Məhkəmə qərarları › İş №e-2-2(113)-4592/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4592/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4592/2025 22.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, sübutetmə qaydası və sübutetmə vəzifəsinin bölüşdürülməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsi üzrə 10402,24 manat məbləğində pulun və ödənilmiş 121,21 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə şifahi razılaşma əsasında iddiaçı tərəfindən cavabdehə spirtli içkilərin satışı həyata keçirilmiş, cavabdeh həmin malları qəbul edərək dəyərini şirkətə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. Lakin baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalar əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən 10402,24 manat (ƏDV daxil olmaqla) malın dəyərini tərəflərin razılaşdırdıqları, eləcə də alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni iddiaçıya ödəməmişdir. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 567, 597.1, 598.3, 600.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi X4, X5 məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahlar verdilər və eyni zamanda göstərdilər ki, tərəflər arasında yazılı müqavilə olmasa da, cavabdehə ayrı-ayrı vaxtlarda mallar verilmişdir. Mallar verilən zaman ünvanda (mağazada) kim olmuşsa, təhvil-təslim aktına da o imza etmişdir.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi X5 bildirdi ki, satış təmsilçisi Şahid olmuşdur. 8740,8 manat dəyərində olan xx.xx.2023-cü il tarixli qaiməfakturada adı qeyd olunan Ziya Hümbətovla isə əlaqə zamanı sonuncu malları qəbul etdiyini bildirmiş, lakin cavabdehi tanımadığını göstərmişdir.

7. Cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və göstərdi ki, 2023-cü il və ya 2024-cü il tarixlərində iddiaçıdan 2 dəfə mal almış, həmin malların dəyərini də ödəmişdir. Malları şəxsən qəbul etmişdir. Belə ki, mağazasında satıcısı yoxdur. Bu səbəbdən başqa şəxsin mal qəbul etməsi mümkün deyildir. Təxminən 1500 – 2000 manat dəyərində mal alınmış, malların dəyəri nağd və ya kart vasitəsilə ödənilmişdir. Lakin hər hansı sübutu mövcud deyildir.

8. Məhkəmənin suallarına cavab olaraq cavabdeh 27 yanvar 2023-cü il tarixli 1150,72 manat dəyərində malın verilməsi ilə bağlı və 17 mart 2023-cü il tarixli 385,84 manat dəyərində malın verilməsi ilə bağlı qaimə-fakturalardakı imzanın ona məxsus olduğunu təsdiq etdi.

9. Məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə spirtli məhsulları satmağı, cavabdeh isə həmin məhsulları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

14. İddiaçı həmin müqavilə üzrə 10402,24 manat dəyərində malın verildiyini bildirir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir.

15. Cavabdeh 27 yanvar 2023-cü il tarixli 1150,72 manat dəyərində malın verilməsi ilə bağlı və 17 mart 2023-cü il tarixli 385,84 manat dəyərində malın verilməsi ilə bağlı qaimə-fakturalardakı imzanın ona məxsus olduğunu bildirir və həmin malların dəyərini ödədiyini qeyd edir.

16. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

17. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

20. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

21. Mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarına əsasən, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.

22. Yuxarıda göstərilənlərə əsasən qeyd edilməlidir ki, cavabdeh 1536,56 manat dəyərində malın verildiyini etiraf etdiyindən, iddiaçı isə 800 manat ödənişi təsdiq etdiyindən iddiaçı qalan malların verildiyini, cavabdeh isə qəbul etdiyi malların dəyərini tam ödədiyini sübut etməlidir.

23. İş materiallarında olan xx.xx.2023-cü il tarixli EBDA 383181 seriya və nömrəli elektron qaimə 332 manat, xx.xx.2023-cü il tarixli EBDA 975339 seriya və nömrəli elektron qaimə 183,6 manat, xx.xx.2023-cü il tarixli EBDB 487202 seriya və nömrəli elektron qaimə 251,84 manat, xx.xx.2023-cü il tarixli EBDH 646135 seriya və nömrəli elektron qaimə 157,44 manat, xx.xx.2023-cü il tarixli EBDN 077658 seriya və nömrəli elektron qaimə 8740,8 manat dəyərində malın verilməsi ilə bağlı tərtib edilərək cavabdehə göndərilmiş, sistem tərəfindən təsdiq edilmişdir.

24. Cavabdeh xx.xx.2023-cü il tarixdə X1 Sistemi vasitəsilə iddiaçıya məktub ünvanlayaraq göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhvən təqdim edilən EBDN 077658 saylı 8740,8 manat dəyərində elektron qaimənin ləğvi üçün tədbirlər həyata keçirəsiniz.

25. Cavabdehin iddiaçıya ünvanladığı məktubdan aydın olur ki, cavabdeh ən azı xx.xx.2023-cü il tarixdə iddiaçının göndərdiyi bütün elektron qaimələrdən xəbərdar olmuş, həmin elektron qaimələrdən yalnız xx.xx.2023-cü il tarixli EBDN 077658 seriya və nömrəli elektron qaiməni mübahisələndirmiş, həmin qaimənin səhvən göndərildiyini bildirmişdir. Belə olan halda xx.xx.2023-cü il tarixli EBDA 383181, xx.xx.2023-cü il tarixli EBDA 975339, xx.xx.2023-cü il tarixli EBDB 487202, xx.xx.2023-cü il tarixli EBDH 646135 seriya və nömrəli elektron qaimələr üzrə malların verilmədiyinə dair cavabdehin arqumentləri də əsassızdır.

26. Məhkəmə xx.xx.2023-cü il tarixli EBDN 077658 seriya və nömrəli elektron qaimə üzrə 8740,8 manat dəyərində malın verilməsinin müəyyən edilməsi məqsədilə aşağıdakıları qeyd edir.

27. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iştirak edərək 8740,8 manat dəyərində malın verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli qaimə-fakturaya imza edən Ziya Hümbətovla əlaqə saxladığını, sonuncunun malı təhvil aldığını qəbul etdiyini, lakin cavabdehi tanımadığını bildirdiyini qeyd etmişdir.

28. İddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçının satış məsləhətçisi işləmiş Şahid da izahatında cavabdehə malların verildiyini, lakin heç vaxt 8740,8 manat kimi böyük məbləğdə malın verilmədiyini göstərmişdir.

29. Nəzərə alınmalıdır ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarı).

30. Bu mənada cavabdeh tərəflər arasında məhkəmə mübahisəsi yaranmamışdan əvvəl – xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli EBDN 077658 seriya və nömrəli elektron qaiməni mübahisələndirmiş, həmin elektron qaimənin əsasında duran qaiməfaktura Ziya Hümbətov adlı işə aidiyyəti olmayan şəxs tərəfindən imzalanmış, malların verildiyini sübut etmək üçün məhkəmədə iddiaçının vəsatəti əsasında dindirilən şahid 8740,8 manat dəyərində malın verilməsini inkar etmişdir. Belə olan halda məhkəmə cavabdehə sonuncunun qəbul etdiyi 1536,56 manat məbləğində maldan əlavə yalnız 924,88 manat dəyərində mal verildiyini (xx.xx.2023-cü il tarixli EBDA 383181, xx.xx.2023cü il tarixli EBDA 975339, xx.xx.2023-cü il tarixli EBDB 487202, xx.xx.2023-cü il tarixli EBDH 646135 seriya və nömrəli elektron qaimələr üzrə) sübut edilmiş hesab edir. Həmçinin cavabdeh də iddiaçının qəbul etdiyi 800 manat ödənişdən əlavə hər hansı sübut təqdim etmədiyindən qalan malların dəyərinin ödənilmədiyi müəyyən olunur.

31. Kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında formalaşmış münasibət şifahi nisyə alqı-satqı müqaviləsindən irəli gələn müqavilə münasibəti olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

32. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

33. Hazırda isə iddaçı həmin normada nəzərdə tutulan verilmiş əşyanın ödənilməsi hüququnu realizə edir.

34. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

35. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

38. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab ki, Cavabdeh 1661,44 manat (cavabdehin etiraf etdiyi malın dəyəri: 1536,56 + verilməsi sübut edilmiş malın dəyəri: 924,88 manat – iddiaçının qəbul etdiyi ödəniş: 800 manat) borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

39. İddiaçı eyni zamanda ödənilmiş 121,21 manat dövlət rüsumunun da tutulmasını tələb edir.

40. İş materiallarından görünür ki, **********68 nömrəli mədaxil qəbzi ilə 121,21 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

42. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 1661,44 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar