Məhkəmə qərarları › İş №e-2-2(113)-4547/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4547/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4547/2025 11.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 32096 manat əsas borcun, 1738 manat faiz borcunun, 1000 manat hüquqi yardıma görə xərcin, 192 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 11aprel 2023-cü il tarixli №110423/VET nömrəli Müqaviləyə əsasən şirkətimizt ərəfindən cavabdehə mal-avadanlıq satışı razılaşdırılmışdır. Müqavilə tərəfimizdən 29 aprel 2024 il tarixdə tam icra edilərək ƏDV daxil 43.896,0 manat dəyərində mal-avadanlıq təhvil verilmişdir. Həmin məbləğdən 10.000,0 manat bir və 1.800,0 manat da bir ödəniş edilmişdir. Bu günə kimi 32.096,00 manat borc qalmışdır. Həmin borc 29 may 2024 il tarixdən yaranmışdır. Müqavilə şərtlərinə görə 3 bank iş günü ərzində ödəniş edilməliydi. Cavabdeh 23 sentyabr 2024 il tarixli №AZLB/MG-24-0012 saylı məktubla 30 dekabr 2024 il tarixədək ödəniş edəcəklərini bidirsələrdə, buna əməl etməmişlər.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

4. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 110423/VET saylı alqı-satqı müqaviləsinin 1-ci bəndinə görə satıcı bu müqaviləyə əsasən qeyri-təxribatsız müayinələr üçün avadanlıq və materialları alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində həmin malları təhvil alıb pulunu ödəməyi öhdəsinə götürür.

7. Müqavilənin 2-ci bəndinə əsasən alıcıya verilən malların qiyməti qaimə-faktura ilə müəyyən olunacaq. Bu müqaviləyə əsasən müqavilənin predmetinin qiymətinə əlavə dəyər vergisi, nəqliyyat xərcləri, yükün sığortası, gömrük əməliyyatı xərcləri də daxildir.

8. Müqavilənin 3-cü bəndinə əsasən satıcı tərəfindən alıcıya təqdim olunan malların məbləğinin 100 % qabaqcadan yaxud qəbul etdiyi malların məbləğinin köçürmə yolu ilə 3 (üç) bank günü ərzində Alıcı tərəfindən satıcının hesablaşma hesabına köçürür. Vəsait satıcının hesabına daxil olduqdan sonra ödəniş həyata keçirilmiş hesab edilir. Ödəmə Azərbaycan manatı ilə həyata keçirilir. Müqavilə xarici valyutalarla bağlandığı halda həmin valyutanın ödəmə gününə, ödəyicinin (alıcının), bankının məzənnəsinə əsasən ödəmə Azərbaycan manatı ilə aparılır. Bütün bank rüsumları alıcı tərəfindən ödənilir.

9. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2405 11240475 nömrəli 43896 manat məbləğində elektron qaimə təqdim olunmuşdur.

10. 11148121685/781052973 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən xx.xx.2023-cü il tarixli,110423/VET saylı alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya MT2405 11240475 nömrəli elektron qaimə üzrə 10000 manat ödəniş edilmişdir.

11. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən MT2405 11240475 nömrəli elektron qaimə üzrə cavabdeh tərəfindən iddiaçıya 1800 manat ƏDV ödənişi edilmişdir.

12. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

13. Belə ki, iddia 2 hissədən ibarətdir: 1. əsas borcun ödənilməsi; 2. illik 5 faizlə hesablanmış zərərin ödənilməsi.

14. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.

15. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 110423/VET saylı alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

16. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

24. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

26. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

27. Belə ki, materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə 11 aprel 2023-cü il tarixli, 110423/VET nömrəli müqavilə üzrə ümumi dəyəri ƏDV daxil olmaqla 43869 manat dəyərində mal-avadanlıq təhvil verilmişdir. Həmin malların müqabilində cavabdeh tərəfindən 10000 manat əsas və 1800 manat məbləğində ƏDV ödənilsə də qalıq 32096 manat dəyərində borc ödənilməmişdir.

28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı qalıq 32096 manat borcun ödənilməsini tələb etməklə haqlıdır, iddia həmin hissədə təmin edilməlidir.

29. Məhkəmə iddianı ikinci hissədə də əsaslı hesab edir.

30. Belə ki, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc (32096 manat) üzrə ona vurulmuş zərər qismində 1738 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür.

31. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

32. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

33. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

34. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

35. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

36. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

37. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

38. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

39. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

40. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

41. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

42. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdeh tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır, iddia həmin hissədə də təmin edilməlidir.

43. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 32096 manat əsas borc, 1738 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

44. Bundan başqa iddia ərizəsində 1000 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən həmin xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

45. Belə ki, xx.xx.2025-ci il tarixli kassa mədaxil orderindən görünür ki, iddiaçı tərəfindən fərdi qayda da fəaliyyət göstərən Vəkil hesabına 1000 manat hüquqi xidmət haqqı ödənilmişdir.

46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

47. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 192 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 32096 manat əsas borc, 1738 manat faiz borcu, 1000 manat hüquqi yardıma görə xərc, 192 manat dövlət rüsumu, ümumilikdə 35026 (otuz beş min iyirmi altı) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar