Məhkəmə qərarları › İş №e-2-2(113)-4548/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4548/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4548/2024 02.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, mal göndərmə müqaviləsi, borcun ödənilməsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X3, İddiaçı MMC-nin cavabdeh X2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 10 may 2023-cü il tarixli, 308-İ/23 nömrəli alqı-satqı müqaviləsi üzrə 222.60 manat əsas borcun, 199.30 manat dəbbə pulunun və iddia tələbinin verilməsinə görə ödənilmiş 41.33 manat dövlət rüsumunun, cəmi 463.23 manat məbləğin tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və X4 arasında bağlanmış 10 may 2023-cü il tarixli, 308-İ/23 nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən, “Tərəflər”in “Müqavilə”ni təsdiqlədiyi andan etibarən, “Satıcı” rəsmi distribütoru olduğu və özünün idxal etdiyi suları, şirələri, spirtli, spirtsiz içkilər və s. məhsulları“Alıcı”nın sifarişlərinə əsasən, qaimə-faktura, təhvil-qəbul aktı və (və ya) elektron-qaimə əsasında “Alıcı”ya satmağı öz öhdəsinə götürür. Müqavilənin 2.4-cü bəndinə əsasən, “Alıcı”ya faktura təqdim olunan gündən hesablanmaqla, 30 (otuz) təqvim günü müddətinə faktura üzrə göstərilən ümumi məbləği nağdsız qaydada və tam şəkildə “Satıcı”nın xeyrinə ödənilməlidir. Müqavilənin 2.5-ci bəndinə əsasən, müqavilənin 2.4-cü bəndinin tələbləri pozulduqda ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0.5% faiz həcmində peniya ödəyir. Müqavilənin 2.8-ci bəndinə əsasən, “Alıcı”ya elektron qaiməfaktura kəsildiyi gündən başlayaraq 4 təqvim günü müddətində “Alıcı” həmin elektronqaimə fakturanı işin hallarından asılı olaraq təsdiq və ya ləğv etməlidir. “Alıcı”ya kəsilmiş elektron qaimə-fakturada göndərilmiş mallar “Alıcı”ya təhvil verilmiş və elektron qaiməfaktura “Alıcı” tərəfindən təsdiqlənmiş hesab olunur. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron qaimə cavabdehə göndərilmişdir. Lakin cavabdeh tərəfindən qaimələr üzrə yaranmış borclar ödənilməmişdir. Cavabdehin hazırki borc məbləği 222.60 manat təşkiledir. Alqı-satqımüqaviləsinin 2.5-ci bəndi üzrə cavabdeh əlavə olaraq iddiaçıya 199.30 manat məbləğində peniya ödəməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 425.1, 425.2, 427, 442, 443, 567, 596, 598-ci maddələrinə istinad olunmuşdur. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC “satıcı”, X4 “alıcı” olmaqla tərəflər arasında xx.xx.2023-cü il tarixli 308 – İ/23 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən “Tərəflər”-in “Müqavilə”-ni “Təsdiqlədiyi” andan etibarən “Satıcı” rəsmi distribütoru olduğu və özünün idxal etdiyi suları, şirələri, spirtli, spirtsiz içkilər və s. məhsulları, (bundan sonra “Mallar”) “Alıcı”- nın sifarişlərinə əsasən qaimə- faktura, təhvil- qəbul aktı və (və ya) elektron-qaimə əsasında “Alıcı”-ya satmağı öz öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən “Müqavilə”-nin 2.1-ci maddəsinə əsaslanaraq “Alıcı”-ya təhvil veriləcək “Mallar”-ın “Satış şərtləri”-ni müvafiq “Əlavələr” ilə müəyyən edir. Müqavilənin 2.5-ci bəndinə əsasən “Müqavilə”-nin 2.4-cü bəndinin tələbləri pozulduqda, ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0,5 % (sıfır tam onda beş) faiz həcmində peniya ödəyir. Müqavilənin 2.8-ci bəndə əsasən “Alıcı”-ya elektron qaiməfaktura kəsildiyi gündən başlayaraq 4 (dörd) təqvim günü müddətində “Alıcı” həmin elektron qaimə-fakturanı işin hallarından aslı olaraq təsdiq və ya ləğv etməlidir. “Alıcı”-ya kəsilmiş elektron qaimə-faktura elektron sistem tərəfindən təsdiq edildiyi təqdirdə, elektron qaimə- fakturada göstərilmiş mallar “Alıcı”-ya təhvil verilmiş və elektron qaimə- faktura “Alıcı” tərəfindən təsdiqlənmiş hesab olunur. EBDT seriyalı 528680 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 222,60 manat dəyərində müxtəlif çeşidli mallar İddiaçı MMC tərəfindən X2 ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 41,33 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (qaimə) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların qalan dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini, 222.60 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 222.60 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 199.30 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edirəm ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 12 manat müəyyən olunmalıdır Həmçinin iddia qismən təmin olunduğundan və iddiaçı dövlət rüsumunu artıq ödədiyindən hesab edirəm ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 41,33 manat dövlət rüsumunun 30 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh X1 10 may 2023-cü il tarixli, 308-İ/23 nömrəli alqı-satqı müqaviləsi üzrə 222.60 manat əsas borc, 12 manat dəbbə pulu olmaqla, ümumilikdə 234 (iki yüz otuz dörd) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 41,33 manat dövlət rüsumunun 30 (otuz) manatının əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar