Məhkəmə qərarları › İş №e-2-2(113)-4539/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4539/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4539/2021 14.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 22675,45 manat məbləğində əsas borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat xərcin, cəmi 22905,45 manatın tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qiyabi qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 22675,45 manat məbləğində əsas borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat xərcin, cəmi 22905,45 manatın tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alınaraq fəaliyyət göstərir. Cavabdehə Şəhadətnamə verilərək ********** (VÖEN) nömrə ilə qeydiyyata götürülmüşdür. İddiaçı ilə cavabdeh arasında 12 mart 2020-ci il tarixdə 1203-AS/20 saylı alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə cavabdeh iddiaçıdan qəbul etdiyi müxtəlif adda ərzaq və qeyri ərzaq məhsullarını qaimə-faktura ilə təhvil alandan 21 iş günü ərzində həmin ərzaq məhsullarının müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 22.06.2021-ci il tarixli maliyyə arayışına əsasən 13 adda qaimə-faktura ilə cəmi 22675,45 manat dəyərində ərzaq və qeyri-ərzaq məhsullarını qəbul etmiş və həmin ərzaq və qeyriərzaq məhsullarının dəyərini 21 iş günü ərzində ödəməli olduğu halda, bu günə kimi ödəməmişdir. Cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirməsi barədə pretenziya mektubu hüquqi ünvana göndərilmiş, lakin hüquqi ünvan üzrə fəaliyyət dayandırılmışdır. Cavabdehin iddiaçıya vurduğu 22675,45 manat məbləğində əsas borcu ödəməli və aralarında bağlanan 12 mart 2020-ci il tarixdə 1203-AS/20 saylı alqı-satqı müqaviləsinə xitam verilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 238 və 241-ci maddələrinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı isə buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razı olduğunu bildirmişdir. Məhkəmənin qərardadı ilə, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 12 mart 2020-ci il tarixdə 1203-AS/20 saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı bu müqavilədə müəyyən olunmuş şərtlərlə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarını (bundan sonra "malları") cavabdehə satmağı, cavabdeh isə həmin şərtlər daxilində malları qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər. 13 ədəd elektron qaimələrin surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 31055,91 manat dəyərində mal satılmışdır. 22.06.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən cavabdehə 31055,91 manat dəyərində mal satılmış, cavabdeh tərəfindən 2140 manat məbləğində ödəniş edilmiş, iddiaçı tərəfindən borcun 6240,46 manat məbləği cavabdehə güzəşt edilmiş, cavabdehin iddiaçıya olan qalıq borcu 22675,45 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edərək, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Həmin Qaydaların 3.7.1-ci bəndinə əsasən elektron qaimə-faktura malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt təqdim edilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında 12 mart 2020-ci il tarixdə 1203-AS/20 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı bu müqavilədə müəyyən olunmuş şərtlərlə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarını (bundan sonra "malları") cavabdehə satmağı, cavabdeh isə həmin şərtlər daxilində malları qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə 31055,91 manat dəyərində mal satılmış, cavabdeh tərəfindən 2140 manat məbləğində ödəniş edilmiş, iddiaçı tərəfindən borcun 6240,46 manat məbləği cavabdehə güzəşt edilmiş, cavabdehin iddiaçıya olan qalıq borcu 22675,45 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Eyni zamanda, alqı-satqı müqaviləsi konsensual, ikitərəfli və əvəzli müqavilədir. Alqı-satqı müqaviləsi konsensual müqavilədir, ona görə ki, bu müqavilə üzrə tərəflərin hüquq və vəzifələri onların müqavilədən irəli gələn hüquq və vəzifələr barədə razılaşmaları anından əmələ gəlir. Müqavilədə nəzərdə tutulmuş əşyanın verilməsi isə satıcının artıq mövcud müqavilə üzrə öz borcunu icra etməsidir. Belə müqavilə iki tərəfin alıcının və satıcının bir-birilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə varadır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 12 mart 2020-ci il tarixdə 1203-AS/20 saylı alqı-satqı müqaviləsinə və elektron qaimələrə əsasən yaranmış 22675,45 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241, 242, 244, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 22675,45 manat məbləğində əsas borc, ödənilmiş 30 manat dövlət rüsumu və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat xərc, cəmi 22905,45 manat tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra qiyabi qətnamədən 1 ay müddətinə Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə çıxarıldığı gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar