Məhkəmə qərarları › İş №e-2-2(113)-4582/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4582/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4582/2024 01.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 06 iyul 2023-cü il tarixli, 481-İ/23 nömrəli alqı-satqı müqaviləsi üzrə 1.024,40 manat əsas borcun, 1.578,5 manat dəbbə pulunun və iddianın verilməsinə görə ödənilmiş 46 manat dövlət rüsumunun, cəmi 2.648,9 manat məbləğin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 iyul 2023-cü il tarixli, 481-İ/23 nömrəli alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən, “Tərəflər”in “Müqavilə”ni təsdiqlədiyi andan etibarən, “Satıcı” rəsmi distribütoru olduğu və özünün idxal etdiyi suları, şirələri, spirtli, spirtsiz içkilər və s. məhsulları“Alıcı”nın sifarişlərinə əsasən, qaimə-faktura, təhvil-qəbul aktı və (və ya) elektron-qaimə əsasında “Alıcı”ya satmağı öz öhdəsinə götürür. Müqavilənin 2.4-cü bəndinə əsasən, “Alıcı”ya faktura təqdim olunan gündən hesablanmaqla, 30 (otuz) təqvim günü müddətinə faktura üzrə göstərilən ümumi məbləği nağdsız qaydada və tam şəkildə “Satıcı”nın xeyrinə ödənilməlidir. Müqavilənin 2.5-ci bəndinə əsasən, müqavilənin 2.4-cü bəndinin tələbləri pozulduqda ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0.5% (sıfır tam onda beş) faiz həcmində peniya ödəyir. Müqavilənin 2.8-ci bəndinə əsasən, “Alıcı”ya elektron qaimə-faktura kəsildiyi gündən başlayaraq 4 (dörd) təqvim günü müddətində “Alıcı” həmin elektron-qaimə fakturanı işin hallarından asılı olaraq təsdiq və ya ləğv etməlidir. “Alıcı”ya kəsilmiş elektron qaimə-fakturada göndərilmiş mallar “Alıcı”yatəhvil verilmiş və elektron qaimə-faktura “Alıcı” tərəfindən təsdiqlənmiş hesab olunur. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron qaimə cavabdehə göndərilmişdir. Lakin cavabdeh tərəfindən qaimə üzrə yaranmış borc ödənilməmişdir. Cavabdehin hazırki borc məbləği 1.024,40 manat təşkil edir.

II. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında 06 iyul 2023-cü il tarixli, 481-İ/23 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır.

8. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcı özünün idxal etdiyi suları, şirələri, spirtli, spirtsiz içkilər və s. məhsulları alıcının sifarişlərinə əsasən, qaimə-faktura, təhvil-qəbul aktı və elektron-qaimə əsasında alıcıya satmağı öz öhdəsinə götürür.

9. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən alıcıya faktura təqdim olunan gündən hesablanmaqla 30 təqvim günü müddətinə faktura üzrə göstərilən ümumi məbləği nağdsız qaydada və tam şəkildə satıcının xeyrinə ödəməlidir.

10. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.

11. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

12. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

13. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDJ seriyalı, 944302 saylı, xx.xx.2023-cü il tarixli, dəyəri 1.183,20 manat olan elektron qaimə göndərilmişdir.

14. İşə əlavə olunmuş 0104-6872 nömrəli, xx.xx.2023-cü il tarixli satış fakturasından görünür ki, cavabdehə 1.024 manat məbləğində mal verilmişdir.

15. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 06 iyul 2023-cü il tarixli, 481-İ/23 nömrəli müqavilə üzrə əsas borcu 1024.40 manat, cərimə borcu 1.567,33 manat olmaqla, cəmi 2.591,73 manat təşkil edir.

16. Hazırda iddiaçı tərəf 1.024,40 manat məbləğində əsas borc üzrə pulun tutulmasını xahiş edir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

18. Ona görə də, məhkəmə hesab edir ki, dəyəri 1.024,40 manat olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdehin isə malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

19. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaya münasibət (etiraz) bildirməmiş, malların dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

20. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 1.024,40 manat borcun tələb edilməsi hissəsində əsaslıdır.

21. Məhkəmə həmçinin hesab edir ki, iddia müqavilə üzrə dəbbə pulunun tələb edilməsi hissəsində qismən əsaslıdır.

22. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 2.5-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən müqavilənin 2.4-cü bəndinin tələbləri pozulduqda, ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0,5% həcmində peniya ödəyir.

23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

24. Hazırki işin hallarından görünür ki, 06 iyul 2023-cü il tarixli, 481-İ/23 nömrəli müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə 50 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

25. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən 46,10 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

26. Lakin məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 30,74 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.

VI. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 06 iyul 2023-cü il tarixli, 481-İ/23 nömrəli alqı-satqı müqaviləsi üzrə 1.024 (bir min iyirmi dörd) manat, 40 (qırx) məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, 74 (yetmiş dörd) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar