Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-459/2023 06.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən əsas borca görə 8263 manat 31 qəpik, hesablanmış cəriməyə görə 2098 manat 88 qəpik və ödənilmiş mediasiya rüsumuna görə 200 manat olmaqla, cəmi 10562 manat 19 qəpik pulun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən əsas borca görə 8263 manat 31 qəpik, hesablanmış cəriməyə görə 2098 manat 88 qəpik və ödənilmiş mediasiya rüsumuna görə 200 manat olmaqla, cəmi 10562 manat 19 qəpik pulun alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının “MKT-İmişli” filialı və cavabdeh arasında bağlanmış 21 *** **** saylı 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 16,7 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 15568 manat 22 qəpik dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı Cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 4431,16 kq, 3051 manat 91 qəpik dəyərində xam-pambıq təhvil verilmişdir ki, bu da həm müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da iddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 4253 manat 00 qəpik vəsaiti iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 8263 manat 31 qəpik əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-İmişli” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2-ci bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 2098 manat 88 qəpik təşkil edir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Bununla da, cavabdeh Mülki Məcəllənin 425.1 və 385.1-ci maddələrinin tələblərini pozmuşdur. Keçirilmiş ilkin mediasiya sessiyasında iddiaçının nümayəndəsi iştirak etmiş, cavabdehin iştirak etməməsi barədə isə iddiaçıya arayış təqdim olunmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 21 *** **** saylı 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilədən görünür ki, 2021ci il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətləri iddiaçı tərəfindən cavabdehə təqdim etməyi və nəticədə müvafiq avans məbləğinin formalaşması, cavabdeh tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlüklə iddiaçıya təhvil verib satmağı və iddiaçı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. 9 ədəd qaimədən və 2 ədəd iş aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə 6306,22 manat dəyərində xidmət avans şərti əsasında göstərilmişdir. xx.xx.2022-ci il tarixli REF/1958/22 saylı Maliyyə arayışından görünür ki, cavabdehlə sonuncu hesablaşma tarixi xx.xx.2021-ci il tarixində olmuşdur və nəticədə cavabdehin iddiaçıya 8263,31 manat əsas borc öhdəliyi yaranmışdır. Beləliklə, xx.xx.2021ci il və mediasiya ərizəsinin tarixi, yəni xx.xx.2022-ci il tarixləri arasında 8263,31 manat əsas borcun ödənilməsinin gecikdirilmiş günləri üzrə (254 gün) cərimə hesablanır: (8263,31 * 0,1%)* 254 gün - 2098,88 manat. Beləliklə, cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixinə 8263,31 manat əsas, 2098,88 manat cərimə borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 21 *** **** saylı 2021-ci il mövsümü üzrə xam-pambığın alqısatqısına dair müqavilə bağlanmış və müqaviləyə əsasən 2021-ci il mövsümü üzrə xampambığın istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində aparılan işlər) xidmətləri iddiaçı tərəfindən cavabdehə təqdim etməyi və nəticədə müvafiq avans məbləğinin formalaşması, cavabdeh tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlüklə iddiaçıya təhvil verib satmağı və iddiaçı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə avans olaraq 15568 manat 22 qəpik dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Cavabdeh tərəfindən 4431,16 kq, 3051 manat 91 qəpik dəyərində xam-pambıq təhvil verilmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 4253 manat vəsaiti iddiaçıya geri qaytarmışdır. Nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 8263 manat 31 qəpik əsas borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, pambığın dəyərini zəruri vəsaitlər verməklə və müxtəlif xidmətlər göstərməklə ödəmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 21 *** **** saylı 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqaviləyə əsasən ödənilməmiş 8263 manat 31 qəpik borc iş materialları ilə təsdiq olunduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, müqavilənin 4.2-ci bəndinə əsasən, cavabdeh müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0,1% həcmdə iddiaçıya cərimə ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 400 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İş üzrə dövlət rüsumu məbləğinin 121,09 manat olmasını, iddiaçı tərəfindən mediasiya xərcinə görə 200 manat ödənilməsini, iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 83,60 faizini təşkil etdiyini nəzərə aldıqda, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 180,14 manat (200 manat (mediasiya xərci) – 19,86 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 180,14 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən əsas borca görə 8263,31 manat, cəriməyə görə 400 manat və ödənilmiş mediasiya rüsumuna görə 180,14 manat, cəmi 8843,45 manat pul alınaraq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 8263,31 manat, cəriməyə görə 400 manat və ödənilmiş mediasiya rüsumuna görə 180,14 manat, cəmi 8843,45 manat pul alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-459/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-459/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver