Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-459/2024 25.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, mediasiya xərci ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış **********228 saylı xx.xx.2020-ci il tarixli malların alqı-satqı müqaviləsi üzrə ödənilmiş 25267,78 (ƏDV daxil olmaqla) manat məbləğinin, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində mediasiyaya dair xərcin, 4396.45 manat dəbbə pulunun və hüquqi yardıma görə ödənilən 200 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC MMC arasında **********228 saylı xx.xx.2020-ci il tarixli malların alqı-satqısına dair müqavilə bağlanmış və müqavilə üzrə cavabdehin sifarişi əsasında iddiaçı ona malları satmağı öhdəsinə götürmüşdür. Sonuncu alqı-satqı əməliyyatından cavabdehin iddiaçıya 25267.78 manat (ƏDV daxil olmaqla) borcu qalmışdır. İddiaçı borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı müraciətlər etmiş və bu müraciət nəticəsində xx.xx.2023-cü il tarixində tərəflər arasında üzləşmə aktı tərtib olunmuş və tərtib olunan üzləşmə aktına əsasən Cavabdeh MMC İddiaçı MMC-yə olan 25267.78 manat (ƏDV daxil olmaqla) manat borcu etiraf etmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli pretenziya ilə cavabdehə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sənəd dövriyyəsi vasitəsilə müraciət edilmiş və ümumi ödənilməli olan 25267.78 manat (ƏDV daxil olmaqla) 5 günə kimi İddiaçı MMC-yə ödənilməsi xahiş edilmiş, lakin cavabdeh borcunu geri qaytarmamışdır. Uzun müddət borcun geri qaytarılması üçün danışıqlar aparılmış və bunun nəticəsində tərəflər arasında 19 iyun 2023-cü il tarixində anlaşma memorandumu imzalanmış və qeyd olunan memoranduma əsasən cavabdeh borcu iyul-dekabr 2023-cü il tarixləri arasında aylıq 3569 manat ödəməklə borcunu ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh bir daha memorandumda üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək iyul ayından oktyabr ayına kimi olan aylıq borc ödənişlərini ödəməyərək tərəflər arasında olan müqavilə münasibətlərini pozmuşdur. Buna görə də qeyd olunan mübahisənin həll olunması üçün məhkəməyə müraciət olunması zərurəti meydana gəlmişdir. İddiaçı və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/18/2023-01422 saylı arayış alınmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 6.4-cü bəndinə əsasən “Ödəniş hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,1% həcmində cərimə ödəməyi Alıcı satıcıya ödəməyi öz öhdəsinə götürür. İş materiallarına əlavə olunan iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində pretenziya göndərilmiş, ona görə də gecikdirilmiş gün olaraq 18 may 2023-cü il tarixindən hesablanmalıdır. 18 may 2023-cü il tarixindən iddia ərizəsinin verildiyi tarix olan 7 noyabr 2023-cü il tarixinə kimi 174 gün təşkil edir. (25267.78 manatın 0,1%-i 25.267 manat təşkil edir. (25.267 manat × 174= 4396.45) dəbbə pulu-4396.45 manatdır
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Cavabdehin nümayəndəsi çıxış edərək bildirdi ki, Cavabdeh MMC-nin direktoru dəyişib. Direktor dəyişəndən sonra yeni direktor təftiş aparılıb və müəyyən edib ki, əvvəlki direktorun dövründə iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanan zaman malların qiymətləri 30% şişirdilib. Tələb olunan əsas borcu 30% azaldılaraq 17500 manatı ƏDV daxil ödəyə bilərlər. Cərimə məbləği isə müqavilə şərtlərinə uyğun hesablanmayıb.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. xx.xx.2020-ci il tarixli, AK/0912 **********228 saylı alqı-satqı müqaviləsinə əsasən:
7. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə satıcı bu müqavilə ilə müəyyən olunmuş qaydada alıcının yazıı sifarişi əsasında, bu müqaviləyə əlavə olunmuş 01 saylı sifariş orderində müəyyən olunmuş malların, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş məbləğini ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə malların haqqı 01 saylı əlavədə təsvir olunan sifariş orderinə uyğun olaraq hesablanır. Satıcı təchiz edilmiş mallara görə tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında alıcıya hesab-faktura və elektron qaimə-faktura təqdim edir. Müvafiq sifariş orderində başqa müddət göstərilməyibsə, alıcı ödənişi hesab-fakturanı aldığı tarixdən 30 təqvim günü ərzində həyata keçirir.
9. Müqavilənin 5.2-ci bəndinə əsasən alıcının vəzifələri:
10. Müqavilənin 5.2.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun, malların təhvil-təslim aktı əsasında satıcıdan qəbul etmək;
11. Müqavilənin 5.2.2-ci bəndinə əsasən bu müqavilə üzrə malların keyfiyyətini yoxladıqdan sonra onların dəyərini müqavilədə nəzərdə tutulan müddətdə və məbləğdə satıcıya ödəmək.
12. Müqavilənin 5.3-cü bəndinə əsasən:
13. Müqavilənin 5.3.1.-ci bəndinə əsasən bu müqavilə üzrə təchiz olunması nəzərdə tutulan malların razılaşdırılmış qiymətinin alıcı tərəfindən ödənilməsini tələb etmək.
14. Müqavilənin 6.6-cı bəndinə əsasən alıcı bu müqavilənin 2.1-ci maddəsi ilə müəyyən olunmuş öhdəliyini bu müqavilədə tutulmuş müddətdə yerinə yetirməzsə, satıcı icranın gecikdirildiyi hər təqvim günü üçün bu gecikdirilən ödəişin 0.1% həddində cərimə ödənilməsini tələb edə bilər.
15. İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli anlaşma memorandumuna əsasən tərəflər razılaşırlar ki, Cavabdeh MMC-nin İddiaçı MMC-nə, xx.xx.2020-ci il tarixli malların alqı-satqı müqaviləsi üzrə yaranmış borclarının (ƏDV xaric 21413 manat) bağlanması üçün Cavabdeh MMC 2023-cü ilin iyul ayından başlayaraq İddiaçı MMC-yə olan borcunun 6 ay müddətinə (2023-cü ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları olmaqla aylıq 3569 manat məbləğində) ödəməyi öhdəsinə götürmüşdür.
16. İddiaçı şirkət ilə Cavabdeh MMC arasında 09 dekabr 2020-ci il tarixli, AK/0912 saylı malların alqı-satqı müqaviləsi üzrə göndərilmiş elektron qaimələr üzrə ödənişlər, onların tarixləri barədə məlumatlar cədvəlindən göründüyü kimi cavabdehin yekun borc qalığı ƏDV daxil 25267,77 manat təşkil etmişdir.
17. 01.01.2023-xx.xx.2023-cü il dövr üzrə İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə yaranmış borca dair qarşılıqlı üzləşmə aktına əsasən xx.xx.2023-cü il tarixinə Cavabdeh MMC iddiaçı şirkətə 25.267,78 manat borcun olmasını qəbul etmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
18. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
21. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
22. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
23. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
24. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AK/0912 **********228 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə satıcı bu müqavilə ilə müəyyən olunmuş qaydada alıcının yazılı sifarişi əsasında, bu müqaviləyə əlavə olunmuş 01 saylı sifariş orderində müəyyən olunmuş malların verilməsini, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş məbləğini ödəməyi öhdəsinə götürmüşdür.
25. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, üzləşmə aktı və anlaşma memorandumu ilə təstiq olunduğu üçün 25267,78 manat borca dair hissədə tələbin təmin olunması üçün əsaslar mövcuddur.
26. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 25267,78 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 25267,78 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
27. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.6-cı bəndinə əsasən hesablanmış 4396,45 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
29. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
31. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1263 manat məbləğində müəyyən edilməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
34. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 200 manat mediasiya xərci ödəmişdir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci cavabdehə aid edilməlidir.
35. Məhkəmə iddiaçının hüquqi yardıma görə ödənilən 200 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi hissədə tələbin təmin edilməməsi qənayətinə gəlir. Belə ki, hüquqi yardıma görə 200 manatın ödənilməsinə dair sübut (ödəniş sənədi) iş materiallarında aşkar edilmədi.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 25267,78 (iyirmi beş min iki yüz altmış yeddi manat yetmiş səkkiz qəpik) manat (ƏDV daxil) borc məbləği, 1263 (bir min iki yüz altmış üç) manat dəbbə pulu, mediasiya xərcinin əvəzi olaraq 200 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova