Məhkəmə qərarları › İş №e-2-2(113)-4491/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4491/2025

10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4491/2025 10.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 74883,05 manat əsas, 13570,57 manat ƏDV borcunun alınaraq iddiaçıya ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı "xxxx" ASC ilə satıcı Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, D-JTT 194/0921 saylı müqavilə bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən icraçı Cavabdeh MMC öhdəsinə iddiaçını texnikaya aid avadanlıqlarla təmin etməli, sifarişçi isə "xxxx" ASC öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq ödəniş etməli idi. Cavabdeh MMC əməkdaşlıq etmək üçün "xxxx" ASC-dən avans olaraq 100000 manat ödəniş istəyib. İddiaçı 11 və 18 avqust 2022-ci il tarixlərdə cəmi 97600 əsas, 17659,62 manat ƏDV hesabına ödəniş edib. Cavabdeh bir müddət iddiaçını ehtiyyat hissələri ilə təmin etsə də (12716,95 manat əsas, 2289,05 manat ƏDV), sonradan iflas etdiyini bildirib. xx.xx.2023-cü il tarixli, üzləşmə aktına əsasən cavabdehin borcu 74883,05 manat əsas, 13570,57 manat ƏDV təşkil edib. Cavabdehə öz biznes fəaliyyətini yaxşılaşdırmaq üçün xeyli zaman şərait yaradılsa da, o nə ehtiyyat hissələrini təchiz edir, nə də aldığı vəsaiti geri qaytarmaq istəyir. Odur ki, hesab edilir ki, ondan həmin vəsait geri alınaraq iddiaçıya ödənilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3, 445, 448.2, 449.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 "xxxx" MMC, "xxxx" ASC və “X1” MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli razılaşmaya istinad edərək, iddia tələbinə etiraz etdi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və qeyd etdi ki, razılaşırlar ki, imzalanan akt öhdəlik yaradan razılaşma deyil. Razılaşmanın bağlanmasındakı niyyət razılaşmanın icrası olub, yəni razılaşmanın üçüncü şəxs tərəfindən icra edilməsidir. "xxxx" MMC ilə "xxxx" ASC-nin təsisçisi eynidir. Həmin şirkətlərdən birinin Cavabdeh MMC-yə borcu vardır. Razılaşma da həmin borcun bağlanması üçün imzalanmışdır. Təsisçisi eyni olan digər şirkət tərəfindən cavabdehə ödənilməli olan məbləğ borcun bağlanması üçün istifadə edilməli idi. Tərəflər arasında imzalanmış üzləşmə aktları mübahisələndirilmir. Qeyd edilənlərə əsaslara dayanaraq, iddia tələbinin rədd edilməsi xahiş edilir.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, alıcı qismində "xxxx" ASC ilə satıcı qismində Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, D-JTT 194/0921 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı e-qaimə fakturalarda göstərilən materialları satmağı, alıcı isə qeyd olunan malları almağı öz öhdəsinə götürür; 3.1-ci bəndinə əsasən satıcı malları ödəniş 100% edildiyi vaxtdan sonra alıcıya malların istehsal edildiyi yerdən təhvil verməyi öhdəsinə götürür; 5.1-ci bəndinə əsasən müqavilə üzrə satılan malların ümumi qiyməti hesab fakturalar və müqaviləyə əlavələrdə müəyyən olunur; 5.2-ci bəndinə əsasən müqavilə üzrə müəyyən olunmuş malların qiymətini alıcı satıcıdan malları almazdan əvvəl 100% ödəməlidir; 9.3-cü bəndinə əsasən müqavilənin müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək təyin edilir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. xx.xx.2021-ci il tarixli D-JTT 194/0921 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2021ci il tarixli, 1 nömrəli əlavənin məzmunundan müəyyən olunur ki, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinə qədər uzadılmışdır. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2023-cü il tarixli, 1 nömrəli üzləşmə aktına əsasən Cavabdeh MMC-nin "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixinə olan borcu 80094,92 manat əsas, 14508,7 manat ƏDV borcu təşkil edir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2023-cü il tarixli, 2 nömrəli üzləşmə aktının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-nin "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixinə olan borcu 74883,05 manat əsas, 13570,57 manat ƏDV borcu təşkil edir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. "xxxx" MMC, "xxxx" ASC və “X1” MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli razılaşmanın məzmunundan müəyyən olunur ki, “X1” MMC-nin "xxxx" ASC-yə 214001 manat (ƏDV xaric) borcu vardır. "xxxx" MMC-nin “X1” MMC-yə beton alışına görə 83754 manat (ƏDV daxil), sement alışına görə 67827 manat (ƏDV daxil) borcu vardır. Sement alışı ilə bağlı “X1” MMC tərəfindən göndərilən elektron qaimələr "xxxx" MMC tərəfindən qəbul edilməyib. Eyni zamanda "xxxx" MMC-nin “X1” MMC-nin distribüteri Cavabdeh MMC-yə 80000 manat borcu vardır. Danışıqlara əsasən “X1” MMC-nin "xxxx" ASC-yə 100000 manat (ƏDV xaric) ödəniş edəcək, bundan dərhal sonra "xxxx" MMC “X1” MMCnin distribüteri Cavabdeh MMC-yə olan borcunu tam bağlayacaqdır. Eyni zamanda 67827 manat (ƏDV daxil) məbləğində sement alqı-satqısına görə tərəflər arasında müqavilə bağlanacaq və "xxxx" MMC bu borcla bağlı elektron qaimələri qəbul edəcəkdir. Bu əməliyyatlar bitdikdən sonra “X1” MMC "xxxx" ASC-yə olan qalıq 114001 manat borcunu ödəyəcəkdir. Razılaşmada qeyd edilmişdir ki, bu razılaşma yalnız razılaşmanı imzalayan şəxslər üçün işlərin idarə olunması məqsədilə hüquqi qüvvəyə malikdir.

12. İş materiallarına cavabdeh tərəfindən J Target Trade” MMC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2017-ci il tarixli, JTT-CH 01/10/17 nömrəli alqı-satqı müqaviləsi, alqı-satqı müqaviləsinə 2 nömrəli əlavə, Cavabdeh MMC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, D-JTT 48/0121 nömrəli malların satışı üzrə diler hüquqlarının verilməsinə dair müqavilə və həmin müqavilələr əsasında tərtib edilmiş elektron qaimələr əlavə edilmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 04.012.2024-cü il tarixli, 2-2(104)-213/2024 nömrəli qətnaməsi ilə iddiaçı “Arkoz X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 552/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə iddiaçı “Arkoz X1” Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 552/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(102)-229/2025 nömrəli qərarı ilə iddiaçı “Arkoz X1” MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 4 dekabr tarixli 2-2(104)-213/2024 nömrəli qətnaməsindən iddiaçı “Arkoz X1” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

15. "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

18. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqavilə şərtlərinə əsasən müqavilə üzrə müəyyən olunmuş malların qiymətini alıcı satıcıdan malları almazdan əvvəl ödəmək öhdəliyi götürmüş, həmin öhdəliyini yerinə yetirmiş, satıcı malları ödəniş edildiyi vaxtdan sonra alıcıya təhvil verməyi öhdəsinə götürsə də, həmin öhdəliyini lazımınca yerinə yetirməmişdir. Tərəflər arasında alqı-satqı müqaviləsinin imzalanması, həmin alqı-satqı müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə avans məbləğlərin ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh "xxxx" MMC, "xxxx" ASC və “X1” MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli razılaşmanı əsas gətirərək, hazırkı iddiaya etiraz etmişdir.

19. İddia tələbini 74883,05 manat əsas, 13570,57 manat ƏDV borcunun tutulması təşkil edir.

20. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, qabaqcadan ödəniş məbləğini almış satıcının əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmədiyindən alıcının əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətindən 74883,05 manat (yetmiş dörd min səkkiz yüz səksən üç manat beş qəpik) əsas borc, 13570,57 manat (on üç min beş yüz yetmiş manat əlli yeddi qəpik) ƏDV borcu tutularaq iddiaçıya ödənilməlidir. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

21. Belə ki, müəyyən olunur ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində 2 nömrəli üzləşmə aktı imzalanmışdır. Həmin akta əsasən Cavabdeh MMC-nin "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixinə 74883,05 manat əsas, 13570,57 manat ƏDV borcunun olduğunu tərəflər öz imzası və möhürü ilə təsdiq etmişdir.

22. İddiaçı cavabdeh tərəfindən etirazın əsası kimi təqdim olunmuş, yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli razılaşmaya münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehə köçürdüyü vəsaitin cavabdehin istinad etdiyi aktla heç bir əlaqəsi yoxdur. Belə ki, iddiaçı ilə cavabdeh bu aktdan əvvəl də kommersiya əlaqələrində olub, dəfələrlə ondan məhsul alıb. İddianın istinad edildiyi müqavilə bu aktdan 1 il əvvəl, xx.xx.2021-ci il tarixdə bağlanıb. İkincisi, aktda da göstərilib ki, cavabdehə borclu olan şirkət Çinar Holdinq MMCdir və borcu da məhz o ödəyəcək. Aktda yazılmayıb ki, Çinar Holdinq MMC-nin borcunu Poylu Çınqıl ASC ödəyəcək. Odur ki, etiraz əsassızdır. Etirazın əsası kimi yuxarıda göstərilən məhkəmə aktlarını təqdim etmişdir.

23. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi həmin razılaşmanın “Qeyd” hissəsində razılaşmanın yalnız razılaşmanı imzalayan şəxslər üçün işlərin idarə olunması məqsədilə hüquqi qüvvəyə malik olduğu qeyd edilmişdir və həmin akt hazırkı iddianın rədd edilməsi üçün əsas ola bilməz.

24. Qeyd olunanlara əsasən məhkəmə hazırkı nəticəyə gəlmişdir.

25. Ödənilmiş dövlət rüsumunun tutulması barədə tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 74883,05 manat (yetmiş dörd min səkkiz yüz səksən üç manat beş qəpik) əsas borc, 13570,57 manat (on üç min beş yüz yetmiş manat əlli yeddi qəpik) ƏDV olmaqla, ümumilikdə 88453,62 manat (səksən səkkiz min dörd yüz əlli üç manat altmış iki qəpik) məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar