Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4483/2023 24.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, subyektiv hüquq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7750 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 98 manat dövlət rüsmunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, o "xxxx" ASC-nin X1 direktoru vəzifəsində işləyir. Cavabdehi xeyli müddətdir tanıyır və onunla aralarında xx.xx.2021-ci ildə mineral gübrələrin alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 5800 manat dəyərində 10 ton “Ammonium-Nitrat” gübrəsi, 1950 manat dəyərində 2,5 ton “Nitroammofoska” gübrəsi nisyə satılmışdır. 30 avqust 2021-ci il tarixli təhvil-təslim aktı ilə həmin gübrələr cavabdehə təhvil verilmişdir. Cavabdeh həmin gübrələrin ümumi dəyəri olan 7750 manat pulu 2022-ci il üçün nəzərdə tutulan subsidiya vəsaiti hesabına və ya öz vəsaiti hesabına ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Dövlət tərəfindən ayrılan 2022-ci il üçün nəzərdə tutulan susbsidyalar artq ölkə üzrə tam ödənilmişdir. Keçən müddət ərzində cavabdehə borcun ödənilməsi ilə əlaqədar dəfələrlə müraciət etməyinə baxmayaraq, müxtəlif bəhanələr gətirərək borclu olduğu pulu geri qaytarmamışdır. Bu səbəbdən də məcbur olub məhkəmədə iddia qaldırmalı olmuşdur. Mediasiya prössesində iştirak edərək medisayiya rüsumu ödəmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 567, 601-ci və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, cavabdehin qeydiyyat ünvanında göndərilmiş, eyni zamanda cavabdehə sms xəbərdarlıq göndərilmiş, lakin tərəflər məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə tərəflərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin( bundan sonra Mülki- Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.
7. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 (satıcı) ilə Cavabdeh (alıcı) arasında mineral gübrələrin alqı-satqısına dair xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış, müqavilənin predmetini dəyərinin müəyyən müddət ərzində ödənilməsi şərtilə satıcı tərəfindən müqavilədə göstərilmiş mineral gübrələrin alıcıya satılması (nisyə alqı-satqısı) təşkil etmiş, 10 yon ammoniumnitrat və 2,5 ton nitroammofoskanın təhvil-təslimi barədə xx.xx.2021-ci il tarixli aktı tərtib olunaraq imzalanmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 möhürü ilə təsdiq olunmuş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti malların fiziki şəxslərə təhvili-qəbulu üzrə qəbz tərtib etmişdir.
8. Beləliklə, məhkəmə müəyyən edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında mineral gübrələrin nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilədə göstərilmiş malları cavabdehə satmağı, cavabdeh isə bu malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.
9. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 ilə Cavabdeh arasında bağlanmış mineral gübrələrin alqı-satqısına dair xx.xx.2021-ci il tarixli müqavilə üzrə 7750 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir.
10. Cavabdeh məhkəmə iclaslarında iştirak etmir, iddiaya etiraz təqdim etmir.
11. Məhkəmə hesab edir ki, İddiaçı iddiası rədd edilməlidir.
12. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
13. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.
14. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər
15. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır.
16. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
17. Hazırkı işin hallarından görünür ki, iddianın faktiki əsasını xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri təşkil edir, həmin müqavilədən irəli gələn hüquq münasibətləri isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında yaranmışdır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 alqı-satqı müqaviləsi bağlanarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətini təmsil edərək onun adından çıxış etmişdir. Mülki Məcəllənin 53.1-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. İddiaçı həmin müqavilə üzrə tərəf qismində çıxış etmir.
18. Mülki Məcəllənin 387.3-cü maddəsində göstərilmişdir ki, ... tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.
19. Göründüyü kimi, öhdəlik ancaq tərəflərin razılaşmasında nəzərdə tutulduğu hallarda üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər, hazırkı iş üzrə belə bir razılaşma müəyyən edilmir.
20. İddiaçı alqı-satqı müqaviləsi üzrə tərəf olmadığından həmin müqavilədən irəli gələn tələblə çıxış etməyə subyektiv hüquqa malik deyil.
21. Belə olan halda məhkəmə işin digər faktiki hallarının araşdırılmasını ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.
22. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı pulun tutulması tələbinə dair iddiası rədd edilməlidir.
23. Mülki-Prosessual Məcələnin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
24. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova