Məhkəmə qərarları › İş №e-2-2(113)-458/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-458/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-458/2025 22.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, maddi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı “əmlakın qaytarılması və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20335,6 manat borc məbləğinin, illik 5 % olmaqla icranın gecikdirilməsinə görə 2033 manat faiz məbləğinin və qanunsuz olaraq istifadədə saxlanılan bir ədədinin dəyəri 450 manat olan 54 ədəd 300 litrlik, bir ədədinin dəyəri 450 manat olan 1 ədəd 314 litrlik, bir ədədinin dəyəri 550 manat olan 46 ədəd 400 litrlik, bir ədədinin dəyəri 650 manat olan 1 ədəd 600 litrlik olmaqla, cəmi 102 ədəd soyuducunun geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 50700 (əlli min yeddi yüz) manat pulun və 310 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-nin istehsal etdiyi dondurma məhsullarının alqı-satqısını həyata keçirmiş, tərəflər arasında nisyə-alqı satqı münasibətləri olmuş, eləcə də satışın həyata keçirilməsi məqsədilə müəssisə tərəfindən Cavabdeh zəruri şərait yaradılmışdır. Belə ki, satışın həyata keçirilməsi məqsədilə müəssisə tərəfindən Cavabdeh bir ədədinin dəyəri 450 manat olan 54 ədəd 300 litrlik, bir ədədinin dəyəri 450 manat olan 1 ədəd 314 litrlik, bir ədədinin dəyəri 550 manat olan 46 ədəd 400 litrlik, bir ədədinin dəyəri 650 manat olan 1 ədəd 600 litrlik olmaqla, cəmi 102 ədəd soyuducu müvəqqəti istifadə üçün verilmişdir. Cavabdehla müəssisə arasında olan alqı-satqı əməliyyatları artıq 2 ildir ki dayandırılmışdır. Göstərilən müddətdə Cavabdehla üzləşmə aparılmış və sonuncunun müəssisəyə alqı-satqı əməliyyatlarından 20335,6 manat borcunun olduğu, eləcə də yuxarıda adıçəkilən əmlakların qanunsuz olaraq C.Əliyevin istifadəsində olduğu müəyyən edilmişdir. Borcun mövcudluğu ilə bağlı tərəflər arasında xx.xx.2021-ci il tarixli üzləşmə aktı və xx.xx.2021-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilə imzalanmışdır. C.Əliyevə dəfələrlə şifahi və yazılı qaydada borcun ödənilməsi və yuxarıda adıçəkilən əmlakların geri qaytarılması tələb olunsa da, sonuncu borcu ödəməmiş və əmlakları geri qaytarmamışdır. Cavabdeh ilə müəssisənin işgüzar münasibətləri yoxdur. Odur ki, müəssisənin mülkiyyətində olan 102 ədəd soyuducunun Cavabdeh istifadəsində saxlanılmasına zərurət qalmamışdır. Odur ki, Cavabdeh müvəqqəti istifadə üçün verilmiş hər birinin dəyəri bir ədədinin dəyəri 450 manat olan 54 ədəd 300 litrlik, bir ədədinin dəyəri 450 manat olan 1 ədəd 314 litrlik, bir ədədinin dəyəri 550 manat olan 46 ədəd 400 litrlik, bir ədədinin dəyəri 650 manat olan 1 ədəd 600 litrlik olmaqla, cəmi 102 ədəd soyuducunun geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 50700 (əlli min yeddi yüz) manat pulun tutulması tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalınmışdır.

3. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək 19335,6 manat borc məbləğinin, illik 5 % olmaqla icranın gecikdirilməsinə görə 1933 manat faiz məbləğinin və qanunsuz olaraq istifadədə saxlanılan bir ədədinin dəyəri 450 manat olan 54 ədəd 300 litrlik, bir ədədinin dəyəri 450 manat olan 1 ədəd 314 litrlik, bir ədədinin dəyəri 550 manat olan 46 ədəd 400 litrlik olmaqla, cəmi 101 ədəd soyuducunun geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 50050 (əlli min əlli) manat pulun və 310 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh tərəf xx.xx.2024-cü ildə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia müddəti tətbiq edilməklə hazırkı iddianın rədd edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

5. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili T.Hüseyinov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Əvvəlki məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, 2015-ci ildən iddiaçı ilə əməkdaşlıq etmiş, sonuncu dəfə mal alışı 2021-ci ildə olmuşdur. Həmin ildən sonra ona hər hansı mal verilməmişdir. Öz maşınını 2016-cı ildə iddiaçıya depozit olaraq vermiş, maşının dəyəri çıxıldıqdan sonra onun iddiaçıya 1500 və ya 2000 manat borcu qalmış, həmin borcdan 2023-cü ildə 1000 manat ödəniş etmişdir. Tələb edilən soyuducuların bir qismi mağazalardadır, əksər hissəsini isə iddiaçıya geri qaytarmışdır.

7. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi, əlavə olaraq yazılı çıxışında göstərmişdir ki, pul tələbi ilə bağlı Cavabdeh ilk vaxtlardan, yəni hazırki işə Suraxanı rayon Məhkəməsində baxılan zaman da iddia tələbini qəbul etməmiş, həmin dövr üzrə, yəni 2020-ci ilə qədər borcunun 3 min manatdan çox olmadığını bildirmişdir. Həmin pulu da müəssisə ümumiyyətlə bu dövrlər ərzində tələb etməmişdir. Soyuduculara münasibətdə isə şahid ifadələrindən də göründüyü kimi, böyük əksəriyyəti müəssisəyə təhvil verilməsinə baxmayaraq müəssisə qəsdən həmin təhvil təslim sənədlərini ortaya çıxartmır. Soyuducularla bağlı iddianın əsassız olmasının ən başlıca göstəricisi iddiaçının Suraxanı Məhkəməsinə müraciət edərkən soyuducularla bağlı tələbinin olmamasıdır. Sadəcə işçilərin əlində sənədlərin olmamasından istifadə edərək təhvil verilmiş soyuducuları bir daha tələb etməklə əsassız varlanmaq niyyətindədirlər. Belə ki, Cavabdeh izahatında bildirdi ki, 80 ədəd soyuducunu 2017-2020-ci illər ərzində təhvil vermiş, qalan 20 ədəd soyuducu isə faktiki olaraq yararsız vəziyyətdə mağazalarda qalmışdır. Müəssisə heç maraqlanıb həmin soyuducuları nə təhvil almaq, nə də götürmək istəmir. Əgər istəsə bu hərəkətləri edər. Sadəcə olaraq keçmiş işçilərə qarşı qərəzli iddialar qaldırmaqla düşdükləri çətin vəziyyətdə əsassız varlanmaq istəyirlər. Soyuduculara münasibətdə də iddia müddəti ötürülmüşdür. Bununla bağlı ayrıca ərizə verilmişdir.

8. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. 24.03.2015-ci il tarixli təhvil-təslim aktlarına görə cəmi 105 ədəd soyuducu (400 litr tutumu olan soyuducu – 55 ədəd, 314 litr tutumu olan soyuducu – 1 ədəd, 300 litr tutumu olan soyuducu – 49 ədəd) soyuducu iddiaçının əməkdaşları tərəfindən cavabdehə təhvil verilmişdir.

11. 23-24 mart 2015-ci il tarixli qarşılıqlı üzləşmə aktına görə aktda göstərilmiş – 400 litr tutumu olan soyuducu – 55 ədəd, 314 litr tutumu olan soyuducu – 1 ədəd, 300 litr tutumu olan soyuducu – 49 ədəd, ümumilikdə 105 ədəd soyuducu cavabdeh tərəfindən təhvil alınmışdır.

12. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləyə görə cavabdeh iddiaçıya dondurma satışından 20335,66 manat borcunun olduğunu qəbul etmiş və xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

13. İddiaçının direktoru və cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli üzləşmə aktına görə cavabdeh iddiaçıya 20335,66 manat borcu olduğunu təsdiq etmiş, 2021-ci ilin aprel ayından borcundan 1500 və ya 2000 manat ödəyəcəyini göstərmişdir.

14. 114288 saylı, xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinə əsasən cavabdeh tərəfindən iddiaçıya 1000 manat vəsait ödənilmişdir.

15. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli yazılı ərizədə 20335,66 manat borcundan 1000 manat ödədiyini, qalıq borcunu qarşılıqlı razılaşma əsasında ödəyəcəyini bildirib ailə vəziyyətinin nəzərə alınmasını xahiş etmişdir.

16. Cavabdeh xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə ünvanladığı izahatında tələb edilən soyuducuların 10-12 ədədinin Badamdar, Bayıl və Qum adasında olan mağazalarda olmasınını, digərlərinin isə iddiaçı MMC-yə təhvil verdiyini göstərmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/846 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli məktubda göstərilən 02 adda soyuducuların istifadədə olmuş normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 47770 manat müəyyən edilir. Dərin dondurucu Şən Oçak markalı soyuducunun satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadı.

18. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 2020-2021-ci ildə "xxxx" MMC-də satışı müdiri, menecer vəzifəsində çalışmışdır. Cavabdeh həmin MMC ilə əməkdaşlıq edən 21 ekspeditordan biri olmuşdur. Cavabdeh MMC-dən dondurma məhsullarını alıb müxtəlif mağazalara satırdı. X2 2003-cü ildə Bayıl, 20-ci sahə, Biləcəri zonalarında olan soyuducuları aparıb mağazalara qoymuşdu. Soyuducular 2003-cü ildə Türkiyənin Uğur firmasına aid yeni soyuducular idi, 220 manata alınmışdı. Onun səhhəti ilə bağlı olaraq 2014-2015-ci ildə Cabbarov Asifin iştirakı ilə soyuducular Cavabdeh təhvil verildi. Cavabdeh 2005-ci, 2006-cı illərdə sürücü işləyirdi, daha sonra 2011-ci ildə o işdən ayrıldı, 2014-cü ildə Camalov Vidadinin yerinə işə düzəldi. 2020-ci illərdə dondurma işi üzrə işlər yaxşı olmadığından, işçilər çıxarılırdı, 2020ci ildə təqribən o da işdən ayrıldı. Hər bir ekspeditorla Elşad da daxil olmaqla ayda bir dəfə üzləşmə aparılırdı, ümumi borcla bağlı (soyuducunun itirilməsi, reklam xərci, maşın xərci) üzləşmə aparılırdı. Hər bir borcun alt sənədi (dondurma borcu, yarımfabrikat borcu, süd borcu, soyuducu borcu və sairə) olurdu. Elə ekspeditor olurdu ki, onun depoziti olurdu. Üzləşmə olan zaman 1 həftə əvvəlcədən ekspeditora məlumat verilirdi. Elə ekspeditor olurdu ki, 7000 manat, eləsi olurdu ki, 80000 manat borcu olurdu. M.Elşadın üzləşmələrinin 90 faizində bilavasitə özü iştirak etmişdir. Həmin üzləşmələr aparılanda qalıq borcla bağlı mübahisə olmur, Elşad özü üzləşmə aktını oxuyub qol çəkirdi, lakin hədsiz səhlənkar idi. İşdən çıxmamışdan öncə 2019-2020-ci illər yadındadır, 2021-ci il artıq işdən ayrılacaqdı, bu səbəbdən işlərlə maraqlanmamışdır. Ekspeditorlar borcla razı olmadıqda borcun alt sənədinə əsasən izahat verilirdi ki, borc nədən yaranıb. Soyuducuların 20 yaşı var idi. Bəzilərinin istismarı artıq başa çatırdı, bununla bağlı borclar da qeyd olunurdu. Təhvil verilən soyuducular anbara verilirdi, hər təhvil verilən soyuducu ilə bağlı ekspeditor və əməkdaş qol çəkirdi. M.Elşadın nə qədər borcu olduğunu xatırlamır, borcunu həmişə nağd qaydada verirdi. Ekspeditorun borcu çoxalanda və o, ödəmə qabiliyyətində olmayanda tərəflərin qarşılıqlı razılığı ilə borcun əvəzinə əmlak verilir, həmin əmlak qiymətləndirilir, ekspeditorun razılığı ilə borcundan silinirdi. Ekspeditorun ödəmə qabiliyyəti baxdığı sahənin alıcılıq qabiliyyətinə uyğun müəyyənləşdirilirdi. Ekspeditorun borcu yarandıqda ona bildirilirdi ki, bundan artıq borc ola bilməz, ona yeni mallar verilmirdi. M.Elşad borcu yuxarı həddə çatdığından qarşılıqlı razılıqla Mercedes Sprinter markalı nəqliyyat vasitəsini onun adına keçirmişdi. Satış müdiri olaraq rəhbərliyin ona etibarı var idi, buna görə də əmlak onun adına keçirilirdi. Əmlakın dəyəri 14000-15000 manat idi, əmlakın dəyərinə nisbətdə borcdan silinmə aparılmışdı. İddiaçının təqdim etdiyi analitik uçot kitabları mötəbər sənəddir, orada yanlışlıq ola bilməz, qara mühasibatlıq sənədi olsa da, orada bütün əməliyyatlar tam dəqiqliklə qeyd edilmişdir. Həmin sənəd vergidən yayınmaq üçündür. Orada nə borc yazılıbsa odur, sonda həmin borca müdaxilə etmək olmur. Ola bilməz ki, həmin sənəddə yanlışlıq olsun. 2017-ci ildə Cavabdeh borcundan maşının dəyərini (14500 manat) çıxmışlar, sonradan cavabdeh istəsə gəlib maşının dəyərini ödəyib maşınını geri götürə bilərdi. Cavabdehlə eyni vaxtda işdən çıxmağı yadında deyil, maşınla bağlı alt sənəddə bütün detallar qeyd olunmalıdır. Cavabdeh soyuducuların əksər hissəsini MMC-yə qaytarmışdır. Bu barədə MMC-nin kitabı olur, soyuducu qaytarılanda orada qeydlər aparılır.

19. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

20. Belə ki, iddia ərizəsi üç hissədən ibarətdir: 1. əsas borcun tutulması 2. əsas borcun ödənilməsinin gecikdirilməsinə görə faiz borcunun tutulması; 3. malların geri qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi.

21. Məhkəmə hesab edir ki, iddia tələbi birinci hissədə əsaslıdır.

22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 2015-ci ildən alqı-satqı münasibətləri yaranmış, iddiaçı tərəfindən cavabdehə 2021-ci ilin sonlarına qədər müxtəlif həcmdə və çeşiddə mallar satılmış, tərəflər arasında müxtəlif tarixlərdə borcla bağlı üzləşmələr aparılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli mövcud borcun etirafı haqqında müqaviləyə görə cavabdeh iddiaçıya dondurma satışından 20335,66 manat borcunun olduğunu qəbul etmiş, həmin borcu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, xx.xx.2023-cü il tarixdə iddiaçıya 1000 manat ödəniş etmişdir.

23. Məhkəmə cavabdehin materiallarda olan üzləşmə aktlarının, borcun etirafı barədə müqavilənin oxumadan imza etməsi barədə dəlili ilə razılaşmır.

24. Belə ki, cavabdehin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş şahid A.Şükürov ifadəsində göstərmişdir ki, cavabdeh də daxil olmaqla digər alıcılarla ayda bir dəfə üzləşmələr aparılmış, cavabehlə aparılmış üzləşmələrin 90 faiz hissəsində iştirak etmiş, qalıq borcla bağlı hər hansı mübahisə olmamışdır. Alıcı borcla razı olmadığı təqdirdə bu barədə hər iki tərəfin iştirakı ilə əlavə müvafiq araşdırma aparılırdı.

25. Məhkəmə cavabdehin MMC-yə depozit olaraq xx.xx.2016-cı ildə verdiyi nəqliyyat vasitəsinin (X4 yük markalı) dəyərinin borcdan çıxılmalı olması barədə dəlilini də əsassız hesab edir.

26. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş analitik uçot kitablarından görünür ki, cavabdehin xx.xx.2017-ci il tarixə 19071,44 manat borcu olmuş (i.v.24-də olan üzləşmə aktında da xx.xx.2017-ci il tarixə 19071,44 manat borcunun olmasını cavabdeh imzası ilə təsdiq etmiş, məhkəmə iclasındakı izahatlarında materiallarda olan ona aid olduğu göstərilən imzaların ona məxsus olmasını təsdiq etmişdir), xx.xx.2017-ci ildə tarixdə Cavabdeh məxsus 99GO811 nəqliyyat vasitəsinin dəyəri olan 14500 manat məbləğ qalıq borcdan çıxılmış, yekun borc 4571,44 manat müəyyən edilmiş, Cavabdeh həmin qeydi imzası ilə təsdiq etmişdir (i.v.140).

27. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

30. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

31. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

32. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

35. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

36. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

37. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

38. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi birinci hissədə əsaslı olduğundan təmin edilməli, 19335,60 manat məbləğində əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

39. Məhkəmə iddia tələbini ikinci hissədə də əsaslı hesab edir.

40. İddia ərizəsindən görünür ki, iddiaçı borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə iddiaçıya vurulmuş zərər qismində 1933 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi (əsas borc 19335,60 manat * 5 faiz /100 * 2 il) tələbini də irəli sürmüşdür.

41. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

42. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

43. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

44. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

45. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

46. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

47. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

48. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

49. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

50. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

51. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

52. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz kreditorun əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması kreditorun gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

53. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.

54. Məhkəmə iddia tələbini üçüncü hissədə qismən əsaslı hesab edir.

55. İddia tələbində iddiaçı tərəfindən cavabdehə verilmiş soyuducuların geri qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin cavabdehdən tutulması xahiş olunmuşdur.

56. İddiaçının həmin soyuducuların üzərinə həbs qoyulması barədə müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, 16(113)-847/2024 saylı qərardadı ilə iddia ərizəsində göstərilmiş əmlakların üzərinə həbs qoyulmuş, lakin həmin əmlaklar aşkar edilməmiş, cavabdeh xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə yazdığı izahatında tələb edilən soyuducuların 10-12 ədədinin Badamdar, Bayıl və Qum adasında olan mağazalarda olmasını, digərlərinin isə iddiaçı MMC-yə təhvil verildiyini göstərmişdir.

57. Cavabdeh soyuducuların əksər hissəsini iddiaçıya təhvil verdiyini bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

58. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, hazırda geri tələb edilən soyuducuların dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 300 litr tutumu olan soyudunun dəyəri (380 manat), 400 litr tutumu olan soyuducunun dəyəri (530 manat) xx.xx.2025-ci il tarixli ekspert rəyinə uyğun müəyyən edilməlidir.

59. Məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə qismən təmin edilərək 54 ədəd 300 lt-lik soyuducunun əvəzi qismində 20520 manat, 01 ədəd 314 lt-lik soyuducunun əvəzi qismində 450 manat, 46 ədəd 400 lt-lik soyuducunun əvəzi qismində 24380 manat, ümumilikdə 45350 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

60. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.

61. Həmin Məcəllənin 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur.

62. Həmin Məcəllənin 736.2-ci maddəsinə əsasən əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər.

63. Həmin Məcəllənin 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.

64. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

65. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

66. Cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir.

67. Məhkəmə həmin ərizə ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilə ilə cavabdeh borcunu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, göstərilən tarixdən iddia müddətinin axımı başlamış, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, habelə cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə ödəniş edilmiş, bununla da 3 illik iddia müddətinin axımı kəsilmişdir.

68. İddiaçı tərəfindən soyuducuların qaytarılması ilə bağlı yazılı xəbərdarlıq cavabdehə hazırkı iddia ərizəsi verilən zaman, mediasiyanın tətbiqi barədə təklif isə xx.xx.2023-cü il tarixdə göndərilmiş, həmin tələb üzrə də iddia müddəti ötürülməmişdir.

69. Cavabdeh tərəf də məhkəməyə verdiyi izahatlarında tərəflər arasında yaranmış daha əvvəlki mübahisələr zamanı iddiaçının soyuducuların qaytarılması ilə bağlı hər hansı tələbinin olmadığını təsdiq etmişdir.

70. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı işdə iddia müddətinin tətbiq edilməli olması barədə cavabdeh tərəfin ərizəsi əsassızdır.

71. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

72. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

73. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

74. “Mediasiya haqqında” Azərbaycan Respublikasıın Qanunun 35.1-ci maddəsinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

75. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 19335,60 manat əsas borc, 1933 manat faiz borcu, dəymiş zərərin əvəzi qismində 45350 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

77. Məhkəmə hesab edir ki, iddia qismən edildiyindən iş üzrə ödənilmiş 289,86 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 20,14 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

78. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

79. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

80. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 19335,60 manat əsas borc, 1933 manat faiz borcu, dəymiş zərərin əvəzi qismində 45350 manat, 289,86 manat dövlət rüsumu, ümumilikdə 66908,46 (altmış altı min doqquz yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 20,14 (iyirmi manat on dörd qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Cavabdeh aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar