Məhkəmə qərarları › İş №e-2-2(113)-4504/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4504/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4504/2021 28.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "Rəvan-Turan" X3-İstehlak Kooperativinə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli, 20/43 saylı Alğı-satqı müqaviləsinə və onun əlavələrinə əsasən 23957,05 manat əsas borcun, 4791,41 manat cərimənin, 1497,32 manat faiz borcunun, 200 manat mediasiya xərclərinin, toplam 30445,78 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 sentyabr 2020ci il tarixli, 20/43 saylı Alğı-satqı müqaviləsinə və onun əlavələrinə əsasən 23957,05 manat əsas borcun, 4791,41 manat cərimənin, 1497,32 manat faiz borcunun, 200 manat mediasiya xərclərinin, toplam 30445,78 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 02.02.2016-cı ildə təsis edilmişdir. İddiaçı mineral gübrə və pestisidlərin, o cümlədən bitki mühafizə vasitələrinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. 14 sentyabr 2020-ci il tarixində iddiaçı ilə cavabdeh arasında 20/43 saylı Alğı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci maddəsinə əsasən iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə müqavilənin 5.1.1-ci maddəsinə əsasən malı qəbul edib, Müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə, yəni müqavilə bağlandıqdan 70 gün sonra malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Malların dəyəri 23957,05 manat olduğu halda, cavabdeh bu məbləğdən heç bir ödəniş etməmiş, 23957,05 manat məbləğində borc olduğu kimi qalmışdır. Bu Müqavilənin 5.3-cü maddəsinə görə, ödənişin müqavilədə göstərilən qaydada həyata keçirilməməsi halında satıcı alıcıdan hər gecikdirilən gün üçün Müqavilənin ümumi məbləğinin 0.1%-i miqdarında cərimə tələb edə bilər. Müqavilənin bu bəndinə əsasən gecikdirilmiş məbləğ üçün cərimə 4791,41 manat təşkil edir. Bundan əlavə, Mərkəzi Bankın 18.12.2020-ci il tarixindən etibarən 6,25% uçot faiz dərəcəsi müəyyən etmişdir. Buna əsasən, cavabdehin iddiaçıya ödəməli olduğu faizin məbləği 1497,32 manat təşkil edir. Beləliklə, cavabdehin iddiaçıya ödəməli olduğu borc məbləğinin həcmi 30245,78 manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə 17.05.2020-ci il tarixində AG-33/21 nömrəli pretenziya məktubu göndərilməsi və borcun ödənilməsi üçün 10 günlük vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş etməmişdir. Bundan əlavə, yaranmış kommersiya mübahisəsinin mediasiya yolu ilə həll edilməsi üçün mediatora müraciət edilmiş, lakin 27.08.2021-ci il saat 14:00-a təyin olunmuş mediasiya sessiyasına cavabdeh gəlməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli, 20/43 saylı Alğı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə malı qəbul edib, Müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə, yəni müqavilə bağlandıqdan 70 gün sonra malların dəyərini ödəməyi öhdələrinə götürmüşlər. 14.09.2020-ci il tarixli 140 saylı və 08.10.2020-ci il tarixli 160 saylı qaiməfakturalardan görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq 22292,35 manat və 1664,70 manat dəyərində müxtəlif adda mallar cavabdehə satılmışdır. 14.09.2020-ci il tarixli EBAP seriyalı 955593 saylı və 08.10.2020-ci il tarixli EBAR seriyalı 041299 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq 22292,35 manat və 1664,70 manat dəyərində müxtəlif adda mallar cavabdehə satılmışdır. 08.01.2021-ci il tarixli Üzləşmə aktının surətindən görünür ki, cavabdehin iddiaçıya olan borcu 08.01.2021-ci il tarixə 23957,05 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 14 sentyabr 2020-ci il tarixli, 20/43 saylı Alğı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə malı qəbul edib, Müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə, yəni müqavilə bağlandıqdan 70 gün sonra malların dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə 23957,05 manat dəyərində mallar satılmış, lakin cavabdeh tərəfindən malların dəyəri iddiaçıya ödənilməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli, 20/43 saylı Alğı-satqı müqaviləsinə əsasən 23957,05 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 5.3-cü bəndinə əsasən, ödənişin müqavilədə göstərilən qaydada həyata keçirilməməsi halında satıcı alıcıdan hər gecikdirilən gün üçün Müqavilənin ümumi məbləğinin 0.1%-i miqdarında cərimə tələb edə bilər. Lakin məhkəmə hesab edir ki, tələb olunan 4791,41 manat dəbbə pulu məbləği yaranmış 23957,05 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 1000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MMin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir...Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, ... qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə iddia tələbinin pul vəsaitinin qanunsuz saxlanılmasına görə hesablanmış dəymiş ziyana münasibətdə hesab edir ki, xidmət müqaviləsinin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı maddi itkilərə məruz qalmışdır. Belə ki, həmin maddi itkilər cavabdehin iddiaçıya məxsus olan pul vəsaitinin ödənilməsini gecikdirməsindən yaranan maddi itkilərdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Cavabdeh müqavilənin icrası ilə bağlı pozuntunun, yəni müqavilə üzrə ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda cavabdehin müqavilə üzrə öhdəliyini könüllü yerinə yetirməməsi və onun icrasından qərəzli olaraq boyun qaçırması birmənalı olaraq sübut edir ki, müqavilə üzrə ödənilməli pul vəsaitini iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə cavabdeh həmin məbləğdən istifadə etmiş və ondan gəlir əldə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faizlər, hazırki iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı gün üçün bank faiz uçot dərəcəsi əsas götürülməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından əldə olunan məlumata əsasən hazırda bank uçot dərəcəsi 6.25 faiz təşkil edir. Tərəflər arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli, 20/43 saylı Alğı-satqı müqaviləsinin 5.1.1-ci bəndinə əsasən əsasən malların ümumi dəyəri müqavilə bağlandıqdan 70 gün sonra ödənilməlidir. Müqavilənin 14 sentyabr 2020-ci il tarixdə bağlanmasını nəzərə aldıqda cavabdehin ödənişi həyata keçirmək üçün müddəti 24.11.2020-ci il tarixədək olmuş və qeyd olunan tarixdən sonra cavabdeh pul vəsaitini özündə qanunsuz saxlamışdır. Buna görə məhkəmə heasab edir ki, pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faizlər 24.11.2020-ci il tarixdən hesablamalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbetmə hüququnun yarandığı tarixdən sonrakı dövrdə cavabdehin ona ödəməli olduğu pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə cavabdehdən 1386,55 manat məbləğində pul vəsaiti (23957,05 manat x 6,25 % / 365 gün x 338 gün = 1386,55 manat) alınaraq iddiaçıya ödənilməklə iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddiaçı ödənilmiş 200 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 30 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 87,09 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş mediasiya xərcinin 196,12 manat (200- 26,12 (30 manat dövlət rüsumunun 87,09 faiz cavabdehdən tutulmalı olan hissəsi) məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 3,88 manat məbləği iddiaçıya aid edilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli, 20/43 saylı Alğı-satqı müqaviləsinə və onun əlavələrinə əsasən 23957,05 manat əsas borc, 1000 manat cərimə, 1386,55 manat faiz borcu, mediasiya xərcinə görə 196,12 manat, cəmi 26539,72 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə "Rəvan-Turan" X3-İstehlak Kooperativi arasında bağlanmış 14 sentyabr 2020-ci il tarixli, 20/43 saylı Alğı-satqı müqaviləsinə və onun əlavələrinə əsasən 23957,05 manat əsas borc, 1000 manat cərimə, 1386,55 manat faiz borcu, mediasiya xərcinə görə 196,12 manat, cəmi 26539,72 manat "Rəvan-Turan" X3-İstehlak Kooperativindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar