Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4601/2025 28.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 338.025,84 (üç yüz otuz səkkiz min iyirmi beş manat 84 qəpik) manat borc və 628.03 (altı yüz iyirmi səkkiz manat manat, üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 338.653,87 (üç yüz otuz səkkiz min altı yüz əlli üç manat, səksən yeddi qəpik) manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizəni müdafiə edərək, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: Bu Saziş, bir tərəfdən direktoru Nazim Məmmədov şəxsində təmsil olunan İddiaçı (bundan sonra - "xxxx" MMC) və digər tərəfdən direktoru Kamal Rüstəmzadə şəxsində təmsil olunan Cavabdeh (bundan sonra - "xxxx" MMC) aşağıdakı şərtlərlə bu Barışıq Sazişini (bundan sonra - "Saziş") bağladılar. Bu Sazişin mətni boyunca ismin müvafiq hallarında "xxxx" və "xxxx"ayrılıqda "Tərəf", birlikdə isə "Tərəflər" adlandırılacaqlar.
1. SAZİŞİN PREDMENTİ 1.1. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, PMZ220201-001 nömrəli "Malların və Xidmətlərin Alqı-Satqı Müqaviləsinə əsasən "xxxx" MMC-nin "xxxx" MMC-yə 338.025,84 (üç yüz otuz səkkiz min iyirmi beş manat 84 qəpik) AZN məbləğində borcu var. 1.2. Tərəflər aşağıdakı şərtlərlə Mübahisəyə məhkəmə qaydasında xitam verməyi öhdələrinə götürürlər: - "xxxx" MMC-nin STP POLYMER-yə ödəyəcəyi 338.025,84 (üç yüz otuz səkkiz min iyirmi beş manat 84 qəpik) AZN məbləğində borcdan başqa məhkəməyə müraciət etmək üçün 628.03 (altı yüz iyirmi səkkiz manat manat, üç qəpik) AZN məbləğində dövlət rüsumu, habelə hüquqi yardım göstərilməsi üçün ödənilmiş 500 AZN məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 339.153,87 (üç yüz otuz doqquz min yüz əlli üç manat, səksən yeddi qəpik) AZN təşkil edir və bu məbləğ Sazişin 1.3-cü bəndində qeyd olunmuş ödəniş cədvəlinə uyğun olaraq 14 ay müddətində hər ayın sonuncu günündən gec olmayaraq ödənilir. 1.3. Ödəniş cədvəli:
1. 25 000 7. 25 000 13. 25 000
2. 25 000 8. 25 000 14. 14 153,87
3. 25 000 9. 25 000
4. 25 000 10. 25 000
5. 25 000 11. 25 000
6. 25 000 12. 25 000
1.4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) təqvim günündən artıq olmamalıdır. "xxxx" MMC öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, öhdəliyin icra olunmadığı və ya lazımınca icra olunmadığı günə olan qalıq borc məbləği bu Saziş üzrə qəbul olunan qərardad üzrə verilmiş icra sənədi əsasında icraya yönəldilir və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq icra edilir. 1.5. Bu Sazişdə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq nizama salınır.
2. YEKUN MÜDDƏALAR 2.1. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur. 2.2. Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüxsə qalmaqla və bir nüxsəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 3 (üç) nüxsədə tərtib edilmişdir. 2.3. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi tarixdən qüvvəyə minir.
Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Günay Namazova