Məhkəmə qərarları › İş №e-2-2(113)-4532/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4532/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4532/2023 30.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət alqı-satqı müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 149156 manat əsas borc, ödənişin gecikdirilməsinə görə 7458 manat faiz borcu, Mərkəzi Bankın müəyyən etdiyi 15% bank uçot dərəcəsinə uyğun olaraq 23492 manat, hüquqi xidmətlərə görə ödənilmiş 1600 manat, mediasiya xidmətinə və məhkəməyə müraciət etmək üçün dövlət rüsumuna görə 615 manat olmaqla, cəmi 182321 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli, **********743 saylı icarə müqaviləsi və xx.xx.2022-ci il tarixli, **********559 saylı xidmət alqı-satqı müqavilələri imzalanmışdır. xx.xx.2022 tarixli, **********559 saylı xidmət alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə görə sifarişçi ödənişi hesab-fakturanı aldığı tarixdən 30 (otuz) təqvim günü ərzində həyata keçirməlidir. Həmin müqavilənin 6.6-cı bəndinə görə sifarişçi bu müqavilənin 2.1-ci maddəsi ilə müəyyən olunmuş öhdəliyi bu müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icraçı icranın gecikdirildiyi hər təqvim həftəsi üçün bu gecikdirilən ödənişin 0.1% həddində cərimə ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 6.7-ci bəndinə görə cərimənin ümumi məbləği gecikdirilmiş ödənişin 5%-dən çox ola bilməz. Cərimənin məbləği 5%-ə çatdıqda icraçı bu müqaviləni ləğv etmək hüququna malikdir. Qeyd edilən müqavilə üzrə İddiaçı MMC göstərilən xidmətləri lazımi qaydada yerinə yetirərək Cavabdeh MMC-yə təhvil vermiş, sonuncu isə qəbul etmişdir. Tərəflər arasında xx.xx.2023-cü il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi haqqında” akt tərtib edilmiş və akta əsasən xx.xx.2023cü il tarixə sifarişçinin icraçıya 149156,13 manat qalıq borcunun olduğu müəyyən edilmişdir. Sifarişçi tərəfindən alınan mallara və xidmətlərə görə icraçıya 149156,13 manat borc bu günə kimi ödənilməmiş qalmışdır. Bununla bağlı dəfələrlə şifahi şəkildə Cavabdeh MMC-nin rəhbərliyinə və səlahiyyətli şəxslərə müraciət edilməsinə, danışıqlar aoarılmasına baxmayaraq, onlar tərəfindən pulun ödənilməsi istiqamətində heç bir tədbir görülmür və hazırda həmin pullar iddiaçıya ödənilmir. Qeyd edilən borcun könüllü olaraq ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət edilməsinə baxmayaraq, cavabdeh yaranmış borcun məhkəmədən kənar qaydada ödənilməsinə heç bir təşəbbüs göstərməmiş, pretenziyanı cavabsız qoymuşdur. Beləliklə, iddiaçı müqavilə üzrə üzərlərinə götürdüyü bütün öhdəlikləri qüsursuz şəkildə yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsindən qərəzli şəkildə boyun qaçırmışdır. Müqavilənin 6.6 və 6.7-ci bəndlərinə əsasən 149156,13 manatın 5%-i 7458 manat təşkil edir. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. Bu pulların ödənilməsini gecikdirməklə özündə saxlayaraq həmin vəsaitlərdən faydalanmışdır. Buna görə cavabdeh həmin pul vəsaitinin məbləğindən icra edildiyi gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə faizlər ödəməlidir. Məhkəməyə iddia verilən günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi 15%, 156614 manatın 15%-i=23492 manat təşkil edir. Tələb: 149156,13+ 7458=156614; 156614+23492=180106 manat. Mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə ilkin mediasiya sesisyasında iştirak etməyə görə Bakı 10 saylı mediasiya təşkilatına 615 manat mediasiya xərci ödənilmişdir. Həmçinin iddiaçı ilə “Defendo” Vəkil Bürosu arasında xx.xx.2023-cü il tarixdə 225 saylı “Hüquqi yardım göstərilməsi haqqında” müqavilə bağlanılmışdır. Həmin müqaviləyə görə, “Defendo” Vəkil Bürosunun vəkili Vəkil cavabdehin iddiaçıya olan borcunun könüllü qaydada ödənilməsini və ya məhkəmə vasitəsi ilə borcun ödənilməsini təmin etməyi və bu sahədə hüquqi xidmətin göstərilməsini öz üzərinə götürmüşdür. Həmin müqaviləyə əsasən “Defendo” Vəkil Bürosuna İddiaçı MMC tərəfindən 1600 manat məbləğində xidmət haqqı ödənilmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 387.2, 425.1, 425.2, 442, 449.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya qismən etiraz edilmişdir.

Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehin borcunu ödəmə ərəfəsində şirkətin daxilində dəyişiklik baş vermişdir. Şirkətin baş direktoru X4 xx.xx.2023-cü il tarixindən tutduğu vəzifəsindən azad edilərək əvəzinə yeni baş direktor Qanuni nümayəndə2 təyin edilmişdir. Bununla bağlı şirkətdə halhazırda təhvil-təslim prosesi gedir. Təhvil-təslim gedişatında aparılan daxili təftiş zamanı iddiaçı tərəfindən protokolda irəli sürülən 149156 manat (ƏDV daxil olmaqla) tələbə dair göstərilmiş xidmətlərə aid təhvil-təslim aktları da daxil olmaqla bəzi ödəniş sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Həmin uyğunsuzluqları aradan qaldırmaq üçün cavabdeh audit şirkətinə müraciət etmiş və “Ehtiyyat hissələrinin servis xidmətinin araşdırılması”na dair xx.xx.2023-cü il tarixli, 28/T/23 saylı audit rəyi almışdır. Audit rəyinin nəticəsi olaraq müəyyən olunmuşdur ki, cavabdehin müqavilə üzrə iddiaçıya ödəməli olduğu 149156 manat (ƏDV daxil olmaqla) borc məbləği şişirdilmişdir. Audit şirkətinin qiymətləndirmə rəyindən məlum olur ki, həmin məbləğ real məbləğdən 30-35 % artıq göstərilmişdir. Cavabdehin audit şirkətinin qiymətləndirmə rəyini işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edə bilməməsinin əsası ondan ibarətdir ki: 1) Həmin göstərilmiş xidmətlərin qiymətlərinə dair uyğunsuzluqların təftiş prosesində real qiymətlərini müəyyən etmək; 2) Aşkar edilmiş şirkətlərin saylarının çox olması ilə bağlı ardıcıllığın gözlənilməsi və 3) Qiymətləndirmə prosesində bazarın öyrənilməsi böyük vaxt sərfi tələb etmişdir.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə **********559 nömrəli xidmət alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə icraçı bu müqavilə ilə müəyyən olunmuş qaydada sifarişçinin yazılı sifarişi əsasında, bu müqaviləyə əlavə olunmuş və bu müqavilənin tərkib hissəsi hesab edilən 1 saylı Əlavədəki X1 müəyyən olunmuş xidmətlərin aparılması, sifarişçi isə xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş məbləği ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən X1 Xidmətlərin təsviri və qiyməti qeyd olunmalıdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə xidmət haqqı X2 uyğun olaraq hesablanır. İcraçı (X1 başqa şərtlər nəzərdə tutulmayıbsa) yerinə yetirilmiş xidmətlərə görə tərəflər arasında imzalanmış təhvil-təslim aktını təmin etdikdən sonra sifarişçiyə hesab-faktura və elektron qaimə-faktura təqdim edir. Sifarişçi (X1 başqa müddət göstərilməyibsə), ödənişi hesabfakturanı aldığı tarixdən 30 (otuz) təqvim günu ərzində həyata keçirir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən X1 qeyd olunan məbləğlərə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan hər hansı vergi və rüsumlar daxil deyildir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən hazırkı müqavilə əsasında aparılacaq bütün ödənişlər üzrə sifarişçinin öhdəliyi yalnız onun tərəfindən hesab-fakturaları qəbul etdiyi tarixdən sonra gələn növbəti gündən etibarən yaranır. Təqdim ediləcək bütün hesab-fakturalar möhürlənməli və icraçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən icraçı bu müqaviləyə müvafiq olaraq ona ödənilən hər hansı məbləğin üzərinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qoyulan vergi və digər məcburi ödənişləri Azərbaycan Respublikası dövlət büdcəsinə ödəyir və buna görə məsuliyyət daşıyır. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən bütün ödənişlər icraçının bu müqavilədə və ya hesab-fakturada göstərilmiş bank hesabına köçürülür, sifarişçinin bankının komissiyaları sifarişçi tərəfindən, icraçının bankının komissiyaları icraçı tərəfindən ödənilir. Bütün ödənişlər Azərbaycan manatı ilə həyata keçirilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən xidmətlər sifarişçinin yazılı sifarişində qeyd edilmiş müddətdə icraçı tərəfindən yerinə yetirilməlidir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən xidmətlər bu müqavilə ilə müəyyən edilmiş müddətdən gecikdirildiyi hallarda icraçı hər ləngidilmiş təqvim həftəsi üçün 6.4 və 6.5-ci maddələrində göstərilmiş qaydada cərimə oluna bilər. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, məsuliyyət daşıyırlar və bununla qarşı tərəfə vurduqları zərərin əvəzini (vasitəli və ya dolayı zərər yaxud itki, əldən çıxmış fayda və ya gəlir, hasilat, məhsul itkisi istisna olmaqla) ödəməyə borcludurlar. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər xidmətlərin nəticələrini sifarişçidən geri aldıqda, icraçı, sifarişçinin həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, sifarişçiyə dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən icraçı xidmətlərin keyfiyyətinə görə məsuliyyət daşıyır. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən icraçı bu müqavilə ilə müəyyən olunmuş öhdəliyini bu müqavilədə nəzərdə tutulmuş müddətlərdə yerinə yetirməzsə, sifarişçi icranın gecikdirildiyi hər təqvim həftəsi üçün gecikdirilən xidmətlərin dəyərinin 0,1%-i (sıfır tam onda bir faiz) məbləğində cərimənin ödənilməsini icraçıdan tələb edə bilər. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən cərimənin ümumi məbləği gecikdirilən xidmətlərin dəyərinin 5%-dən (beş faizindən) çox ola bilməz. Cərimənin ümumi məbləği 5%-ə (beş faizə) çatdıqda sifarişçi bu müqaviləni dərhal ləğv etmək hüququnu özündə saxlayır. Həmin müqavilənin 6.6-cı bəndinə əsasən sifarişçi bu müqavilənin 2.1.-ci maddəsi ilə müəyyən olunmuş öhdəliyini bu müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icraçı icranın gecikdirildiyi hər təqvim həftəsi üçün bu gecikdirilən ödənişin 0,1 %-i (sıfır tam onda bir faizi) həddində cərimə ödənilməsini tələb edə bilər. Həmin müqavilənin 6.7-ci bəndinə əsasən cərimənin ümumi məbləği gecikdirilmiş ödənişin 5%-dən (beş faizindən) çox ola bilməz. Cərimənin məbləği 5%-ə (beş faizə) çatdıqda icraçı bu müqaviləni ləğv etmək hüququna malikdir. Həmin müqavilənin 6.8-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən olunmuş cərimələrin və vurulmuş hər hansı ziyanın ödənilməsi icraçını müqavilə üzrə öhdəliklərinin icra edilməsi öhdəliyindən azad etməyəcək. Həmin müqavilənin 6.9-cu bəndinə əsasən icraçı xidmətlərin icrası zamanı öz işçilərinə dəyən zərərə görə məsuliyyət daşıyır və bu cür halların qarşısını almaq üçün bütün tədbirləri görməlidir.

8. İcarəyə verən qismində İddiaçı MMC ilə icarəçi qismində Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə **********743 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilədə qeyd olunur ki, icarəyə verən icarəçi tərəfindən tələb olunan maşınmexanizmlərin, nəqliyyat vasitələrinin və s. avadanlıqların (bundan sonra “İcarə Obyekti”) sahibidir və icarə obyektini icarəçiyə icarəyə vermək niyyətindədir, bu müqaviləyə əsasən icarəyə verən tərəfindən icarəçiyə veriləcək icarə obyektinin adı, siyahısı, təsviri, icarə müddəti və həmin icarə obyektinin icarə qiymətinin icarəçi tərəfindən verilən və icarəyə verən tərəfindən təsdiq edilən, bu Müqaviləyə əlavə olunacaq Sifariş Orderində/Sifariş Orderlərində (bundan sonra “Sifariş Orderi" və/və ya “Sifariş Orderləri”) təsbit edildiyini nəzərə alaraq, tərəflər müqavilədə göstərilən şərtlərə dair birgə razılaşma əldə etmişlər. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən icarə obyektini icarəçinin sifarişi əsasında icarəçiyə icarəyə verməyi, icarəçi isə müvafiq sifariş orderində/sifariş orderlərində göstərilən hesablanmış icarə haqqını müqavilənin şərtlərinə əsasən ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icarəyə verən bu müqaviləyə əsasən icarə obyektini tam saz halda təhvil-təslim aktının tərtib edilməsi yolu ilə icarəçiyə təhvil verir və onun imzalandığı tarixdən etibarən icarə obyekti icarəçinin icarəsinə verilmiş hesab edilir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən icarəyə verən onun tərəfindən bu müqaviləyə əsasən icarəyə verilən icarə obyektinin tam saz vəziyyətdə olmasına dair zəmanət verir. İcarəyə verən zəmanət verir ki, heç bir üçüncü şəxsin, bu müqavilə üzrə icarəyə verilən icarə obyekti ilə əlaqədar olaraq heç bir hüququ və ya marağı mövcud deyil və həmin icarə obyekti icarəyə verənin icarə obyektidir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən sifariş orderində/sifariş orderlərində göstərilən icarə müddətinin başa çatmasından sonra icarəçi sifariş orderində sifariş orderlərində göstərilən və bu müqavilə əsasında icarəyə götürdüyü icarə obyektini təbii köhnəlmə nəzərə alınmaqla saz vəziyyətdə icarəyə verənə təhvil-təslim aktı əsasında qaytarmağı öhəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə müvafiq olaraq icarəyə verən tərəfindən ay ərzində icarəçiyə icarəyə verilmiş icarə obyekti müqabilində icarəçi icarəyə verənə tərəflərlə imzalanan sifariş orderlərinə müvafiq olaraq hesablanmış icarə haqqı ödəyir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəyə verən hər ay bu müqavilənin 2.1-ci bəndinə uyğun olaraq icarə haqqı üçün hesab-fakturanı həmin ay başa çatdıqdan sonra 5 (beş) iş günü ərzində təqdim edir. Hər hesab-faktura tərəflərlə imzalanan təhvil-təslim aktı ilə müşayiət olunur. Həmin müqavilənin 2.3-ci bəndinə əsasən icarəçi icarəyə verənin hesabfakturalarının tam məbləğini, yaxud onun mübahisə edilməyən hissəsini, onların təqdim edildiyi tarixdən 30 (otuz) təqvim günündən gec olmayaraq ödəməlidir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən bütün ödənişlər icarəyə verənin bu müqavilədə və ya hesabfakturada göstərilmiş bank hesabına köçürülür. İcarəçinin bankının komissiyaları icarəçi tərəfindən, icarəyə verənin bankının komissiyaları icarəyə verən tərəfindən ödənilir. Bütün ödənişlər Azərbaycan manatı ilə ödənilir.

9. İddiaçı tərəfindən məhkəməyə İddiaçı MMC tərəfindən müqavilələr üzrə Cavabdeh MMC-yə göndərilmiş bəzi elektron qaimələr təqdim olunmuşdur.

10. xx.xx.2023-cü il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, 31 iyul 2023-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 149156,13 manat (ƏDV daxil) təşkil edir. Sözügedən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Aktda xx.xx.2023-cü il tarixə qalıq məbləğin 142791,45 manat, xx.xx.2023-xx.xx.2023-cü il ərzində cəmi dövriyyənin 6364, 68 manat, xx.xx.2023-cü il tarixə cəmi qalıq borcun 149156,13 manat təşkil etdiyi göstərilir.

11. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AZ0010968 nömrəli çıxarışdan müəyyən edilir ki, İddiaçı MMC tərəfindən De Fendo Vəkil Bürosunun AZ79AİİB400600D**********105 nömrəli hesabına 1620 manat məbləğində (ödənişin təyinatı: EBDG seriyalı, 942891 nömrəli elektron qaimə) ödəniş edilmişdir.

12. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AZ0011037 nömrəli çıxarışdan müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Bakı 10 saylı Mediasiya Təşkilatının AZ34AİİB400600D**********107 nömrəli hesabına 615 manat məbləğində (ödənişin təyinatı: EBDG seriyalı, 942891 nömrəli elektron qaimə) ödəniş edilmişdir.

13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

14. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında icarə, xidmət alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqavilələr əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları və qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə öz təsdiqini tapır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

18. İddia tələbinin bir hissəsini cavabdehdən 149156 manat məbləğində əsas borcun tutulması təşkil edir.

19. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun müqavilələr üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən müqavilələr üzrə ödənilməmiş qalan 149156 (yüz qırx doqquz min yüz əlli altı) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu tərəflər arasında tərtib olunmuş borcların qarşılıqlı üzləşdirilməsi aktı ilə öz təsdiqini tapır.

20. Qeyd olunmalıdır ki, cavabdehin nümayəndəsi də borcun olduğunu qəbul etmiş, lakin borcun göstərilən məbləğdə olması ilə razılaşmamışdır. Cavabdehin nümayəndəsi bildirmişdir ki, müqavilə üzrə iddiaçıya ödəmənilməli 149156 manat (ƏDV daxil olmaqla) borc məbləği şişirdilmişdir, həmin məbləğ real məbləğdən 30-35 % artıq göstərilmişdir. Cavabdehin nümayəndəsi əsas kimi cavabdehin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş audit şirkətinin qiymətləndirmə rəyinə istinad etmiş və məhkəməyə həmin rəyi təqdim etmişdir. Rəydən göründüyü kimi, qiymətləndirmə obyekti ehtiyyat hissələrinin servis xidməti olmuş, Cavabdeh MMC-nin sifarişinə əsasən qeyd olunan ehtiyyat hissələri üzrə xidmətlər və həmin hissələrin qiymətləri araşdırılmış, araşdırmalar nəticəsində əldə olunmuş təklif qiymətləri xx.xx.2023-cü il tarixinə cədvəldə təqdim olunmuşdur.

21. Məhkəmənin qənaətinə əsasən ehtiyyat hissələri üzrə xidmətlər və həmin hissələrin qiymətlərindəki fərqlər 149156 manat məbləğində əsas borcun tutulmasına dair iddianın tam təmin olunmaması üçün əsas ola bilməz və cavabdehin həmin hissədə iddiaya qismən etirazı əsaslı sayıla bilməz. Belə ki, qeyd olunan müqavilələr üzrə münasibətlər hüquqi şəxslər arasında yaranmış, müqavilə iki hüquqi şəxs arasında bağlanmış və müqavilələr tərəflərin razılaşdırılmış iradə ifadəsinin nəticəsi olaraq bağlanmış, müqavilə şərtləri müəyyən olunmuşdur. Ona görə də cavabdeh tərəfin göstərdiyi hallar fərqli nəticəyə gəlmək üçün əsas ola bilməz.

22. Bundan əlavə iddiaçı cavabdehdən 7458 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.

23. Tərəflər arasında bağlanmış müqavilələrə əsasən sifarişçi öhdəliyini müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməzsə, icraçı icranın gecikdirildiyi hər təqvim həftəsi üçün bu gecikdirilən ödənişin 0,1 %-i (sıfır tam onda bir faizi) həddində cərimə ödənilməsini tələb edə bilər. Cərimənin ümumi məbləği gecikdirilmiş ödənişin 5%-dən (beş faizindən) çox ola bilməz.

24. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 2000 (iki min) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

25. İddia tələbinin digər hissəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən hesablanmış (Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi, 15% dərəcəsi ilə) 23492 manat məbləğində pulun cavabdehdən tutulması təşkil edir.

26. Məhkəmənin gəldiyi nəticəyə əsasən iddiaçı cavabdehin iddiaçının pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmasına dair sübutları məhkəməyə təqdim etmədiyinə görə həmin əsasla pul vəsaiti cavabdehdən tutula bilməz.

27. Lakin müəyyən olunur ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdirmişdir. Ona dörə də məhkəmənin qənaətinə əsasən iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, cavabdeh gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

28. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən təmin olunmalıdır. Gecikdirmə vaxtı dəqiq müəyyən edilə bilmədiyindən aktda göstərilən 142791,45 manat məbləğə münasibətdə 6 ay, 6364,68 manat məbləğə münasibətdə isə 2 ay gecikdirmə müddəti götürılərək, məhkəmə belə nəticəyə gəlir ki, icranın gecikdirilməsinə görə 3623 manat ((142791,45x5:100:12x6=3570)+(6364,68x5:100:12x2=53)=3623) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır.

29. Eləcə də, iddiaçı hüquqi xidmətlərə görə ödənilmiş 1600 manat, mediasiya xidmətinə və məhkəməyə müraciət etmək üçün dövlət rüsumuna görə 615 manat cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

30. Məhkəmə hesab edir ki, ödənilmiş mediasiya və hüquqi yardım xərcinə görə 1115 (min yüz on beş) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 149156 (yüz qırx doqquz min yüz əlli altı) manat əsas borc, 2000 (iki min) manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 3623 (üç min altı yüz iyirmi üç) manat, ödənilmiş mediasiya və hüquqi yardım xərcinə görə 1115 (min yüz on beş) manat olmaqla, cəmi 155894 (yüz əlli beş min səkkiz yüz doxsan dörd) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar