Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4616/2021 20.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı QSC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “müqavilə üzrə yerinə yetirilməmiş öhdəliklərinə görə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdeh "xxxx" QSC-yə qarşı “müqavilə üzrə yerinə yetirilməmiş öhdəliklərinə görə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyana görə 3776 manat, mənəvi ziyana görə 5000 manat və ödənilmiş 30 manat rüsumun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İddiaçı tərəfindən məhkəməyə verilmiş iddia ərizəsində göstərilən cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6.-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasına dair sübut əlavə edilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 və 3.1.1-ci maddələrinə əsasən mediasiya mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 29.6-cı maddəsinə əsasən tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin Qanunun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.8-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanun normalarının tələblərindən görünür ki, bütün növ kommersiya mübahisələri üzrə tərəflərin mediasiya prosesində iştirakı məcburidir. Kommersiya mübahisəsi üzrə tərəflər yalnız müvafiq mediasiya prosesində iştirak etdikdən sonra mediator tərəfindən tərtib edilmiş sənədi əlavə etməklə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin cavabdehə çatdırlması, habelə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsi barədə sübutlar, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı barədə tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “müqavilə üzrə yerinə yetirilməmiş öhdəliklərinə görə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4616/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4616/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver