Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4578/2023 20.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavadehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X1 İnşaat Orman X5 İç ve Dış Ticaret LTD ŞTİ-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 İnşaat Orman X5 İç ve Dış Ticaret LTD ŞTİ (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24287,40 ABŞ dolları əsas, 5000 ABŞ dolları zərər, ümumilikdə 29287,40 ABŞ dolları pulun, iş üzrə ödənilmiş 210 manat mediasiya xərcinin alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh MMC xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, 42500.00 ABŞ dolları ödəniş, 8500.00 ABŞ dollar cərimə olmaqla, ümumilikdə “Bizim Market" MMC-yə vurulmuş ziyan olan 51000 ABŞ dollarının, həmin pul vəsaitinin gecikdirilmiş vaxt üçün (icra edilən günədək hesablanmaqla) illik 5%-nin ve 350 manat məbləğində dövlət rüsumunun X1 İnşaat Orman X5 İç ve Dış Ticaret LTD ŞTİ-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, e-2-2(113)-4578/2023 saylı qərardadı ilə cavabdehin vəsatəti əsasında qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə yazılı vəsatət verərək, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-4578/2023 saylı iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi hazırki iş üzrə tərəflər arasında olan mübahisənin əsasını xx.xx.2020-ci il tarixdə bağlanmış logistika xidmətlərinin göstərilməsi haqqında müqavilənin şərtlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi barədəki qarşılıqlı iddialar təşkil edir. Tərəflər həmin müqavilə bağlanarkən öz aralarında razılaşmışlar ki, bu müqavilə üzrə gələcəkdə baş verə biləcək mübahisələr məhkəmə müstəvisinə çıxarsa, həmin mübahisələr X2 ilçəsinin məhkəmə və icra qurumları vasitəsilə həll ediləcəkdir. Bununla bağlı BM2020/ saylı həmin müqavilənin 11–ci maddəsində göstərilmişdir ki, “Tərəflər arasında yarana biləcək mübahisələr qarşılıqlı razılaşma ilə həll edilmədiyi təqdirdə, mübahisələrin həllində Hopa Məhkəmə və İcra qurumları səlahiyyətli olacaqdır”. Lakin iddiaçı tərəf xx.xx.2020-ci il tarixli BM2020/01 saylı müqavilədə təsbit edilmiş bu imperativ şərtə baxmayaraq, hazırkı iş üzrə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Alxas Eldəniz vəsatəti müdafiə edərək, vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatətə etiraz edərək, ilk iddia ərizəsinin Bakı Kommersiya Məhkəməsinə verildiyini, cavabdehin qarşılıqlı iddia ərizəsini də hazırkı məhkəməyə verərək iddianın Bakı Kommersiya Məhkəməsində baxılmasına ilk əvvəl razı olduğunu nəzərə alıb vəsatətin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə bağlanarkən iddiaçıya qarşı verilələcək iddia ərizələrinin Hopa Məhkəməsinə verilməli olduğunu nəzərə alınaraq müqaviləyə elə bir qeyd-şərtin əlavə edilmiş, lakin müqavilə tərtib edilərkən texniki yanlışlığa yol verilərək bütün mübahisələrə həmin məhkəmədə baxılmalı olması qeyd edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, cavabdehin vəsatətini materiallarla əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli BM2020/0l saylı müqavilənin 11-ci bəndinə əsasən tərəflər arasında yarana biləcək mübahisələr qarşılıqlı razılaşma ilə həll edilmədiyi təqdirdə, mübahisələrin həllində Hopa Məhkəmə və İcra qurumları səlahiyyətli olacaqdır. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli BM2020/0l saylı müqavilədən irəli gəlir, həmin müqavilədə tərəflər arasında anlaşılmazlıq və ya mübahisə yaranacağı təqdirdə mübahisəyə Türkiyənin Hopa Məhkəməsi tərəfindən baxılması barədə razılığa gəlinmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının məhkəmələri hazırkı mübahisəyə baxmaqda səlahiyyətli deyildirlər. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Türkiyənin Hopa məhkəməsində baxılmalı olduğundan həmin mübahisəyə Azərbaycan Respublikasının məhkəmələrində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə görə məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikasının məhkəmələrində baxılmalı olmaması əsası ilə xitam verilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 İnşaat Orman X5 İç ve Dış Ticaret LTD ŞTİ-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddia ərizəsi verilərkən ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumu X1 İnşaat Orman X5 İç ve Dış Ticaret LTD ŞTİ-yə geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4578/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4578/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver