Məhkəmə qərarları › İş №e-2-2(113)-455/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-455/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-455/2023 06.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pulun qaytarılması, maddi və mənəvi zərərin tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ödənilmiş 8.500 manat ilkin ödənişin, mükafat olaraq 1.600 manat ödənilmiş lizinq ödənişinin və ödəmə cədvəlinə əsasən 1.443,33 manat pul məbləğinin qaytarılması, 1.000 manat maddi ziyan və əldən çıxmış faydanın və 500 manat mənəvi ziyanın tutularaq, İddiaçı ödənilməsi və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 100 manat və dövlət rüsumunun əvəzi olaraq Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyəti (lizinq verən) ilə fərdi sahibkar İddiaçı (lizinq alan) arasında 16 aprel 2021-ci il tarixli ALİZ-00199-011/21A nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanılmışdır. üqaviləyə əsasən lizinq verən tərəfindən 1 ədəd “KİA Optima" markalı açıq boz metallik rəngli, **-PN-*** dövlət nömrə nişanlı BAN mühərrik 5XXGR4A63CG001712 olan minik avtomobili 31 ay müddətinə lizinq alanın sahibliyi və istifadəsinə vermişdir. Müqavilənin 1 saylı əlavəsində lizinq müqaviləsi üzrə ödəniş cədvəli öz əksini tapmışdır. Cədvələ əsasən lizinq ödənişləri aylıq 11.300 manat olmaqla 16 noyabr 2023-cü il tarixədək həyata keçirilməli, ümumilikdə 14.914,10 manat ödəniş olunmalı idi. Bu ümumi məbləğdən 3.614,1 manat lizinq verənin mükafatını təşkil edir. Müqaviləyə Əlavə 1 (Ödəniş cədvəlinə) əsasən lizinq alan tərəfindən 19 may 2021-ci il tarixindən, 2021-ci il 30 iyun tarixədək 966 manat ödəniş edilmişdir. Belə ki, lizinq alan lizinq verənə 8.500 manat ilkin ödəniş etmişdir. Daha sonra mükafat olaraq 1.600 manat məbləğində lizinq alan İddiaçı tərəfindən MMCyə ödənilmişdir. Lizinq verən tərəfindən 1 ədəd “KİA Optima" markalı avtomobil lizinq ödənişi vaxtı-vaxtında ödənilməməsi səbəbindən MMC-yə məxsus əraziyə aparılmaq məqsədi ilə götürülmüş və satılmışdır. Lakin Cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində lizinq alan lizinqə verilmiş avtomobildən istifadə edə bilməmiş, avtonəqliyyat vasitəsi fərdi sahibkarın sahibliyindən əsassız götürülərək saxlanılmış və bunun nəticəsində lizinq alana xeyli miqdarda zərər vurulmuşdur. Belə ki, lizinq ödənişlərinin vaxtlı-vaxtında aparılmaması adı ilə və lizinq alana heç bir xəbərdarlıq verilmədən istifadəsinə verilmiş 1 ədəd “KİA Optima" markalı avtomobil təxminən iyun ayında 2021-ci il tarixində geri alınmışdır. Eyni zamanda, lizinq ödənişi əsassız olaraq hesablanıb tutulmuşdur. Halbuki lizinq ödənişlərinin vaxtlı-vaxtında aparılmamasının səbəbi olmuşdur. Belə ki, fərdi sahibkar lizinq alan İddiaçı elə həmin dövrdə qəflətən iki ağır əməliyyata məruz qalmışdır. Birincisi, 3 saylı Klinik şəhər Xəstəxanasında ayaq barmağının kəsilməsi və ikinci əməliyyatı isə Bakı sağlamlıq mərkəzi klinikasında sol ayağın Amputasiya olunması səbəbindən ödənişi həyata keçirə bilməmişdir. Belə ki, İddiaçı birinci tip ağır şəkər xəstəsidir. Hazırda da vəziyyəti orta ağır olaraq qalmaqdadır. (Əməliyyatlarla bağlı Epikriz və arayişlar əlavə olunur) Belə ki, 2021-ci ildə fors-majorun baş verdiyi müəyyən edildiyindən sonrakı dövr üçün ödənişlər tələb edilə bilməz. Fors-major müqavilənin ləğvi üçün əsasdır. Ödənişlərin ödənilməməsi vəziyyət cavabdehin təqsirli hərəkəti ilə yox, qarşısıalınmaz hadisə ilə bağlı olmuşdur. (MM 421.1, 422.1, 422.2 və s.). Fors-major cavabdehi öhdəliklərin icra olunmamasına görə öhdəlikdən azad edir. Cavabdehdən 1 ədəd “KİA Optima" markalı açıq boz metallik rəngli, **-PN-*** dövlət nömrə nişanlı, BAN mühərrik 5XXGR4A63CG001712 olan minik avtomobili saz vəziyyətdə geri alınmışdır. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, ALİZ-00199-011/21A saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilədən aydın olur ki, lizinq verən Cavabdeh MMC öz mülkiyyətində olan KİA OPTİMA markalı nəqliyyat vasitəsini 31 ay müddətində İddiaçı istifadəsinə vermişdir. Müqavilənin dəyəri cəmi 14.914 manat təşkil edir. Müqavilənin 8.1.3-cü bəndinə əsasən, lizinq alan tərəfindən müqavilə üzrə ödənişlərini ardıcıl olaraq iki dəfə pozduqda lizinq verən müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Bundan başqa iş materiallarına əlavə edilmiş çıxarışdan göründüyü kimi lizinq alan cəmi iki dəfə gecikmə ilə 19 may 2021-ci il və 30 iyun 2021-ci il tarixlərində lizinq ödənişləri etmişdir. Həmçinin iş materiallarına əlavə etdikləri aktdan göründüyü kimi lizinq verən könüllü şəkildə xx.xx.2021-ci il tarixində nəqliyyat vasitəsini onlara təqdim etmişdir. Bildirmişdir ki, o xəstə olduğundan maşını idarə edə bilmir və müqavilə üzrə də öhdəliklərini icra edə bilmir. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi məbləğləri ödəməsini təsdiq edən sənədləri iş materiallarına əlavə etməmişdir. Çünki o sənədlər ümumiyyətlə yoxdur, iddiaçı cəmi iki dəfə ödəniş etmişdir. Cavabdeh MMC iddiaçının xəstəliyini nəzərə alaraq iyun ayından sentyabrın 3-ünə qədər olan tarixə borcu iddiaçıdan tələb etməmişdir. Tərəf olaraq onlar xx.xx.2023-cü il tarixində işə qoşulmuş, iddia ərizəsi və tələblə tanış olmuşlar. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili cavabdehin nümayəndəsi və vəkilinin iddia ərizəsinə verdiyi xx.xx.2023-cü il tarixli yazılı etiraza razı olmamaları barədə ərizə verərək, qeyd etmişdir ki, etirazda göstərilən xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsinin təhvil verməsi barədə aktda iddiaçının imzası olmamışdır. İddaçının ağır koma əməliyyat şəraitində olmasını fürsət bilərək və bu haldan istifadə olunaraq maşın aparılmışdır. Halbuki tərəflər arasında iki ayrı Daxili və DYP ilə ayrıca müqavilə mövcuddur. Lizinq obyekti kimdən alınıb bu hal lizinq verən tərəfindən aşkara çıxarılmamış iddiaçının müqavilədən xəbəri olmamışdır. Bildirirlər ki, lizinq alan lizinq verənə 8.500 manat ilkin ödəniş etmişdir. Daha sonra mükafat olaraq 1.600 manat MMC-yə İddiaçı tərəfindən ödənilmişdir. Halbuki lizinq müqaviləsində mükafat ilkin ödəniş nəzərdə tutulmur, qanunvericilikdə də bu hal yol verilməzdir. İddiaçı ilə müqavilə bağlanarkən direktorun otağında onun iştirakı ilə ilkin ödəniş olunduqdan sonra qalan məbləğ qrafikə salınıb. Müqaviləyə əlavə 1 ödəmə cədvəlinə əsasən lizinq ödənişləri aylıq 481,11 manat olmaqla hər ay ödənilməklə 16 noyabr 2023-cü il tarixədək həyata keçirilməli, ümumilikdə 14.914,10 manat ödəniş olunmalı idi. Bu ümumi məbləğdən 3.614,1 manat faiz olaraq göstərilmişdir. İddiaçıya bildirilmişdir ki, bu lizinq verənin mükafatını təşkil edir. Lakin buraxılış ili 2011-ci il olan, “Kia Optima minik” markalı **-PN-*** qeydiyyat nişanlı, Ban№5XXGR4A63CG001712 nömrəli, açıq boz metallik rəngli avtomobilin hazırda və avtomobil lizinqə götürüləndə də real bazar qiyməti 23.000-24.000 manat arasında olmuş və hazırda da bu qiymətə satılır. Belə olan halda Lizinqverən şitkətin bağladığı müqavilə şübhə doğurur və müqavilədə uyğunsuzluq ortaya çıxır aradakı fərq yəni liznq obyektinin dəyəri 14.914,10 nəzərdə tutulub, bu hal isə real bazar qiymətinə uyğun deyil. Belə olan halda Cavabdeh Məhdud Məhsuliyyətli Cəmiyyətinin ciddi bir şirkət olması sual altına düşür. Etirazda iddaçının ödədiyi ilkin ödəniş cavabdeh tərəfindən gizlədilir. İddaçının ödədiyi cəmi 11.500 manat pul əvvəlcədən cavabdeh təşkilat tərəfindən alınmışdır. Əks halda avtomobilin real bazar qiyməti 24.000 manat olduğu halda lizinq şirkətinin avtomobili 14.914,10 manata lizinqə verməsi real deyil və lizinq alana bu qiymətə avtomobil verilməzdi. İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində və xx.xx.2023-cü il tarixli ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdilər və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini qəbul etmədi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil həmçinin izahatında qeyd etmişdir ki, iddiaçının səhhətində problemlər olması fors-major hal deyildir. İddiaçı tələb etdiyi 8.500 manat məbləği Cavabdeh MMC-yə ödəməmişdir. Hesabdan çıxarışda sadəcə hissə-hissə ödənişlər edildiyi görünür. Göstərilən əsaslar ilə lizinq ödənişlərinin iddiaçıya geri qaytarılması AR MM-də nəzərdə tutulmayıb. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh MMC (lizinq verən) ilə İddiaçı (lizinq alan) arasında 16 aprel 2021-ci il tarixdə ALİZ-00199-011/21A saylı lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş bu müqavilənin 1.2-ci bəndində göstərilən İddiaçı məxsus əmlakı (bundan sonra Lizinq obyekti) mülkiyyət hüququ ilə əldə etməyi və lizinq vasitəsilə lizinq ödənişləri müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi və lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən lizinq obyekti Kia Optima (mühərrik: ban: 5XXGR4A63CG001712, buraxılış ili: 2011, rəngi: Açıq boz metallik) markalı avtonəqliyyat vasitəsidir. 2.1-ci bəndinə görə lizinq obyekti lizinq alana lizinq verən tərəfindən 31 (otuz bir) ay müddətinə lizinqə verilir. Bu müddət təhvil-təslim aktının imzalandığı tarixdən hesablanır. 3.1-ci bəndinə görə lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği İlkin ödəniş 0 manat olmaqla 14.914,1 manat təşkil edir. Bu ümumi məbləğdən 3.614,1 manat lizinq verənin mükafatını təşkil edir. İlkin ödəniş müqavilənin bağlandığı gün həyata keçirilməlidir, lizinq ödənişlərin qalan hissəsinin ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində (əlavə 1) əksini tapır. 3.3-cü bəndinə görə lizinq alanın lizinq obyektinin gətirilməsinə və ya təhvili və ya istifadəyə hazırlığı zamanı hər hansı gecikmə, ləngimə, texniki nasazlıq və bu kimi səbəblərə görə lizinq ödənişlərinin ödəməmək hüququ yoxdur. 6.2.15-ci bəndinə görə lizinq alan bu müqavilə üzrə bütün ödəniş və öhdəlikləri yerinə yetirdikdən sonra lizinq obyektinə mülkiyyət hüququnu əldə edə bilər. 7.2-ci bəndinə görə lizinq obyektinə sahiblik hüququnun əldə edilməsindən əvvəl lizinq alan lizinq obyektini öz vəsaiti hesabına onun tam dəyərində itirilmə, zədələnmə, məhv edilmə və digər risklərdən sığorta ödənişini almaq hüququ lizinq verənə məxsus olmaq şərtilə bu Müqavilənin qüvvədə olduğu bütün müddət üçün lizinq verən tərəfindən seçilmiş Sığorta təşkilatında sığortalamalıdır və sığorta şəhadətnaməsini sığorta haqqının ödənilməsini təsdiq edən sənədin surətilə birlikdə lizinq verənə təqdim etməlidir. 8.1.3-cü bəndinə görə lizinq alan ödəniş cədvəli üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəniş etmədikdə və ya bir dəfə sığorta haqqını ödəmədikdə; 8.1.4-cü bəndinə görə lizinq alan ödəniş cədvəli üzrə ödənişlərin ardıcıl olaraq 3 (üç) dəfə və ya il ərzində ardıcıllıqdan asılı olmayaraq 4 (dörd) dəfə gecikdirildikdə bu müqaviləyə lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər. 8.2-ci bəndinə görə müqavilənin 8.1-ci bəndinə müvafiq olaraq müqaviləyə birtərəfli qaydada xitam verildikdə lizinq alan lizinq verənin tələbində göstərilmiş müddət ərzində və ünvanda lizinq verənə lizinq obyektini və lizinq obyektinin ayrılmaz hissəsi olan ləvazimat və sənədləri qaytarmağa borcludur. Bu zaman lizinq alan lizinq obyektinin İstifadə etdiyi ay üzrə lizinq ödənişini və lizinq verən tərəfindən tələb olunduğu halda ödəniş cədvəli üzrə lizinq müddəti bitənədək ödənilməli və olan lizinq ödənişlərinin 1% həcmində cərimə ödənilməlidir. Lizinq verənin lizinq obyektinin təhvil-təslimdən əvvəl təftiş etdirmək hüququ var. Əgər təftiş nəticəsində hər hansı qüsur və ya ziyan yaxud texniki, iqtisadi və kommersiya əlaqəli pisləşmə aşkar edilərsə (təbii köhnəlmə nəzərə alınmaqla) lizinq verən onun düzəldilməsini və ya belə ziyanın ödənilməsini lizinq alandan tələb edə bilər. Müqavilə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. 16 aprel 2021-ci il tarixli ALİZ-00199-011/21A saylı lizinq müqaviləsinə 1 saylı əlavə olan ödəmə cədvəlinə əsasən həmin cədvələ əsasən lizinq alan tərəfindən xx.xx.2021-ci ildən başlayaraq xx.xx.2023-cü ilə qədər olan (31 aylıq) dövrdə əsas borc üzrə 11.300 manat, 3.614.10 manat faiz olmaqla ümumilikdə 14.914,10 manat məbləğində lizinq ödənişləri edilməli idi. Əlavə tərəflərin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir. 16 aprel 2021-ci il tarixli ALİZ-00199-011/21A saylı lizinq müqaviləsinə dair xx.xx.2021-ci il tarixli iltizama əsasən İddiaçı lizinq müqaviləsində göstərilən öhdəlik bitənə qədər sığorta hadisəsi baş verdikdə yaranan çətinliklər-sığorta şirkəti və ya servis ilə bağlı narazılığın bank qarşısında olan aylıq öhdəliyinə heç bir təsir etməyəcəyinə söz verir və öz imzası ilə təsdiq edir. İltizam lizinq alanın (İddiaçı) imzası ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli avtomobillərin təhvil-təslim aktına əsasən Kia Optima (qeydiyyat nömrəsi: **-PN-***: Açıq boz metallik) markalı avtomobilə baxış zamanı ciddi nöqsanlar aşkar olunmamış, lizinq alanın lizinqə gəlməməsinin səbəbi onun şəkər-diabet xəstəsi olması və hal-hazırda xəstəxanadadır. Avtomobili təhvil alan Məmmədov Əli avtomobili təhvil verir, İddiaçı bu ayın sonunadək lizinqə yaxınlaşıb təhvil alacaq. İddiaçı barəsində olan xəstəlik tarixindən çıxarışa əsasən müəyyən olunur ki, xəstə (İddiaçı) xx.xx.2021-ci il tarixdə X1 (xəstəxanaya) “sol ayağın və barmaqlarının qanqrenası və şəkərli diabet” diaqnozu ilə daxil olmuşdur. İddiaçı barəsində olan epikrizə əsasən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzinə (xəstəxanaya) “ətraf arteriyalarının aterosklerozu” son klinik diaqnozu ilə daxil olmuşdur. Epikrizdə qeyd olunur ki, xəstə (İddiaçı) 10 ildən çoxdur şəkər xəstəsidir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirib iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 16 aprel 2021-ci il tarixli ALİZ-00199-011/21A saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən Kia Optima (mühərrik: ban: 5XXGR4A63CG001712, buraxılış ili: 2011, rəngi: Açıq boz metallik) markalı avtomobil İddiaçı 31 ay müddətinə lizinqə verilmişdir. Lizinq müqaviləsi bağlandıqdan sonra İddiaçı tərəfindən cəmi iki dəfə - 19 may 2021-ci il və 30 iyun 2021-ci il tarixlərində gecikdirmələrlə lizinq ödənişləri edilmişdir. xx.xx.2021-ci il tarixdə lizinq obyekti olan avtomobil lizinq verənə geri qaytarılmışdır. Hazırda İddiaçı mübahisəli lizinq müqaviləsi üzrə lizinq obyekti olan Kia Optima markalı avtomobilə görə 8.500 manat ilkin ödəniş etdiyini, daha sonra mükafat olaraq 1.600 manat, ödəmə cədvəlinə uyğun olaraq 1443,33 manat məbləğində pul vəsaitini lizinq verənə ödədiyini, lizinq verən tərəfindən lizinq obyekti olan avtomobilin lizinq ödənişi vaxtıvaxtında ödənilməməsi səbəbindən MMC-yə məxsus əraziyə aparılmaq məqsədi ilə götürüldüyünü və satıldığını, Cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində lizinq alan lizinqə verilmiş avtomobildən istifadə edə bilmədiyini və bunun nəticəsində ona xeyli miqdarda zərər vurulduğunu əsas göstərərək 8.500 manat ilkin ödənişin, mükafat olaraq 1.600 manat ödənilmiş lizinq ödənişinin və ödəmə cədvəlinə əsasən 1.443,33 manat pul məbləğinin qaytarılmasını, 1.000 manat maddi ziyanın və əldən çıxmış faydanın, eləcə də 500 manat mənəvi ziyanın Cavabdeh MMC-dən tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı ilkin ödəniş, eləcə də lizinq ödənişlərinin geri qaytarılması barədə tələblərinə əsas kimi iki ağır cərrahiyyə əməliyyatı keçirməsinə, həmin halın fors-major olmasına, fors-major hal baş verdiyinə görə lizinq müqaviləsinin ləğv edilməli, ödədiyi ilkin ödənişin və lizinq ödənişlərin geri qaytarılmalı olmasına istinad etmişdir. Birincisi, “fors-major” anlayışı Mülki Məcəllədə verilməsə də, mülki hüquq nəzəriyyəsinə əsasən fors-major dedikdə müqavilə öhdəliklərinin icra edilməsinin qeyrimümkünlüyünə səbəb olan qarşısıalınmaz qüvvə başa düşülür. Hazırkı halda ilkin cavabdeh tərəfindən icra edilməli ohdəliyin predmeti pul, yəni daimi dövriyyədə olan əşya olduğundan iddiaçının şəkər xəstəliyinin kəskinləşməsi, eləcə də sonuncunun cərrahiyyə əməliyyatı keçirməsi kimi hallar həmin öhdəliyin icra edilməsində müəyyən çətinliklər, maneələr yaradan hallar olsa(məsələn, həmin halların borcluda müəyyən maliyyə çətinliklərin yaranmasına səbəb olması ehtimalı var və s.), lizinq ödənişlərinin ödənilməsi öhdəliyinin icrasını tamamilə mümkünsüz edən fors-major halı deyil. İkincisi, fors-major halının mövcud olması və göstərilən halla bağlı iddiaçının müqavilədən imtina etmək hüququnun yaranması ehtimal edildiyi halda da göstərilən əsasla müqavilənin ləğv edilməsi iddiaçıya müqavilənin qüvvədə olduğu, yəni lizinq obyektindən istifadə etdiyi müddət üçün nəzərdə tutulmuş lizinq ödənişlərinin geri qaytarılmasını tələb etmək hüququ vermir. Belə ki, Mülki Məcəllənin: 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.4-ci maddəsinə görə əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Və nəhayət, üçüncüsü, iddiaçı cavabdehə 8.500 manat məbləğində ilkin ödəniş, mükafat olaraq 1.600 manat məbləğində pul vəsaitinin və ödəmə cədvəlinə əsasən 1.443,33 manat pul vəsaitinin ödənilməsini təsdiq edən hər hansı bir sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə lizinq müqaviləsinin şərtlərindən görünür ki, həmin müqavilədə ilkin ödəniş edilməsi ümumiyyətlə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarında olan sənədlərə əsasən İddiaçı tərəfindən mübahisəli lizinq müqaviləsi üzrə yalnız 962 manat məbləğində lizinq ödənişlərinin edilməsi öz təsdiqini tapır ki, həmin məbləğ yuxarıda da qeyd edildiyi kimi iddiaçının lizinq obyektindən istifadə etdiyi müddət üçün (16 aprel-16 iyun tarixləri arası dövr üçün) ödənildiyindən sözügedən ödənişlərin iddiaçıya qaytarılması üçün əsasların mövcudluğu müəyyən edilmir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsində lizinq ödənişlərinin ümumi məbləği 14914,1 manat məbləğində müəyyən edildiyi halda lizinq obyekti olan avtomobilin dəyərinin 24.000-25.000 manat olması barədə iddiaçının istinad etdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, lizinq obyektinin həqiqi dəyərinin 24.000-25.000 manat civarında olması təsdiq edilsə belə, göstərilən hal 8.500 manat məbləğində pulun ilkin ödəniş kimi iddiaçı tərəfindən cavabdehə ödənilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli deyil. Bundan əlavə iddiaçının özü də məhkəməyə verdiyi izahatında ilkin ödəniş kimi ödənilməsini iddia etdiyi pul məbləğini cavabdehə deyil, cavabdehin iştirakı ilə digər şəxsə ödənildiyini bildirmişdir. Onun razılığı olmadan avtomobilin cavabdeh tərəfindən geri götürülməsi və bununla onun lizinq obyektindən istifadə etmək hüququnun pozulması barədə iddiaçının istinad etdiyi hallara münasibətdə isə qeyd edilməlidir ki, əvvəla işin mübahisə edilməyən halları ondan ibarətdir ki, mübahisə predmeti olan Kia Optima markalı avtomobillə əlaqədar sığorta ödənişləri lizinq alan tərəfindən vaxtı-vaxtında Cavabdeh MMC-yə ödənilməmiş, may və iyun ayı üçün ödəmələr gecikmələrlə aparılmış, iyul, avqust ayları üçün ödəmələr isə ümumiyyətlə edilməmişdir. Lizinq müqaviləsinin şərtlərindən isə görünür ki, (3.1-ci bəndi) lizinq ödənişləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində (əlavə 1) müəyyən edilmiş qaydada və müddətdə ödənməli və (8.1.3-cü bəndi) lizinq alan ödəniş cədvəli üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəniş etmədikdə və ya bir dəfə sığorta haqqını ödəmədikdə; (8.1.4-cü bəndi) Lizinq alan Ödəniş cədvəli üzrə ödənişlərin ardıcıl olaraq 3 (üç) dəfə və ya il ərzində ardıcıllıqdan asılı olmayaraq 4 (dörd) dəfə gecikdirildikdə bu müqaviləyə lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər və müqavilənin (8.2-ci bəndi) 8.1-ci bəndinə müvafiq olaraq müqaviləyə birtərəfli qaydada xitam verildikdə Lizinq alan Lizinq verənin tələbində göstərilmiş müddət ərzində və ünvanda Lizinq verənə lizinq obyektini və lizinq obyektinin ayrılmaz hissəsi olan ləvazimat və sənədləri qaytarmağa borcludur. Odur ki, Cavabdeh MMC ardıcıl olaraq dörd dəfə lizinq ödənişlərinin gecikdirilməsi ilə bağlı müqaviləni birtərəfli qaydada ləğv etmək və lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olmuşdur. Digər tərəfdən iş materiallarına əlavə edilmiş təhvil-təslim aktından görünür ki, lizinq obyekti İddiaçı xəstəxanada olduğu müddətdə Əli Məmmədov adlı şəxs tərəfindən könüllü şəkildə lizinq verənə təhvil verilmişdir. Odur ki, məhkəmə sözügedən aktı, eləcə də avtomobilin təhvil verilməsindən keçən bir ildən artıq müddət ərzində İddiaçı lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə etiraz etmədiyini, lizinq obyekti olan avtomobilin ona qaytarılmasını tələb etmədiyini, əksinə lizinq ödənişlərinin qaytarılması barədə hazırkı iddianı qaldırmaqla lizinq müqaviləsinin ləğv edilməsinə razı olmasını və lizinq obyektindən istifadə etmək niyyətində olmamasını faktiki olaraq təsdiqlədiyini (belə ki, iddia ərizəsində fors-major halının baş verməsi ilə əlaqədar mübahisəli lizinq müqaviləsinin ləğv edilməli olmasına istinad edilmişdir) də nəzərə alaraq hesab edir ki, lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsindən məlumatlı olmaması, lizinq obyektinin onun razılığı olmadan götürülməsi barədə iddiaçının dəlilləri inandırıcı və ağlabatan deyil. Əksinə yuxarıda göstərilən hallar ona dəlalət edir ki, lizinq obyekti lizinq alanın razılığı ilə lizinq verənə təhvil verilməklə mübahisəli lizinq müqaviləsi üzrə müqavilə münasibətlərinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilmişdir. İddianın maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Mənəvi zərərin ödənilməsi barədə iddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Belə olan halda hazırkı halda nə cavabdehin hüquqazidd hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquqlarının pozulması, nə də ehtimal olunan pozuntu nəticəsində ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərərin dəyməsi, eləcə də mənəvi sarsıntı və iztirab keçirməsi faktları müəyyən edilmədiyindən, maddi və mənəvi zərərin ödənilməsi barədə iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki İddiaçı Cavabdeh MMC-yə qarşı pulun qaytarılması, maddi və mənəvi zərərin tutulması tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pulun qaytarılması, maddi və mənəvi zərərin tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar