Məhkəmə qərarları › İş №e-2-2(113)-4580/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4580/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4580/2024 26.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə 2360 manat məbləğində əsas borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 44 manat məbləğində rüsumun, ümumilikdə 2404 manat məbləğin Cavabdeh MMC dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC-ilə arasında dondurulmuş balıq və ət məhsullarının satılmasına dair 06 dekabr 2021-ci il tarixli 71 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC müxtəlif növ dondurulmuş balıq və ət məhsullarını Cavabdeh MMC-yə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən isə cavabdeh qeyd olunan malların dəyərini 30 gün ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC müqavilədən əmələ gələn öhdəliklərini tam yerinə yetirərək müxtəlif vaxtlarda cavabdehə yüksək keyfiyyətdə dondurulmuş balıq və ət məhsulları təhvil vermişdir. Mallar təhvil verildikdən sonra qanunun tələblərinə uyğun olaraq İddiaçı MMC tərəfindən müxtəlif tarixlərdə elektron qaimələr Cavabdeh MMC-nin elektron kabinetinə göndərilmiş və təsdiq olunmuşdur. Eyni zamanda, mallar təhvil verilməsini təhvil-təslim zamanı tərtib olunmuş yazılı qaimələridə sübut edir. Lakin, cavabdeh qeyd olunan qaimələr üzrə təhvil aldığı malların dəyərini müxtəlif bəhanələrlə ödəməmişdir. Daha sonra cavabdehlə İddiaçı MMC arasında 15 fevral 2024-cü il tarixli üzləşmə aktı tərtib olunmuş, cavabdeh İddiaçı MMC-yə olan borcunu bir daha təsdiq etmişdir. Bundan sonra cavabdehlə şifahi razılıq əldə olunaraq qeyd olunan borcdan 800 manat İddiaçı MMC-yə ödənərək ümumi borc 2360 manata azaldılmışdır. Lakin son ödəniş olunan tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Nəticədə, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ümumilikdə təhvil verilmiş mallar üzrə 2360 manat borcu yaranmışdır. Tərəflərindən qeyd olunan borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmasına baxmayaraq borc bu günə kimi ödənilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.1,445.2-ci maddələrinə istinad olunmuşdur. İddiaçı ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh MMC ilə aralarında bağlanmış müqavilə üzrə yaranmış və ödənilmiş dövlət rüsumu ilə birlikdə iddia ərizəsi üzrə iddia tələbini təşkil edən 2404 manat məbləğində borc üzrə müəyyən ödənişlərin cavabdeh tərəfindən məhkəmə işinin gedişində həyata keçirilmişdir. Nəticədə, bu günkü tarixə 2404 manat məbləğində borcdan 1060 manat məbləğində borc ödənməmiş qalmışdır. İş üzrə material və sübutlar, o cümlədən tərəflər arasında imzalanmış qarşılıqlı üzləşmə aktı elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim edilmişdir. Odur ki, iş üzrə məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsi, ödənməmiş 1060 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Satıcı olaraq İddiaçı MMC ilə alıcı olaraq Cavabdeh MMC arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli 82 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Satıcı Alıcıya dondurulmuş balıq və ət məhsullarının satmağı, Alıcı isə həmin malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən Alıcı bu Müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq, həmin şərtlər daxilində malın dəyərini 15-20 gün ərzində ödəməklə malı qəbul edir. Müqavilənin 4-cü maddəsinə əsasən malın (Dondurulmuş Balığ) qiyməti bir ton ücün (18% - ƏDV Daxil olmaqla) hesablanır. Müqavilə üzrə hesablaşma köçürmə yolu ilə aparılır. xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli kassa mədaxil orderlərindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin xeyrinə cəmi 2000 manat (hər ay 500 manat mədaxil edilməklə) məbləğində pul vəsaiti mədaxil edilmişdir. Ödənişin məqsədi “borc qalığı” kimi göstərilmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış sonuncu qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı MMC qarşısında olan borcu 2160,54 manatdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərrə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Bu fakt üzləşmə aktı ilə də öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı 2360 manat iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən həmin məbləğin çox hissəsi ödənilmiş, cəmi 1016 manat borc qalmışdır. Bundan başqa cavabdehin nümayəndəsi, məhkəmə tərəfindən onunla rabitə xidməti vasitəsilə əlaqə yaradılan vaxt borcu etiraf etmiş, maddi sıxıntılarının olması ilə əlaqədar ödənişlərin gecikdirildiyini bildirmişdir. Yuxarıda qeyd edilənlər cavabdehin iddia tələbindəki borcla razılaşdığını, təhvil aldığı malların dəyərini tam ödəmədiyini təsdiq edir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini, 1016 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 1016 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 44 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1016 (bir min on altı) manat məbləğində əsas borc və ödənilmiş 44 (qırx dörd) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar