Məhkəmə qərarları › İş №e-2-2(113)-4565/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4565/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4565/2023 23.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin iştirakı olmadan İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “Holcim (Azərbaycan)” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə 9817.2 manat məbləğində əsas borcun Cavabdeh tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı Holcim (Azərbaycan) ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli O000880457 saylı alqı-satqı müqaviləsinə (bundan sonra “Müqavilə” adlanacaq) əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə bağlanmış müqavilənin əlavəsinə əsasən malın dəyəri əldə edildiyi tarixdən 30 gün müddətində ödənilməli idi. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh təhvil aldığı malların dəyərini, yəni 9817.2 manat borcunu ödəməmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərərək borc məbləğinin xx.xx.2023-cü il tarixədək ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyi bildirilmişdir. Pretenziya məktubu xx.xx.2023-cü il tarixində cavabdehə çatdırılmışdır və cavabdeh tərəfindən imza edilərək qəbul edilmişdir. Lakin hal-hazırkı tarixədək borc məbləğindən cavabdeh tərəfindən hərhansı ödəniş edilməmişdir. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmışdır, cavabdeh həmin malları yük-nəqliyyat qaimələrini imzalayaraq və möhürləyərək təhvil almışdır. Cavabdehə malların satılması barədə elektron qaimə-fakturalar göndərilmiş və cavabdeh tərəfindən təsdiq edilmişdir. Cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif və ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri göstərilməklə Mediasiyaya dəvət məktubu göndərilməsinə baxmayaraq cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Bakı 3 saylı Mediasiya Təşkilatı MŞB/3/2023-00584 saylı, xx.xx.2023-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim etmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, O000880457 saylı alqı-satqı müqaviləsinin 13.2-ci maddəsinə əsasən tərəflər razılaşırlar ki, tərəflər arasında mübahisələrə satıcının ( Holcim (Azərbaycan) ASC-nin ) hüquqi ünvanının yerləşdiyi yerin yurisdiksiyası üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılır. Göründüyü kimi hazırkı iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsində kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün bütün hüquqi əsaslar vardır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh arasıda bağlanmış xx.xx.2021-ci il tarixli O000880457 saylı alqı-satqı müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə əsasında satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir.

10. Müqavilənin 4.1-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla əvvəlcədən satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir.

11. Müqavilənin 8.2-ci bəndinə əsasən satılmış malın vaxtı-vaxtında alıcı tərəfindən qəbul edilməsini və razılaşdırılmış alış qiymətinin vaxtında ödənilməsini tələb etmək satıcının hüququdur.

12. Müqavilənin 13.2-ci maddəsinə əsasən tərəflər razılaşıblar ki, tərəflər arasında mübahisələrə satıcının hüquqi ünvanının yerləşdiyi yerin yurisdiksiyası üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılacaqdır.

13. xx.xx.2021-ci il tarixli, 1 saylı alqı-satqı müqaviləsinə Əlavəyə əsasən malların və altlıqların dəyəri müəyyən edilmişdir və Əlavənin 2.1-ci bəndinə əsasən müqavilədə qeyd olunan 3.3.3-cü bəndi və ona aid olan bütün bəndlərə uyğun olaraq alıcı aldığı malın dəyərini malı əldə etdiyi tarixdən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir.

14. xx.xx.2021-ci il tarixli, A**********7 saylı yük-nəqliyyat qaiməsinə əsasən X3 28.80 ton, xx.xx.2021-ci il tarixli, A**********6 saylı yük-nəqliyyat qaiməsinə əsasən 28.80 ton, xx.xx.2021-ci il tarixli, A**********8 saylı yük-nəqliyyat qaiməsinə əsasən 28.80 ton və xx.xx.2021-ci il tarixli, A**********2 saylı yük-nəqliyyat qaiməsinə əsasən 28.80 ton həddində mallar və müvafiq altlıqlar təhvil verilmiş və alıcının imzası ilə təsdiqlənmişdir.

15. xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 217858 saylı elektron qiaməyə əsasən "xxxx" (Azərbaycan) ASC tərəfindən Cavabdeh 4392,09 manat dəyərində, xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 217909 saylı elektron qiaməyə əsasən 3960,16 manat dəyərində, xx.xx.2021-ci il tarixli EBAX seriyalı, 869974 saylı elektron qaiməyə əsasən 4392,09 manat dəyərində, xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 965324 saylı elektron qaiməyə əsasən 4392,09 manat dəyərində, xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 890589 saylı elektron qaiməyə əsasən 4392,09 manat dəyərində, xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 078151 saylı elektron qaiməyə əsasən 509,76 manat dəyərində, xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 958637 saylı elektron qaiməyə əsasən 1019,52 manat dəyərində malın satıldığı qeyd olunmuşdur.

16. 06.11.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin 9817,15 manat məbləğində borcunun 8344,51 manat məbləğinin sement məhsulları üzrə yarandığı, həmin borc məblğinin 3952,42 manatı EBAZ 965324 saylı, xx.xx.2021-ci il tarixli e-qaimə üzrə, 4392,09 manatı EBBA 890589 saylı, xx.xx.2021-ci il tarixli qaimə üzrə yarandığı, cavabdehə təhvil verilmiş 54 ədəd altlıq onun tərəfindən qaytarılmadığı, tərəflər arasında imzalanmış müqavilənin qiymət əlavəsində hər altlığın qiyməti ƏDV xaric 24 manat, ƏDV daxil 28.32 manat müəyyən edildiyi, təhvil verilmiş 54 ədəd altlığın dəyəri ƏDV daxil 1529,28 manat təşkil etdiyi, həmin məbləğin 509,76 manatı xx.xx.2021-ci il tarixli, EBBL 078151 saylı e-qaimə, 1019,52 manatı xx.xx.2021-ci il tarixli, EBBO 958637 saylı qaimə üzrə yarandığı, cavabdehə təhvil verilmiş sement məhsulları və altlıqlar üzrə cavabdehin hal-hazırkı tarixə cəmi borcu 9817,15 manat təşkil etdiyi qeyd olunmuşdur.

17. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

18. Belə ki, iş materialları və iddiaçının izahatı ilə müəyyən olunur ki, tərəflər arasında mübahisə alqı-satqı münasibətlərindən irəli gəlmişdir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

21. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

23. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

26. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli O000880457 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə əsasında satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir.

27. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla (e-qaimələr və yük-nəqliyyat qaimələri) təsdiqini tapdığı üçün iddia tələbinin 9817,2 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

28. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin aldığı mallara görə pulun ödənilməsi öhdəliyini vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 9817,2 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 9817,2 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2021 tarixli O000880457 saylı müqavilə üzrə 9817.2 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar