Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4535/2023 07.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, qarşılıqlı üzləşmə aktı, dəbbə pulunun azaldılması, mediasiya xərci, dövlət rüsumu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh QSC) qarşı iddia ərizəsi və daha sonra iddiadan hissəvi imtina barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 128 811,42 manat əsas borcun, 256 404 manat cərimənin və ödənilmiş dövlət rüsumu və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 708 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 07 saylı alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə beton məhlulu satmışdır. Həmin müqaviləyə uyğun olaraq, iddiaçı tərəfindən avqust 2021-ci il – sentyabr 2022-ci il dövründə ümumi dəyəri 490 292,36 manat olan beton məhlulu cavabdehin tikinti sahəsinə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmə müvafiq qaydada rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən müqavilə şərtlərinə görə xx.xx.2022-ci il tarixədək göstərilən məbləğ iddiaçının bank hesabına köçürülməklə ödənilməli idi. 2.2. Lakin bu günədək cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, beton məhlulunun ümumi dəyərindən yalnız 337 980,94 manat və 23500 manat ödəmişdir. Həmçinin adıçəkilən müqaviləyə görə, cavabdehin iddiaçıya aşağıda göstərilən qaydada hesablanmış cərimə borcu yaranmışdır: xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (187 208,66 AZN x 1% x 60 gün =) 112 325 manat; xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (167 311,42 AZN x 1% x 40 gün =) 66924 manat; xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (157 311,42 AZN x 1% x 20 gün =) 31462 manat; xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (152 311,42 AZN x 1% x 30 gün =) 45693 manat olmaqla ümumilikdə 256 404 manat.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 462, 567-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək qeyd etdi ki, iddiaçı və cavabdehin rəhbərləri arasında şifahi razılıq əldə olunmuş, bu səbəbdən də 23500 manat (iddiadan hissəvi imtina olunan) məbləğində borc ödənilmişdir. Həmçinin göstərdi ki, əsas borcla razı olsalar da, dəbbə pulu əsassız hesablandığı üçün o hissədə iddianın rədd olunması zəruridir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İddia ərizəsinə əlavə olunmuş 01 avqust 2021-ci il tarixli 07 nömrəli alqı-satqı müqaviləsinin (iddiaçı satıcı qismində, cavabdeh alıcı qismində) şərtlərindən görünür ki, “Satıcı” razılaşmaya əsasən beton məhlulunu hazırlayaraq “Alıcı”nın tikinti sahəsinə verməyi öhdəsinə götürür (1.1). “Alıcı” “Satıcı” tərəfindən onun sahəsinə verilmiş beton məhlulunu qəbul edir və dəyərini vaxtında və tam şəkildə, müqavilə şərtlərində nəzərdə tutulmuş qaydada “Satıcı”nın müvafiq bankda olan hesablaşma hesabına köçürür (1.2). Satılan beton məhlulunun dəyəri nəzərdə tutulan partiyalara uyğun olaraq “Alıcı” tərəfindən “Satıcı”nın bank hesabına ödənilir (5.1). Əgər beton məhlulunun dəyərinin ödənilməsi beton qəbul edildikdən sonra razılaşdırılarsa, o halda “Alıcı” malı qəbul etdikdən sonra 3 (üç) gün ərzində məhsulun dəyərini “Satıcı”nın bank hesabına köçürməlidir (5.2).
11. Adıçəkilən müqaviləyə 01 dekabr 2021-ci il tarixli 1 saylı əlavəyə (qiymətlərin razılaşdırılması protokoluna) əsasən ƏDV xaric Beton B-7,5 – 57AZN; Beton B-10 – 68 AZN; Beton B-25 – 83 AZN kimi, 21 fevral 2022-ci il tarixli 2 saylı əlavəyə (qiymətlərin razılaşdırılması protokoluna) əsasən ƏDV xaric Beton B-20 – 75 AZN; Beton B-30 – 87 AZN kimi, 25 iyul 2022-ci il tarixli 3 saylı əlavəyə (qiymətlərin razılaşdırılması protokoluna) əsasən ƏDV xaric Beton B-25 – 100 AZN kimi razılaşdırılmışdır.
12. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2021-ci il tarixli EBBJ 017626 seriya və nömrəli elektron qaimə ƏDV daxil 39807,3 manat, xx.xx.2021-ci il tarixli EBBK 200234 seriya və nömrəli elektron qaimə ƏDV daxil 80801,68 manat, xx.xx.2021-ci il tarixli EBBK 310581 seriya və nömrəli elektron qaimə ƏDV daxil 7646,4 manat, xx.xx.2021-ci il tarixli EBBK 600382 seriya və nömrəli elektron qaimə ƏDV daxil 16803,2 manat, xx.xx.2021-ci il tarixli EBBL 281184 seriya və nömrəli elektron qaimə ƏDV daxil 30477,04 manat, xx.xx.2021-ci il tarixli EBBL 424627 seriya və nömrəli elektron qaimə ƏDV daxil 14443,2 manat, xx.xx.2021-ci il tarixli EBBM 711402 seriya və nömrəli elektron qaimə ƏDV daxil 34507,92 manat, xx.xx.2021-ci il tarixli EBBN 954323 seriya və nömrəli elektron qaimə ƏDV daxil 33876,62 manat, xx.xx.2022-ci il tarixli EBBP 617261 seriya və nömrəli elektron qaimə ƏDV daxil 45640,04 manat, xx.xx.2022-ci il tarixli EBBR 467978 seriya və nömrəli elektron qaimə ƏDV daxil 12634,26 manat, xx.xx.2022-ci il tarixli EBBS 133484 seriya və nömrəli elektron qaimə ƏDV daxil 807,12 manat, xx.xx.2022-ci il tarixli EBBT 683374 seriya və nömrəli elektron qaimə ƏDV daxil 57440,04 manat, xx.xx.2022-ci il tarixli EBBU 886806 seriya və nömrəli elektron qaimə ƏDV daxil 34859,56 manat, xx.xx.2022-ci il tarixli EBBW 638198 seriya və nömrəli elektron qaimə ƏDV daxil 53718,91 manat, xx.xx.2022-ci il tarixli EBBX 587781 seriya və nömrəli elektron qaimə ƏDV daxil 17433,32 manat, xx.xx.2022-ci il tarixli EBBZ 162835 seriya və nömrəli elektron qaimə ƏDV daxil 309,75 manat, xx.xx.2022-ci il tarixli EBCE 070525 seriya və nömrəli elektron qaimə ƏDV daxil 9086 manat olmaqla ümumilikdə ƏDV daxil 490 292,36 manat dəyərindəki malların təhvili üçün rəsmiləşdirilmişdir.
13. Tərəflər arasında tərtib edilmiş və hər iki hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehlə iddiaçı arasında 17 elektron qaimə üzrə ümumilikdə ƏDV daxil 490 292,36 manat həcmində mal dövriyyəsi olmuş, həmin tarixə cavabdeh tərəfindən 271 850 manat əsas məbləğ, 66130,35 manat ƏDV ödənilmiş, cavabdehin iddiaçıya 143 651,41 manat əsas məbləğ, 8660,01 manat ƏDV borcu qaldığı təsdiqlənmişdir.
14. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, iddiaçı iddia tələbindən qeyd edilən əsas borcdan cavabdeh tərəfindən 23500 manat ödənildiyini bildirmişdir.
15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 01 avqust 2021-ci il tarixli 07 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı beton məhlulunu cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edib razılaşdırılmış qaydada dəyərini iddiaçının bank hesabına köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixə qarşılıqlı yoxlama əsasında borcların üzləşməsi aparılmış və hər iki hüquqi şəxsin möhürü ilə cavabdehin iddiaçıya olan borcu 152 311,42 manat məbləğində təsdiqlənmişdir. İddiaçı ilə cavabdeh arasında ümumilikdə ƏDV daxil 490 292,36 manat dəyərində mal dövriyyəsi olmuş və xx.xx.2023-cü il tarixli məlumat nəzərə alındığında 361480,94 manat dəyərində malın qiyməti ödənilmişdir.
16. İddiaçı alqı-satqı müqaviləsinə əsasən verilmiş malların qalıq dəyəri olan ƏDV daxil 128 811,42 manat pulun ödənilməsini tələb edir.
17. Cavabdeh tərəf 01 avqust 2021-ci il tarixli 07 nömrəli alqı-satqı müqaviləsi üzrə əsas borcla razılığını ifadə edir.
18. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
19. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
22. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
23. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub (müqavilənin 5.2-ci bəndi ilə ödənişin malı qəbul etdikdən sonra 3 gün ərzində həyata keçirilməsinin razılaşdırıldığı nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
24. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
30. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
31. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 01 avqust 2021-ci il tarixli 07 nömrəli alqısatqı müqaviləsi üzrə 128 811,42 əsas borc Cavabdeh QSC-dən tutularaq İddiaçınə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
32. İddia ərizəsində iddiaçı həmçinin 256404 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.
33. 01 avqust 2021-ci il tarixli 07 nömrəli alqı-satqı müqaviləsinin 6-cı hissəsinə əsasən, “Alıcı” qəbul etmiş olduğu beton məhlulunun dəyərini müqavilədə nəzərdə tutulan müddət ərzində ödənməzsə, ödənişin hər gecikdirilən günü üçün ödənilməmiş məbləğin 1 (bir) %-i miqdarında cərimə ödəyir. Bundan əlavə ödənilməmiş məbləğə görə “Satıcı” tərəfindən “Alıcı”ya qarşı Azərbaycan Respublikasının qüvvədə mülki qanunvericiliyində nəzərdə tutulan cərimə növlərini tətbiq edə bilər.
34. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
35. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
36. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
37. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da 01 avqust 2021-ci il tarixli 07 nömrəli alqı-satqı müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə (məhkəmə icraatının gedişində edilmiş ödənişlər istisna olmaqla) olsa da, uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
38. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 6500 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
39. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cərimənin tutulması tələbi qismən təmin edilməli, 6500 manat məbləğində cərimə Cavabdeh QSC-dən tutularaq İddiaçınə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
40. İddiaçı həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 708 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
41. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞB/2-02963/23 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərci iddiaçının nümayəndəsi tərəfindən ödənmişdir.
42. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən edilir ki, ********** nömrəli mədaxil qəbzi ilə 309 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
43. Məhkəmə “Dövlət rüsumu haqqında” Qanunun 8.1 və 8.1.4-cü maddəsinə əsasən müəyyən edir ki, hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən ödənilməli olan dövlət rüsumunun məbləği 699 manat təşkil etmişdir.
44. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
45. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
46. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
47. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
48. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
49. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır.
50. Məhkəmə mübahisənin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının cavabdeh tərəfindən pozulması nəticəsində meydana gəldiyini, iddia verildikdən sonra iddia tələbinin bir hissəsinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçının öz tələbindən həmin hissədə imtina etdiyini, iddiaçının çəkdiyi bütün xərcləri tələb etdiyini, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən ödənilməli olan dövlət rüsumunun məbləğinin 699 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 299 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat Cavabdeh QSC-dən tutularaq İddiaçınə ödənilməlidir.
V. Nəticə:
51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 128 811 (yüz iyirmi səkkiz min səkkiz yüz on bir) manat 42 (qırx iki) qəpik əsas borc, 6500 (altı min beş yüz) manat cərimə borcu olmaqla ümumilikdə 135 311 (yüz otuz beş min üç yüz on bir) manat 42 (qırx iki) məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 299 (iki yüz doxsan doqquz) manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Nərmin Əhmədova