Məhkəmə qərarları › İş №e-2-2(113)-462/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-462/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-462/2022 29.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 7618,90 manat məbləğində borc, cərimə üzrə hesablanmış 21762,96 manat məbləğinin, dövlət rüsumu olaraq 200 manat məbləğinin, cəmi 29581,86 manat məbləğinin Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında 06 may 2019-cu il tarixli, 00506 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin tərəfləri "xxxx" MMC müqavilə üzrə “Partnyor”, İddiaçı MMC - “Operator” olaraq müəyyən olunmuşdur. Müqavilənin predmetinə əsasən, “Partnyor” Proqrama Hesablayan/Hesablayan və İstifadə edən Partnyor qismində qoşulmuşdur. Sözügedən müqavilənin 3.1-ci bəndində qeyd edildiyi kimi, “Umico” istehlakçı loyallığı əməkdaşlıq proqramın müştərisi (bundan sonra “Müştəri” adlandırılacaq) tərəfindən Partnyorun ticarət məntəqəsində əməliyyatlar həyata keçirildikdə X2 manatlarının hesablanmasının maliyyələşdirməyi, Operator isə Bonus manatlarının Müştərinin hesabına hesablamağı, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının ucotunu təmin etməyi, eləcə də, Müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişi yerinə yetirməti öhdəsinə götürür. Müqavilənin qeyd olunmuş bəndinə əsasən, X1 13-cü bölməsində göstərilən hesablaşma hesabına Bonus manatlarının Ekvivalentini köçürməyi öhdəsinə götürür. Müqavilənin 3.1.1-ci bəndinə əsasən, tərəfər razılığa gəlmişlər ki, müqavilənin 3.1-ci bəndində göstərilən əməliyyatlar nəticəsində Bonus manatları Müştərinin Partyorun TMM-ində həyata keçirdiyi əməliyyatlarının məbləğindən 3,5 % dərəcəsi ilə hesablanır. Müqavilənin 4.1-ci bəndinə əsasən, Partyor Operatora göstərdiyi xidmətlərə görə aylıq haqq ödəyir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən, Partyorun Operatorun xeyrinə ödədiyi haqqın məbləği Proqram çərçivəsində Müştərilərin Partyorun TMM-ində həyata keçirdiyi və hesabat ayında Operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatlar üzrə müqavilənin 3.1.1-ci bəndinə müvafiq olaraq 3,5%-ni təşkil edir. Müqavilənin 2.3-cü bəndinə əsasən, tərəflər Proqramın qaydaları ilə tanış olmuş və onun bütün şərtləri barədə razılığa gəlmişlər. Eləcə də, müqavilənin 11-ci bəndində müqavilənin şərtlərinin aydın və Tərəflərin real razılaşmasına uyğun olduğu, müqavilənin bağlanmasının Tərəflərin maraqlarına cavab verdiyi qeyd edilmişdir. Lakin, buna baxmayaraq cavabdeh "xxxx" MMC müqavilə üzrə öhdəlikləri icra etməmiş və öhdəliklərin icrasından müxtəlif səbəblər ilə yayınmışdır. Belə ki, müqavilə bağlandığı tarixdən, müqavilənin 3.1.1 və 4.1.1-ci bəndlərində göstərilən bonus manatları və xidmət haqqı üzrə "xxxx" MMC 7618,90 manat məbləğində borcu yaranmışdır. Borc məbləğinin ödənilməsinə dair dəfələrlə müraciət olunmasına baxmayaraq, müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Müqavilənin 6.3.4-cü bəndinə əsasən, müqavilə üzrə maliyyə şərtlərini vaxtında yerinə yetirmək Partnyorun vəzifələrindən biridir. Müqavilənin 7.1-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulan maliyyə öhdəliklərinin icrası müddətinin pozulmasına görə zərərçəkən tərəf digər tərəfdən gecikdirilmiş hər bir gün üçün ödənilməmiş məbləğin 0.5 faizi məbləğində cərimə(peniya) ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək, əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh MMC-nin iddiaçı ilə bağladığı xidmət müqaviləsinə görə, “Operator” fəaliyyəti ilə məşğul olan İddiaçı MMC “Partnyor”un, yəni cavabdehin mal satışından PTK-də qeydə alınmış əməliyyatların ümumi məbləğinin 1,5 faizini ƏDV daxil olmaqla aylıq haqq alır. Əsas borca hesablanmış cərimə məbləği müqavilənin 8-ci bəndinə əsasən silinməlidir. Belə ki, həmin bənddə fors-major halları əks olunmuşdur. Məlum olduğu kimi pandemiya ilə əlaqədar bütün böyük ticarət mərkəzləri bağlanmışdır. COVİD-19 virusunun yayıldığı bir şəraitdə satış olmadığı üçün ödəmə həyata keçirmək mümkün olmamışdır. Əsas borca gəldikdə isə bu məbləğin hansı əməliyyatlardan əmələ gəlməsini pandemiya ilə əlaqədar işlər dayandırıldığından araşdırmaq mümkün olmamışdır. Borcun mövcud olduğu təqdirdə cavabdeh həmin borcu ödəyəcəkdir. İş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 06 may 2019-cu il tarixli, 00506 nömrəli xidmət müqaviləsinə əsasən, Cavabdeh MMC müqavilə üzrə “Partnyor” (VÖEN: **********), İddiaçı MMC -“Operator” olaraq müəyyən olunmuşdur. Müqavilənin predmetinə əsasən, “Partnyor” Proqrama Hesablayan/Hesablayan və İstifadə edən Partnyor qismində qoşulmuşdur. Müqavilənin 3.1-ci bəndində qeyd edildiyi kimi, proqram çərçivəsində Müştəri tərəfindən Hesablayan Partnyorun TMM-ində əməliyyatlar həyata keçirildikdə X2 manatlarının hesablanmasını maliyyələşdirməyi öhdəsinə götürür. - 22 yanvar 2020-ci il tarixli, EBAF seriyalı, 321606 saylı və 321607 saylı elektron qaimələrə əsasən Cavabdeh MMC-yə müvafiq olaraq 704,98 manat və 825,42 manat dəyərində, 15 fevral 2020-ci il tarixli, EBAG seriyalı, 431743 saylı və 431745 saylı elektron qaimələrə əsasən müvafiq olaraq 758,38 manat və 1683,63 manat dəyərində, 16 mart 2020-ci il tarixli, EBAH seriyalı, 747738 saylı və 747739 saylı elektron qaimələrə əsasən müvafiq olaraq 1683,63 manat və 1024,43 manat dəyərində, 19 aprel 2020-ci il tarixli, EBAİ seriyalı, 929904 saylı və 929905 saylı elektron qaimələrə əsasən müvafiq olaraq 799,37 manat və 454,03 manat dəyərində, 10 iyul 2020-ci il tarixli, EBAM seriyalı, 216868 saylı və 216869 saylı elektron qaimələrə əsasən müvafiq olaraq 120,70 manat və 471,08 manat dəyərində xidmət göstərilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən 06 may 2019-cu il tarixli, 00506 saylı xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərə tam əməl edilmədiyinə görə iddianın əsas borc hissəsində təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 7618,90 manat əsas borca 21762,96 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 21762,96 manat dəbbə pulunun miqdarı azaldılaraq 500 manat miqdarında müəyyən edilməlidir. İddiaçının iddia tələbi qiymətləndirilən iddialara aiddir və iddia tələbi 29381,86 manat təşkil etdiyindən 178,15 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 55 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 06 may 2019-cu il tarixli 00506 nömrəli xidmət müqaviləsi üzrə 7618,90 manat məbləğində əsas borc və 500 manat məbləğində cərimə olmaqla, ümumilikdə 8118,9 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 55 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar