Məhkəmə qərarları › İş №e-2-2(113)-4525/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4525/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4525/2021 20.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdehndən 31707,07 manat məbləğində borcun, 6658,48 manat məbləğində penya borcunun, 200 manat məbləğində mediasiya xərcinin, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun – cəmi 38.595,55 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanılmış 40 saylı, 07.12.2020-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Satıcı tərəfindən divar kağızı məhsullarının alıcıya satılması və alıcı tərəfindən malların dəyərinin müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada satıcıya ödənilməsi nəzərdə tutulmuşdur. Alqı–satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən gecikmə halında alıcı hər gecikən gün üçün 0,1 % penya ödəməyi qəbul və təsdiq edir. Lakin Cavabdeh MMC tərəfindən müqavilə öhdəliklərinə əməl olunmayaraq 03.09.2021-ci il tarixə qədər 31707,07 manat məbləğində borc, 6658,48 (7 ay) manat məbləğində penya borcu yaranmışdır. Bütün bunlara və Cavabdeh MMC-yə göndərilmiş xəbərdarlıq məktublarına baxmayaraq bu günədək borc ödənilməmiş və iddiaçı tərəfindən göndərilmiş xəbərdarlıq məktublarına cavab verilməmişdir İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında 07 dekabr 2020-ci il tarixli 40 saylı alğısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqaviləyə əsasən təyin olunan divar kağızları məhsulu müəyyən edilmiş spesifikasiyada və qiymətlə alıcını təmin etməyi, alıcı isə həmin məhsulu təhvil alıb dəyərini bu müqavilədə müəyyən edilmiş şənlərlə satıcıya ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Satıcı tərəfindən təchiz olunacaq Məhsulun dəyəri razılaşma protokolunda razılaşdırılmış qiymətlər əsasında təyin ediləcək. Alıcı məhsulun ümumi dəyərini məhsul tam alıcıya təslim edildikdən və Tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra təqdim edilmiş hesab fakturaya və Vergi hesabfakturaya əsasən 15 iş günü ərzində satıcıya ödəyir. 8.1-ci bəndinə əsasən satıcı məhsulun çatdırılmasında yol verdiyi hər gecikmə gününə görə 0,1% məbləğində dəbbə pulu ödəyəcək. 11-ci bəndinə əsasən bu müqavilə hər iki tərəflər imzalandıqdan sonra qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 31.707,07 manat dəyərində malın verilməsinə dair 05.01.2021-ci il tarixli, EBAV seriyalı, 724925 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İddiaçı MMC pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, avqustun 20-dək 31.707,07 manat borcun ödənilməsini edilməsini tələb etmiş, əks halda həmin məbləğin məcburi qaydada tutulması üçün məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 07 dekabr 2020-ci il tarixli 40 saylı alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehin sifarişi əsasında malları təqdim etmişdir. Cavabdeh MMC isə təqdim olunmuş malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 31.707,07 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 31.707,07 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, Cavabdeh MMC-dən 31.707,07 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 6658,48 manat məbləğində penyanın cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən normaların məzmunundan da göründüyü kimi dəbbə pulu (hazırkı halda penya) öhdəliyin icra edilmədiyinə və ya lazımınca icra edilmədiyinə görə tətbiq edilən maliyyə sanksiyasıdır. Həmin sanksiyanın tətbiq edilməsi qanunda nəzərdə tutula bilər və ya müqavilə ilə müəyyənləşdirilə bilər. Hazırkı halda iddiaçı cavabdehdən müqavilə öhdəliyinin icra edilməməsinə görə penyanın ödənilməsini tələb etsə də, tərəflər arasında bağlanmış müqavilədə alıcı tərəfindən malların dəyərini ödəmək öhdəliyinin icra edilməməsinə görə penyanın ödənilməli olması barədə şərt yer almamışdır . İddiaçının penyanın tutulması hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi müqavilənin 8.1-ci bənddə gəldikdə isə həmin bənddə satıcının malın göndərilməsini gecikdirdiyinə görə penya ödənilməli olması nəzərdə tutulmuşdur ki, həmin şərtin mübahisəli hüquq münasibətlərinə tətbiq edilməsi üçün əsas yoxdur. Odur ki, penyanın tutulması hissəsində iddia rədd edilməlidir. İddianın ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbini əsaslandırmaq üçün “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə görə mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Mediasiya xərclərinin digər tərəfdən tutulması həmin maddədə mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməməsi ilə şərtləndirilmişdir. Hazırkı halda isə tərəflər arasında mediasiyaya dair qeyd-şərt və ya “mediasiya prosesinin tətbiqi barədə” müqavilə bağlanmamışdır, eləcə də iddiaçı cavabdehin üzürsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, mediasiya prosesi çərçivəsində çəkilən xərclər MPM-nin normalarına əsasən məhkəmə xərclərinə də aid edilməmişdir. Odur ki, hazırkı halda mediasiya xərclərinin cavabdehdən tutulması üçün qanuni əsasın mövcudluğu müəyyən edilmir. Məhkəmə xərclərinə gəldikdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 31.707,07 (otuz bir min yeddi yüz yeddi manat yeddi qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar