Məhkəmə qərarları › İş №e-2-2(113)-454/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-454/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-454/2020 18.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Bağman qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər «X4 ve Ticaret Anonim» Şirkətinin, «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkətinin və «X5 ve Sanayi Anonim» şirkətinin nümayəndəsi və vəkili Nümayəndə1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar «X4 ve Ticaret Anonim» Şirkətinin, «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkətinin və «X5 ve Sanayi Anonim» şirkətinin Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı cavabdehdən 991.280 Avro pul vəsaitinin tutularaq iddiaçı «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkətinə, 132482 Avro pul vəsaitinin tutularaq iddiaçı «X4 ve Ticaret Anonim» şirkətinə, 128397 Avro pul vəsaitinin tutularaq iddiaçı «X4 ve Ticaret Anonim» şirkətinə ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdehlər «X4 ve Ticaret Anonim» Şirkətinə, «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkətinə və «X5 ve Sanayi Anonim» şirkətinə qarşı xx.xx.2016-cı il tarixli («Aras Makina ve X2 ve Sanayi Anonim» şirkəti ilə Cavabdeh açıq səhmdar cəmiyyəti arasında, 99128080.00 Avro məbləğinə dair) Qarşılıqlı üzləşmə Aktının, xx.xx.2016-cı il tarixli («Aras Makina ve X2 ve Sanayi Anonim» şirkəti ilə Cavabdeh açıq səhmdar cəmiyyəti arasında, 78450,00 ABŞ dolları məbləğinə dair) Qarşılıqlı üzləşmə Aktının, xx.xx.2016-cı il tarixli («X4 ve Ticaret Anonim» Şirkəti ilə Cavabdeh açıq səhmdar cəmiyyəti arasında, 132482.00 Avro məbləğinə dair) Qarşılıqlı üzləşmə Aktının, xx.xx.2016-cı il tarixli («X5 ve Sanayi Anonim» şirkəti ilə Cavabdeh açıq səhmdar cəmiyyəti arasında, 128397,00 Avro məbləğinə dair) Qarşılıqlı üzləşmə Aktının, xx.xx.2016-cı il tarixli Müqavilənin, Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından, əhəmiyyətsiz, etibarsız, bağlanmamış kimi tanınması və ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) «X4 ve Ticaret Anonim» Şirkəti, «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkəti, «X5 ve Sanayi Anonim» şirkətinin ilk iddia üzrə cabavdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddiasının əsassız, qanunsuz, qeyri-hüquqi və qeyri-obyektiv olduğundan təmin etmədən rədd edilməsi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İlkin iddia üzrə iddiaçılar cavabdehə qarşı cavabdehdən 991.280 Avro pul vəsaitinin tutularaq iddiaçı «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkətinə, 132482 Avro pul vəsaitinin tutularaq iddiaçı «X4 ve Ticaret Anonim» şirkətinə, 128397 Avro pul vəsaitinin tutularaq iddiaçı «X4 ve Ticaret Anonim» şirkətinə ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehlərə qarşı xx.xx.2016-cı il tarixli («Aras Makina ve X2 ve Sanayi Anonim» şirkəti ilə Cavabdeh açıq səhmdar cəmiyyəti arasında, 99128080.00 Avro məbləğinə dair) Qarşılıqlı üzləşmə Aktının, xx.xx.2016-cı il tarixli («Aras Makina ve X2 ve Sanayi Anonim» şirkəti ilə Cavabdeh açıq səhmdar cəmiyyəti arasında, 78450,00 ABŞ dolları məbləğinə dair) Qarşılıqlı üzləşmə Aktının, xx.xx.2016-cı il tarixli («X4 ve Ticaret Anonim» Şirkəti ilə Cavabdeh açıq səhmdar cəmiyyəti arasında, 132482.00 Avro məbləğinə dair) Qarşılıqlı üzləşmə Aktının, xx.xx.2016-cı il tarixli («X5 ve Sanayi Anonim» şirkəti ilə Cavabdeh açıq səhmdar cəmiyyəti arasında, 128397,00 Avro məbləğinə dair) Qarşılıqlı üzləşmə Aktının, xx.xx.2016-cı il tarixli Müqavilənin, Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından, əhəmiyyətsiz, etibarsız, bağlanmamış kimi tanınması və ilk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) «X4 ve Ticaret Anonim» Şirkəti, «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkəti, «X5 ve Sanayi Anonim» şirkətinin ilk iddia üzrə cabavdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddiasının əsassız, qanunsuz, qeyri-hüquqi və qeyri-obyektiv olduğundan təmin etmədən rədd edilməsi barədə qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdeh ilə mal alğısatqısına dair xx.xx.2012-ci il tarixində 005 saylı müqavilə bağlamışlar. Müqavilə şərtlərinə görə iddiaçılar satıcı, cavabdeh isə alıcı qismində çıxış edir. Aralarında bağlanmış müqavilə ilə razılaşdırılmış qiymət əsasında, satıcı kimi iddiaçılar tərəfindən cavabdehə avadanlıq satılmışdır. Avadanlıqlar cavabdeh tərəfindən götürülərək qəbul edilmişdir. Mal qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar, çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçılar tərəfindən aralarında bağlanmış müqavilənin satıcının hüquq və vəzifələrini özündə ehtiva edən tələbləri yerinə yetirilmiş, müqavilə ilə razılaşdırılmış mal tam şəkildə alıcıya təhvil verilmişdir. Müqavilə şərtləri əsasında mal alındıqdan sonra alıcı müqavilə üzrə şərtləşdirilmiş şəkildə malın dəyərini ödəməli idi. Lakin hal-hazırki günə qədər malı almış cavabdeh tərəfindən ödənişin bir hissəsi həyata keçirilsə də, 800.000 avro məbləğində ödəniş həyata keçirilməmişdir. Cavabdeh borcunu iddiaçılarla birgə imzaladığı üzləşdirmə aktları əsasında təsdiq etmişdir. Müqavilə alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyini nəzərdə tutur. Lakin indiyədək alıcı tərəfindən alınmış malın dəyəri ödənilməmişdir və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icraetməmişdir. Qeyd edilən müqavilə hər iki tərəfin qarşılıqlı iradə ifadəsi və razılaşdırılması ilə Azərbaycan Respublikasının mülki qanunvericiliyi əsasında bağlanmışdır. İddiaçılar tərəfindən müqavilə üzrə öhdəlik icra edilmişdir. Alıcı tərəfindən öhdəlik icra edilməmişdir. xx.xx.2012-ci il tarixli, 005 saylı müqavilənin 2-ci bəndi alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyini nəzərdə tutur. İddiaçılarla cavabdeh arasında tərtib edilmiş Qarşılıqlı üzləşmə Aktına əsasən cavabdehin iddiaçılara olan borcu ******* avro və 78450 ABŞ dolları təşkil edir. Həmin akt cavabdehin Baş direktorunun imzası və möhürü ilə təsdiq edilmişdir. Bundan əlavə, iddiaçılar cavabdehlə aralarında olan dostluq və əməkdaşlıq münasibətlərini nəzərə alaraq, cavabdehə borcu ödəmək üçün müəyyən müddət verilməsinə dair razılığa gəlmişlər. Həmin razılaşma əsasında borcun təsdiqinə dair aralarında xx.xx.2016-cı il tarixdə əlavə bir müqavilə bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən cavabdeh borcunu iddiaçılara hissə-hissə ödəməyinə dair öhdəliyi qəbuletmişdir. Lakin hazırkı günə qədər cavabdeh tərəfindən nə əsas, nə də əlavə müqavilə əsasında yaranmış öhdəliklər üzrə borclar ödənməmiş və cavabdeh müqavilə şərtlərinə əməl etməmişdir. Buna dair cavabdehə edilən müraciətlər də nəticəsiz qalmışdır. İlkin iddia üzrə iddiaçıların, qarşılıqlı iddia üzrə cavabadehlərin nümayəndəsi və vəkili Nümayəndə1məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək, ilkin iddia ərizəsinə uyğun izahat verdi, sonra əlavə olaraq bildirdi ki, iddiaçıların təsisçisi eyni şəxs olduğundan müqaviləyə əsasən iddiaçıların hər biri ilkin iddia üzrə cavabdehə mal satdığından birgə iddiaçı kimi iddia qaldırmışlar. Sonda ilkin iddia üzrə iddiaçıların, qarşılıqlı iddia üzrə cavabadehlərin nümayəndəsi və vəkili ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçıların ilkin iddia üzrə cavabdehə qarşı alqı-satqı müqaviləsi üzrə pultələbinə dairiddiasını əsassız, qanunsuz, qeyri-hüquqi, və qeyri-obyektivdir. Belə ki, iddiaçılar iddia ərizəsində mal alqısatqısına dair 31,05.2012-ci il tarixli 005 saylı müqaviləyə istinad edirlər. Lakin iş materiallarında həmin müqavilə yoxdur, iddiaçılar müqaviləni təqdim etməmişlər. Eyni zamanda, xx.xx.2012-ci il tarixli 005 saylı müqavilə üzrə tələblərin irəli sürülməsi ilə əlaqədar, mülki qanunvericilik ilə müəyyən edilmiş iddia müddətini iddiaçılar ötürmüşdürlər. Eyni zamanda, iddiaçılar, ilkin iddia ərizəsində, göstərmişdir ki, iddiaçılarla cavabdeh arasında tərtib edilmiş Qarşılıqlı üzləşmə Aktına əsasən cavabdehin iddiaçılara olan borcu ******* avro və 78450 ABŞ dolları təşkil edir. Həmin akt cavabdehin Baş direktorunun imzası və möhürü ilə təsdiq edilmişdir. Bundan əlavə, cavabdehlə aralarında olan dostluq və əməkdaşlıq münasibətlərini nəzərə alaraq, iddiaçılar cavabdehə borcu ödəmək üçün müəyyən müddət verilməsinə dair razılığa gəlmişlər. Həmin razılaşma əsasında borcun təsdiqinə dair aralarında xx.xx.2016-cı il tarixdə əlavə bir müqavilə bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən cavabdeh borcunu iddiaçılara hissə-hissə ödəməyinə dair öhdəliyi qəbul etmişdir. Lakin hazırkı günə qədər cavabdeh tərəfindən nə əsas, nə də əlavə müqavilə əsasında yaranmış öhdəliklər üzrə borclar ödənməmiş və cavabdeh müqavilə şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 349cu maddəsinin tələbinə əsasən, hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 350-ci maddəsinin tələbinə əsasən, əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Eyni zamanda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 99.3-cü maddəsinin tələbinə əsasən Açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. Bu maddənin tələbləri banklara və xarici bankların yerli filiallarına şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-ci maddəsinin tələbinə əsasən Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. Eyni zamanda, cavabdehin Nizamnaməsinin 8.6-cı bəndinə əsasən, müqavilənin həcmi və ya müqavilənin predmetini təşkil edən əmlakın dəyəri Cəmiyyətin aktivlərinin 25 faizindən çox olan hallarda, onun daşınmaz və ya istənilən əmlakı girov qoymaq, icarəyə vermək və ya digər formada özgəninkiləşdirmək haqqında qərarların qəbul edilməsi, səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Göründüyü kimi Mülki Qanunvericilik və cavabdehin Nizamnaməsinin tələblərinə əsasən Qarşılıqlı üzləşmə Aktlarını və xx.xx.2016-cı il tarixli müqavilə bağlamaq səlahiyyəti, cavabdehin Baş direktorunda olmamışdır və bu səlahiyyət cavabdehin səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. İlkin iddia üzrə cavabadehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında ilkin iddiaya etiraz edərək və qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi vəilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh açıq səhmdar cəmiyyəti xx xxxxxxxx 2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkəti, Cavabdeh açıq səhmdar cəmiyyəti və «Cavabdeh Mülk» məhdud məsuliyyətli cəmiyyəti aralarında bağlanmış xx xxxx 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkəti ilə Cavabdeh açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli və xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqavilələri üzrə yaranmış borcun hazırki müqavilənin 2-ci bəndinin müddəalarına uyğun olaraq, Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkətinə hissə-hissə ödənilməsini, Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən isə qeyd olunan pul vəsaitinin qəbul edilməsini öhdələrinə götürmüşlər. xx xxxx 2016-cı il tarixli 4 ədəd qarşılıqlı üzləşmə aktlarının surətlərindən görünür ki, Cavabdeh açıq səhmdar cəmiyyətinin xx xxx 2016-cı il tarixədək «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkətinə 99128080.00 Avro və 78450,00 ABŞ dolları, «X4 ve Ticaret Anonim» Şirkətinə 132482.00 Avro, «X5 ve Sanayi Anonim» şirkətinə 128397,00 Avro məbləğlərində borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələri və vəkilinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkəti ilə Cavabdeh açıq səhmdar cəmiyyəti arasında xx.xx.2012-ci il tarixində 005 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən «X4 ve Ticaret Anonim» Şirkəti, «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkəti və «X5 ve Sanayi Anonim» şirkəti razılaşdırılmış qiymət əsasında Cavabdeh açıq səhmdar cəmiyyətinə avadanlıq satmış, avadanlıqlar Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən qəbul edilmişdir. Nəticədə Cavabdeh açıq səhmdar cəmiyyətinin bocu yaranmış və «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkəti ilə Cavabdeh açıq səhmdar cəmiyyəti bağlanmış xx xxxx 2016-cı il tarixli müqaviləyə əsasən onlar arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli və xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqavilələri üzrə yaranmış borcun müqavilənin 2-ci bəndinin müddəalarına uyğun olaraq, Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkətinə hissə-hissə ödənilməsini, Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən isə qeyd olunan pul vəsaitinin qəbul edilməsini öhdələrinə götürmüşlər. Beləliklə Cavabdeh açıq səhmdar cəmiyyətinin xx xxx 2016-cı il tarixədək«Aras Makina ve X2 ve Sanayi Anonim» şirkətinə 99128080.00 Avro və 78450,00 ABŞ dolları, «X4 ve Ticaret Anonim» Şirkətinə 132482.00 Avro, «X5 ve Sanayi Anonim» şirkətinə 128397,00 Avro məbləğlərində borcu vardır. Məhkəmə ilkin iddia ilə bağlı qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. «X4 ve Ticaret Anonim» Şirkəti, «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkəti və «X5 ve Sanayi Anonim» şirkəti ilə Cavabdeh açıq səhmdar cəmiyyəti arasında öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə «X4 ve Ticaret Anonim» Şirkəti, «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkəti və «X5 ve Sanayi Anonim» şirkəti öhdəliylərini yerinə yetirərək, alınan malları Cavabdeh açıq səhmdar cəmiyyətinə vermişlər, bunun nəticəsində «X4 ve Ticaret Anonim» Şirkətinin, «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkətinin və «X5 ve Sanayi Anonim» şirkətinin Cavabdeh açıq səhmdar cəmiyyətindən müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, Cavabdeh açıq səhmdar cəmiyyəti isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə «X4 ve Ticaret Anonim» Şirkəti, «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkəti və «X5 ve Sanayi Anonim» şirkəti qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh açıq səhmdar cəmiyyəti üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, aldığı malın dəyərini ödəmədiyindən Cavabdeh açıq səhmdar cəmiyyətindən «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkətinin xeyrinə 99128080.00 Avro və 78450,00 ABŞ dolları, «X4 ve Ticaret Anonim» Şirkətinin xeyrinə 132482.00 Avro, «X5 ve Sanayi Anonim» Şirkətinin xeyrinə 128397,00 Avro məbləğlərində borc tutulmalıdır. Qarşılıqlı iddia üzrə məhkəmə qeyd edir ki, mübahisələndirilən müqavilələr bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Mübahisələndirilən müqavilələr mart və iyun 2016-cı il tarixlərdə bağlanmış, lakin həmin tarixlərdən 3 il keçdikdən sonra Cavabdeh açıq səhmdar cəmiyyəti hazırkı tələblə məhkəmədə qarşılıqlı iddia qaldırmışdır. Azərbaycan Respublikası 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. X3 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh açıq səhmdar cəmiyyəti qarşılıqlı iddia üzrə tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli və qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh açıq səhmdar cəmiyyətindən tutularaq «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkətinə, «X4 ve Ticaret Anonim» şirkətinə və «X5 ve Sanayi Anonim» şirkətinə ödənilməli, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh açıq səhmdar cəmiyyətinə aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh açıq səhmdar cəmiyyətindən 991.280 (doqquz yüz doxsan bir min iki yüz səksən) Avro pul vəsaiti tutularaq «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkətinə ödənilsin. Cavabdeh açıq səhmdar cəmiyyətindən 132482 (yüz otuz iki min dörd yüz səksən iki) Avro pul vəsaiti tutularaq «X4 ve Ticaret Anonim» şirkətinə ödənilsin. Cavabdeh açıq səhmdar cəmiyyətindən 128397 (yüz iyirmi səkkiz min üç yüz doxsan yeddi) Avro pul vəsaiti tutularaq «X5 ve Sanayi Anonim» şirkətinə ödənilsin. İlkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh açıq səhmdar cəmiyyətindən tutularaq «Aras Makina ve X2 ve Sanayi Anonim» şirkətinə, «X4 ve Ticaret Anonim» şirkətinə və «X5 ve Sanayi Anonim» şirkətinə ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh açıq səhmdar cəmiyyətinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar