Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4625/2024 11.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Nümayəndə Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: göndərmə müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Nümayəndə Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə üzrə 876,77 AZN məbləğində pulun və 30 AZN dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 21/0101 saylı müqavilə bağlamışlar. Sözügedən müqavilənin predmetinə əsasən, “Satıcı”, müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 Protokolunda göstərilmiş malları “Alıcı”nın tələbatına uyğun olaraq satmağı, “Alıcı” isə aldığı malların dəyərini bu Müqaviləyə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin sözügedən müqavilənin 2-ci maddəsində müqavilə üzrə ödəniş şərtləri aşkar şəkildə göstərilmişdir. Belə ki, müqavilənin 2.2-ci bəndinə əsasən, “Alıcı” ayda bir dəfə, “Satıcı” tərəfindən təqdim edilmiş malların tam və yaxud “Alıcı”nın mağazasından satıldığı malların dəyərini “Satıcı”nın bank hesabına köçürməlidir. Qeyd edir ki, müqavilədə “Alıcı” kimi qeyd edilən, hazırda mübahisə üzrə cavabdeh olan fiziki şəxs Cavabdeh bağlanmış müqavilənin üzrə öhdəliyini aşkar surətdə pozaraq, malların dəyərini müqavilə üzrə “Satıcı” olan, hazırda iddiaçı Nümayəndə bank hesabına köçürməmiş və birbaşa müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Bu barədə Nümayəndə tərəfindən cavabdehə xx.xx.2024-сü ildə onlayn kargüzarlıq vasitəsi ilə xəbərdarlıq edilmişdir. Daha sonra cavabdeh fiziki şəxsə xx.xx.2024-cü il tarixli pretenizya məktubu göndərilmiş və sözügedən məktub xx.xx.2024cü il tarixdə cavabdeh tərəfindən qəbzə imza edilməklə əldə edilmişdir. İddiaçı tərəfindən göndərilmiş pretenizya, həmçinin dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən hər hansı ödəniş olunmamış, müqavilə üzrə öhdəliklər icra edilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 430.1, 442, 443.1, 443.2, 443.5, 443.9, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, malların verilməsi ilə bağlı qarşı tərəfə iki elektron qaimə təqdim edilmiş, həmin qaimələrdən 239,98 manat olanı cavabdeh tərəfindən ödənilmişdir. Cavabdeh tərəf biləndəki malların verilməsi ilə bağlı rəsmi olaraq qaimə təqdim edilmişdir, vaxt itirmədən sənəd üzərində onları geri qaytarmağa çalışmışdır. Daha sonra cavabdeh tərəfindən malların qaytarılması ilə bağlı elektron qaimə faktura göndərilsə də, həmin qaimə onun tərəfindən geri qaytarılmışdır, çünki bütün mallar faktiki olaraq qarşı tərəfə təhvil verilmişdir. Sonda o, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırımasına baxmyaraq, iştirak etmədiyini, işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Satıcı Nümayəndə ilə Alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-cu il tarixli 21/0101 saylı müqavilədən görünür ki, müqaviləyə əsasən Satıcı, müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymətlərin Razılaşdırılması haqqında Protokolunda göstərilmiş malları alıcının tələbatına uyğun olaraq satmağı, Alıcı isə aldığı malların dəyərini müqaviləyə uyğun olaraq ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən malın çeşidi, hər vahidin qiyməti hər iki tərəfdən imzalanmış Qiymətlərin razılaşdırılması haqqında Protokolunda göstərilir. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı ayda bir dəfə, Satıcı tərəfindən təqdim edilmiş malların tam və yaxud Alıcının mağazasından satıldığı malların dəyərini Satıcının bank hesabına köçürür. xx.xx.2021-ci il tarixli 21/0101 saylı müqaviləyə əlavə olaraq tərtib edilmiş 1 nömrəli Qiymətlərin Razılaşdırılması haqqında Protokondan görünür ki, Nümayəndə və Cavabdeh 77 sayda müxtəlif adda malların qiymətlərini müəyyənləşdirmişlər. EBAX seriyalı, 621603 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 239,98 manat dəyərində mallar Nümayəndə tərəfindən Cavabdeh ödənilməsi üçün təqdim edilmişdir. EBBE seriyalı, 750240 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 876,77 manat dəyərində mallar Nümayəndə tərəfindən Cavabdeh ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2021-ci il **********/255458787 saylı ödəniş tapşırığına əsasən Cavabdeh tərəfindən Nümayəndə 203,37 manat məbləğində ödəniş olunmuşdur. MQ**********84 saylı malların qaytarılması barədə elektron qaimə fakturasından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində malların qaytarılması barədə elektron qaimə təsdiq üçün göndərilmiş, Nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixində göndərilmiş qaimə düzəliş üçün geri qaytarılmışdır. Nümayəndə ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində 36,60 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Nümayəndə 30 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (qiymətlərin razılaşdırılması protokolu, qaimə və s.) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Həmçinin cavabdeh tərəfindən elektron qaiməyə əsasən iddiaçıya ödənişlərin edilməsi artıq tərəflər arasında mövcud alqı-satqı münasibətləri üzrə elektron qaimə əsasında malların təhvil verilməsi kimi işgüzar praktikanın həmin formada yarandığını təsdir edir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin təhvil aldığı malların dəyərini, 876,77 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 876,77 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh müqavilə üzrə 876 (səkkiz yüz yetmiş altı) manat 77 (yetmiş yeddi) qəpik məbləğində pul vəsaiti, habelə 30 (otuz) manat dövlət rüsumunun əvəzi əvəzi tutularaq iddiaçı Nümayəndə xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4625/2024
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4625/2024
11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver