Məhkəmə qərarları › İş №e-2-2(113)-4572/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4572/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4572/2023 06.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, İddiaçının qanuni nümayəndəsi X3, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 69300 manat məbləğində əsas borcun, 6935 manat faiz məbləğinin və 400 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin aprel ayının əvvəllərində cavabdeh iddiaçıya müraciət edərək “Miami” qarğıdalı sortundan olan toxum almaq istədiyini bildirmişdir. Qarşılıqlı razılaşma əsasında 13 aprel 2021-ci ildə anbardan cavabdehin nümayəndəsi olan Fərzəliyev Yalçının (tel. ***-***-**-**) idarə etdiyi dövlət qeydiyyat nişanı ** JU *** olan yük avtomobilinə hər birinin dəyəri 250 manat, cəmi dəyəri 31250 manat olan 125 kisə toxum yüklənmiş, bu barədə tərtib olunmuş 056809 nömrəli qaimə iddiaçı “X5” MMC-nin direktoru X3, baş mühasibi və cavabdehin nümayəndəsi Yalçın Fərzəliyev tərəfindən imzalanmışdır. Bir gün sonra, 13 aprel 2021-ci ildə anbardan cavabdehin nümayəndəsi olan Fərzəliyev Yalçının (tel. ***-***-**-**) idarə etdiyi dövlət qeydiyyat nişanı ** JU *** olan yük avtomobilinə hər birinin dəyəri 250 manat, cəmi dəyəri 31250 manat olan daha eyni çeşidli 125 kisə toxum yüklənmiş, bu barədə tərtib olunmuş 056810 nömrəli qaimə iddiaçının direktoru X3, baş mühasibi və cavabdehin nümayəndəsi Yalçın Fərzəliyev tərəfindən imzalanmışdır. Tərəflər arasında bağlanmış 06 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin tarixdə əlavə olaraq iddiaçı tərəfindən cavabdehə hər birinin dəyəri 170 manat, cəmi dəyəri 6800 manat olan 40 kisə qarğıdalı toxumu satılmışdır. Müqaviləyə edilmiş 1 nömrəli Əlavəyə əsasən Cavabdeh direktoru Qanuni nümayəndə imza edərək 40 kisə qarğıdalı toxumunu almışdır. Cavabdeh MMC-nin direktoru yaranmış cəmi 69300 manat borcunu 1 ay ərzində ödəyəcəyini vəd etsə də bu günə kimi ödəməmişdir. Odur ki, həmin borc məbləğinin məhkəmə qaydasında məcburi qaytarılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək iddianın qismən, yəni 6800 manat hissədə təmin edilməsi, digər hissədə rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya müraciət edərək “Miami” qarğıdalı sortundan olan toxum almaq istədiyini bildirmişdir. Qarşılıqlı razılaşma əsasında 2021-ci ilin aprel ayında cavabdehin nümayəndəsi (iddiaçının iddiasına görə) Fərzəliyev Yalçının idarə etdiyi **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 056809 və 506810 qaimə əsasında ümumi dəyəri 62500 manat olan toxum yüklənmiş və cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən qeyd edilən toxumun (ümumi dəyəri 62500 manat olan) alışı ilə bağlı sifariş verilməmişdir. Fərzəliyev Yalçının cavabdeh ilə heç bir bağlılığı yoxdur. X1 adında nə işçisi, nə də cavabdeh adından çıxış etmək səlahiyyəti verilmiş təmsilçisi var. İddiaçı bu hissədə iddianı əsl olmayan cavabdehə qarşı qaldırmışdır. Cavabdeh hüquqi şəxsdir. Onun adından etibamaməsiz çıxış etmək səlahiyyəti yalnız cəmiyyətin qanuni təmsilçisinə məxsusdur. Digər şəxslər müəssisəni yalnız qanuni təmsilçi tərəfindən verilən etibarnamə əsasında təmsil edirlər. İddiaçı tərəfindən iddia etdiyi mallar cavabdehə təhvil verilməyib. Malların təhvil verilməsi ilə bağlı müəssisənin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq olunan heç bir sənəd mövcud deyil.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Q.Həsənov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında uzun illərdir ki, işgüzar münasibətlər vardır. Bu səbəbdən iddiaçı cavabdehin sifarişi əsasında ona 31250 manat və 31250 manat məbləğində qarğıdalı toxumu təhvil vermiş, bu barədə qəbzləri iddiaçının işçisi Y.Fərzəliyev imzalamışdır. Həmin mallarla bağlı cavabdehə qaimə, hesab faktura təqdim edilməmişdir. Daha sonra cavabdeh yenidən mal sifariş vermiş, bu dəfə tərəflər arasında yazılı müqavilə imzalanmış, cavabdehə 6800 manat mal təhvil verilmişdir. Hazırda həmin malların dəyərinin ödənilməsini tələb edirlər.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə yazılı etirazı müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın qismən, 6800 manat hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı və cavabdeh arasında bağlanmış 06 may 2022-ci il tarixli 22/042 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya kənd təsərrüfatı dərmanlarını, toxumlarını, gübrələri, aqreqatlarını və ehtiyat hissələri satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.

10. Müqavilənin 1.2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri əlavə razılaşmada qeyd olunur.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı müqaviləyə olunmuş əlavələrlə müəyyənləşdirilir.

12. Müqavilənin 5.1-ci bəndinə əsasən malın ödəmə şərtləri müqaviləyə tərtib olunmuş əlavələrdə başqa şərtlər nəzərdə tutulmadığı halda, hər əlavədə qeyd edilən mallar təhvil verildikdən sonra 1 ay ərzində ödəniş ediləcəkdir.

13. Müqaviləyə 01 saylı 06 may 2022-ci il tarixli əlavədən görünür ki, tərəflər miami qarğıdalı toxumunun qiymətini ümumilikdə 6800 manat məbləğində müəyyən etmişlər.

14. İddiaçı tərəfindən cavabdehə EBBV 904637 nömrəli xx.xx.2022-ci il tarixli 6800 manat məbləğində elektron qaimə göndərilmişdir.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 06 may 2022-ci il tarixli 22/042 nömrəli nömrəli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

23. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

27. İddiaçı iddia ərizəsində müqavilə üzrə ödənilməli olan borcun 69300 manat olduğunu bildirmiş, cavabdeh iddiaya qarşı etirazında iddiaçı tərəfindən 6800 manat məbləğində malın təhvil verildiyini bildirərək, həmin hissədə borcu etiraf etdiyini bildirmişdir.

28. Belə ki, iddiaçı cavabdehə müqavilə bağlanmazdan əvvəl də mal təhvil verildiyini, həmin malın iki partiya olmaqla verildiyini, bu barədə qəbzə cavabdehin nümayəndəsi Y.Fərzəliyev tərəfindən imza edildiyini, təhvil verilmiş həmin malların dəyərinin 62500 manat olduğunu bildirsə də, iddianın həmin hissəsi ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir.

29. Belə ki, iddiaçı həmin malların cavabdehə iki ədəd qəbzə imza etdirilməklə təhvil verildiyini bildirmiş, həmin təhvil qəbzlərini məhkəməyə təqdim etmişdir.

30. Məhkəmə həmin qəbzləri mötəbər sübut qismində qəbul etmir. Belə ki, iddiaçı həmin malların cavabdehin sürücüsü Yalçın Fərzəliyevə təhvil verildiyini bildirmiş, qəbzləri də onun imzaladığını göstərmişdir.

31. Cavabdeh Yalçın Fərzəliyev adlı işçilərinin olmadığını bildirmiş, iddiaçı həmin qəbzlərdən əlavə məhkəməyə iddia tələbinin həmin hissəsi ilə bağlı mötəbər və təkzibedilməz sübut təqdim edə bilməmişdir.

32. İddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, iddiaçının anbarında kömək lazım olanda gedib orada işləyir. İddiaçı ilə əmək müqaviləsi yoxdur. Çağıranda anbara kömək məqsədilə gedir. Qəşəm müəllimi 5- 6 ildir ki, tanıyır. Cavabdeh MMC-ni tanıyır, adını eşitmişdir. Anbarda toxum saxlanılır. 2021-ci ilin aprel ayında Yalçın bəy gəlib anbardan toxum aparırdı. O, orada malın avtomobilə yüklənməsinə kömək edirdi. Yalçın bəy 3 dəfə gəlib anbardan mal apardı. Malların Yalçın bəyin avtomobilinə yüklənməsinə dair göstərişi onlara Rövşən bəy (iddiaçının direktorunun oğlu) verirdi. Sonuncu dəfə Yalçın bəyi 2021-ci ilin may ayında görmüşdür. Hər gələndə 25 kisə arpa aparırdı. Cavabdehə arpa, buğda toxumu verilmişdi. Cavabdehin anbara gələn maşının nömrəsini və rəngini xatırlamır. Mallar aparılnada qəbzə qol çəkilib çəkilməsini bilmir. Onlara göstəriş verilirdi, onlar kisələri maşına yükləyirdilər. Maşına yüklənən malların hara aparılacağını bilmirdi. Yalçın müəllimi tanıyırdı. Anbara bir neçə dəfə gələndə əvvəllər görmüşdü. Maşın pick up maşını idi, rəngi, nömrəsi yadında deyildir.

33. Məhkəmə iddiaçının təqdim etdiyi şahid K.Bağışovun ifadəsini də mötəbər sübut qismində qəbul etmir.

34. Belə ki, iddiaçının təqdim etdiyi şahidin ifadəsi kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadə iddiaçı tərəfindən cavabdehə yazılı müqavilə bağlanmazdan əvvəl 62500 manat məbləğində malın təhvil verildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

35. İddiaçı bununla bağlı başqa sübut təqdim edə bilməmişdir.

36. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 6800 manat borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

37. Bununla yanaşı, iddiaçı cavabdehdən vəsaitin qanunsuz saxlamaqla faydalanmağa görə 6935 manat faiz borcunun ödənilməsi tələbini də irəli sürmüşdür.

38. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

39. İddiaçı iddia tələbində cavabdehdən 6935 manat məbləğində faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən əldən çıxmış fayda kimi 6935 manat pul tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır.

40. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6800 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə, qalan 300 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 6800 manat pul, ödənilmiş 100 manat dövlət rüsumu, ümumilikdə 6900 (altı min doqquz yüz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 300 (üç yüz) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar