Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-449/2024 12.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: distribyutor müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi X2 qızının iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı distribyutor müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC ilə Cavabdeh MMC (distribyutor) arasında xx.xx.2021-ci il tarixli AH/MN-2105 saylı distribyutor müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə distribyutor, bu Müqavilənin şərtlərinə uyğun olaraq müxtəlif metal məhsulları bu Müqavilə ilə müəyyən edilən ərazi hüdudlarında üçüncü şəxslərə satmaq imkanını əldə edir. Müqavilənin: - 3.2.11-ci bəndinə əsasən təqdim olunmuş hesablara uyğun olaraq STP-AH-yə ödəniş etmək, özündə olan hər bir zəruri məlumat STP-AH-yə vermək distribyutorun vəzifəsidir. - 4.1-ci bəndinə əsasən malların distribyutora çatdırılması tərəflər arasında razılaşdırılmış müddətdə Distribyutorun verdiyi sifariş əsasında həyata keçirilir. - 5.1-ci bəndinə görə bu müqavilə üzrə hesablaşmalar qüvvədə olan Azərbaycan Respublikası vergi qanunvericiliyinə və/və ya beynəlxalq standartlara uyğun olaraq təqdim edilən vergi hesab-fakturası əsasında həyata keçirilir. Malların qiyməti STP-AH-ın qəbul etdiyi “Qiymət Cədvəlində” əks etdirilir və distribyutora təqdim edilir. - 8.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1 il müddətində qüvvədədir. - 8.2-ci bəndinə əsasən əgər hər hansı tərəf bu müqavilənin müddətinin bitməsinə 1 ay qabaqcadan digər tərəfə müqaviləyə xitam verilməsi barədə yazılı bildiriş verməzsə, bu halda Müqavilə eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab olunur. Müqavilənin müddətinin uzadılması sayı məhdudiyyətsizdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı MMC tərəfindən ümumilikdə 183.239,84 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair o cümlədən 31.982,72 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 205462 saylı, 33040 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 214116 saylı, 33.106,08 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 232175 saylı, 35.088,48 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 232220 saylı, 33.106,08 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 235786 saylı və 16.916,48 manat dəyərində xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 239638 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.
3. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə aparılmış qarşılıqlı balanslar və əməliyyatlar (qarşılıqlı üzləşdirmə) aktından görünür ki, xx.xx.2022-ci il tarixə "xxxx" MMC-yə kreditor borc qalığı 1.838.549,95 manat, xx.xx.2022-ci il tarixə "xxxx" MMC-dən debitor borc qalığı 1.698.399,12 manat (1.838.549,95 - 1.698.399,12=140.150,83) təşkil edir.
4. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə borcun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli xəbərdarlıq ünvanlanaraq 140.150,83 manat məbləğində borcun 5 iş günü ərzində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı xeyrinə 140.150,83 manat pul vəsaitinin, eləcə də ilkin mediasiya və məhkəmə rüsumlarının tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli AH/MN-2105 №li Distribyutor müqaviləsi bağlanılmışdır. Bu müqavilə üzrə cavabdehə müxtəlif ölçülü armaturlar satılmışdır. Bu fakt elektron qaimələrdə öz əksini tapmışdır. Lakin alınan mallar üzrə qiymətdən 140.150,83 manat məbləğ cavabdeh tərəfindən ödənilməmiş və nəticəsində borc yaranmışdır. Cavabdeh tərəfindən təsdiq olunan xx.xx.2023-cü il tarixli audit yoxlamalarının nəticəsinə dair muhasibat qeydlərinin aparılması barədə aktda həmin borcun yaranması faktı özəksini tapmışdır. Cavabdehə borcun tələb edilməsi barədə Pretenziya göndərilmiş, həmçinin Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsinə dair arayış verilmişdir. Lakin bugünədək cavabdeh tərəfindən 140.150,83 manat borc ödənilməmişdir.
7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.2 və 567-ci maddələrinə istinad etmişdir. b) İddiaya qarşı etirazın dəlilləri
8. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Cavabdehin iddiaçıya borcu yoxdur və tələb olunan 140.150,83 manat vəsait ilə bağlı cavabdehlə iddiaçı arasında hər hansı təhvil-təslim aktı yoxdur. Göründüyü kimi iddiaçı iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, heç bir sübut təqdim edilmədən müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir və iddia ərizəsi rədd edilməlidir.
9. Cavabdeh etirazının əsası kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 47.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022ci il tarixli Qərarına, qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarına istinad etmişdir.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 qızı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
11. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
12. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
15. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 800.1-ci maddəsinə əsasən konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: - 800.1.1. tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; - 800.1.2. bu malları öz adından və öz hesabına başqasına satmaq; - 800.1.3. bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir.
16. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: - 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.Həmin qaydaların: - 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. - 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; - 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaiməfakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. - 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. - 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. - 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. - 3.5-ci bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. - 3.6-cı bəndinə görə vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaiməfakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
19. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
20. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC (distribyutor) arasında xx.xx.2021-ci il tarixli AH/MN-2105 saylı distribyutor müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək müxtəlif çeşidli malları cavabdehə satmışdır. Hazırda İddiaçı MMC Cavabdeh MMC-nin müqavilə üzrə təqdim olunmuş malların dəyərini tam ödəmədiyini, nəticədə iddiaçıya 140.150,83 manat məbləğində borcunun yarandığını əsas göstərərək sözügedən borcun cavabdehdən tutulmasını tələb edir.
22. Cavabdeh isə tərəflər arasında təhvil-təslim aktlarının olmamasına, elektron qaimələrin özü-özlüyündə malın təqdim edilməsini təsdiq edən sənəd olmamasına istinad etməklə iddianın rədd edilməsini xahiş edir.
23. Göründüyü kimi ödənilməsi tələb olunan borcun yaranması üçün əsas olmuş malların cavabehin təqdim edilməsi faktı işin mübahisəli halını təşkil edir.
24. Məhkəmə elektron qaimənin malın təqdim edilməsini faktını müəyyən etmək üçün yetərli sübut olmaması barədə cavabdehin dəlilləri ilə razılaşsa da, qeyd edir ki, hazırkı halda təqdim edilmiş mallara görə borcun mövcud olması faktı cavabdeh tərəfindən düzəliş üçün qaytarılmamış və ya başqa formada etiraz edilməmiş elektron qaimələrlə yanaşı cavabdehin direktorunun imzası və möhürü ilə təsdiq edilmiş üzləşmə aktı ilə də təsdiqini tapır. Digər tərəfdən tərəflər arasında mübahisəli müqaviləyə əsasən əvvəllər də malların alqı-satqısının həyata keçirilməsi işin mübahisəsiz halı olduğu halda əvvəllər malların təqdim edilməsinin təhvil-təslim aktları imzalanmaqla rəsmiləşdirilməsi iş materiallarına əsasən müəyyən edilmir. Göstərilən hal isə ona dəlalət edir ki, tərəflər arasında malların təqdim edilməsinin elektron qaimələr göndərilməklə rəsmiləşdirilməsinə dair işgüzar adət formalaşmışdır.
25. Odur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun elektron qaimələrin digər sübutlarla əlaqəli şəkildə qiymətləndiərək belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya malların təqdim edilməsinə görə 140.150,83 manat məbləğində borcu mövcuddur. Odur ki, iddiaçı həmin borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
26. Belə olan halda məhkəmə cavabdehin distribyutor müqaviləsi üzrə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməməklə həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozduğunu, belə olan halda iddiaçının alqı-satqının predmeti olmuş malların dəyərinin ödənilməsini tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 140.150,83 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
27. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 32 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
28. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 430,15 manat təşkil edir.
29. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
30. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 400 manat və dövlət rüsumunun əvəzi olaraq 30,15 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli AH/MN-2105 saylı distribyutor müqaviləsi üzrə 140.150,83 manat əsas borc, ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 400 manat və dövlət rüsumunun əvəzi olaraq 30,15 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva