ödəmək öhdəliyi yaranmışdır Cavabdeh Cəmiyyətin e-qaimə faktura üzrə aşağıdakı qalıq borc öhdəlikləri qalmışdır: 1. EBBE 103605 – 557,07 manat 2. EBBE 994840 – 152,36 manat 3. EBBG 431868 – 102,25 manat 4. EBBG 433278 – 558,54 manat. Lakin cavabdeh tərəf müxtəlif bəhanələrlə hal-hazır ki, vaxtadək borc məbləğin ödənilməsindən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 15 iyun 2021-ci il tarixli 65/M nömrəli alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC X1 əsasında malları X2, X6 isə malların dəyərini nağd və ya hazırki müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protokollarının şərtlərinə əsasən İddiaçı MMC-yə satır. Müqavilənin 5.1-ci maddəsinə əsasən X6 kreditlə aldığı malların dəyərini bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müvafiq qiymətlərin razılaşdırılması protokollarının müəyyən edilmiş müddət ərzində ödəmədikdə İddiaçı MMC X3 gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğion 0,2 % həcmində dəbbə pulu tələb etmək hüququna malikdir. 30 iyun 2021-ci il tarixli EBBE seriyalı 103605 nömrəli, xx.xx.2021-ci il tarixli EBBG seriyalı 433278 nömrəli, xx.xx.2021-ci il tarixli EBBG seriyalı 431868 nömrəli və xx.xx.2021-ci il tarixli EBBE seriyalı 994840 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı MMC X5 ümumilikdə ƏDV daxil 1370,22 manat məbləğində mal satmışdır. xx.xx.2022-ci il tarixli MŞB/11-00319 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Vəkil 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. xx.xx.2022-ci il tarixli 3285 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı MMC hüquqi yardım üçün Vəkil 500 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 467 və 567-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı MMC ilə cavabdeh X6 arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan mallara görə borcunu iddiaçıya ödəməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia 1370,21 manat məbləğində əsas borc və 60 manat məbləğində mediasiya xərci hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5% tələbi ilə bağlı qeyd edir ki, tələb həmin hissədə qismən təmin edilməlidir. Belə ki, 1370,21 manat məbləğində borcu illik 5% hesablamaqla 69 manat deyil, 68,51 (1370,21x5%) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hüquqi yardım tələbi ilə bağlı isə qeyd edir ki, iddia tələbinin həcmi (mediasiya xərci və hüquqi yardım istisna olmaqla) 2039,21 manat təşkil etdiyindən, 500 manat hüquqi yardım isə həmin məbləğə münasibətdə ağlabatan olmadığından hüquqi yardım tələbi qismən, yəni 200 manat məbləğində təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu (cərimə) tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 51,28 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X3 1370,21 manat əsas borc, 51,28 manat dəbbə pulu (cərimə), illik 5%-lə borc 68,51 manat, mediasiya xərci 60 manat və hüquqi yardım üçün 200 manat cəmi 1750 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh X3 1370,21 manat əsas borc, 51,28 manat dəbbə pulu (cərimə), illik 5%-lə borc 68,51 manat, mediasiya xərci 60 manat və hüquqi yardım üçün 200 manat cəmi 1750 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar