Məhkəmə qərarları › İş №e-2-2(113)-450/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-450/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-450/2025 17.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3863 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 1903 manat, avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə vurulmuş 5439,19 manat zərər məbləği, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 123,62 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1,00 manat komissiyanın, ümumilikdə 11329,81 (on bir min üç yüz iyirmi doqquz manat səksən bir qəpik) manat pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında avtomobilin alqısatqısına dair C-081-SA-22 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı (hazırkı iş üzrə iddiaçı) “Skoda Kodiaq 1.4 TSİ” markalı (VİN: TMBJC6NS2N8039920) avtomobili dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verməyi, alıcı isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 89873 (səksən doqquz min səkkiz yüz yetmiş üç) manat məbləğində müəyyən edilmiş, həmin məbləğin 6413 (altı min dörd yüz on üç) manat hissəsi müqavilə bağlanarkən ilkin ödəniş qismində alıcı tərəfindən satıcıya ödənilmişdir. Müqavilənin yerdə qalan 83460 (səksən üç min dörd yüz altmış) manat hissəsinin 60 ay müddətinə, ayda 1391 (bir min üç yüz doxsan bir) manat olmaqla satıcıya ödənilməsi razılaşdırılmışdır. Lakin alıcı müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixində xəbərdarlıq məktubu göndərilərək öhdəliyin lazımınca icra edilməsi tələb olunmuşdur. Lakin cavabdeh aylıq ödənişləri gecikdirməkdə davam etdiyindən, avtomobil xx.xx.2024-cü il tarixində cavabdehin sahibliyindən geri götürülmüş, həmçinin xx.xx.2024-cü il tarixindən müqaviləyə birtərəfli qaydada xitam verilməsinə dair cavabdehə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Avtomobil iddiaçıya məxsus servis-təmir müəssisəsinə gətirilmiş, avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin akta əsasən cavabdehin istifadəsinə verilmiş “Skoda Kodiaq 1.4 TSİ” markalı (VİN: TMBJC6NS2N8039920) avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyəri 5439,19 (beş min dörd yüz otuz doqquz manat on doqquz qəpik) müəyyən edilmişdir. Bundan əlavə, müqavilənin bağlandığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək cavabdeh bağlanmış alqı-satqı müqaviləsinə əsasən ümumilikdə 19164 (on doqquz min bir yüz altmış dörd) manat ödəniş etmişdir. Avtomobil xx.xx.2023-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-ci il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin 3863 (üç min səkkiz yüz altmış üç) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 1903 (bir min doqquz yüz üç) manat məbləğində dəbbə pulu yaranmışdır. Müqavilə üzrə öhdəliklərin icra edilməsinə dair iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehə elektron vergi sistemində yaradılmış elektron kabinet vasitəsilə pretenziya məktubu göndərilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin azaldılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3863 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 300 manat dəbbə pulu, avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə vurulmuş 5439,19 manat zərər məbləği, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 123,62 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1,00 manat komissiya, ümumilikdə 11329,81 (on bir min üç yüz iyirmi doqquz manat səksən bir qəpik) manat pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, C-081-SA-22 nömrəli avtomobil alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin şərtlərinə uyğun olaraq, modeli Skoda Kodiaq 1.4 TSİ, buraxılış ili 2022 olan (VİN: TMBJC6NS2N8039920) avtomobilləri dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırkı müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 89873 manat müəyyən edilir. Alıcı 6413 manat ilkin ödəniş edir. Qalıq borc sayılacaq 83460 manat məbləği isə alıcı xx.xx.2022-ci il tarixindən etibarən 60 ay müddətində, ayda 1391 manat ödəməyi satıcı qarşısında öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş məbləği, tərəflər müqaviləni imzaladıqdan sonra 3 iş günü müddətində alıcı satıcının bank hesabına köçürmə yolu ilə ödəyir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq satıcıya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 faizi həcmində cərimə ödəyəcəkdir. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən tərəflər müqavilənin şərtlərini yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. - xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Skoda Kodiaq 1.4 TSİ markalı avtomobil İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir. - Təqdim edilmiş kassa mədaxil orderlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə müqavilə üzrə ödənişlər edilmişdir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan ümumi borcu 83460 manat təşkil edir. Həmin borcun 19164 manat hissəsi ödənilmiş, 64296 manat hissəsi borc olaraq qalmışdır. Arayışda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixə olan gecikdirilmiş borc məbləği 3863 manat, cərimə məbləği isə 1903 manat təşkil edir. - İddiaçı MMC tərəfindən tərtib edilmiş nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında aktdan görünür ki, **-AK-*** dövlət qeydiyyat nişanlı, X3 1.4 markalı avtomobilin təmiri üçün çəkiləcək ümumi xərc (ƏDV daxil) 5439,19 manat təşkil edir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2023-cü il tarixədək borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. 447.4-ci maddəsinə əsasən müqavilədən imtina üçün əsasların baş verəcəyi aşkar olduqda kreditor müqavilədən icra müddəti qurtaranadək imtina edə bilər. 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcıiddiaçı avtomobili dəyəri tam ödənilənədək alıcının-cavabdehin sahibliyi və istifadəsinə verməyi, alıcı isə müqavilənin qiymətini həmin müqavilə ilə razılaşdırılmış qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 89873 manat məbləğində müəyyən edilmiş, həmin məbləğin 6413 manat hissəsi ilkin ödəniş qismində alıcı tərəfindən satıcıya ödənilmişdir. Müqavilənin yerdə qalan 83460 manat hissəsinin 60 ay müddətinə, ayda 1391 manat olmaqla satıcıya ödənilməsi razılaşdırılmışdır. Lakin alıcı müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri öhdəliyin müqavilə ilə müəyyən edilmiş icra müddətləri ərzində ödəməmiş, ardıcıl bir neçə ay ödənişləri gecikdirmiş, beləliklə, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək öhdəliyin lazımınca icra edilməsi tələb olunmuşdur. Lakin cavabdeh aylıq ödənişləri gecikdirməkdə davam etdiyindən, avtomobil xx.xx.2024cü il tarixində cavabdehin sahibliyindən geri götürülmüş, həmçinin xx.xx.2024-cü il tarixindən müqaviləyə birtərəfli qaydada xitam verilməsinə dair cavabdehə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Avtomobil iddiaçıya məxsus servis-təmir müəssisəsinə gətirilmiş, avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin akta əsasən cavabdehin istifadəsinə verilmiş avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyəri 5439,19 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024-ci il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin 3863 (üç min səkkiz yüz altmış üç) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 1903 (bir min doqquz yüz üç) manat məbləğində dəbbə pulu borcu yaranmışdır. Qeyd olunan hallar iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli, C-081-SA- 22 nömrəli avtomobil alqı-satqısı müqaviləsinə əsasən 3863 manat əsas borc, borcun gecikdirilməsinə görə 300 manat cərimə borcu, eləcə də avtomobilə vurulmuş ziyana görə 5439,19 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Belə ki, həmçinin avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyərinin 5439,19 manat olması təqdim olunmuş aktla öz təsdiqini tapır. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123,62 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 3863 (üç min səkkiz yüz altmış üç) manat əsas borc, 300 (üç yüz) manat cərimə borcu, avtomobilə vurulmuş ziyana görə 5439,19 manat (beş min dörd yüz otuz doqquz manat on doqquz qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123,62 manat (yüz iyirmi üç manat altmış iki qəpik) olmaqla, cəmi 9725,81 manat (doqquz min yeddi yüz iyirmi beş manat səksən bir qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar