Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-45/2021 09.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı2 vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxs “Azad İstehlakçılar” İctimai Birliyi) qarşı “sığorta və s. ödənişlərin ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (“xxxx” ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı2 xeyrinə 22000 manat sığorta ödənişi, 15000 manat əldən çıxmış fayda (əlavə zərər), hər gecikdirilmiş gün üçün ümumi sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 27907 manat məbləğində dəbbə pulu, 1000 manat vəkil xərci olmaqla, ümumilikdə 65907 manat məbləğində pul vəsaitinin tutulması, həmçinin İddiaçı1 xeyrinə 21000 manat sığorta ödənişinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı2 ilə “xxxx” ASC arasında “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununa əsasən BA seriyalı, 799657 №-li icbari sığorta müqaviləsi (şəhadətnamə verilmək yolu ilə) bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən İddiaçı2 sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi, Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən mağazaya (daşınmaz əmlak üzrə) 44228 manat məbləğində sığorta təminatı verilmişdir. xx.xx.2017-ci il tarixdə sözügedən ərazidə təbii fəlakət, zəlzələ və yer sürüşməsi hadisəsi baş vermiş və hadisə səlahiyyətli dövlət qurumları tərəfindən təsdiq edilmişdir. Təbii fəlakət hadisəsi ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə tikinti üzrə 49812 manat məbləğində zərər dəymişdir. Lakin “xxxx” ASC üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək, sığortalıya (sahibkara) qismən, yəni 511 manat məbləğində sığorta ödənişi təklif etmişdir. Ticarət obyektinin hadisə ilə bağlı fəaliyyətin dayanması və “xxxx” ASC-nin üzərinə düşən öhdəlikləri lazımınca verinə yetirməməsi, vaxtında və tam şəkildə sığorta ödənişini verməməsi nəticəsində sahibkara əlavə olaraq 15000 manat məbləğində zərər dəymiş, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri itirmişdir. Ticarət obyekti fəaliyyətini bu günə kimi dayandırmışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı2 sığorta ödənişi ilə bağlı hüquq və tələblərinin bir hissəsini digər iddiaçı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı1 güzəşt etmişdir. Bu barədə cavabdeh “xxxx” ASC-yə bildiriş vermişdir. İddiaçının vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı1, cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə İddiaçı1, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Füzuli Rayon İcra Hakimiyyəti başçısının Kərimbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 1060 nömrəli arayışından görünür ki, İddiaçı2 Füzuli rayonu, Kərimbəyli kənd ərazisində 650 m2 sahəsi olan obyekti var. - BA seriyalı, 799657 nömrəli daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamədən görünür ki, sığortalı İddiaçı2 məxsus Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən daşınmaz əmlak xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “xxxx” ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış, sığorta haqqı 120 manat, sığorta məbləği 44228 manat, azadolma məbləği 500 manat miqdarında müəyyən edilmişdir. - “xxxx” ASC tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2019-cu il tarixli, 0457 nömrəli məktubla bildirilmişdir ki, qeyri-yaşayış sahəsinə dəymiş zərər yenidən qiymətləndirilərək 488 manat məbləğində müəyyən edilmişdir. - Azərbaycan Respublikası Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin xx.xx.2018-ci il tarixli, 89/024 nömrəli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə yerli vaxtla saat 23:48:02-də Ağdam rayonu ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə hiss olunma intensivliyi 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 6, Füzuli rayonu ərazisində isə 4 bal olmuşdur. - Füzuli Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, M/Ş-30 nömrəli məktubundan görünür ki, İddiaçı2 məxsus Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən mağazasına xx.xx.2017-ci il tarixdə baş vermiş təbii fəlakət – zəlzələ və yer sürüşməsi hadisələri nəticəsində 49812,35 manat məbləğində zərər dəymişdir. - xx.xx.2021-ci il tarixli 10/1603 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən İddiaçı2 məxsus qeyri-yaşayış sahəsində yaranmış qüsurların aradan qaldırılması üçün təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 9427 manat məbləğində olduğu müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının vəkili və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən İddiaçı2 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta və s. ödənişlərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 36.1.8-ci maddəsinə görə təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-ci maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Məhkəmə baxışında müəyyən edildi ki, xx xxxxxx 2017-ci il tarixində baş vermiş zəlzələ nəticəsində “xxxx” ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış Füzuli rayonu, Kərimbəyli kəndində yerləşən, İddiaçı2 məxsus qeyri-yaşayış sahəsinə ziyan dəymişdir. Məhkəmə dəymiş zərərlə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən Füzuli Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, M/Ş-30 nömrəli məktubunda dəymiş ziyan 49812,35 manat, cavabdeh tərəfindən sübutlara görə dəymiş ziyan 488 manat müəyyən olunsa da, məhkəmə ekspertizasının rəyində dəymiş ziyan 9427 manat göstərildiyindən, məhkəmə xx.xx.2021-ci il tarixli 10/1603 nömrəli məhkəmə ekspertizasının rəyini əsas götürərək, dəymiş ziyanı 9427 manat məbləğində müəyyən edir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, həmin məbləğdən 500 manat azadolma məbləği çıxılmaqla, 8927 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Yuxarıdakı normaya əsasən məhkəmə, sığortaçı sığorta ödənişini müəyyən olunmuş müddətdə ödəmədiyindən öhdəliyin gecikdirilməsinə görə tələb olunan məbləğlə bağlı qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilərək, 500 manat həcmində müəyyən edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı 15000 manat əldən çıxmış fayda və 1000 manat vəkil xərclərini tələb etsə də, bununla bağlı heç bir sübut təqdim edilmədiyinə görə iddia həmin hissədə təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, sığorta ödənişi olan 8927 manat və sığorta ödənişinin gecikdirilməsinə görə 500 manat məbləğində pul cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı2 ödənilməlidir. Bundan başqa, cavabdehdən ekspertiza tədqiqatının dəyəri olan 50 manat tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İddiaçı1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta və s. ödənişlərin ödənilməsi” tələbinə dair iddiası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən sığorta ödənişi olan 8927 manat və sığorta ödənişinin gecikdirilməsinə görə 500 manat olmaqla, cəmi 9427 manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutulub X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-45/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-45/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver