Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-458/2024 23.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı xxx Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı xxx Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı xxx Açıq Səhmdar Cəmiyyəti (xxx ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8166,7 manat əsas borcun, 3502,9 manat cərimə məbləğinin, mediasiya xərci və dövlət rüsumu olaraq ödənilmiş 125 manat pulun tutularaq iddiaçı xxx ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xxx ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, O000882470 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş malları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmışdır. Cavabdeh həmin malların yük-nəqliyyat qaimələrini imzalayaraq təhvil almışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə edilmiş 1 saylı əlavəyə əsasən alıcı malın dəyərini malı əldə etdiyi tarixdən 30 gün müddətində satıcıya ödəməlidir. Müqavilənin 9.2-ci bəndində qeyd olunur ki, alıcı aldığı taxta altlığı qaytarmalıdır, əks təqdirdə qiymət əlavəsində qeyd olunan pul vəsaitini ödəməlidir. Müqaviləyə edilmiş əlavəyə əsasən taxta altlığın bir ədədinin dəyəri 28,32 manat müəyyən edilmişdir. Cavabdeh ona təhvil verilmiş sement məhsullarının dəyərinin 6580,77 manat məbləğində olan hissəsini ödəməmiş, hər birinin dəyəri 28,32 manat olan 56 ədəd taxta altlığı şirkətə geri qaytarmamışdır. Cavabdehin şirkətdən təhvil aldığı, amma dəyərini ödəmədiyi malların cəmi məbləği 8166,7 manat təşkil etmişdir. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, cavabdeh təhvil aldığı malların dəyərini, yəni 8166,7 manat əsas borcunu ödəməmişdir. Müqavilənin 9.2-ci bəndində ödənişi gecikdirildiyi hər günə görə əsas borcdan 0.1% qədər cərimənin ödənilməsi qeyd olunur. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği 3502,9 manat təşkil edir. Cavabdehə xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərərək borc məbləğinin xx.xx.2023-cü il tarixədək ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyini bildirmişlər. Pretenziya məktubu cavabdehə xx.xx.2023-cü il tarixində çatdırılmış və cavabdeh tərəfindən imza edilərək qəbul edilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixində Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi vasitəsilə pretenziya məktubu cavabdehə göndərilmişdir. Lakin hal-hazırkı tarixədək borc məbləği cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif və ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri göstərilməklə mediasiyaya dəvət məktubu göndərilməsinə baxmayaraq, cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Bakı 3 saylı Mediasiya Təşkilatı MŞB/3/2023- 00898 saylı, xx.xx.2023-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim etmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 442, 443.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iş məhkəmənin icraatında olduğu zaman cavabdeh tərəfindən borc məbləğinin 600 manat hissəsi ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli elektron qaimələr sement satışı ilə bağlıdır. xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə qismən ödəniş edilsə də, digər qaimə üzrə ödəniş edilməmişdir. Məhkəməyə təqdim edilmiş digər qaimə isə altlıqlarla bağlıdır.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində xxx ASC ilə alıcı qismində Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, O000882470 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilə əsasında satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı halda borc üzrə hər bir gecikdirilmiş günə 0,1% qədər cərimənin hesablanmasını və ödənilməsini tələb etmək satıcının hüququdur. Həmin müqavilənin 9.2ci bəndinə əsasən mal taxta altıqlarla təchiz olunarsa, aldığı hər bir taxta altlığı geri qaytarmaq, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə "Qiymət" əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 (beş) gün ərzində satıcıya ödəməyi alıcı öz öhdəsinə götürmüşdür.
8. xx.xx.2021-ci il tarixli, O000882470 nömrəli alqı-satqı müqaviləsinə edilən eyni tarixli 1 saylı Əlavədən görünür ki, Əlavədə göstərilən göstərilən məhsullara, o cümlədən altıqlara dair qiymətlər razılaşdırılmışdır. Əlavənin 1.1-ci bəndinə əsasən bu əlavə yuxanda adı çəkilən müqavilənin ayrılmaz tərkib hissəsidir və müqavilə şərtləri ilə eyni hüquqi qüvvəyə malikdir; 2.1-ci bəndində qeyd olunur ki, müqavilədə qeyd olunan 3.3.3 bəndi və ona aid olan bütün bəndlərə uyğun olaraq alıcı aldığı malın dəyərini malı əldə etdiyi tarixdən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir.
9. xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 383704 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3960,16 manat (ƏDV daxil) təşkil edir.
10. xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 384023 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4392,09 manat (ƏDV daxil) təşkil edir.
11. xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 953168 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4056,14 manat (ƏDV daxil) təşkil edir.
12. xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 087925 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4152,13 manat (ƏDV daxil) təşkil edir.
13. xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 169875 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4152,13 manat (ƏDV daxil) təşkil edir.
14. xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 962167 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4152,13 manat (ƏDV daxil) təşkil edir.
15. xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 077894 nömrəli elektron qaimədən müəyyən edilir ki, xxx ASC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1585,92 manat (ƏDV daxil) təşkil edir. Qaimə 2021-ci ilin yanvarında 2021-ci ilin 15 oktyabr tarixinədək verilən altlıqlarla bağlı olmuşdur.
16. İddiaçı tərəfindən iş materiallarına yük-nəqliyyat qaimələri və altlıqların təhviltəslimi adlı sənədlər əlavə edilmişdir.
17. xxx ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2023-cü il tarixədək borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
21. İddia tələbinin bir hissəsini cavabdehdən 8166,7 manat əsas borcun tutulması təşkil edir.
22. Əvvəla qeyd olunmalıdır ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
23. Belə ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi, cavabdeh ona təhvil verilmiş sement məhsullarının dəyərinin 6580,77 manat məbləğində olan hissəsini ödəməmiş, eyni zamanda hər birinin dəyəri 28,32 manat olan 56 ədəd taxta altlığı şirkətə geri qaytarmamış, ona görə də müqavilə şərtlərinə əsasən iddiaçının geri qaytarılmayan hər bir taxta altlığa görə "Qiymət" əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında iddiaçıya ödəmək vəzifəsi, iddiaçının isə həmin məbləğin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Həmin hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçı tərəfindən sübut qismində təqdim olunan elektron qaimələdən biri altlıqlarla, qalanları isə sement satışı ilə bağlı olmuşdur. xx.xx.2021-ci il tarixli, EBBL seriyalı, 077894 nömrəli elektron qaimə 2021-ci ilin yanvar ayından 2021-ci ilin 15 oktyabr tarixinədək verilən altlıqlarla bağlı olmuşdur. Həmin qaimədən görünür ki, sayı 58 ədəd, 1 ədədinin ƏDV-siz dəyəri 24 manat (ƏDV ilə birlikdə 28,32 manat) olan altlıqların ümumi dəyəri 1585,92 manat (ƏDV daxil) təşkil etmişdir.
24. Geri qaytarılmayan altlıqların da dəyəri daxil olmaqla, cavabdehin iddiaçıdan təhvil aldığı, amma dəyərini ödəmədiyi malların dəyərinin cəmi məbləği 8166,7 manat (6580,77+(56x28,32)=8166,7) olmuşdur. Məhkəmə icraatının gedişində cavabdeh tərəfindən 600 manat ödəniş edilmiş və qalıq borc 7566,70 manat (8166,7-600=7566,70) təşkil etmişdir.
25. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını və qalıq borcun 7566,70 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməli, Cavabdeh 7566,70 manat əsas borc məbləği tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə təmin olunmamalıdır.
26. İddia tələbinin digər hissəsini cavabdehdən 3502,9 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.
27. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 350 (üç yüz əlli) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.
28. İddiaçı həmçinin ödənilmiş 125 (yüz iyirmi beş) manat mediasiya xərci və dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.
29. Müəyyən olunur ki, iddiaçı tərəfindən 105 manat mediasiya xərci və 20 manat manat dövlət rüsumu ödənilmişdir.
30. Ona görə də məhkəmə hesab edir ki, çəkilmiş mediasiya xərcinə görə 105 (yüz beş) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
31. Eləcə də, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 13,60 manat (on üç manat altmış qəpik) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7566,70 manat (yeddi min beş yüz altmış altı manat yetmiş qəpik) əsas borc, 350 (üç yüz əlli) manat cərimə, 105 (yüz beş) manat mediasiya xərci olmaqla, cəmi 8021,70 (səkkiz min iyirmi bir manat yetmiş qəpik) manat məbləğində pul iddiaçı xxx Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13,60 manat (on üç manat altmış qəpik) məbləğində pul Cavabdeh iddiaçı xxx Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova