Məhkəmə qərarları › İş №e-2-2(113)-4506/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4506/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4506/2021 01.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, borculular Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə 1.122,03 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış 05.11.2018-ci il tarixli, “X6 İstehsalının Stimullaşdırılması üzrə Xidmət və Satınalma Müqavilə”sinə əsasən 15) hektar sahədə şəkər çuğundur əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə 525 ton X6 istehsal edib, "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 5 000,50 manat məbləğində mal və xidmət satılmış, 2037,50 manat məbləğində pul isə avans şəklində kart hesabına köçürülməklə toplam 7038 manat dəyərində xərc çəkilmişdir. Cavabdeh tərəfindən isə 2019-ci il tarixdə İddiaçı MMC –yə cəmi 5 915,97 manat dəyərində çuğundur təhvil verilmişdir. Nəticədə cavabdeh Cəmiyyətə 1 122,03 manat dəyərində borcu qalmışdır. İddiaçı MMC ilə zaminlər Cavabdeh2 və X3 arasında bağlanmış 05.11.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən, zaminlər Cavabdeh1 götürmüş olduğu öhdəlik üzrə borcunu ödəyə bilməyəcəyi təqdirdə onun əvəzinə borcu ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə,bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesabfaktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Eyni zamanda bu müqavilədən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq zaminlər Cavabdeh2 və X3ilə İddiaçı MMC arasında bağlanmış zaminlik müqaviləsinə əsasən birgə zaminlər Cavabdeh1 öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərilərinə götürüblər. Müqavilə şərtlərinə görə təhvil verilmiş məhsulun dəyəri Cavabdeh1 borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında cavabdeh və zamindən müştərək olaraq tutulacaqdır. Bildirir ki, cavabdeh ümumilikdə 7.038 manat məbləğində borclanmışdır. Cavabdeh tərəfindən isə 2019-ci il tarixdə İddiaçı MMC –yə cəmi 5.915,97 manat dəyərində çuğundur təhvil verilmişdir. Nəticədə cavabdeh cəmiyyətə 1 122,03 manat dəyərində borcu qalmışdır. Cavabdehin borclu olması ödəniş tapşırıqlarında, iddiaçının təqdim etdiyi elektron hesabfakturalarda və tərəfimizdən təqdim edilmiş maliyyə arayişlarında təsdiq edilir. Bakı Kommersiya Məhkəməsinin 07.10.2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh A.Tapdığov müddətin ötürülməsi ilə bağlı zaminliyə xitamv verilməsini əsas göstərərək ona münasibətdə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (AŞİB) ilə Cavabdeh1 (istehsalçı/əkinçi) arasında 05.11.2018-ci il tarixli, “X6 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən istehsalçı/əkinçi öz qanuni istifadəsində olan Qəbələ rayon Şamlı kənd (qəsəbə) ərazisində yerləşən 15 hektar torpaq sahəsində AŞİB-in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən, toxum, gübrə, bitkinin mühafizəsi (pertisidlər) və digər maddi-texniki vasitələri ilə şəkər çuğunduru bitkisini intensiv yolla becərməyi və əldə edilmiş məhsulunv hamısını bu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada müvafiq ilin sonunadək "xxxx"-ə təhvil verməyi öhdəsinə götürmüşdür. 2.2-ci bəndinə əsasən "xxxx" isə öz növbəsində istehsalçı/əkinçinin təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin (aqroservis xidmətlərinin, toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələrin) dəyərini çıxdıqdan sonra qalan məbləği əgər istehsalçı/Əkinçinin digər müqavilə üzrə zaminliyinə xitam verilibsə, cari hesab kitabçasını AŞİB-ə təhvil verildikdən sonra 20 gün ərzində istehsalçı/əkinçinin bank hesabına köçürmək yolu ilə ödəyir. 6.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 12 ay müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsi tərəfləri öz öhdəliklərini yerinə yetirməkdən azad etmir. Müqavilə AŞİB-in imzası və möhürü, istehsalçı/əkinçinin imzası ilə təsdiq edilmişdir. İddiaçı MMC ilə Cavabdeh1 arasında 05.11.2018-ci il tarixli, “X6 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi” üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı MMC (AŞİB) ilə Cavabdeh2 və Cavabdeh3 (birgə zaminlər) arasında 05 noyabr 2020-ci il tarixli, zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.2-ci bəndinə əsasən istehsalçı/əkinçinin AŞİB-dən aqroservis xidmətləri, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vasitələrin dəyəri ilə borclandığı 18.510 manat məbləğində vəsaiti müqavilədə nəzərdə tutulan müddətdə, şərtlərlə və qaydada qaytarılmasını öhdəsinə götürmüşdür. 3.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1.2-ci bəndində göstərilən “X6 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi” üzrə istehsalçı/əkinçi AŞİB qarşısında öz öhdəliyini tamamilə icra edənədək qüvvədədir. Müqavilə AŞİB-in imzası və möhürü, birgə zaminlərin imzaları ilə təsdiq edilmişdir. "xxxx" MMC tərəfindən ƏDV daxil 37,50 manat məbləğində xidmət göstərilməsinə dair 28.08.2019-cu il tarixli, EAAZ seriyalı, 038390 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdeh1 göndərilmişdir. "xxxx" MMC tərəfindən ƏDV daxil 10,00 manat məbləğində xidmət göstərilməsinə dair 28.08.2019-cu il tarixli, EAAZ seriyalı, 038801 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdeh1 göndərilmişdir. "xxxx" MMC tərəfindən ƏDV daxil 160 manat məbləğində xidmət göstərilməsinə dair 28.08.2019-cu il tarixli, EAAZ seriyalı, 038800 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdeh1 göndərilmişdir. "xxxx" MMC tərəfindən ƏDV daxil 15 manat məbləğində xidmət göstərilməsinə dair 28.08.2019-cu il tarixli, EAAW seriyalı, 932790 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdeh1 göndərilmişdir. "xxxx" MMC tərəfindən ƏDV daxil 15 manat məbləğində xidmət göstərilməsinə dair 11.07.2019-cu il tarixli, EAAW seriyalı, 932790 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdeh1 göndərilmişdir. "xxxx" MMC tərəfindən ƏDV daxil 10 manat məbləğində xidmət göstərilməsinə dair 11.07.2019-cu il tarixli, EAAW seriyalı, 932788 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdeh1 göndərilmişdir. "xxxx" MMC tərəfindən ƏDV daxil 25 manat məbləğində xidmət göstərilməsinə dair 11.07.2019-cu il tarixli, EAAX seriyalı, 004660 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdeh1 göndərilmişdir. "xxxx" MMC tərəfindən ƏDV daxil 48 manat məbləğində xidmət göstərilməsinə dair 08.07.2019-cu il tarixli, EAAW seriyalı, 736051 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdeh1 göndərilmişdir. "xxxx" MMC tərəfindən ƏDV daxil 10 manat məbləğində xidmət göstərilməsinə dair 04.07.2019-cu il tarixli, EAAW seriyalı, 616891 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdeh1 göndərilmişdir. "xxxx" MMC tərəfindən ƏDV daxil 15 manat məbləğində xidmət göstərilməsinə dair 04.07.2019-cu il tarixli, EAAW seriyalı, 616890 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdeh1 göndərilmişdir. "xxxx" MMC tərəfindən ƏDV daxil 80 manat məbləğində xidmət göstərilməsinə dair 10.06.2019-cu il tarixli, EAAW seriyalı, 315540 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdeh1 göndərilmişdir. "xxxx" MMC tərəfindən ƏDV daxil 450 manat məbləğində xidmət göstərilməsinə dair 10.06.2019-cu il tarixli, EAAV seriyalı, 315538 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdeh1 göndərilmişdir. "xxxx" MMC tərəfindən ƏDV daxil 15 manat məbləğində xidmət göstərilməsinə dair 10.06.2019-cu il tarixli, EAAV seriyalı, 569584 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdeh1 göndərilmişdir. "xxxx" MMC tərəfindən ƏDV daxil 2300 manat məbləğində xidmət göstərilməsinə dair 03.06.2019-cu il tarixli, EAAV seriyalı, 234095 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdeh1 göndərilmişdir. "xxxx" MMC tərəfindən ƏDV daxil 1575 manat məbləğində xidmət göstərilməsinə dair 03.06.2019-cu il tarixli, EAAV seriyalı, 234093 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdeh1 göndərilmişdir. "xxxx" MMC tərəfindən ƏDV daxil 250 manat məbləğində xidmət göstərilməsinə dair 31.05.2019-cu il tarixli, EAAV seriyalı, 161749 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdeh1 göndərilmişdir. 09 sentyabr 2019-cu il tarixli AS100008193 saylı ödəniş tapşırığına əsasən 05.11.2018-ci il tarixli, “X6 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma” müqaviləsi üzrə İddiaçı MMC tərəfindən 50 manat məbləğində pul vəsaitləri Cavabdeh1 bank hesabına köçürülmüşdür 30 may 2019-cu il tarixli AS100005237 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən 05.11.2018-ci il tarixli müqavilə üzrə çuğundurun alınmasına görə avans olaraq 1852 manat məbləğində pul vəsaiti Cavabdeh1 bank hesabına köçürülmüşdür. 04.06.2019-cu il tarixli AS100005390 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən 05.11.2018-ci il tarixli müqavilə üzrə çuğundurun alınmasına görə avans olaraq 50 manat məbləğində pul vəsaiti Cavabdeh1 bank hesabına köçürülmüşdür. 12.06.2019-cu il tarixli AS100005771 saylı ödəniş tapşırığına əsasən Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC tərəfindən 05.11.2018-ci il tarixli müqavilə üzrə çuğundurun alınmasına görə avans olaraq 85 manat məbləğində pul vəsaitləri Cavabdeh1 bank hesabına köçürülmüşdür. 21.05.2021-ci il tarixli maliyyə arayışına əsasən 21.05.2021-ci il tarixinə Cavabdeh1 borcu 1.122,03 manat təşkil edir. İddiaçı MMC pretenziya qaydasında məktubla Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müraciət edərək, 1.122.03 manat məbləğində borcun 10 gün ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 05.11.2018-ci il tarixli, X6 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehə müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərmiş, eləcə də həmin müqavilə üzrə satınalınacaq çuğundurun dəyərinin bir hissəsini avans olaraq ödəmiş, bunun müqabilində isə cavabdeh şəkər çuğundurunu müqavilədə göstərilən miqdarda iddiaçıya təhvil verməmiş, bununla müqaviləyə üzrə öhdəlikləri pozmuşdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 05.11.2018-ci il tarixli müqavilə müxtəlif müqavilə növlərinin ünsürlərini özündə cəmləşdirən qarışıq müqavilədir. Mülki Məcəllənin 390.4-ci maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Odur ki, Mülki Məcəllənin yuxarıda göstərilən 390.4-cü maddəsinin tələblərinə əsasən mübahisəli müqavilənin Cavabdeh1 tərəfindən 15 hektar sahədə istehsal etdiyi cəmi 525 ton şəkər çuğundurunun iddiaçıya İddiaçı MMC-yə satılması hissəsinə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda göstərilən hallarından isə görünür ki, İddiaçı MMC tərəfindən mübahisəli müqavilə üzrə alınacaq şəkər çuğunduruna görə cəmi 2.037 manat məbləğində qabaqcadan ödəniş edilsə də, Cavabdeh1 tərəfindən qabaqcadan ödənilmiş pulun 1.122,03 manat hissəsinin müqabilində şəkər çuğunduru iddiaçıya təqdim edilməmişdir. Odur ki, iddiaçının Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödədiyi məbləğin qaytarılmasını Cavabdeh1 tələb etmək hüququ yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1.122,03 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddianın borc məbləğinin digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, həmin tələb Cavabdeh1 mübahisəli müqavilədən irəli gələn öhdəliklərinin təminatı olaraq iddiaçı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 05 noyabr 2018-ci il tarixli zaminlik müqaviləsinə əsaslanır. Sözügedən zaminlik müqaviləsinin 3.1-ci bəndinə görə isə həmin müqavilə X6 istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə istehsalçı/əkinçi AŞİB qarşısında öz öhdəliyini tamamilə icra edənədək qüvvədədir. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin 3.1-ci bəndinin şərti Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla şərh olunmalı və nəzərə alınmalıdır ki, qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. ““İstehsalçı/Əkinçi” AŞİB qarşısında öz öhdəliyini tamamilə icra edənədək qüvvədə qalır” ifadəsi isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh2 və Cavabdeh3 ilə bağlanılmış 05 noyabr 2018-ci il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 05 noyabr 2018-ci il tarixli müqaviləsində müqavilənin qüvvədə olma müddətinin 05 noyabr 2019-cu il tarixinəsək olması razılaşdırılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı MMC zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı 05.11.2020-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində onlara qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də kreditorun zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində şirkət tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 30 manat məbləğində dövlət rüsumu da ödənilmişdir. Halbuki “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı halda iddiaçının çəkdiyi mediasiya xərci dövlət rüsumundan məbləğindən artıq olduğundan iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçının iddia verilərkən ödədiyi 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 1122,03 manat (bir min bir yüz iyirmi iki manat üç qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Cavabdeh2 və Cavabdeh3 münasibətdə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar