Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-453/2020 21.05.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X9 Bağman qızının katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X15, Cavabdeh «KASPİ-YİLDİZ» Azərbaycan-X4 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdeh «KASPİ-YİLDİZ» Azərbaycan-Türkiyə müştərək müəssisəsinə qarşı 163094,44 manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 163094,44 manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” xx xxxxxxx 2004-cü il tarixli 468 nömrəli Sərəncamı əsasında yaradılmışdır. İddiaçıya məxsus taxılyığan kombaynlar üçün yanğınsöndürmə balonları və onların dolumu xidmətinin satınalması barədə cavabdehlə bağlanılmış xx xxxxx 2019-cu il tarixli 37-19 nömrəli müqaviləyə əsasən 200 ədəd QKT-6 kq-lıq yanğınsöndürmə balonu və 389 ədəd QKT-6 kq-lıq yanğınsöndürmə balonlarının dolum işlərinin yerinə yetirərək Sifarişçinin təqdim etdiyi siyahı üzrə İcraçı tərəfindən təhvil verilməsini öhdəsinə götürmüşdür. Cavabdeh tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən yanğınsöndürmə balonu və dolum işləri yerinə yetirilərək təhvil verilməsinə baxmayaraq taxıl biçini zamanı texnikada baş vermiş yanğın hadisəsi zamanı yanğınsöndürən balonların işləməməsi və balonlarda yaranmış nasazlıqlar nəticəsində istifadə etmək mümkün olmamış, nəticədə dövlət büdcəsinin vəsaiti hesabına alınmış texnikalar yanaraq tamamilə sıradan çıxmış və iddiaçıya külli miqdarda maddi ziyan dəymişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Goranboy rayonu, Hacallı kəndi ərazisində NEW HOLLAND TC-5050 markalı kombayn (şassi № 559754026, mühərrik № 001217203, dövlət nömrə nişanı 66 K 126, buraxılış ili 2014-cü il) və xx.xx.2019-cu il tarixdə Şəki rayonu, Nuruşbulaq adlanan ərazisində NEW HOLLAND TC-5050 markalı kombayn (şassi № 559750006, mühərrik № 001205790, dövlət nömrə nişanı 66 K 17, buraxılış ili 2014-cü il) taxıl biçini zamanı texnikada baş vermiş yanğın hadisəsi zamanı yanğınsöndürən balonlardan istifadə etmək mümkün olmamış və əraziyə cəlb olunmuş Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın söndürülsə də, dövlət vəsaiti hesabına alınmış kombaynlar yanaraq tam yararsız hala düşmüşdür. Yanğından sonra Cəmiyyətin əməkdaşları tərəfindən kombaynlara texniki baxış keçirilmiş və məlum olmuşdur ki, iddiaçıya məxsus taxılyığan kombaynlara quraşdırılmış yanğınsöndürən balonlarda hava təzyiqinin olmadığı aşkarlanmış və yanğınsöndürənlərdən istifadə etmək mümkün olmadığı üçün baş vermiş yanğın hadisəsinin qarşısının alınması imkansız olmuşdur. Yanğınsöndürən balonlarda hava təzyiqinin olmamasını cavabdehin nümayəndəsinin iştirakı ilə aktlaşdıran zamanı qüsurları şifahi qaydada təsdiq etməsinə baxmayaraq xx xxxx 2019-cu il tarixdə tərtib olunmuş aktı imzalamaqdan boyun qaçırmışdır. Yanğınsöndürən balonların qüsurlu olması ilə əlaqədar iddiaçının müraciətinə isə qarşı tərəf saxlama şəraitinin düzgün olmadığını qeyd etməklə, kombaynlarda quraşdırılmış yanğınsöndürən balonlarda hava təzyiqinin olmamasını həmin balonların mühərrik hissəsinin yanında olması ilə əlaqələndirilmişdir. Halbuki, yanğınsöndürən balonların kombaynlarda mühərrik hissəsinin yanında quraşdırılması zavod istismar təlimatlarına uyğun olmaqla istehsalçı zavod tərəfindən də məhz həmin yerdə quraşdırılması nəzərdə tutulmuşdur. Tərtib olunmuş akt əsasında kombaynların tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri haqqında arayış hazırlanmışdır. Beləliklə, NEW HOLLAND TC-5050 markalı kombayna (şassi № 559754026, mühərrik № 001217203, dövlət nömrə nişanı 66 K 126, buraxılış ili 2014-cü il) 71547,22 manat, digər NEW HOLLAND TC-5050 markalı kombayna (şassi №559750006, mühərrik№001205790, dövlət nömrə nişanı 66 K 17, buraxılış ili 2014-cü il) isə 91547,22 manat, cəmi 163094,44 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin19-cu maddəsinə əsasən müqavilənin xüsusi şərtlərində digər tələblər nəzərdə tutulmayıbsa, İcraçı müqavilə çərçivəsində gətirilmiş mallara (yerinə yetirilmiş işlərə və ya göstərilmiş xidmətlərə) 24 ay müddətinə təminat verir. Təminat müddətində Sifarişçi tərəfindən İcraçının vəsaiti hesabına ən qısa müddətdə aradan qaldırılmalıdır. Müqavilənin xüsusi şərtlərinin 19.3-cü bəndinə əsasən İcraçı 15 gün müddətində qüsurları aradan qaldırmazsa, Sifarişçi dəymiş ziyanın məbləğini hesablayır və İcraçıya ödəniləcək məbləğdən tutur və ya dəymiş ziyanın ödənilməsini İcraçıdan tələb edir. İddiaçının nümayəndəsi X22məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X11məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçının iddia ərizəsində qeyd olunur ki, taxılyığan kombaynlar üçün yanğınsöndürmə balonları və onların doldurma xidmətinin satınalınması barədə cavabdeh ilə müqavilə mövcuddur. Müqavilə şərtlərinə uyğun olaraq yanğınsöndürmə balonları müvafiq qaydada onlara təhvil verilmişdir. Daha sonra iddiaçı ərizəsində qeyd olunur ki, yanğınsöndürən balonların işləməməsi və balonlarda yaranmış nasazlıqlar nəticəsində istifadə etmək mümkün olmamış, nəticədə texnikalar yanaraq sıradan çıxmış və iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı onlara 163094,44 manat maddi ziyan vurulduğunu yazır.İddiaçının nümayəndəsi taxıl biçini zamanı kombaynda baş vermiş yanğın hadisəsinin baş vermə səbəbi barədə hər hansı bir məlumat, yaxud sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddia ərizəsində qeyd etdikləri kimi, yanğının həcmi böyük olduğundan, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülmüşdür. Fövqəladə Hallar Nazirliyinin yanğının baş verməsi səbəbləri barədə rəyləri iddiaçıdan tələb edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi belə bir sənədin mövcudluğu barədə məlumatsız olduğunu bildirmişdir. İddiaçı tərəfin iddia ərizəsi üzrə tələbləri, faktlar-qanunlar əsasında deyil, mülahizə əsasında cavabdehə qarşı irəli sürülmüşdür. Belə ki, taxılyığan kombaynda yanğın hansı səbəbdən baş vermiş, məlum deyil. Texnikada yanğın, onun elektrik sisteminə əlavə avadanlıqların quraşdırılması səbəbindən, yaxud elektrik sistemində qısa-qapanmanın baş verməsi və yaxud başqa texniki qayda və şərtlərin pozulması, yaxud texnikadan istifadə qaydalarına düzgün əməl olunmaması, məsələn gününaltında işlədilən kombaynın soyutma sisteminə mayenin əlavə edilməməsi və s. halları səbəbindən yanğının baş verməsi kimi halların mövcudluğu ilə əlaqədar texnikadan istifadə edən şəxslərin hərəkətləri və ya hərəkətsizliyi ilə cavabdehin ehtimal olunan hərəkətləri arasında səbəbli əlaqə mövcud deyildir. Əslində yanğının baş vermə səbəbi ilə cavabdehin təqdim etdiyi qazbalonları arasında hər hansı bir səbəbli əlaqə yoxdur. Çünki yanğının həcmi böyük olduğundan, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülmüşdür. İddiaçının iddia ərizəsində yanğınsöndürən balonlarla yanğın hadisəsinin əlaqələndirilməsinə münasibətdə bildirir ki, xx.xx.2014-cü ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 0397/02 nömrə ilə qeydiyyata alınmış, “Unifıkasiya olunmuş tozlu yanğınsöndürmə balonu /YTO/TŞAZ- 00079xx-xx-2005 texniki şərtindəki dəyişikliklər haqqında” (2 nömrəli bildiriş) istifadə qaydaların, “təhlükəsizlik tələbləri” bölməsinin 2.8-ci bəndində yazılır: “Qızdırıcı cihazların yaxınlığında yanğınsöndürənlərin saxlanmasına icazə verilmir. Havanın temperaturu 50° C-dən yüksək ola bilər!” Bu hal ilə əlaqədar keçən məhkəmə iclasında iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli məktubların surətləri və 24-26 iyul tarixlərdə iddiaçının bölgələrindəki anbarlarda hər iki tərəflərin nümayəndələrin iştirakı ilə rəsmiləşdirilmiş aktların surətləri, habelə yanğınsöndürən balondan düzgün istifadə edilmədiyini təsdiq edən sübutu (şlanq), məhkəmə iclasında baxış üçün təqdim olunmuşdur. Cavabdeh təşkilatın nümayəndələri yanğınsöndürən balonları işlək vəziyyətdə iddiaçı təşkilatın anbarlarında, mütəxəssislərə təqdim etmişlər. Yanğınsöndürmə balonların saxlanma şəraiti, daşınma qaydaları və istifadə qaydalarına uyğun mövcud təlimatlara uyğun kombayn istifadəçilərinə (sürücülərinə) təlim keçməkizah etmək, iddiaçı təşkilatın funksiyasına aiddir. Buna baxmayaraq iddiaçının mütəxəssisləri kombayn sürücülərinə balonlardan və texnikadan istifadə qaydalarına əməl olunması istiqamətində izahatlar aparmamışlar. Cavabdehin nümayəndələri tərəfindən yanğın-söndürən balonların mühərrikin yanında yerləşdirilməməsi iddiaçı tərəfə israrla izah edilməsinə baxmayaraq, iddiaçının mütəxəssisləri bu qaydalara əməl etməmişlər. İddiaçının xx.xx.2019-cu il tarixli məktubunda yanğınsöndürən balonların kombaynların mühərriklərin yanında yerləşdirildiyi etiraf olunur. Bu isə cavabdeh təşkilatın biçin vaxtlarında Azərbaycanda havanın temperaturunun yüksək olması və yanğınsöndürən balonun mühərrikin yanında yerləşdirilməsinin qaydalara zidd olmasına dair göstərişlərə,iddiaçı tərəfindən əməl olunmamış, həm də balondan düzgün istifadə edilməyərək balonun şlanq ucluğu oda yaxınlaşdırıldığı üçün “şlanq” ərimişdir. Bu hal da istifadə qaydaların pozulmasıdır. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx xxxxx 2019-cu il tarixli 37-19 nömrəli İddiaçı açıq səhmdar cəmiyyətinə məxsus taxılyığan kombaynlar üçün yanğınsöndürmə balonları və onların dolumu xidmətinin satınalması barədə müqavilənin surətindən görünür ki, iddiaçı taxılyığan kombaynlar üçün 200 ədəd QKT-6 kq-lıq yanğınsöndürmə balonu və 389 ədəd QKT-6 kq-lıq yanğınsöndürmə balonlarının dolumu xidmətinin satınalınması barədə bu müqaviləyə 2 nömrəli əlavəyə uyğun cavabdehin ümumilikdə ƏDV daxil 14162,36 manat məbləğində kotirovka təklifini təbul etmişdir. xx xxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, Yevlax RN-nin Yevlax bölməsinin istifadəsində olan və “01” İyun 2019-cu il tarixində 02/00023885 nömrəli operativ lizinq müqaviləsinə əsasən mexanizator X16 verilmiş “NEW-Holland” TC-5050 markalı taxılyığan kombaynda (buraxılış ili 2014-cü il, şassi: 559754026; mühərrik: 001217203; dövlət nömrə nişanı 66 K 126 ) xx xxxx 2019-cu il tarixində Goranboy rayonu Hacallı kəndində taxıl biçini zamanı yanğın baş vermişdir. Yanğından sonra kombayna baxış keçirilmişdir. Kombaynda qabaq və arxa təkərlər, ötürücü remenlər, hidravlik sistemin boruları, yağ çəlləyi, dizel çəlləyi, mühərrik, saman ötürən, hidravlik paylayıcı, taxılı boşaldan şnek, dən bunkeri, hava təmizləyici sistem, elektrik naqilləri və 2 (iki) ədəd akumlyatorlar yanaraq sıradan çıxmışdır. xx xxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, Yevlax RN-nin Yevlax bölməsinin istifadəsində olan və “01” İyun 2019-cu il tarixində 02/00023886 nömrəli operativ lizinq müqaviləsinə əsasən mexanizator X8 verilmiş “NEW-Holland” TC-5050 markalı taxılyığan kombaynda (şassi: 559750006; mühərrik: 001205790; dövlət nömrə nişanı 66 K 127 ) xx xxxx 2019-cu il tarixində Şəki rayonu heyvandarlıq kompleksi ərazisində taxıl biçini zamanı yanğın baş vermişdir. Yanğından sonra kombayna baxış keçirilmişdir. Kombaynda sürücünün texnikanı idarəetmə kabinası, sol tərəf qabaq və arxa təkərlər, ötürücü remenlər, hidravlik sistemin boruları, yağ çəlləyi, dizel çəlləyi, mühərrik, saman ötürən, hidravlik paylayıcı, taxılı boşaldan şnek, dən bunkeri, hava təmizləyici sistem, elektrik naqilləri və 2 (iki) ədəd akumlyatorlar yanaraq sıradan çıxmışdır. xx xxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, Yevlax RN-nin Yevlax bölməsinin anbarında “xxxxxxxxxxxx” MMC-nin istehsalı olan 2 (iki) ədəd yanğın söndürən balonlar yoxlanıldı və heç bir qüsur aşkarlanmadı.Bundan əlavə 1 (bir) ədəd SR-2045 (şassi 561398) markalı taxıl yığan kombayn sahədən servisə gətirilərək üzərində olan yanğın söndürən balon “xxxxxxxxxxxx” MMC-nin mütəxəssisi Əliyev Arif tərəfindən yoxlandı və hava təzyiqinin olmadığı aşkarlandı, yəni yanğın söndürən balonların işləməməsi müəyyən olundu.Bundan sonra taxıl sahəsinə gedilərək 1 (bir) ədəd SR-2045 (şassi 559906) markalı taxıl yığan kombaynın üzərində olan yanğın söndürən balon yoxlandı və hava təzyiqinin olmadığı aşkarlandı.İddiaçı ASC-nin və “xxxxxxxxxxxx” MMCnin mütəxəssisləri yoxlama nəticəsində (“xxxxxxxxxxxx” MMC mütəxəssisi Əliyev Arifin fikrinə əsaslanaraq) yanğın söndürən balonlar sirkələnmədən və havanın isti olmasından salniklərin yumşalaraq balonlarda hava axını yaratmışdır. Təqdim olunmuş akta əsasən kombaynın tam bərpa edilməsi üçün ona tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri haqqında Arayışın surətindən görünür ki, Yevlax Regional Nümayəndəliyin istifadəsində olan xx xxxx 2019-cu il tarixli, 02/00023886 nömrəli operativ lizinq müqaviləsi ilə X12 tərəfindən icarəyə götürülmüş TC-5050 markalı New-Holland markalı taxılyığan kombayn (şassi № 559750006, mühərrik № 001205790, dövlət nömrə nişanı 66 K 17, buraxılış ili 2014-cü il) xx xxxx 2019-cu il tarixdə Şəki rayonunun ərazisində taxıl biçini aparan zaman kombaynda yanğın baş vermiş və nəticədə kombayna maddi ziyan dəymişdir. Yanğından sonra kombayna texniki baxış keçirilmiş və xx xxxx 2019-cu il tarixli akt tərtib olunmuşdur. Təqdim olunmuş akta əsasən kombaynın tam bərpa edilməsi üçün ona tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri 91547,22 manat təşkil edir. Təqdim olunmuş akta əsasən kombaynın tam bərpa edilməsi üçün ona tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri haqqında Arayışın surətindən görünür ki, Yevlax Regional Nümayəndəliyin istifadəsində olan xx xxxx 2019-cu il tarixli, 02/00023885 nömrəli operativ lizinq müqaviləsi ilə X18 tərəfindən icarəyə götürülmüş TC-5050 markalı New-Holland markalı taxılyığan kombayn (şassi № 559754026, mühərrik № 001217203, dövlət nömrə nişanı 66 K 126, buraxılış ili 2014-cü il) xx xxxx 2019-cu il tarixdə Goranboy rayonu Hacallı kəndinin ərazisində taxıl biçini aparan zaman kombaynda yanğın baş vermiş və nəticədə kombayna maddi ziyan dəymişdir. Yanğından sonra kombayna texniki baxış keçirilmiş və xx xxxx 2019-cu il tarixli akt tərtib olunmuşdur. Təqdim olunmuş akta əsasən kombaynın tam bərpa edilməsi üçün ona tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri 71547,22 manat təşkil edir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən xx xxx 2014-cü il tarixdə 0397/02 nömrə ilə qeydiyyata alınmış Unifikasiya olunmuş Tozlu yanğınsöndürmə balonu /YTO/TŞAZ-00079xx-xx-2005 texniki şərtindəki dəyişikliklər haqqında 2 nömrəli bildirişin “Təhlükəsizlik tələbləri” adlı 2 nömrəli bölməsinin 2.8-ci bəndindən müəyyən olunur ki, haradakı temperatur 323 K (500C)-dən yüksək ola bilər, qızdırıcı cihazların yaxınlığında yanğınsöndürənlərin saxlanmasına icazə verilmir. xx xxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, «xxxxxxxxxxxx» Azərbaycan- X4 Satış Departamentinin işçiləri Əliyev Arif Söhbət oğlu və Həsənov Rövşən Xurşud oğlu “xxxxxxxxxx” ASC-nin nümayəndələri ilə birlikdə xx xxxx 2019-cu il tarixdə Yevlax şəhərindəki İnzibati binanın həyətində yanan kombayna baxış keçirmişlər. Baxış zamanı aşkar edilmişdir ki, həmin kombaynın mexanizatoru yanğın zamanı yanğınsöndürmə balonundan düzgüz istifadə etməmişdir. İstifadə zamanı qaydalara görə yanğınsöndürmə balonu yanğına 1 - 2 metr aralığında müdaxilə edilməlidir. Lakin həmin kombaynın üzərində olan yanğınsöndürmə balonu yanğına cox yaxın məsafədən istifadə edildiyinə görə yanğınsöndürmə balonun şlanq ucluğu yanaraq tozun balonun içərisindən çıxmasını məhdudlaşdırmışdır. Sübut üçün həmin balonun şlanq ucluğu götürülmüşdür. Mexanizatorla sorğu zamanı məlum oldu ki, mexanizatorlarla yanğına aid rəsmi maarifləndirmə işləri aparılmamışdır. Məhkəmə sorğusuna əsasən iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Dövlət X7 xx xxxxxx 2020-ci il tarixli 37/34-131 saylı məktubundan görünür ki, X19 tərəfindən idarə olunan İddiaçı MMC-yə məxsus “HOLLAND TC-5050” markalı, dövlət qeydiyyat nişanı 66 H 126 olan kombayında taxıl biçini zamanı rayonun Hacallı kəndində xx.xx.2019-cu il tarixdə yanğın hadisəsi baş vermişdir. Yanğının söndürülməsinə Goranboy rayon Dövlət X7 texnikası və şəxsi heyəti cəlb edilmişdir. Məhkəmə sorğusuna əsasən iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin xx xxxxxx 2020-ci il tarixli xx/xx-00265 saylı məktubundan görünür ki, xx.xx.2019-cu il tarixində saat 14.18 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə X2 “101” xidmətinə Goranboy rayonu Hacallı kəndi ərazisində kombaynın yanması haqqında məlumat daxil olmuşdur. Goranboy rayon Dövlət X5 iki ədəd yanğın avtomobili manqa tərkibində hadisə yerinə göndərilmişdir. Yanğından mühafizə bölmələri hadisə yerinə çatarkən "İddiaçı" MMC-yə məxsus, 1974-cü il təvəllüdlü X19 tərəfindən idarə olunan, "NEW HOLLAND TC-5050" markalı, 66-K-126 dövlət qeydiyyat nişanlı kombaynın mühərrik hissəsi və 2 ədəd qabaq təkərinin yanması aşkar olunmuşdur. Yanğın saat 15:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Şəki rayonu Nuruşbulaq kənd ərazisində yanğın hadisəsi barədə Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat daxil olmamışdır. Lakin, qeyd olunan tarixdə saat 15.43 dəqiqədə Yanğınsöndürmə X2 “101” xidmətinə Şəki rayonu, Öyrət kəndi ərazisində kombaynın yanması haqqında məlumat daxil olmuşdur. Şəki rayon Dövlət X7 yanğından mühafizə bölmələri hadisə yerinə saat 15.55 dəqiqədə çatmışdır. "İddiaçı" MMC-yə məxsus, 1964-cü il təvəllüdlü X12 tərəfindən idarə olunan "NEW HOLLAND TC-5050" markalı 66-K-127 dövlət qeydiyyat nişanlı kombaynın mühərrik və kabinə hissəsinin yanması məlum olmuşdur. Yanğın saat 16.15də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Məhkəmə sorğusuna əsasən iş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli Yanğın haqqında aktın surətindən müəyyən olunur ki, akt Goranboy rayonu, Hacallı kəndində "İddiaçı" MMC-yə məxsus "NEW HOLLAND TC-5050" markalı, 66-K-126 dövlət qeydiyyat nişanlı taxılbiçən kombaynda baş vermiş yanğın haqqında tərtib edilmişdir. Yanğın baş verdiyi vaxta kimi kombaynın yanğına qarşı vəziyyəti qeyri-kafi olmuş, kombayn nasaz vəziyyətdə istimar olunmuşdur. Kombaynda yanğının baş verməsinə səbəb kombaynın mühərrik hissəsindəki dinamonun elektrik naqillərində baş verən qısa qapanmanın olması güman olunmuşdur. Aktın “Yanğının baş verməsində təqsirli şəxs” adlı 7-ci bölməsində vətəndaş X18 icarəyə götürdüyü "İddiaçı" MMC-yə məxsus "NEW HOLLAND TC-5050" markalı, 66-K-126 dövlət qeydiyyat nişanlı taxılbiçən kombaynı nasaz vəziyyətdə idarə etməsi qeyd olunmuşdur. Məhkəmə sorğusuna əsasən iş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, X18 "NEW HOLLAND TC-5050" markalı, 66-K-126 dövlət qeydiyyat nişanlı kombaynının istifadəçisi kimi üzərinə yanğın təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 1.20.2-ci bəndinin tələbini pozaraq kombaynda yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən də, xx xxxx 2019-cu il tarixdə, saat 14 radələrində kombaynın daxili elektrik xətlərində baş vermiş qısaqapanmadan yanğın baş vermişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxx 2019-cu il tarixli 37-19 nömrəli İddiaçı açıq səhmdar cəmiyyətinə məxsus taxılyığan kombaynlar üçün yanğınsöndürmə balonları və onların dolumu xidmətinin satınalması barədə müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı taxılyığan kombaynlar üçün 200 ədəd QKT-6 kq-lıq yanğınsöndürmə balonu və 389 ədəd QKT-6 kq-lıq yanğınsöndürmə balonlarının dolumu xidmətinin satınalınması barədə bu müqaviləyə 2 nömrəli əlavəyə uyğun cavabdehin ümumilikdə ƏDV daxil 14162,36 manat məbləğində kotirovka təklifini təbul etmişdir. İddiaçı tərəfindən “01” İyun 2019-cu il tarixində 02/00023885 nömrəli operativ lizinq müqaviləsinə əsasən mexanizator X16 verilmiş “NEW-Holland” TC-5050 markalı taxılyığan kombaynda (buraxılış ili 2014-cü il, şassi: 559754026; mühərrik: 001217203; dövlət nömrə nişanı 66 K 126 ) xx xxxx 2019-cu il tarixində Goranboy rayonu Hacallı kəndində taxıl biçini zamanı yanğın baş vermiş və yanğın zamanı kombaynın mühərrik hissəsi və 2 ədəd qabaq təkəri yanmışdır. İddiaçı tərəfindən “01” İyun 2019-cu il tarixində 02/00023886 nömrəli operativ lizinq müqaviləsinə əsasən mexanizator X8 verilmiş “NEW-Holland” TC-5050 markalı taxılyığan kombaynda (şassi: 559750006; mühərrik: 001205790; dövlət nömrə nişanı 66 K 127) xx xxxx 2019-cu il tarixində Şəki rayonu heyvandarlıq kompleksi ərazisində taxıl biçini zamanı yanğın baş vermiş və yanğın zamanı mühərrik və kabinə hissəsi yanmışdır. Hər iki yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy və Şəki rayonları üzrə Dövlət X10 tərəfindən söndürülmüşdür. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq İdarəsinin araşdırması zamanı "NEW HOLLAND TC-5050" markalı, 66-K-126 dövlət qeydiyyat nişanlı kombaynının istifadəçisi X13 “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 1.20.2-ci bəndinin tələbini pozaraq kombaynda yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi və bu səbəbdən də, xx xxxx 2019-cu il tarixdə, saat 14 radələrində kombaynın daxili elektrik xətlərində baş vermiş qısaqapanmadan yanğının baş verməsi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona məxsus kombaynlarda baş vermiş yanğın zamanı yanğınsöndürən balonların işləməməsi və balonlarda yaranmış nasazlıqların məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, yanğınsöndürən balonların işləməməsinin cavabdeh tərəfindən törədilməsinə dair hər hansı sübutlar iş materiallarına əlavə edilməmişdir. İddiaçı tərəfindən bu hadisəninin cavabdehin təqsirindən baş verməsinin dəlili kimi isə ancaq xx xxxx 2019-cu il tarixli aktı göstərilmişdir. Bu dəlil ilə bağlı məhkəmə qeyd edir ki, xx xxxx 2019-cu il tarixli aktı mötəbər sübut hesab oluna bilməz. Həmin aktı tərtib edən şəxslərdən yalnız Arif Əliyev İddiaçı ASC-nin əməkdaşı deyil, X20, X14, X6, X23 isə İddiaçı ASC-nin işçiləridir. Digər tərəfdən isə qeyd olunan aktda cavabdeh tərəfdən hər hansı şəxsin imzası və ya imzadan imtina etməsi əks olunmamış, habelə fotoşəkil, videoyazı və sair sübutlar əlavə edilməmişdir. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, yanğınsöndürən balonlar yanğın baş vermiş kombaynlarda mühərrik hissəsinin yanında quraşdırılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bu halı onunla əsaslandırmışdır ki, yanğınsöndürən balonların kombaynlarda mühərrik hissəsinin yanında quraşdırılması zavod istismar təlimatlarına uyğun olmaqla istehsalçı zavod tərəfindən məhz həmin yerdə quraşdırılması nəzərdə tutulmuşdur. Lakin iddiaçının nümayəndəsi bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən xx xxx 2014-cü il tarixdə 0397/02 nömrə ilə qeydiyyata alınmış Unifikasiya olunmuş Tozlu yanğınsöndürmə balonu /YTO/TŞAZ-00079xx-xx-2005 texniki şərtindəki dəyişikliklər haqqında 2 nömrəli bildirişin “Təhlükəsizlik tələbləri” adlı 2 nömrəli bölməsinin 2.8-ci bəndindən müəyyən olunur ki, temperatur 323 K (500C)-dən yüksək ola bilən qızdırıcı cihazların yaxınlığında yanğınsöndürənlərin saxlanmasına icazə verilmir. Habelə, xx xxxx 2019-cu il tarixli aktın surətindən göründüyü kimi kombaynın mexanizatoru yanğın zamanı yanğınsöndürmə balonundan düzgüz istifadə etməmiş, kombaynın üzərində olan yanğınsöndürmə balonu yanğına cox yaxın məsafədən istifadə edildiyinə görə yanğınsöndürmə balonun şlanq ucluğu yanaraq tozun balonun içərisindən çıxmasını məhdudlaşdırmışdır. Bu hal iş materiallarına əlavə olunmuş şlanq ucluğunun fotoşəkili ilə də təsdiq olunur. Bundan əlavə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq İdarəsinin “Yanğın haqqında” aktının və Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətlərindən də göründüyü kimi "NEW HOLLAND TC-5050" markalı, 66-K-126 dövlət qeydiyyat nişanlı kombaynda yanğının baş verməsinə səbəb X1 istifadəçisi kimi üzərinə yanğın təhlükəsizlik qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 1.20.2-ci bəndinin tələbini pozaraq kombaynda yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi olmuşdur. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı cavabdehdən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd olunmalı, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı açıq səhmdar cəmiyyətinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-453/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-453/2020
21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver