Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4545/2021 21.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-dən 8247,61 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 435,18 manat pul məbləğinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı MMC (əvvəlki adı “X4” MMC) arasında bağlanmış 07 iyun 2019-cu il tarixli, 157 saylı alqı-satqı müqaviləsinə əsasən, müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə (Spesifikasiya aktı) adları göstərilən malları satıcıya satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. İddiaçı üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. İddiaçı MMC-dən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 8247,61 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Alqı-satqı Müqaviləsi imzalandıqdan sonra alıcı tərəfindən sifariş verilən mallar tam və vaxtında ona təhvil verilmişdir. Alqı-satqı mübadiləsi başa çatdıqdan sonra tərəflər müqaviləyə uyğun olaraq malların təhvil verilməsi və ümumi qalıq borcun dəqiqləşdirilməsi məqsədilə yekun üzləşdirmə aktı imzalamışlar. 20 iyun 2020-ci il tarixdə son dövr üzrə imzalanmış üzləşdirmə aktına əsasən, "xxxx" ASC-nin İddiaçı MMC-yə əsas məbləğdən 6989,50 manat, ƏDV məbləğindən isə 1258,11 manat olmaqla, ümumilikdə 8247,61 manat məbləğində borcunun olduğu müəyyən edilmiş və tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Cavabdehə borcun ödənilməsi məqsədilə bir neçə dəfə xəbərdarlıqlar və müraciətlər edilsə də öhdəliklərini hal – hazıra kimi yerinə yetirməmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin artırılmısına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alqı-satqı müqaviləsi üzrə yaranmış 9290,73 manat əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 435,18 manat pul məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaya etiraz ərizəsi təqdim etmiş və ərizəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində iddiaçı 07 iyun 2019-cu il tarixli 157 nömrəli müqaviləsinə istinad etsə də, həmin müqavilə cəmiyyətin bazasında aşkar edilməmişdir və imza edən şəxs həmin şəxs deyildir. Üzləşdirmə aktının da kim tərəfindən imzalanması məlum deyildir. Həmçinin iş materiallarına hər hansı qaimə əlavə edilməmişdir. İş materiallarında olan: - İddiaçı MMC ilə "xxxx" ASC arasıdna bağlanmış 07.06.2019-cu il tarixli, 157 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC spesifikasiyada adları göstərilən malları satıcıya satmağı, alıcı "xxxx" ASC isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - EAAV seriyalı, 802157 saylı, 14.06.2017-ci il tarixli elektron qaiməyə əsasən 1409,501 manat məbləğində, EAAV seriyalı, 965842 saylı, 18.06.2019-cu il tarixli elektron qaiməyə əsasən 1539,90 manat dəyərində, EAAW seriyalı, 066663 saylı, 20.06.2019-cu il tarixli eektron qaiməyə əsasən 1298 manat dəyərində, EAAW seriyalı, 417224 saylı, 28.06.2019-cu il tarixli elektron qaiməyə əsasən 979,40 manat məbləğində, EAAW seriyalı, 458793 saylı, 29.06.2019-cu il tarixli elektron qaiməyə əsasən 1298 manat məbləğində, EAAX seriyalı, 259948 saylı, 17.07.2019-cu il tarixli elektron qaiməyə əsasən 1622,50 manat dəyərində, EAAY seriyalı, 000222 saylı, 01.08.2019-cu il tarixli elektron qaiməyə əsasən 973,50 manat dəyərində, EAAY seriyalı, 675589 saylı, 19.08.2019-cu il tarixli elektron qaiməyə əsasən 1947 manat məbləğində, EAAZ seriyalı, 206826 saylı, 30.08.2019-cu il tarixli elektron qaiməyə əsasən 2524,02 manat məbləğində, EAAZ seriyalı, 824262 saylı, 13.09.2019-cu il tarixli elektron qaiməyə əsasən 1030,14 manat məbləğində, EAAZ seriyalı, 905930 saylı, 16.09.2019-cu il tarixli elektron qaiməyə əsasən 22597 manat məbləğində, EBAA seriyalı, 187662 saylı, 23.09.2019-cu il tarixli elektron qaiməyə əsasən 1298 manat məbləğində, EBAA seriyalı, 342243 saylı, 25.09.2019-cu il tarixli elektron qaiməyə əsasən 457,84 manat məbləğində, EBAA seriyalı, 478283 saylı, 28.09.2019-cu il tarixli elektron qaiməyə əsasən 1875,02 manat məbləğində, EBAA seriyalı, 769297 saylı, 04.10.2019-cu il tarixli elektron qaiməyə əsasən 1298 manat məbləğində, EBAC seriyalı, 370910 saylı, 12.11.2019-cu il tarixli elektron qaiməyə əsasən 2488,03 manat məbləğində, EBAD seriyalı, 531000 saylı, 06.12.2019-cu il tarixli elektron qaiməyə əsasən 1298 manat məbləğində, EBAE seriyalı, 122101 saylı, 19.12.2019-cu il tarixli elektron qaiməyə əsasən 607,70 manat məbləğində, EBAE seriyalı, 779450 saylı, 08.01.2020-ci il tarixli elektron qaiməyə əsasən 1338,12 manat məbləğində, EBAG seriyalı, 382136 saylı, 14.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 556,96 manat məbləğində və EBAM seriyalı, 117308 saylı, 08.07.2020-ci il tarixli elektron qaiməyə əsasən manat məbləğində mallar "xxxx" ASC-yə təhvil verilmişdir. - İddiaçı MMC ilə "xxxx" ASC arasında imzalanmış 23.10.2019-cu il-20.06.2020-ci il dövr üzrə üzləşdirmə aktına əsasən cavabdeh ASC-nin əsas məbləğdən 6989,50 manat və ƏDV məbləğindən isə 1258,11 manat olmaqla ümumilikdə 8247,61 manat borcu qalmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Cavabdeh iddiaya etirazını müqavilənin cəmiyyətin bazasında aşkar edilməməsi, imza edən şəxsin həmin şəxs olmaması, üzləşdirmə aktının kim tərəfindən imzalanmasının məlum olmaması və hər hansı qaimənin əlavə edilməməsi ilə əsaslandırsa da, bu halları əsaslandırmamış və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin, etirazın əsası kimi istinad edilən sonuncu halla bağlı onu qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən məhkəməyə borcun mövcudluğunu təsdiq edən elektron qaimələr iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş satıcının standart şərtlərinin qiymət və ödəmə şərtlərindən malın dəyərini satış tarixində və ya malın təslimi tarixinə verilən faktura tarixindən sonra 30 gün ərzində bank köçürülməsi və ya nağd hesablaşma yolu ilə satıcı malları təhvil verdikdən sonra ödəməli olduğu nəzərdə tutulmuş, yəni, öhdəliyin icrası müddəti göstərilmişdir. İlkin iddia ərizəsi ilə sonrakı iddia ərizəsindəki məbləğlər arasındakı fərqi idddiaçı elektron qaimələrə əsasən müəyyən etmişdir. Məlum olduğu kimi, alqı-satqı müqaviləsi “öhdəlik müqaviləsi” təbiətində bir öhdəlik yaradıcı əqddir; alıcı və satıcının qarşılıqlı və bir-birinə uyğun iradələri ilə mübadilə (sinallaqma) əlaqəsi içərisində yer alan qarşılıqlı öhdəliklər meydana gətirir. Alıcının əsas vəzifəsi satış qiymətini ödəmək, satıcının əsas vəzifəsi isə malın təslim olunması və mülkiyyətinin ötürülməsi şəklində meydana çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. - 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Üzləşmə aktından kənar borcun mövcudluğu barədə iddiaçının istinad etdiyi və məhkəməyə təqdim etdiyi sübutlar elektron qaimələr və elektron vergi – hesab fakturalarıdır. Məhkəmə hesab edir ki, elektron qaimələr malların cavabdehə təhvil verilməsini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Göstərilən qaydaların məzmunundan da görünür ki, elektron qaimə – fakturanın təyinatı ilkin uçot sənədi kimi nəzərdə tutulmuşdur və qaimə – faktura məhz malların alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər - qaimələr, qəbzlər, təhvil-təslim aktları və s. əsasında doldurulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, 20 iyun 2020-ci il tarixli üzləşmə aktında borcun məbləği 8247,61 manat qeyd olunsa da, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş elektron qaimələr həmin tarixə qədər yaranmış borcu əks etdirdiyindən üzləşmə aktına əsasən borcun məbləğinə dair tərəflərin iradə ifadəsi mövcuddur və iddia yalnız həmin aktda müəyyən olunmuş məbləğə uyğun hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Əsas borcun məbləği 8247,61 manat təşkil etdiyindən həmin borca görə illik 5% miqdarında olmaqla 435,18 manat məbğində pul vəsaiti cavabdeh cəmiyyətindən tutulmalıdır. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 27 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 8247,61 manat məbləğində əsas borc, 435,18 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 8682,79 manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 27 manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4545/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4545/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver