Məhkəmə qərarları › İş №e-2-2(113)-4576/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4576/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4576/2023 07.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daşıma müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən xx.xx.2022-ci il tarixli MT22/0109/1 nömrəli “Daşıma xidmətinin göstərilməsi barədə Müqavilə”yə əsasən iddiaçı tərəfindən göstərilmiş yükdaşıma xidmətinə görə 30738 manat əsas borcun və Müqaviləyə əsasən ödənişi 210 gün gecikdirdiyinə görə gecikdirilmiş hər gün üçün 5 faiz məbləğində cərimə 290.000 manat olmaqla, cəmi 320.738,0 manatın və mediasiya daxil ödənilmiş 811 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən xx.xx.2022-ci il tarixli MT22/0109/1 nömrəli “Daşıma xidmətinin göstərilməsi barədə Müqavilə”yə əsasən iddiaçı tərəfindən göstərilmiş yükdaşıma xidmətinə görə 30738 manat əsas borcun və Müqaviləyə əsasən ödənişi 210 gün gecikdirdiyinə görə gecikdirilmiş hər gün üçün 5 faiz məbləğində cərimə 290.000 manat olmaqla, cəmi 320.738,0 manatın və mediasiya daxil ödənilmiş 811 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında yüklərin daşınması xidmətinin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli MT22/0109/1 nömrəli “Daşıma xidmətinin göstərilməsi barədə Müqavilə” bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin verdiyi sifarişlər əsasında daşıyıcı iddiaçı yüklərin daşınması xidmətini yerinə yetirir və ya onların yerinə yetirilməsini təşkil edir və bu xidmət müqabilində sifarişçi daşıyıcıya muzd ödəyir. Daşıma xidmətinin göstərilməsi barədə Müqavilənin 1.2-ci bəndinə əsasən Hər bir daşıma xidməti üzrə xüsusi şərtlər, marşrut, yükün adı, çəkisi, nəqliyyat vasitəsinin göstəriciləri, müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə (sifarişdə) öz əksini tapır. Bu müqavilə üzrə ödəniş Azərbaycan manatı ilə həyata keçirilir. Müqavilənin 2.2-ci bəndinə əsasən Marşrut, yükün adı və daşıma haqqı, ödəniş şərtləri müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişdə müəyyən edilir. Daşıma xidmətinin göstərilməsi barədə bu Müqavilənin 2.4-cü bəndinə əsasən ödəniş şərti və ya sifarişdə Daşıyıcının təqdim etdiyi hesab-faktura əsasında Sifarişçi tərəfindən bank vasitəsi ilə köçürmə yolu ilə 10 (on) gün müddətinə həyata keçirilir. Bu Müqavilənin 3.1.4-cü bəndinə əsasən Daşıyıcı Sifarişçinin sifarişinə əsasən “Müqavilə”nin 1.1 bəndində əks edilmiş əməliyyatları yerinə yetirir və ya onların yerinə yetirilməsini təşkil edir. Bu Müqavilənin 3.2.16-cı bəndinə əsasən Daşıma xərcləri Sifarişçi tərəfindən Daşıyıcıya 3 bank günü ərzində önənilməlidir əks halda, hər gecikdirilən gün üçün ümumi məbləğin 5 faizi həcmində cərimə ödəniləcəkdir. Bu müqavilənin 6-cı bəndinə əsasən tərəflər mübahisəni 30 gün müddətində pretenziya qaydasında həl edə bilmədikdə mübahisə ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Qeyd olunan Xidmət Müqaviləsinin 7.5-ci bəndinə əsasən Bu müqavilənin müddəti tərəflərin öz öhdəliklərini tam yerinə yetirənə qədər qüvvədədir. Cavabdeh ilə iddiaçı arasında keçirilmiş xx.xx.2022-xx.xx.2023-cü il tarixləri əhatə edən üzləşmə aktına əsasən Sifarişçinin daşıyıcıya 30.738,00 manat borcu vardır. Müqaviləyə əsasən sifarişçi ödənişi 210 gün gecikdirdiyinə görə daşıyıcıya əsas borcun üzərinə hər gün üçün 5 faiz məbləğində cərimə 290.000 manat, ümumilikdə cəmi 320.738,0 manat ödəməlidir. Lakin Sifarişçi hazırki vaxtadək üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və iddiaçıya olan 320.738,0 manat ödənişi bu günədək həyata keçirməmişdir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini tam yerinə yetirməmiş və öhdəliklərin icrasından imtina üçün heç bir əsası olmamışdır.

3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiada cəmiyyətin İddiaçı MMC-yə 30.738 AZN borcu olduğu qeyd edilmişdir. Göstərilən məbləğdə iddiaçı şirkətə borcunun olduğunu təsdiqləyir və imkan daxilində, qısa müddətdə həmin borcun ödənilməsini təmin edəcəydir. Bu borcun ödənilməməsi öhdəliyindən boyun qaçırması ilə əlaqədar deyil və yalnız cəmiyyətdə yaranmış maddi çətinliklərlə bağlı olmuşdur. Həmin borcdan 6800 AZN vəsait xx.xx.2023cü il tarixdə iddiaçıya ödənilmişdir. Eyni zamanda, iddiaçı ilə cəmiyyət arasında xx.xx.2018-ci il tarixdə bağlanmış, 12018 saylı müqaviləyə əsasən aralarında uzun müddətli iş birliyi yaranmış, bu müddət ərzində iddiaçı şirkətin göstərdiyi xidmətlərə görə həmin şirkətə rəsmi olaraq 804.793 AZN məbləğində vəsait köçürülmüşdür. Bütün bunlarla yanaşı, iddiaçı şirkət borca görə hər gecikdirilən gün üçün ümumi məbləğin 5 faizi həcmində,ümumilikdə 290.000 AZN cərimə ödənilməsi tələbini irəli sürmüşdür. Bu tələbə etiraz edir, çünkü iddiaçı şirkət tərəfindən xx.xx.2022-ci il tarixli, MT/0109/22 saylı müqavilə elektron formada cəmiyyətə təqdim edilmiş və cəmiyyətlərin rəhbərləri tərəfindən imzalanmışdır. Həmin müqavilədə ödənişin müəyyən edilmiş vaxtda ödənilməməsinə görə hər gün üçün 0.2 faiz cərimə məbləğinin nəzərdə tutulması və həmin cərimənin ümumi məbləğin 5 faizindən artıq olmaması qeyd edilmişdir. Lakin iddiaçı sonradan, etibardan sui-istifadə edərək hər iki tərəfin imzaladığı müqaviləni qarşılıqlı razılaşma olmadan, müvafiq bəndlərdə hər gecikdirlən gün üçün cərimə məbləğinin 5 faiz olması barədə özbaşına dəyişiklik edərək müqaviləni kağız formada başqa nömrə ilə (MT22/0109/1) təqdim etmişdir. Cəmiyyətin əməkdaşları tərəfindən müqavilə artıq yoxlanıldığından, ikin olaraq hər iki cəmiyyətin rəhbəri tərəfindən təsdiq olunduğundan və uzun illər əməkdaşlıq etdiyi iddiaçı tərəfin sonradan müqavilədə dəyişiklik edə biləcəyini düşünmədiyindən, onların vicdanlılığına inanıb, mexaniki olaraq həmin müqavilə də imzalanıb geri göndərilmişdir. İddiaçı şirkət məhkəməyə müraciət edərkən özlərinin saxta yolla dəyişdikləri müqaviləyə istinad edərək hər gecikmiş günə görə 5%-dən pul hesablayaraq cərimə məbləğini süni olaraq şişirtmişlər.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

9. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. xx.xx.2022-ci il tarixli MT22/0109/1 nömrəli Daşıyıcı Müqaviləsindən görünür ki, iddiaçı cavabdehin sifarişinə əsasən cavabdehin yüklərinin daşınması xidmətini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, cavabdeh isə həmin xidmətlər müqabilində iddiaçıya muzd ödəməyi öhdələrinə götürmüşlər.

11. Müştəri üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya son qalıq borcu 30738 manat təşkil edir.

12. xx.xx.2023-cü il tarixli ********** saylı ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2022-ci il tarixli MT22/0109/1 nömrəli müqavilə üzrə 6800 manat ödəniş etmişdir.

13. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli MT22/0109/1 nömrəli Daşıyıcı Müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişinə əsasən cavabdehin yüklərinin daşınması xidmətini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, cavabdeh isə həmin xidmətlər müqabilində iddiaçıya muzd ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdeh üçün yüklər daşınmış, tərəflər arasında tərtib olunmuş üzləşmə aktına əsasən cavabdehin iddiaçıya 30738 manat borcu qalmış, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 6800 manat ödəniş edilmiş, hazırda cavabdehin iddiaçıya olan əsas borcu 23938 manat təşkil edir.

14. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış yük daşınması müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, yükləri daşımış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir.

15. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış daşıma müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş üzləşmə aktından görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, sifariş olunan yükləri cavabdeh üçün daşımış, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya daşıma müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında daşıma müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdeh üçün yüklər daşınmış, cavabdeh həmin daşımalara görə qalmış 23938 manat borcu ödəməmişdir. Beləliklə, müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır.

17. Belə olan halda isə Mülki Məcəllənin 441.4-cü maddəsinin tələbinə görə əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyini həyata keçirmədiyinə baxmayaraq öhdəliyi qarşılıqlı icrası həyata keçirilmişdirsə, digər tərəf öz öhdəliyini icra etməlidir.

18. Məcəllənin qeyd olunan müddəasının mənası baxımından iddiaçı üzərinə düşən öhdəliyini yerinə yetirdiyi halda, cavabdeh də üzərinə düşən qarşılıqlı öhdəliyini yerinə yetirməlidir, yəni cavabdeh iddiaçının yükün daşınmasına görə muzdunu ödəməyə borcludur.

19. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və yükün daşınmasına görə qalıq qalmış 23938 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddia qismən təmin edilməlidir.

20. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.

21. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, həmin müqaviləyə əsasən ödənişin gecikdirilməsinə görə cavabdeh dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür.

22. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

23. Məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləği əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı, 1500 manat dəbbə pulu cavabdehdən tutulmalıdır.

24. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 200 manat məbləğində pul Bakı 12 saylı Mediasiya təşkilatına ödənilmişdir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.

27. İş üzrə ödənilmiş dövlət rüsumu məbləğinin 611 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 7,93 faizini təşkil etdiyini nəzərə aldıqda, dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş 611 manat dövlət rüsumunun 48,45 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 562,55 manat məbləği iddiaçıya aid edilməlidir.

28. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli MT22/0109/1 nömrəli “Daşıma xidmətinin göstərilməsi barədə Müqavilə”yə əsasən 23938 manat əsas borc, 1500 manat cərimə, cəmi 25438 manat və mediasiya xərcinə görə 200 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.

VI. Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixli MT22/0109/1 nömrəli “Daşıma xidmətinin göstərilməsi barədə Müqavilə”yə əsasən 23938 manat əsas borc, 1500 manat cərimə, cəmi 25438 manat və mediasiya xərcinə görə 200 manat tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 611 manat dövlət rüsumunun 48,45 manat məbləği cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin, qalan 562,55 manat məbləği İddiaçınə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar