Məhkəmə qərarları › İş №e-2-2(113)-4508/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4508/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4508/2023 01.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: ödəniş tapşırıqları, müqavilənin etibarsızlığı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, malların xx.xx.2023-cü il tarixinə olan 105535,58 manat ödənilməmiş dəyərinin ödənilməsindən imtina olunan 33944,4 manat hissəsinin; üzləşmə aktının tərtib olunduğu xx.xx.2023-cü il tarixdən qətnamənin çıxarıldığı tarixədək 33944,4 manat vəsaitin illik 11,0 faizi üzrə hər gün üçün 10,23 manatın; 1000 manat cərimə məbləğinin və vergi üzrə 132,88 manat faiz borcunun; mediasiya xidməti üçün ödənilmiş rüsumun əvəzi olaraq 200 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, malların xx.xx.2023-cü il tarixinə olan 105535,58 manat ödənilməmiş dəyərinin ödənilməsindən imtina olunan 33944,4 manat hissəsinin; üzləşmə aktının tərtib olunduğu xx.xx.2023-cü il tarixdən qətnamənin çıxarıldığı tarixədək 33944,4 manat vəsaitin illik 11,0 faizi üzrə hər gün üçün 10,23 manatın; 1000 manat cərimə məbləğinin və vergi üzrə 132,88 manat faiz borcunun; mediasiya xidməti üçün ödənilmiş rüsumun əvəzi olaraq 200 manatın, 01 oktyabr 2023-cü il tarixə olan icarə haqqı üzrə 3710 manatın cavabdehdən tutulması, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 349/ATM/20 saylı şəxsi marka istehsalı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun gəlməyən bəndlərinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflərin bağladığı 30.10.20-ci il tarixli 349/ATM/20 saylı şəxsi marka istehsali müqaviləsinə əsasən Cavabdeh MMC malların hazırlanmasını (istehsalını) vaxtaşırı sifariş etməyi, İddiaçı MMC də malları sifarişə uyğun olaraq hazırlayıb (istehsal edib) Cavabdeh MMC-yə təhvil verməyi, sonuncu isə malların dəyərini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin Cavabdeh MMC-nin sifarişi ilə hazırlayıb (istehsal edib) Cavabdeh MMC-yə təhvil verdiyi nisyə satılmış malların ödənilməmiş dəyərinin xx.xx.2023-cü il tarixə 105538,58 manat təşkil etmiş və bu barədə xx.xx.2023-cü il tarixli üzləşmə aktı tərtib olunmuşdur. Nisyə satılmış malların dəyərini ödəməsi tələb olunan Cavabdeh MMC hər birinin dəyəri 4,20 manat olmaqla, cəmi 33944,4 manat dəyərində 8082 ədəd ətirin dəyərlərini ödəməkdən imtina etmiş, bunu həmin dəyərdə Malların “qüsurlu” olması ilə əsaslandırmışdır. Malların xx.xx.2023-cü il tarixə olan 105538,58 manat ödənilməmiş dəyərinin 65209,4 manat hissəsini isə ödəyəcəyini vəd etmişdir. Müqavilənin 6.4-cü bəndinə əsasən hər hansı mal zəmanət müddəti ərzində zəmanət şərtlərinə uyğun olmadıqda bu cür Mallar “qüsurlu” hesab edilir. Müqavilənin 6.3-cü bəndinə əsasən Mallara dair Zəmanət Müddəti aşağıdakı kimi müəyyən olunur: (a) Sifarişçi Malların qutularında və ya üzərində Mallar təhvil alınan zaman açıqca görünə bilən zədələrə və digər qüsurlarla bağlı - Sifarişçi bu Müqavilənin 3cü maddəsində göstərilən qaydada Malları təhvil alandan əvvəl və ya alan zaman; (b) Qida və digər istehlak və ya istifadə müddəti olan Malları üçün həmin Malların istifadəyə və ya istehlaka dair Zəmanətlər üçün - bütün istifadə və ya istehlak müddətində; (c) Mallarda olan digər qüsurlarla bağlı - əgər Malın üzərində və ya ona dair sənədlərdə daha uzun müddət göstərilməyibsə, və ya Sifarişçi ilə İcraçı arasında digər müddət razılaşdırılmayıbsa, Sifarişçi tərəfindən malın bu müqavilənin 3-cü maddəsinə müvafiq olaraq təhvil alınmasından 90 (doxsan) gün ərzində. Mallara dair Zəmanət Müddətində qeyd edilən bənddə nəzərdə tutulan hər hans qüsur aşkar edilməmişdir. 4.2-ci bəndinə əsasən əgər sifarişçinin araşdırması ilə müəyyən etdiyi məlumatlar əsasında Sifarişçi qənaətə gələrsə ki, mallar icraçının təqsiri səbəbindən (hazırlanması (istehsalı), daşınması qüsurları və s. bunun kimi) hər hansı şəxs üçün təhlükə yaradır və ya malların mağazada satışı qanunvericiliyin tələblərinə ziddir və ya malların satışı Sifarişçi tərəfindən qanunvericiliyin tələblərinə pozulmasına gətirib çıxarır, həmçinin Mala dair Müştərilərdən şikayətlər Sifarişçiyə daxil olduğu hallarda X1 satışını dayandıra, Malları Mağazadan yığışdıra və Malları İcraçıya geri qaytara bilər. Sifarişçi hər hansı belə bir hal barədə, o cümlədən Müştərilərin şikayətlərinin araşdırılması məqsədi ilə mümkün qədər tez müddətdə İcraçıya məlumat verməyə çalışacaqdır. 3.8-ci bəndinə əsasən Geri Qaytarmalara nəzarət etmək və minimallaşdırmaq məqsədi ilə Sifarişçi Malları İcraçıdan qəbul etməzdən əvvəl və ya edərkən Malların sayını, onların yararlıq müddətini və digər halları müəyyən etməli və İcraçıya məlumat verməlidir. Geri Qaytarmalara nəzarət etmək və minimallaşdırmaq məqsədi ilə malları qəbul etməzdən əvvəl və ya edərkən malların sayını, onların yararlıq müddətini və digər halları müəyyən etmək və İcraçıya məlumat vermək cavabdehin öhdəliyi olmuş və mallar təhvil verilərkən, onların qüsurlu olması olması aşkar edilməmiş, icraçıya bildiriş verilməmişdir. Əksinə xx.xx.2023-cü il tarixli üzləşmə aktı tərib olunmuş və həmin aktda cavabdeh malların nisyə alqı- satqısı üzrə iddiaçıya 105538,58 manat ödəməli olduğunu qəbul etmişdir. Odur ki, cavabdehin sonradan həmin vəsaitin hər birinin dəyəri 4,20 manat olmaqla, cəmi 33944,4 manat dəyərində 8082 ədəd ətirin dəyərlərini “qüsurlu” olması əsası ilə ödəməkdən imtina etməsi qanunsuzdur.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş sənədlərində təyinat göstərilmir, bu səbəbdən cavabdeh ödənişlərin məhz tələb edilən borc üzrə olduğunu sübut etməlidir, belə ki, cavabdehin iddiaçıya tələb edilən borcdan da əlavə icra edilməli öhdəlikləri vardır (ödənilməmiş borcları vardır), bundan əlavə, cavabdeh ödənişləri vaxtında etmədiyi üçün (belə ki, müqavilə üzrə son ödəniş 2023-cü ilin fevral ayında edilmişdir), iddiaçıya maddi zərər dəymiş, iddiaçı inzibati qaydada cərimə edilmiş, vergi öhdəliklərini vaxtında icra edə bilməmiş, icarə haqqını ödəyə bilməmişdir. Bundan əlavə, o, cari ilin yanvar ayında iddiaçının direktoru vəzifəsinə təyin edilmiş, lakin əvvəlki direktor ona hər hansı bir sənədi rəsmi qaydada təhvil verməmiş, cavabdehə müraciət edərək tərəflər arasında olan müqaviləni və onun əlavələrini tələb etsə də, həmin sənədlər ona təqdim edilməmiş, yalnız apardığı axtarışlardan sonra (direktor təyin edildikdən təxminən 3 ay sonra) müqaviləni digər sənədlərin içərisində tapmışdır. Müqavilənin hər səhifəsi iddiaçı tərəfindən möhürlənməmiş, bu səbəbdən ehtimal edir ki, müqavilə sonradan dəyişdirilmişdir. Onun mətnində olan əksər müddəalar qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən həmin müddəalar məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. İzahatında göstərdi ki, tərəflər arasında olan üzləşmə aktının əslini təqdim edə bilmir, belə ki, həmin sənəd də əvvəlki direktor tərəfindən ona verilməmişdir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Qarayev iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malların dəyərinin hamısı təqdim etdiyi ödəniş sənədlərindən də göründüyü kimi tam şəkildə ödənilmiş, hazırda cavabdehin iddiaçıya ödənilməli hər hansı borcu yoxdur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən təhvil verilən mallar cavabdeh tərəfindən satıldıqdan sonra onların dəyəri iddiaçıya ödənilməlidir. Cavabdeh tərəfindən ödənişlərdə hər hansı yubatma edilməmiş, bu səbəbdən iddiaçıya maddi zərər dəyməsi, habelə müqavilənin etibarsızlığı ilə bağlı tələblər əsassızdır. Göstərilənlərə əsasən, iddianın rədd edilməsini xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 349/ATM/20 nömrəli şəxsi marka istehsalı müqaviləsinə əsasən sifarişçi malların hazırlanmasını (istehsalını) vaxtaşırı icraçıya sifariş edəcək, icraçı malları sifarişçinin sifarişinə uyğun olaraq hazırlayacaq (istehsal edərək) sifarişçiyə təhvil verəcək və sifarişçi malların dəyərini icraçıya müqavilədə göstərilən qaydada ödəyəcəkdir.

8. Müqavilənin 7.1-ci bəndinə əsasən sifarişçi bu müqaviləyə uyğun olaraq icraçı tərəfindən təhvil verilən malların dəyərini müqavilənin digər şərtlərini nəzərə almaqla, müqavilənin 1 saylı Əlavəsində göstərilən qaydada ödəyəcəkdir.

9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən iddiaçının hesabına 808,47 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 4491,53 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 4237,29 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 4237,29 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 21186,44 manat, ümumilikdə 34961,02 manat məbləğində ödəniş edilmişdir.

10. Belə ki, iddia tələbləri üç hissədən ibarətdir: 1. tərəflər arasında bağlanmış müqavilə üzrə yaranmış əsas borcun ödənilməsi; 2. iddiaçıya dəymiş zərərin ödənilməsi;

3. xx.xx.2020-ci il tarixli müqavilənin qanunvericiliyə zidd olan müddəalarının etibarsız hesab edilməsi.

11. Məhkəmə iddia tələblərinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli 349/ATM/20 nömrəli şəxsi marka istehsalı müqaviləsi imzalanmış, iddiaçı həmin müqavilə üzrə ətir istehsal edib cavabdehə satmağı, cavabdeh həmin malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

13. İddiaçı təhvil verilmiş malların 33944,4 manat hissəsinin ödənilmədiyini bildirir.

14. Cavabdeh iddiaya həmin hissədə etiraz edərək ona təhvil verilmiş malların dəyərinin tam şəkildə ödənildiyini bildirir.

15. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 34961,02 manat məbləğində ödəniş edilmişdir.

16. İddiaçı həmin ödənişlərin məhz təhvil verilmiş ətirlərlə bağlı olmadığını bildirsə də, təqdim edilmiş ödəniş sənədlərində ödənişin təyinatı qismində xx.xx.2020-ci il tarixli müqavilə göstərilmişdir.

17. Bundan əlavə, iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının bank hesabından çıxarışlarından da görünür ki, iddiaçıya cavabdeh tərəfindən edilmiş ödənişlərin təyinatı kimi həmişə xx.xx.2020-ci il tarixli müqavilə göstərilmişdir.

18. İddiaçı cavabdehin iddiaçı qarşısında icra edilməli olan digər öhdəliklərinin olmasını, iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, lakin dəyəri ödənilməmiş malların dəyərinin tələb edilən borcdan artıq olmasını bildirsə də, məhkəməyə iddia tələbinin bu hissəsi ilə bağlı (iddiaçıya əlavə zəruri sübutların – təhvil aktları, qaimələr və sairə təqdim edilməsi dəfələrlə məhkəmə tərəfindən təklif edilmişdir) iddia tələbi ilə bağlı sübutlar qismində yalnız müqaviləni təqdim edə bilmişdir.

19. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş üzləşmə aktını (akt ksero surət olduğu üçün tarixi oxunaqlı deyildir) hazırkı iş üzrə mötəbər sübut qismində qəbul etmir.

20. Belə ki, həmin sənəd ksero surət olmaqla, hansı qaydada, hansı şəraitdə tərtib edilməsi, kim(lər) tərəfindən imzalandığı müəyyən edilmir, cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin sənədi qəbul etmədiklərini bildirmişdir.

21. Beləliklə də, iddiaçının təqdim etdiyi həmin sənəd mötəbərlik və təkzibedilməzliklə bağlı tələblərə cavab vermir.

22. İddiaçı iddia tələbinin bu hissəsi ilə bağlı başqa sübut təqdim edə bilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini icra edə bilməmişdir.

23. Halbuki, həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Məhkəmə iddia ərizəsini ikinci, dəymiş maddi zərərin ödənilməsi (üzləşmə aktının tərtib olunduğu xx.xx.2023-cü il tarixdən qətnamənin çıxarıldığı tarixədək 33944,4 manat vəsaitin illik 11,0 faizi üzrə hər gün üçün 10,23 manat; 1000 manat cərimə məbləği və vergi üzrə 132,88 manat faiz borcu; 01 oktyabr 2023-cü il tarixə olan icarə haqqı üzrə 3710 manatın cavabdehdən tutulması) hissəsində də əsassız hesab edir.

25. Belə ki, iddiaçı cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra edilməməsi nəticəsində ona maddi zərər dəydiyini bildirsə də, borcun gecikdirilməsi faktı işin materialları ilə müəyyən olunmur, iddiaçı tərəfindən də bu barədə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsassızdır və iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

26. Belə ki, MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

29. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

30. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

31. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

32. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

33. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

35. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

36. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

37. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

39. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

40. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

41. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi üzləşmə aktının tərtib olunduğu xx.xx.2023-cü il tarixdən qətnamənin çıxarıldığı tarixədək 33944,4 manat vəsaitin illik 11,0 faizi üzrə hər gün üçün 10,23 manat; 1000 manat cərimə məbləği və vergi üzrə 132,88 manat faiz borcu; 01 oktyabr 2023-cü il tarixə olan icarə haqqı üzrə 3710 manat məbləğində pulun maddi ziyan kimi tələb edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.

42. Məhkəmə iddia tələblərini, müqavilənin bəzi müddəalarının etibarsız hesab edilməsi hissəsində də əsassız hesab edir.

43. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

44. 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

45. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

46. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

47. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

48. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

49. 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

50. 354.2-cü maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

51. Mülki Məcəllənin 354.2-ci maddəsi Mülki Məcəllənin əqdlərin etibarsızlığını müəyyən edən fəslində (XİV fəsil) nəzərdə tutulmaqla həmin norma Mülki Məcəllənin iddia müddətini və onun tətbiq olunma əsaslarını müəyyən edən fəslin (XVİİİ fəsil) normalarından fərqli qaydanı müəyyən edir və iddia müddəti kimi dəyərləndirilmir.

52. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər.

53. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırır.

54. Belə ki, iddiaçı tərəf qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.

55. Məhkəmə qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı müddəaları özündə əks etdirən Mülki Məcəllənin 14-cü fəslində əqdin etibarsızlığının əsasları konkret göstərilmişdir ki, məhkəmə araşdırması zamanı da bu əsaslar (hallar) müəyyən edilməmişdir.

56. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-nin 4-cü və 6cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından təmin edilməməlidir.

57. Bu qənaətə gələrkən Məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır.

58. Avropa İnsan Hüquqları Məhkəməsi də özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X3rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ifadə etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

59. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

61. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci və 19 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

62. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 219 (iki yüz on doqquz) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar