Məhkəmə qərarları › İş №e-2-2(113)-4598/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4598/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4598/2025 03.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23-21 saylı müqavilənin 13.2-ci bəndinin tələblərinə əməl edilməmişdir. Həmin bənddə mübahisəli məsələlərin həllinin danışıqlar yolu ilə həlli üçün 30 (otuz) gün müddət müəyyən olunmuşdur. Elektron qaydada göndərilmiş sənədlərdən görünür ki, müqavilə ilə müəyyən olunan həmin qaydaya riayət olunmamışdır. Belə ki, pretenziya məktubu xx.xx.2025-ci il tarixdə cavabdehə göndərilmiş, xx.xx.2025-ci il tarixdə isə iddia ərizəsi elektron imza ilə imzalanaraq məhkəməyə göndərilmişdir. Beləliklə, iddiaçı mübahisənin pretenziya qaydasında nizama salınmasına dair müqavilədə göstərilmiş 30 gün müddətini gözləməyərək, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) sənəd iddia ərizəsinə əlavə edilməlidir. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, iddiaçı tərəfindən iddia ərizəsinə cavabdeh tərəfindən iddia ərizəsinin alınmasını təsdiq edən sübutlar əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.4-cü maddəsinə əsasən iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 152.1.4-cü maddəsinin tələbinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddia ərizəsinin məhkəməyə verilməsi üçün müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbəğlində dövlət rüsumu ödənilməlidir. İddia ərizəsinə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbz üzrə 151 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilsə də, ödənilmiş dövlət rüsumunun məbləği qanunla müəyyən edilmiş məbləğdən azdır. İddiaçının hazırkı iddia tələbi (ümumilikdə 21804 manat) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 155,41 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. 152.1.5-ci maddəsinin tələbinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar