Məhkəmə qərarları › İş №e-2-2(113)-4566/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4566/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4566/2023 02.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kommersiya konsessiyası müqaviləsi, alqı-satqı münasibətləri, hüquqi yardım xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 19 may 2021-ci il tarixli diler müqaviləsi üzrə 1250 manat pulun və 200 manat məhkəmə xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 19 may 2021-ci il tarixdə bağlanmış DM-22-05 nömrəli diler müqaviləsi əsasında iddiaçı tərəfindən müqavilənin 1 nömrəli əlavəsində qeyd olunan 01 nömrəli spesifikasiyaya əsasən dəyəri 1250 manat məbləğində 1 ədəd “Yokamura İ8” modelli elektron samokat cavabdehin mülkiyyətinə verilmiş və həmin mal sonuncu tərəfindən təslim-təhvil aktı əsasında təhvil alınmışdır. Sözügedən müqavilədə nəzərdə tutulmuşdur ki, iddiaçının ödəniş sənədlərini aldıqdan sonra 5 iş günü ərzində ödəniş sənədində göstərilmiş malların ümumi dəyərinin 100%-i məbləğində ödəniş cavabdeh tərəfindən həyata keçiriləcəkdir. 2.2. Lakin cavabdeh bu günədək müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək onun mülkiyyətinə verilmiş 1 ədəd “Yokamura İ8” modelli elektron samokatın dəyərini ödəməmişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. Eyni zamanda Mediasiya Şurasına müraciət olunsa da, heç bir müsbət nəticə əldə olunmamış və Bakı 13 saylı mediasiya təşkilatından ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış alınmışdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427, 442, 567-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi – qanuni təmsilçisi X6 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, cavabdehə 8 ədəd skuter məhz satış üçün verilmişdir. Lakin cavabdehin xahişi ilə skuterlərdən biri quraşdırılmış vəziyyətdə vitrin məhsulu kimi təqdim edilmişdir. Həmin məhsullar diler müqaviləsi üzrə verildiyindən cavabdeh tərəfindən satıldıqca pulu iddiaçıya ödənilirdi. Cavabdeh 7 skuterin qiymətini ödəsə də, 8-ci skuterin dəyərini ödəməkdən yayınmışdır. Skuter isə istifadə edilmiş, eyni zamanda onda müəyyən qüsurlar əmələ gəlmişdir. Baxış zamanı skuterin təmiri üçün böyük məbləğdə təmir-bərpa xərcinin tələb olunduğu aşkar olunmuşdur ki, bu da həmin skuterin iddiaçıya qaytarılmasını istisna edir. Belə ki, iddiaçı istifadə olunmuş skuterlərin satışı ilə məşğul deyildir. Belə olan halda, skuterin dəyəri iddiaçıya ödənilməlidir.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, iddiaçı müxtəlif şirkətlərlə əməkdaşlıq edir, lakin heç bir şirkətə məhsulları “test drive” üçün vermir. Hazırda isə mübahisəli məqamı məhsulun hansı məqsədlə verilməsi yox, məhz istifadə edilməsi təşkil edir. Belə ki, skuter 4000 km istifadə edilmişdir. Bundan başqa, iddia tələbindən qeyd edilən 200 manat hüquqi yardımla bağlı xərcdir. Belə ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə bağlı zəruri hərəkətlərin yerinə yetirilməsi üçün hüquqi yardım almışlar.

7. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi məhkəmə iclasında iştirak edən Nümayəndə iddiaya etiraz etdi və qeyd etdi ki, 8-ci skuter satış üçün deyil, “test drive” üçün verilmişdir.

8. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X2 bildirdi ki, 2019cu ildə Aydın adlı şəxsin təklifi əsasında cavabdeh həmin skuterlərin satışına başlamışdır. Bu zaman mübahisəli skuter qutu və adaptersiz, test üçün verildi. 8-ci skuter üçün elektron qaimə də sonradan göndərilmişdir. III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Diler müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli DM-22-05 nömrəli diler müqaviləsinin (iddiaçı Satıcı qismində, cavabdeh Diler qismində) 2-ci hissəsinə əsasən, bu müqavilənin məqsədi Dilerin Satıcıdan müqavilənin əlavələri ilə razılaşdırılaraq alınan malların üçüncü tərəflərə - istehlakçılara və vasitəçilərə satılmasına yönəlmiş fəaliyyətinin həyata keçirilməsinə dair prinsipləri, qaydaları və şərtləri müəyyənləşdirməkdir (2.1). Hazırkı müqaviləyə uyğun olaraq Satıcı öhdəsinə götürür ki, hazırkı müqavilədə, spesifikasiyalarda və Dilerin sifarişlərində nəzərdə tutulmuş miqdarlarda, müddətlərdə və qiymətlərdə malları Dilerə çatdıracaq və onun mülkiyyətinə verəcək. Diler isə öz növbəsində öhdəsinə götürür ki, hazırkı müqavilənin şərtlərinə uyğun qaydada Dilerin Sifarişlərinə əsasən malları Satıcıdan qəbul edəcək, Satıcıya malların qiymətini ödəyəcək və müqavilədə müəyyənləşdirilmiş qaydada və şərtlərdə alqı-satqı əməliyyatları etməklə və ya malları üçüncü tərəflərə (istehlakçılara və vasitəçilərə) çatdırmaqla Satıcıdan əldə edilmiş malların paylanmasını (satışını) həyata keçirəcək (2.2). Satıcı tərəfindən hər bir ayrı partiyada satılan malların adı, miqdarı, çeşidləri və dəyəri Dilerin sifarişi əsasında müəyyən edilir və malların hər çatdırılan partiyası üçün Satıcı tərəfindən verilən hesabfakturada göstərilir (2.3).

13. Sözügedən müqavilənin 3-cü hissəsinə əsasən, Diler malı Satıcıdan satın alır və onu öz adından və öz hesabına üçüncü tərəflərə satır. Diler bu müqavilə üzrə öhdəliklərini yerinə yetirərkən malların satıcısı qismində çıxış edir və bu müqavilə üzrə öhdəliklərinə görə hər hansı üçüncü tərəf qarşısında cavabdehlik daşıyır (3.1). Diler Satıcının rəsmi dileri statusu alır və bütün Azərbaycan Respublikası ərazisində malların tanıtımını və satışını həyata keçirir (3.2). Tərəflər razılaşırlar ki, malın orijinallığını təsdiqləmək və onu reklam etmək üçün Diler malın istehsalçısının ticarət nişanlarını, marka adlarını və digər nişanlarını istifadə etmək hüququna malikdir (3.3). Tərəflər razılaşırlar ki, Dilerin öz mülahizəsinə görə, bu müqavilənin predmeti olan və Satıcı tərəfindən təqdim edilən analoji mallar və/və ya oxşar çeşidli mallar üçün digər təchizatçılarla (satıcılar, distribütorlar, istehsalçılar) dilerlik müqavilələri (alqı-satqı müqavilələri) bağlamaq hüququ var (3.4). Tərəflər razılaşırlar ki, bu Müqavilənin heç bir bəndi aşağıdakı kimi təfsir edilə bilməz: malların yalnız Satıcıdan alınması ilə əlaqədar müstəsnalıq şərti; və ya Dilerin analoji çeşiddə mal satmaq hüququnun məhdudlaşdırılması; və ya Satıcının təklif etdiyi və Dilerin üçüncü tərəfdən aldığı çeşiddə malların satılması hüququnun (bu malların Azərbaycan Respublikası ərazisində mülki dövriyyəyə lazımi qaydada daxil olması şərti ilə) məhdudlaşdırılması; və ya Dilerin və ya Diler ilə mülki-hüquqi münasibətlərdə olan üçüncü tərəflərin Satıcıdan aldığı Mallar barədə məlumatı (o cümlədən digər üçüncü tərəflərin analoji mallarının qiymət təklifləri və şərtləri ilə birlikdə (eyni səhifədə)) Platformada yerləşdirmək hüququnun məhdudlaşdırılması.

14. Həmin müqavilənin 5-ci hissəsinə əsasən, X7 diler qiyməti (bundan sonra “Diler qiyməti” adlandırılır) ilə əldə edir (5.1). Mal vahidinin Diler qiyməti tərəflər arasında müvafiq Spesifikasiyaları (bu Müqavilənin 1 saylı Əlavəsi) imzalamaqla razılaşdırılır və bu Spesifikasiyalarda müvafiq nömrə (artikul) ilə identifikasiya edilmiş nomenklaturanın hər bəndi üçün Diler qiyməti göstərilir (5.2). Diler qiymətinin təkrar nəzərdən keçirilməsinə zərurət yarandıqda, Satıcı planlaşdırılan qiymət dəyişikliyindən ən azı 5 (beş) iş günü əvvəl yeni Spesifikasiya imzalamaq niyyəti barədə Dilerə bildiriş verir. Diler həmin Diler qiymətinə edilən düzəlişdən imtina etmək və bu cür qərarı verdiyi andan etibarən Satıcıya verilən Diler Sifarişlərində həmin malları yerləşdirməmək hüququna malikdir (5.3). Diler Satıcının hər hansı malına öz hesabına istənilən buraxılış (o cümlədən pərakəndə satış) qiymətini təyin etmək hüququnu özündə saxlayır, lakin Diler və Satıcı arasında müvafiq spesifikasiyalarda konkret bir mal üçün icazə verilən minimal buraxılış (pərakəndə satış) qiymətlərinin (bundan sonra MPSQ) müəyyənləşdirildiyi və onların tətbiqi qaydalarının razılaşdırıldığı hallar istisna təşkil edir (5.4). Satıcı sistematik olaraq Dilerə mallar barədə ətraflı qiymət siyahıları, onlara dəyişikliklər və əlavələr təqdim etməklə, Dileri Malların qiymətləri, Mallar üçün tətbiq edilən endirimlər, habelə Malların inkişaf etdirilmiş yeni (hələ satışa çıxmamış) versiyaları (markaları) və onların dəyəri barədə daim yenilənmiş məlumatlar ilə təmin etməlidir (5.5).

15. xx.xx.2021-ci il tarixli DM-22-05 nömrəli diler müqaviləsinə əlavə 1 olan 1 nömrəli spesifikasiyadan görünür ki, 1 ədəd “Yokamura İ8” markalı məhsulun qiyməti 1250 manat, MPSQ 1600 manat, 1 ədəd “İnmotion L9” markalı məhsulun qiyməti 1350 manat, MPSQ 1700 manat kimi razılaşdırılmışdır.

16. Məhkəməyə təqdim edilən 31 may 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 2 ədəd “Yokamura İ8”, 6 ədəd “İnmotion L9” markalı məhsul olmaqla ümumi dəyəri ƏDV daxil 10600 manat məbləğində mal cavabdeh tərəfindən təhvil alınmışdır.

17. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli EBCA 422910 seriya və nömrəli elektron qaimə 1250 manat dəyərində elektron samokat üçün tərtib edilmişdir.

18. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətində açılmış **********7966203120 nömrəli bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il olmaqla ümumilikdə ƏDV daxil 9350,0132 manat məbləğində pul köçürülmüşdür.

19. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli baxış aktından görünür ki, “Yokamura İ8” elektrikli samokatın yürüşünün 4325 km olduğu, məhsulda çoxsaylı cızıqlar, çatlar və digər zədələrin göründüyü, sükan sütunun və qatlanan ayağın qırıldığı, dekorativ bəzəklərin silindiyi, qoruyucu korpusun üzərindəki hissələrin pasla örtüldüyü qeyd edilmiş, məhsulun yeni vəziyyətə gətirilməsinin iqtisadi baxımdan səmərəsiz olduğu göstərilmişdir.

20. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli DM-22-05 nömrəli diler müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı həmin müqavilədə, spesifikasiyalarda və cavabdehin sifarişlərində nəzərdə tutulmuş miqdarlarda, müddətlərdə və qiymətlərdə malları cavabdehə çatdıraraq onun mülkiyyətinə verməyi, cavabdeh isə müqavilənin şərtlərinə uyğun qaydada malları iddiaçıdan qəbul etməyi, malların qiymətini ödəməyi və müqavilədə müəyyənləşdirilmiş qaydada və şərtlərdə alqı-satqı əməliyyatları etməklə və ya malları üçüncü tərəflərə (istehlakçılara və vasitəçilərə) çatdırmaqla iddiaçıdan əldə edilmiş malların paylanmasını (satışını) həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı 31 may 2021-ci il tarixli təhvil-təslim aktına əsasən cavabdehə 2 ədəd “Yokamura İ8”, 6 ədəd “İnmotion L9” markalı elektrik samokatı vermiş, həmin samokatlardan 1 ədəd “Yokamura İ8” və 6 ədəd “İnmotion L9” markalı malların dəyəri xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində ödənilmişdir (ƏDV daxil 9350,0132 manat).

21. İddiaçı dəyəri ödənilməyən bir ədəd “Yokamura İ8” markalı elektrik samokatının dəyərini təşkil edən 1250 manat pulun ödənilməsini tələb edir.

22. Cavabdeh iddiaya etiraz edərək bir ədəd “Yokamura İ8” markalı elektrik samokatının “test drive” üçün verildiyini qeyd edir və iddianın rədd olunmasını tələb edir.

23. Məhkəmə mübahisənin həlli üçün, əvvəla, tərəflər arasında xx.xx.2021-ci il tarixli DM-22-05 nömrəli diler müqaviləsindən irəli gələn hüquq münasibətlərinin xarakterinin şərh edilməsini zəruri hesab edir.

24. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli DM-22-05 nömrəli diler müqaviləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan 2 hüquqi şəxs arasında imzalanmış, adıçəkilən müqavilənin hüquqi məqsədini iddiaçının mallarının cavabdeh tərəfindən üçüncü şəxslərə satılmaq üçün alınması təşkil edir. Həmin müqaviləyə əsasən, iddiaçı malları cavabdehə çatdırır, onun mülkiyyətinə verir, cavabdeh malları satın alır və öz adından, öz hesabına üçüncü tərəflərə satır, bütün Azərbaycan Respublikası ərazisində malların satışını və tanıtımını həyata keçirir, malın istehsalçısının ticarət nişanlarını, marka adlarını və digər nişanlarını istifadə etmək hüququna malikdir.

25. xx.xx.2021-ci il tarixli DM-22-05 nömrəli diler müqaviləsində göstərilən şərtlər onu deməyə əsas verir ki, həmin müqavilə mahiyyəti etibarilə kommersiya konsessiyası müqaviləsidir.

26. Belə ki, Mülki Məcəllənin 800.1-ci maddəsinə əsasən, konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: – tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; – bu malları öz adından və öz hesabına başqasına satmaq; – bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir.

27. Həmin Məcəllənin 800.2-ci maddəsinə əsasən, əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, tapşıran barəsində konsessionerin kontrakt mallarını müqavilə ərazisinin hüdudlarından kənarda və ya müqavilə müştərilərindən savayı, başqa müştərilərə satmaq hüququ yoxdur.

28. Məhkəmə qeyd edir ki, kommersiya konsessiyası müqaviləsi tapşıran (iddiaçı) ilə konsessioner (cavabdeh) arasında alqı-satqı, icarə, saxlama, müəlliflik müqavilələrini ehtiva edən mürəkkəb xarakterli müqavilə olub mülki qanunvericiliklə xüsusi tənzimlənən xidmət müqavilələri kateqoriyasına aiddir.

29. Hazırkı müqavilə tapşıran (iddiaçı) ilə konsessioner (cavabdeh) arasında münasibətləri tənzimləyən ümumi (birtipli) müqavilə olmaqla, həm də Mülki Məcəllənin 802.2-ci maddəsinə uyğun olaraq bütün alqı-satqı əməliyyatları üçün qüvvədə olan ümumi şərtləri də ehtiva edir.

30. Belə ki, adıçəkilən müqavilənin 4-cü hissəsinə əsasən, malların Dilerə çatdırılması Dilerin Sifarişləri əsasında sifariş təsdiq edildiyi andan 3 (üç) gün ərzində ayrı-ayrı partiyalar ilə həyata keçirilir (4.1). Diler Mallara görə ödənişi malların vahid qiymətləri, mal partiyasının ümumi dəyəri və ayrıca qeyd edilmiş ƏDV məbləği göstərilməklə malın ödənişi üçün Satıcı tərəfindən verilmiş elektron qaimə-faktura əsasında həyata keçirir. Ödəniş Satıcının hesabına Azərbaycan manatı ilə nağdsız pul köçürmələri yolu ilə həyata keçirilir (4.2). Satıcı və Diler hər hesabat dövrünün sonunda malın qalıqlarını birgə uzlaşdırır və bu balansa əsasən malların üzləşmə aktı tərtib edilir. Rübdə bir dəfə yazılı şəkildə Dileri xəbərdarlıq etməklə hesabat dövrünün müddəti Satıcının istəyi ilə dəyişdirilə bilər (4.3). Diler öhdəsinə götürür ki, Dilerə faktiki verilmiş Malların ödənilməsi üçün Satıcının ödəniş sənədlərini (invoys, üzləşmə aktı və elektronqaimə faktura) aldıqdan sonra 5 (beş) iş günü ərzində Satıcının ödənişə təqdim etdiyi ödəniş sənədində göstərilmiş Malların ümumi dəyərinin 100%-i (yüz faizi) məbləğində ödəniş həyata keçirəcək (4.4). Malın Satıcı tərəfindən Dilerə edilən təhvil-təslimin yekunlaşdığı anda mal üzərindəki mülkiyyət hüququ Dilerə keçmiş olur (4.5) və s.

31. Kommersiya konsessiyası üzrə alqı-satqı münasibətlərinə isə Mülki Məcəllənin 802-ci maddəsi nəzərdə tutulmuş qaydada ümumi (birtipli) müqavilənin şərtləri nəzərə alınmaqla mülki qanunvericiliyin alqı-satqı barədə müddəaları tətbiq edilir.

32. Belə olan halda məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə alqı-satqı münasibətləri nisyə alqı-satqı müqaviləsi formasında olmuşdur (xx.xx.2021-ci il tarixli DM-22-05 nömrəli diler müqaviləsinin 4.4-cü bəndi nəzərə alındığında).

33. Bu halda iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

34. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

35. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

36. Məhkəmə cavabdehin bir ədəd “Yokamura İ8” markalı elektrik samokatının test üçün verilməsi ilə bağlı arqumentlərini isə aşağıdakı səbəblərdən əsaslı hesab etmir.

37. Cavabdehin təqdim etdiyi vatsap yazışmalarından (diler müqaviləsi bağlanandan sonrakı dövr üçün) görünür ki, cavabdehin nümayəndəsi samokatın test sürüşü üçün verildiyini qeyd etmiş, test üçün sürülə biləcəyinin sənəddə göstərilməsini tələb etmiş, iddiaçının nümayəndəsi isə onlarda belə bir anlayışın olmadığını, müvafiq olaraq vitrin üçün nümunə kimi göstərilməsinin düzgün olacağını, həmin nümunədən nə məqsədlə istifadə olunmasının cavabdehin öz işi olduğunu, hətta test sürüşü halında belə cavabdehin və birbaşa sürənin cavabdehlik daşıdığını qeyd etmişdir.

38. Göründüyü kimi, iddiaçı hətta müqavilə sonrası danışıqlarda da hər hansı məhsulun test üçün verilə bilməsini inkar etmiş, həmin məhsulun vitrin məhsulu kimi çıxış edə biləcəyini qeyd etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, müqavilə şərtlərində də, təhvil-təslim aktında da sözügedən bir ədəd “Yokamura İ8” markalı elektrik samokatının “test drive” üçün verildiyi təsdiqlənmir. Cavabdeh tərəfin sübutları isə nümayəndələrinin izahatlarından ibarətdir.

39. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

40. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

41. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

42. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

43. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

44. Beləliklə, məhkəmə hesab edir ki, diler müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (diler) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

45. Məhkəmə qeyd edir ki, cavabdeh 1 ədəd “Yokamura İ8” və 6 ədəd “İnmotion L9” markalı mallar üçün xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində ümumilikdə ƏDV daxil 9350,0132 manat ödədiyindən cavabdehdən tutulmalı məbləğ də (1250*2+1350*6–9350,0132≈) 1249,98 manat təşkil edəcəkdir.

46. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə 1249,98 manat borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

47. İddiaçı həmçinin hüquqi yardım xərci olaraq 200 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

48. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 252 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə vəkil X5 iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün tapşırıq verilmiş, xx.xx.2022-ci il tarixli ******* nömrəli vəkil orderi tərtib edilmişdir. 22787 nömrəli qəbz əsasında iddiaçının direktoru tərəfindən 252 təyinatı 200 manat məbləğində pul “A.İ.M.” vəkil bürosunun bank hesabına köçürülmüşdür.

49. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

50. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir.

51. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

52. Məhkəmə mediasiya prosesinin keçirilməsi ilə bağlı sənədləşmə işlərinin həyata keçirilməsi və iddia ərizəsinin tərtibi üçün müvafiq məbləğdə hüquqi yardım haqqının ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 200 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. V. Nəticə:

53. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1249 (bir min iki yüz qırx doqquz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Hüquqi yardım xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar