Məhkəmə qərarları › İş №e-2-2(113)-4565/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4565/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4565/2024 15.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X9 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İdddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4.555,32 manat məbləğində əsas borc, 911,06 manat məbləğində dəbbə pulu, 75 manat dövlət rüsumunun barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında malların alqı-satqısına dair xx.xx.2022-ci il tarixli 3202/22M nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC satıcı, Cavabdeh MMC isə alıcı qismindçıxış etmişdir. Mallar qəbuledilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar,çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləriəsasında mallar alındıqdan sonra Alıcımüqavilə ilə şərtləşdirilmiş şəkildə malların dəyərini ödəməli idi. Elektron qaimələr və “Malların təhvilqəbul” aktlarından aydın olur ki, xx.xx.2023-cü il tarixində Satıcı tərəfindən 7.097,96 AZN (yeddi min doxsan yeddi manat, 96 qəpik) (ƏDV daxil) məbləğində mallar Alıcıya satılmışdır. Alıcının Satıcıya etdiyi ödənişləri təsdiq edən çıxarışlardan da görünür ki, 2.542,64AZN (ikimin beş yüz qırx ikimanat, 64) (ƏDV daxil) təşkiledən məbləğ, həqiqətən də,İddiaçı MMC-yə köçürülmüşdür. Lakin, Alıcı müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliyi qismən yerinə yetirmişdir. Belə ki, malların dəyərini təşkil edən 7.097,96 AZN (yeddi min doxsan yeddi manat, 96 qəpik) (ƏDV daxil) məbləğindən Cavabdeh MMC tərəfindən 2.542,64 AZN(iki min beş yüz qırx iki manat, 64) (ƏDV daxil) təşkil edən məbləğ köçürülmüş, qalan məbləğ olan 4.555,32 AZN (dörd min beş yüz əlli beş manat, 32) (ƏDV daxil) isə bu günki günə qədər cavabdeh tərəfindən ödənilməyib. Cavabdehin iddiaçıya olan borcundan əlavə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli №3202/22M saylı müqavilənin 8.4cü bəndinə əsasən m məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında(lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, ödənilməmiş malların dəyərini 4.555,32 manat təşkil edir, həmin məbləğin 20 faizi 911,06 AZN təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablasaq, ümumilikdə 4.555,32 + 911,06 = 5.466,38 manat tələb məbləği yaranmışdır. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehin nümayəndəsi X3 iddia ərizəsində qeyd olunan əsas borcu qəbul edib, cərimə məbləğinin yüksək olduğundan azaldılmasını xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi). IV. Sübutların tədqiqi:

7. İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli 3202/22M nömrəli nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Satıcı” “Alıcf’ya onun sifarişi əsasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları (bundan sonra ismin müvafiq halında “Mal” adlandırılacaq) satır, “Alıcı” isə bunun müqabilində bu Müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini “Satıcf’ya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”nda öz əksini tapmışdır. - 3.1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. - 3.4.1-ci bəndinə əsasən pul məbləğini (malın qiymətini) bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödədikdən sonra malı qəbul etmək alcının vəzifəsidir. - 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20 %-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

8. xx.xx.2024-cü il tarixli üzləşdirmə aktına əsasən İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üçün aparılmış üzləşdirməyə əsasən xx.xx.2024-cü il tarixə "xxxx" MMC-nin İddiaçınə 4555,32 manat debitor borcu vardır.

9. İddiaçı tərədindən cavabdehə EBDV 941801 nömrəli xx.xx.2023-cü il tarixli 6555,28 manat,EBDV 941800 nömrəli xx.xx.2023-cü il tarixli 542,68 manat məbləğində elektron qaimələr göndərilmişdir.

10. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən "xxxx" MMC-yə 542,68 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

11. xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktına əsasən İddiaçı tərəfindən "xxxx" MMC-yə 6555,28 manat dəyərində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

12. İddiaçı tərəfindən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borcun 10 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir. V. Tətbiq edilən hüquq:

13. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

15. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

17. AR MPM-in 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.[145]

18. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X6rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

21. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimələrlə, eləcə də malların təhvil-qəbul aktları, eləcə də cavabdehin qanuni təmsilçisinin məhkəmədə verdiyi izahati və etirafı ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

23. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 4555,32 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, iddia tələbinin cavabdehin direktoru tərəfindən tam etiraf edildiyini nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 4555,32 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

24. Həmçinin cavabdeh tərəfindən iddia etiraf edilmiş, və MPM-nin 52.5,220.4-cü maddələrinin tələblərinə əsasən iddianın etirafı məhkəmə tərəfindən qəbul edilmişdir.

25. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 911,06 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

26. Göründüyü kimi cavabdeh "xxxx" MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

27. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 300 manat məbləğində müəyyən edilməlidir.

28. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 75 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

29. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 71 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC -dən 4.555,32 manat əsas borc, 300 manat dəbbə pulu və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 71 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar