Məhkəmə qərarları › İş №e-2-2(113)-4570/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4570/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4570/2023 18.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh “X1 "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə, üzləşmə aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialının cavabdeh “X1 "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra – iddiaçı) cavabdeh “X1 "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14334,10 manat əsas borcun, 2224,12 manat ƏDV borcunun, 13063,80 manat cərimə məbləğinin, 200 manat mediasiyaya təşkilatına ödənilmiş rüsumun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən 14334,10 manat əsas borcun, 13063,80 manat cərimə məbləğinin, 200 manat mediasiyaya təşkilatına ödənilmiş rüsumun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında AS T-EVR- 19-04 saylı, 12 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı müqaviləyə və onun ayrılmaz tərkib hissəsi olan sənədlərinə əsasən malları alıcıya təqdim etməli, alıcı isə müəyyən olunmuş dəyəri satıcıya ödəməlidir. Müqavilənin məbləği və yekun qiyməti əks olunan 2-ci bəndinə əsasən müqavilənin yekun məbləği ƏDV xaric 760200 avro təşkil etmişdir. Müqavilənin təhvil-təslim, daşınma şərtləri və müddəti qeyd olunan 3-cü maddəsinin 3.3.-cü yarımbəndinə əsasən müqavilədə qeyd olunan avadanlıq satıcı tərəfindən satınalma sifarişi təsdiqi veriləndən sonra, satıcının Ankarada olan fabrikasında müqavilənin ümumi məbləğindən 20 faiz ödəndikdən sonra 28-30 həftə ərzində yığılmalıdır, müqavilənin ümumi məbləğindən 90 faiz ödəndikdən sonraisə alıcıya DDP Şəki şərtində çatdırılacaq. Müqavilənin ödəniş şərtləri göstərilən 4-cü maddəsinə əsasən müqavilənin ümumi dəyərindən (760200 avro) 20 faizi qabaqcadan sifariş təsdiqlənməsindən sonra 15 gün ərzində alıcı tərəfindən satıcının hesabına ödənilməli idi. Müqavilənin məbləğindən 10 faiz alıcı tərəfindən, sifariş təsdiqlənməsindən sonra 45 gün ərzində satıcının hesabına ödənilməlidir. Satıcı tərəfindən mallar hazır olması barədə alıcıya məlumat verildikdən sonra, alıcı 30 gün ərzində müqavilənin ümumi dəyərindən qalıq 60 faizi hissə-hissə ödəməlidir. Müqavilənin məbləğinin 90 faizi ödəndikdən sonra, satıcı malların çatdırılmasını təmin etməli idi. Müqavilənin şərtlərinə uyğun olaraq nəzərdə tutulan bütün mallar alıcı tərəfindən tam və keyfiyyət tələblərinə uyğun qaydada təhvil verilmişdir. Məbləğləri tərəflər yazılı qaydada göstərmiş və hər iki tərəf imza möhürləri ilə təsdiqləmişdir. Həmin gün təsdiqlənmiş üzləşmə aktına əsasən alıcı tərəfin satıcıya 14334,10 manat əsas borcu və 2224, 12 manat ƏDV borcu mövcuddur. Tərəflər arasında bağlanmış olan xx.xx.2019-cu il tarixli, AS T-EVR-19-04 nömrəli müqavilənin ödəniş şərtləri əks olunan maddəsində qeyd olunan ödənişlərdə gecikmə baş verdikdə alıcı qalıq dəyərinin 0,01 faiz məbləğində olan cəriməni hər gecikən gün üçün ödəməlidir. Belə ki, alıcı tərəfindən ödənişlərin hər dəfə gecikdirilmə müddətlərinin cəmi olaraq 13063,80 manat cərimə məbləği mövcuddur. Yuxarıda göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilməsi tələb edilmişdir. Xəbərdarlıq məktubunun göndərilməsi nəticəsində də qarşı tərəf öz öhdəliklərini icra etmədiyindən tərəfimizdən Mediasiya Şurasına müraciət edilmişdir. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixində mediasiya sessiyası keçirilmiş, ilkin mediasiyasessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim olunmuşdur.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəməyə ödəniş sənədlərini təqdim etdikdən sonra tələb edilən ƏDV borcunun üzləşmə aktından sonra ödənildiyini müəyyən etmiş, bu səbəbdən iddia tələbinin həcmini azaltmışlar.

5. Cavabdehin nümayəndəsi səhhəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də gəlməməsinin səbəbinin üzrlü olmasına dair hər hansı sübut təqdim etməmişdir.

6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli AST-EVR-19-04 nömrəli müqaviləyə əsasən satıcı tərəfdən malların satışı, qeyd olunmuş malların texniki məlumatları, pos nömrələri və miqdarları bu müqaviləyə əlavə olunmuş 3004/028 nömrəli xx.xx.2018-ci il tarixdə göndərilən təklifdə göstərilmişdir. Satıcı aşağıda göstərilən və 3004/028 nömrəli xx.xx.2018-ci il tarixdə göndərilən təklifdə bəyan olunmuş malların problemsiz kvə defektsiz çatdırılmasını öz öhdəsinə götürür. 4 ədəd RDLO 400-880 A1 SC (3000 m3/S, 260 M) pompaları və 2700 kvt – 1480 rpm, 6000 V motor.

9. Müqavilənin 4.1-ci bəndinə əsasən mallar üzrə ödənişlər bank köçürmə yolu ilə alıcının hesablaşma hesabına ödənilməlidir.

10. Müqavilənin 4.2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr baş verdikdə, alıcı qalıq dəyərinin 0,01 % məbləğində olan cərimə hər gecikən gün üçün ödəməlidir, cərimənin ümumi məbləği müqavilənin ümumi dəyərinin 3 %-dən çox təşkil edə bilməz.

11. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli üzləşmə aktına əsasən cavabdehin qalıq əsas borcu əvvəlki 24458,34 avro, dəyişdirilmiş 6903,34 avro, qalıq ƏDV borcu əvvəlki 4231,25 Avro, dəyişdirilmiş 1071,35 avro təşkil edir.

12. İddaçı tərəfindən cavabdehə göndərilmiş 13 fevral 2019-cu il tarixli 1302/006 nömrəli Rolo 400-880 A1 SC (3000 M3/H, 260M) pompa və 2700 kw 148/0 rpm, 5000 V motora görə 760200 Avro, ƏDV-yə görə 136836 Avro, ümumilikdə 897036 Avro hesab faktura göndərilmişdir.

13. İddiaçı tərəfindən cavabdehə EBAE 601910 nömrəli xx.xx.2019-cu il tarixli, EBAS 102496 nömrəli xx.xx.2020-ci il tarixli, EBDC 660364 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimələr göndərilmişdir.

14. İddiaçı və cavabdeh arasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, xx.xx.2019-cu il tarixli ASC-EVR-19-04 nömrəli müqaviləyə əsasən 742645 EUR (ödənilən ƏDV 132604,75 EUR) dəyərindən olan hissəsi ödənilmiş və xx.xx.2020-ci il tarixinə cavabdehin iddiaçı qarşısında 6903,34 EUR (qalıq ƏDV: 1071,35 EUR) kreditor borcu mövcuddur. xx.xx.2020-ci il tarixinə mövcud olan avro/manat kursuna görə (2.0760) ümumi ƏDV xaric kreditor borcu 14334,10 manat (qalıq ƏDV: 2224,12 manat) təşkil edir.

15. İddiaçı və cavabdeh arasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixli ASC-EVR-19-04 nömrəli müqaviləyə əsasən iddiaçıya 14334,10 manat (ƏDV xaric) borcunun olmasını etiraf etmişdir.

16. Təqdim edilmiş hesabdan çıxarışlara əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci ildə 484000 manat, xx.xx.2019-cu ildə 200000 manat, xx.xx.2019-cu ildə 43000 manat, xx.xx.2019-cu ildə 429400 manat, xx.xx.2019-cu ildə 195000 manat, xx.xx.2020-ci ildə 65000 manat əsas vəsait ödənilmişdir.

17. İddiaçının ƏDV hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixə qədər ümumilikdə 257196,48 manat ƏDV ödənilmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-262/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli AST- EVR-19-04 nömrəli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialına ödənilmiş ümumilikdə 1 416 400 AZN (254 952 ƏDV) məbləğində vəsaitdən 343 875,61 AZN (61 897,61 ƏDV) məbləğində hissə ilə bağlı elektron qaimənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında iddiaçıya geri qaytarılmışdır.

19. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli AST-EVR-19-04 nömrəli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

23. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

26. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

27. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

28. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

29. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

30. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

31. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, cavabdehdən 14334,10 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

32. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 13063,80 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

33. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

34. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

35. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 700 manat məbləğində müəyyən edilməlidir.

36. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 14334,10 manat məbləğində əsas borc, 700 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “X1 "xxxx" ASC-dən 14334,10 manat əsas borc, 700 manat dəbbə pulu, ödənilmiş 200 manat məbləğində dövlət rüsumu, ümumilikdə 15234,10 (on beş min iki yüz otuz dörd manat on qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar