Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4554/2023 30.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 LTD ŞTİ-nin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc tələbi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil oglunun iştirakı ilə İddiaçı X1 LTD ŞTİ-nin Cavabdehnə qarşı cavabdehdən 10580,00 ABŞ dolları pulun, iş üzrə ödənilmiş 210 manat mediasiya xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən 10580,00 ABŞ dolları əsas, 2000 (iki min) ABŞ dolları zərər ümumilikdə 12580,00 ABŞ dolları pulun, iş üzrə ödənilmiş 210 manat mediasiya xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonra iddiaçı iddia tələbinin həcmini azaldaraq cavabdehdən 10580,00 ABŞ dolları pulun, iş üzrə ödənilmiş 210 manat mediasiya xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 LTD ŞTİ ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə daşıma müqaviləsi imzalanmışdır. Müqavilə əsasında iddiaçı tərəfindən 2020-ci ilin aprel ayından başlayaraq müxtəlif vaxtlarda xx.xx.2020-ci il tarixədək məhsulların daşınması iddiaçıya həvalə edilmiş məhsullar Azərbaycan Respublikasında cavabdehə təhvil verilmişdir. Ümumilikdə daşıma xərci olaraq 33560 ABŞ dolları müəyyən edilmiş və cavabdeh qeyd edilən borcdan xx.xx.2020-ci il tarixdə 22980 ABŞ dolları ödəmiş və hazırda 10580,00 ABŞ dolları borcu qalmışdır. Dəfələrlə Cavabdeh MMC-yə X1 LTD ŞTİ-yə olan 10580,00 ABŞ dolları borcunu ödəməsini bildirsələr də, cavabdeh bu günə qədər iddiaçıya olan borcunu ödəməmişdir. Borcun ödənilməsi ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən Bakı 1 saylı Mediasiya təşkilatına müraciət edilmişdir. Mediasiyanın ilkin iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, cavabdeh mediasiya iclasında iştirak etməmiş və mediator tərəfindən xx.xx.2023-cü il tarixli İlkin mediasiya iclasında iştirak edilməməsi barədə MŞB/1/2023-00193 saylı arayış təqdim edilmişdir. Mediasiya xidmətinin göstərilməsinə görə 210 manat haqq ödənilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uygun izahat vermiş və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. 5.Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. 6.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. 7.Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. 8.Həmin Məcəllənin 238 və 241-ci maddələrinə əsasən iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı isə buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 9.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razı olduğunu bildirmişdir. Buna görə də məhkəmə işə qiyabi icraat qaydasında baxmağı qərara almışdır. III. Məhkəmə baxışının hədləri:
10.Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq:
11.Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 12.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 13.“Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
IV. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi: 14.İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə yük daşınması müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixədək məhsulların daşınması iddiaçıya həvalə edilmiş məhsullar Azərbaycan Respublikasında cavabdehə təhvil verilmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi 10580,00 ABŞ dolları məbləğində borcu qalmışdır. 15.Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış yük daşınması müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqavilənin və invoysun müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, malları təyinat yerinə daşımış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya yük daşınması müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. 16.Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia ödənilməmiş borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. 17.İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı Bakı 1 saylı Mediasiya təşkilatına 210 manat ödəmişdir. 18.Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 10580,00 ABŞ dolları pul, iş üzrə ödənilmiş 210 manat mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. V. Nəticə:
19.Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Cavabdehndən 10580,00 ABŞ dolları pul, iş üzrə ödənilmiş 210 manat mediasiya xərci tutularaq iddiaçı X1 LTD ŞTİ-yə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra qiyabi qətnamədən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev