Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4510/2023 18.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, cərimə ) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilədən irəli gələn borc” tələbi barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən (əvvəlki adı ilə "xxxx" MMC) 48.477,99 manat əsas borc, 87.745,16 manat cərimə borcu, 427,00 manat ödənilmiş dövlət rüsumu və mediasiya xərcləri olmaqla, ümumilikdə 136.650,15 manat tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli № 06/1 Alqı-satqı Müqaviləsi əsasında, “Satıcı” - İddiaçı “Alıcı” – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (əvvəlki adı ilə "xxxx" MMC VÖEN:**********) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətdə, ümumi dəyəri (ƏDV daxil olmaqla) 64.684,02 manat dəyərində beton məhsulu təhvil vermişdir. Həmin Müqavilənin 5.2-ci bəndinə görə, “Alıcı” tərəfindən malların dəyəri xx.xx.2023-cü il tarixədək “Satıcı” - İddiaçı bank hesabına ödənilməli idi. Ancaq, bugünki tarixədək "xxxx" MMC tərəfindən ümumi borc məbləğinin yalnız 16.206,03 manat hissəsi geri ödənilmişdir. Hal-hazırda "xxxx" MMC-nin müqavilə üzrə yerinə yetirilməyən öhdəlikləri üzrə İddiaçınə olan borcu 48.477,99 manat təşkil edir. Eyni zamanda, Müqavilənin 6.1-ci bəndinə əsasən, "xxxx" MMC-nin İddiaçınə ödənişin gecikdirildiyi hər gün üçün ödənilməmiş məbləğin 1%-i məbləğində cərimə borcu yaranmışdır. Belə ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixdən “Mediasiya proesesinin tətbiqi barədə” Təklifin göndərildiyi xx.xx.2023-cü il tarixədək olan müddətdə, yəni 181 təqvim günü üçün İddiaçınə olan cərimə borcu aşağıdakı qaydada hesablanmalıdır: 48.477,99 x 1% x 181 gün = 87.745,16 manat. Beləliklə, "xxxx" MMC-nin İddiaçınə olan ümumi borcu 48.477,99 manat (əsas borc) +87.745,16 manat (cərimə borcu) = 136.223,15 manat təşkil edir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə pretenziya məktubu göndərilib borc məbləğinin 10 gün müddətində ödənilməsi tələb edilmişdir. "xxxx" MMC tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli 02-514 saylı cavab məktubunda İddiaçınə olan borc etiraf edilmiş, "xxxx" MMC-də baş vermiş mülkiyyətçi dəyişikliyi ilə əlaqədar təhvil-təslim prosesinin öhdəliklərin vaxtında icra olunmasına mane olduğu qeyd edilmiş və yaxın günlərdə qalıq borcun tam ödənilməsinin təmin ediləcəyi bildirilmişdir. Pretenziya məktubuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli məktub nəzərə alınmaqla, "xxxx" MMC-yə borc öhdəliklərinin icrası üçün xeyli müddət tanınmış, ancaq heç bir ödəniş həyata keçirilmədiyindən xx.xx.2023-cü il tarixdə “Mediasiya prosesinin tətbiqi barədə” Təklif göndərilmişdir. "xxxx" MMC tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli 02-524 saylı məktubda iyul ayının sonunadək qalıq borc məbləğinin hissələrlə və ya tam şəkildə ödəniləcəyi qeyd edilmişdir, ancaq yenə də, borc vəd edildiyi vaxtda ödənilməmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında da tərəflər arasında razılıq əldə edilə bilmədiyindən, Bakı 6 saylı Mediasiya təşkilatının mediatoru Dilarə Əfrasiyabova tərəfindən “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayış təqdim edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 06/1 saylı alqısatqı müqaviləsinə əsasən:
8. 1. Müqavilənin predmeti
9. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı nəzərdə tutulan mal və materialları alıcıya satır və alıcının müəyyən etdiyi ünvana çatdırır.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən alıcı isə həmin mal və materialları satıcıdan ünvanda qəbul edir, mal və materialların dəyərini vaxtında və tam şəkildə, müqavilə şərtlərində nəzərdə tutulmuş qaydada satıcının müvafiq bankda olan hesablaşma hesabına köçürür.
11. 2. Satıcının öhdəlikləri
12. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı mal və materialları razılaşdırılmış müddətdə alıcıya təhvil verməyi öz öhdəsinə götürür.
13. 3. Alıcının öhdəlikləri
14. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı satıcı tərəfindən ona verilmiş mal və materialları qeyd-şərtsiz qəbul etməlidir.
15. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı mal və materialların dəyərini müqavilədə nəzərdə tutulan formada və müddətdə satıcının bank hesabına köçürməlidir.
16. 4. Məhsulun dəyəri
17. Müqavilənin 4.1-ci bəndinə əsasən mal və materialların qiyməti müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə müəyyənləşdirilir.
18. 5. Ödəniş qaydaları
19. Müqavilənin 5.1-ci bəndinə əsasən satılan mal və materialların dəyəri nəzərdə tutulan partiyalara uyğun olaraq alıcı tərəfindən satıcının bank hesabına ödənilir.
20. Müqavilənin 5.2-ci bəndinə əsasən əgər mal və materialların dəyərinin ödənilməsi mal qəbul edildikdən sonra razılaşdırılarsa o halda alıcı malı qəbul etdikdən sonra 5 gün ərzində malın dəyərini satıcının bank hesabına köçürməlidir.
21. 6. Cərimələr
22. Müqavilənin 6.1-ci bəndinə əsasən alıcı qəbul etmiş olduğumal və materialların dəyərini müqavilədə nəzərdə tutulan müddət ərzində ödənəzsə ödənişin hər gecikdirilən günü üçün ödənilməmiş məbləğin 1%-i miqdarında cərimə ödəyir. Bundan əlavə ödənilməmiş məbləğə görə satıcı tərəfindən alıcıya qarşı Azərbaycan Respublikasının qüvvədə olan Mülki Qanunvericiliyində nəzərdə tutulan cərimə növlərini tətbiq edə bilər.
23. “xx.xx.2022-ci il tarixli, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 06/1 saylı alqı-satqı müqaviləsinə 01 saylı,xx.xx.2022-ci il tarixli razılaşma protokoluna əsasən MMC-yə satılacaq qum,qırmdaş və otsep məhsulları dəyəri razılaşdırılmışdır.
24. İşdə olan xx.xx.2022-ci il tarixli EBCC seriyalı 277678 saylı elektron qaiməyə əsasən 3350,49 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı 450472 saylı elektron qaiməyə əsasən 4418,30 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCC seriyalı, 893173 saylı elektron qaiməyə əsasən 5216,83 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBCE seriyalı 432666 saylı elektron qaiməyə əsasən 4422,17 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCG seriyalı 110327 saylı elektron qaiməyə əsasən 11521,9 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCH seriyalı 596836 saylı elektron qaiməyə əsasən 8615,51 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCİ seriyalı 286686 saylı elektron qaiməyə əsasən 3004,28 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCK seriyalı 244036 saylı elektron qaiməyə əsasən 18230,06 manat dəyərində və xx.xx.2022-ci il tarixli EBCM seriyalı 284334 saylı elektron qaiməyə əsasən 5905,19 manat dəyərində mallar İddiaçı tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir.
25. 28.02.2023-cü il tarixli üzləşdirmə aktına əsasən xx.xx.2022-ci il tarixə Bakı Prefabrik MMC-nin İddiaçınə 47.924,88 manat borcun olması qəbul edilmiş və hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
26. İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda xx.xx.2022-ci il tarixli 06/1 saylı müqavilə üzrə cəmi 110477,99 manat borcu yarandığı və borcun 10 gün müddətində ödənilməsi tələb olunmuşdur.
27. "xxxx" MMC-nin İddiaçı pretenziya məktubuna ünvanladığı xx.xx.2023-cü il tarixli, 02-514 saylı məktubunda MMC-də mülkiyyətçi dəyişikliyi olması səbəbindən və bi neçə ay öncədən başlayan təhvil-təslim prosesi bəzi öhdəliklərin tam vaxtında icra olunmasına müəyyən qədər təsir göstərdiyi, bu və digər səbəbdən tərəflər arasına bağlanmış müqavilə üzrə ödənişlərin qismən təmin olunduğu, yaxın gülərdə qalıq borcun tam ödənilməsi tərəflərindən təmin olunacağı və bir ay müddətində müqavilə üzrə öhdəliklərin təmin olunacağı qeyd olunmuşdur.
28. "xxxx" MMC-nin İddiaçınə ünvanladığı xx.xx.2023-cü il tarixli, 02-524 saylı məktubunda MMC-də mülkiyyətçi dəyişikliyi olması səbəbindən və bi neçə ay öncədən başlayan təhvil-təslim prosesi bəzi öhdəliklərin tam vaxtında icra olunmasına müəyyən qədər təsir göstərdiyi, həmçinin bank hesablarında yaranan sərəncamın xeyli müddət əməkdaşlıq etdikləri bəzi şirkətlər qarşısında yaranan öhdəliklərin vaxtında icrasına mənfi təsir göstərdiyi və aralarında bağlanmış müqavilə üzrə ödənilməli məbləğ qismən təmin edildiyi və cari ayın sonuna kimi ödənilməli olan məbləğ hissələrlə və ya tam şəkildə ödənilməsinin təmin ediləcəyi bildirilmişdir.
29. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
31. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
32. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
33. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
34. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
35. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
36. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
37. Tərəflər arasında xx.xx.2022-ci il tarixli 06/1 saylı müqavilə bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı nəzərdə tutulan mal və materialları alıcıya satır və alıcının müəyyən etdiyi ünvana çatdırır və müqavilənin 1.2-ci bəndinə əsasən alıcı isə həmin mal və materialları satıcıdan ünvanda qəbul edir, mal və materialların dəyərini vaxtında və tam şəkildə, müqavilə şərtlərində nəzərdə tutulmuş qaydada satıcının müvafiq bankda olan hesablaşma hesabına köçürür.
38. Cavabdeh tərəfi isə müqavilə üzrə yaranmış 47.924,88 manat borcun mövcudluğunu qəbul etmiş və buna dair üzləşmə aktı imzalamışdır.
39. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan 48.477,99 manat məbləğ əsas borc təqdim olunmuş sübutlarla – elektron qaimə və üzləşmə aktı ilə cəmi 47.924,88 manat məbləğində öz təsdiqini tapdığı üçün, iddia tələbi qismən olmaqla 47.924,88 manata dair hissədə təmin edilməlidr. (İddiaçının nümayəndəsi məhkəmə iclaslarında üzləşmə aktında 47.924,88 manat borcun göstərildiyi halda nəyə görə iddia tələbində 48.477,99 manat borcun tələb olunduğunu əsaslandıra bilməmiş, hesablamanın səhv aparılması ehtimalının mövcüd ola biləcəyini və bu hissədə məhkəmənin öz mövgeyinin bildirilməsini təklif etdi).
40. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 06/1 saylı alqı-satqı müqaviləsinin 6.1-ci bəndinə əsasən hesablanmış 87.745,16 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
41. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
42. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
43. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
44. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə pulu 2397 manat məbləğində müəyyən edilməlidir.
45. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 400 manat və dövlət rüsumu qismində 27 manat ödəniş edilmişdir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
48. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, təmin olunan hissəyə (50321 manat) mütənasib olaraq iş üzrə ödənilmiş 241 manat (dövlət rüsumunun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 47.924,88 manat əsas borc, 2397 manat cərimə borcu və ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq 241 manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova