Məhkəmə qərarları › İş №e-2-2(113)-4513/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4513/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4513/2023 27.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi (direktoru) Qanuni nümayəndə, İddiaçı vəkili Nümayəndə2, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 44509,58 məbləğində əsas borc, 10000 manat məbləğində əldən çıxmış fayda, 400 manat məbləğinda mediasiya xərcləri ümumilikdə 54.909 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən 44509,58 məbləğində əsas borc, 10000 manat məbləğində əldən çıxmış fayda, 400 manat məbləğinda mediasiya xərcləri ümumilikdə 54.909 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanılmış AP-11 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə göstərilmiş xidmətin əvəzi olaraq ödənilməli olan borc pul vəsaiti EBAV 068041 saylı, EBAV 967807 saylı, EBAY 524567 saylı, EBAY 322939 saylı, EBAX 477976 saylı, EBAX 218316 saylı, EBAX 075588 saylı, EBAW 367423 saylı elektron qaimələrə əsasən ödənilməli olubda ödənilməyən 44509.58 manat miqdarında onların borcu mövcuddur. Cavabdeh tərəfindən ödənilməyən vəsaitlərə görə iddiaçıya ciddi şəkildə maddi zərər dəymiş, ödənişlərin gecikdirilərək müqavilənin müvafiq bəndlərinə əməl edilmədiyinə görə iddiaçı müflisləşməyə doğru gedərək qeyriixtiyari şəkildə digər müqavilə tərəfləri qarşısında öhdəliklərini icra edə bilməmişdir. Cavabdehin əsas borc üzrə 44509.58 manat və 10000 manat məbləğində əldən çıxan fayda borcu vardır. Əldən çıxmış fayda üçün faizlərin miqdarı isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Əldən çıxmış faydanın hesablanıldığı gün üçün Mərkəzi Bankın müəyyənləşdirdiyi bank uçot dərəcəsi isə 8.75%-dir. İddiaçı tərəfindən cavabdehə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə əsas borc, əldən çıxmış fayda ödənilməsi barədə kommersiya mübahisəsinin həlli məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, AP-11 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə göstərilmiş xidmətin əvəzi olaraq ödənilməli olan borc pul vəsaiti EBAV 068041 saylı, EBAV 967807 saylı, EBAY 524567 saylı, EBAY 322939 saylı, EBAX 477976 saylı, EBAX 218316 saylı, EBAX 075588 saylı, EBAW 367423 saylı elektron qaimələrə əsasən 44509.58 AZN miqdarında borcun mövcud olduğunu qeyd etmişdir. Cavabdeh tərəfindən ödənilməyən vəsaitlərə görə iddiaçıya ciddi şəkildə maddi zərər dəydiyini, ödənişlərin gecikdirilərək müqavilənin müvafiq bəndlərinə əməl edilmədiyinə görə iddiaçının müflisləşməyə doğru gedərək qeyri-ixtiyari şəkildə digər müqavilə tərəfləri qarşısında öhdəliklərini icra edə bilmədiyini bildirmişdir. Cavabdehin əsas borc üzrə 44509,58 AZN və 10000,00 AZN məbləğində əldən çıxan fayda borcunun qaytarılması tələb olunmuşdur. İddiaçı hər hansı sübut təqdim etmədən cavabdehin borclu olduğunu qeyd edərək məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən ərizəyə qoşma olaraq borc məbləğini təsdiq edən hər hansı sənəd (elektron qaimə, təhvil-təslim aktı və s.) təqdim edilməmişdir. AP-11 saylı müqavilənin 24.1-ci maddəsində tərəflərin müqavilədə nəzərdə tutulmuş digər öhdəlikləri yerinə yetirməməsi zamanı iddiaçının müqaviləni ləğv etmə hüququ vardır, lakin həmin hüququndan istifadə etməmiş və cavabdehin qərəzli şəkildə borclanmasına şərait yaradaraq sui-istfadə halına yol vermişdir. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir şəxsin hərəkət tərzinə dair meyardır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (direktoru) Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

9. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

10. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. AP-11 nömrəli, xx.xx.2020-ci il tarixli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən cavabdeh avtonəqliyyat vasitələrinə texniki xidmət, sürtgü materiallarının və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətləri satın alınması üçün iddiaçının 401.597,54 (ƏDV daxil) manat tender təklifini qəbul etmiş, iddiaçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında cavabdehə avtonəqlivvat vasitələrinə texniki xidmət, sürtgü materiallarının və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətləri yerinə yetirilməsini və ya göstərilməsini öhdəsinə götürmüşdür.

12. EBAV seriyalı 068041 saylı, EBAV seriyalı 967807 saylı, EBAY seriyalı 524567 saylı, EBAY seriyalı 322939 saylı, EBAX seriyalı 477976 saylı, EBAX seriyalı 218316 saylı, EBAX seriyalı 075588 saylı, EBAW seriyalı 367423 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 44509.58 manat dəyərində xidmətlərin göstərilməsinə dair qaimə təqdim edilmişdir.

13. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında AP- 11 nömrəli, xx.xx.2020-ci il tarixli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh avtonəqliyyat vasitələrinə texniki xidmət, sürtgü materiallarının və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətləri satın alınması üçün iddiaçının 401.597,54 (ƏDV daxil) manat tender təklifini qəbul etmiş, iddiaçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında cavabdehə avtonəqlivvat vasitələrinə texniki xidmət, sürtgü materiallarının və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətləri yerinə yetirilməsini və ya göstərilməsini öhdəsinə götürmüşdür.

14. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

15. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).

16. İddiaçı, elektron qaimələrdən başqa iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən, yəni xidmətlərin göstərilməsinə dair (təhvil-təslim aktları və s.) hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

18. İddiaçının istinad etdiyi və məhkəməyə təqdim etdiyi elektron qaimələrə münasibətdə məhkəmə hesab edir ki, həmin sənədlər cavabdehə xidmətlərin göstərilməsini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Əgər tərəflər göstərilmiş xidmətlərin təhvil verilməsini yalnız elektron qaimə göndərilməsi ilə rəsmiləşdirməli olsa idilər, xidmətlərlə birlikdə təhvil-təslim sənədlərinin (qaimə-faktura) verilməli olması barədə müqavilənin 13.1-ci bəndinin məzmununa və müqavilənin xüsusi şərtlərinə müqavilənin daxil edilməsinə zərurət olmazdı.

19. Belə ki, müqavilənin 13.1-ci bəndinə və müqavilənin xüsusi şərtlərinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi təmir kartı və təhvil-təslim sənədləri (qaimələr, aktlar, digər sənədlər) əsasında 15 bank günündən gec olmayaraq ödənilir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

21. Hazırki iş üzrə iddiaçı tərəfindən elektron qaimələrin əlaqəli şəkildə qiymətləndirilməsi üçün xidmətlərin cavabdehə göstərilməsinə dair digər sübutlar məhkəməyə təqdim olunmamışdır.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia 44509,58 məbləğində əsas borcun ödənilməsi hissəsində təsdiq olunmadığından təmin oluna bilməz.

23. İddia tələbinin əldən çıxmış fayda hissəsinə münasibətdə məhkəmə hesab edir ki, göstərilən iddia tələbi xidmətlərin göstərilməsinə dair tələblə əlaqədar olduğundan və yuxarıda göstərilənlərə əsasən iddia həmin hissədə təmin olunmadığından iddia tələbi əldən çıxmış fayda hissəsində də təmin oluna bilməz.

VI. Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdehnə qarşı cavabdehdən 44509,58 məbləğində əsas borc, 10000 manat məbləğində əldən çıxmış fayda, 400 manat məbləğinda mediasiya xərcləri ümumilikdə 54.909 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar